Bir pasport üçün nə qədər pul verə bilərsiniz?

Amar Al-Sadi

Baş örtüyünü tez-tez düzəldən və pıçıltıdan azca fərqlənən səs tonu ilə danışan Amar Al-Sadi, Maltanın onu bombalar, dağıntı və ölümcül xəstəliklər ilə dolu həyatdan qurtardığını deyir.

Onun ailəsi iki il əvvəl BMT-nin evakuasiyası sayəsində Yəməndən çıxa bilib.

"Yəqin ki, dünyada heç kim o cür yaşamaq istəməz," o deyir.

"Bir gün yatmışdıq və yaxınlıqda güclü partlayış oldu. Dəhşətli idi."

"Hələ də Yəməndə dostlarım qalıb. Onlar mənə insanların xoleradan öldüyünü deyirlər. Bəziləri qaçmaq istəsə də, qaça bilmirlər. Çünki, artıq heç kim onların pasportunu qəbul etmir."

Amar nə Maltada qaçqındır, nə də iqtisadi immiqrant. 21 yaşlı bu qız, valideynləri və dörd bacı-qardaşı ilə bilikdə Malta vətəndaşıdır.

Onlar Maltada doğulmayıblar və heç bir maltalı ailə üzvləri olmayıb. Bəs necə Malta pasportu ala biliblər?

Fotonun müəllifi Getty Images
Image caption Malta pasportunun dəyəri ən az 880 min avroya bərabərdir

Onlar pasportları pul ilə alıblar. 2014-cü ildən Maltanın başqa bir neçə min vətəndaşı pasportlarını satışa çıxaran kimi.

Pasport biznesi

Bir çox ölkələrin (BK da daxil olmaqla) xaricilərə təklif etdiyi rezidentlik proqramları və yatırım vizalarında fərqli olaraq, Maltanın Fərdi Yatırım Proqramı uğurlu ərizəçilərə tamhüquqlu vətəndaşlıq verir.

Onu qiyməti 880 min avrodur və hər əlavə ailə üzvü üçün artır.

Onun dörddə üç hissəsi təhsil, səhiyyə və iş yerlərinin açılmasını maliyyələşdirən Maltanın Milli İnkişaf və Sosial Fonduna yatırılır və geri ödənilmir. Qalanı isə dövlət istiqrazları yatırımı və ev alışı və ya ən az beş illik ev kirayəsi arasında bölüşdürülür.

Fotonun müəllifi Getty Images
Image caption Malta pasportlarını satan yeganə ölkə deyil

Karib dənizi adası St Kitts Nevis də 1984-cü ildən bəri pasportlarını satır. 2011-ci ildən isə Avstriya, Bolqarıstan, Macarıstan və Kipr də öz oxşar layihələrini həyata keçirir.

"Bu, 21-ci əsrin sığorta siyasətidir," Henley və Ortaqları adlı şirkətin rezidentlik və vətəndaşlıq planlama üzrə başçısı Christian Kaelin deyir.

O söyləyir ki, bu sahə üzrə "sürətli artım" baş verib. Bunun bir səbəbi dövlətlərin yeni gəlir mənbəyinə marağı olsa da, digər səbəbi Orta Şərqdəki kimi geosiyasi iğtişaşdır.

Varlı insanlar bu proqramlardan yararlanaraq problemli və dramatik siyasi dəyişiklikdən qaça bilirlər. Təhlükəsizlik qayğılarından savayı, bir çoxu övladları üçün yeni imkanlar və ya daha rahat biznes səbəbi ilə bu yola üz tuturlar.

"Məsələ, başqa ölkələrə giriş əldə edərək hərəkətlilik və şəxsi uyğunlaşmadan gedir. Bizim amerikalı, amma İtaliya və Hollandiyada iki mühüm yatırımı olan müştərimiz var," cənab Kaelin deyir.

Fotonun müəllifi Getty Images
Image caption Malta Aİ-nin və pasportsuz Şengen zonasının üzvüdür

"Ona hər iki ölkədə iş icazəsi lazımdır. Əgər Maltanın vətəndaşlığını ala bilsə, biz artıq iş icazəsi və ya başqa məsələlər ilə məşğul olmayacağıq," cənab Kaelin davam edir.

Ona görə ki, Malta Aİ və onun Şengen Ərazisinin üzvüdür. Bu isə insanlara Aİ-nin əksər yerlərinə pasportsuz səyahət imkanı verir. Layihəni satış üçün səmərəli edən tərəflərdən də biri budur.

Brexit səsverməsindən sonra, BK-dan edilən müraciətlərin sayı azca artıb, amma heç kim ərizə verməyib.

"Aydındır ki, BK Aİ ilə hər hansısa razılığa gələcək," cənab Kaelin deyir.

"Əgər bir britaniyalı məndən Malta pasportu almağın faydasını soruşsa, deyərəm ki, bunu unutsun və narahat olmasın."

Maltanın vətəndaşlıq proqramı nisbətən ucuz və asan olduğuna görə daha məşhurdur. Ərizəçilər adətən pasportları 12-18 ay arasında əldə edirlər.

Mülk tələbi

Proqrama əsasən, ərizəçilər ya dəyəri ən az 350 min avro olan ev almalı, ya da ili ən az 16 min avro olan beş il müddətində ev kirayələməlidirlər.

Ərizəçilərin 80%-dan çoxu kirayə variantını seçir. Lakin bu, satılmayan ev sayının artmasına səbəb olur və dolayısı ilə ərizəçinin əsl məqsədinə qarşı şübhə oyadır.

"Bu milyarderlərin məqsədi Maltada yaşamaq deyil, onlara Aİ-yə girə bilmək üçün imkan gərəkdir," maltalı jurnalist Daphne Caruana Galizia deyir.

"Onların yəqin ki, heç buraya ayaq basmaq niyyəti də yoxdur. Həqiqətən də burada qalmaq istəyən ev alar."

Maltanın mərkəzi bankı bildirib ki, Maltada satılan evlərin hər il 7% və kirayələrin hər il 10% artmasına səbəb Fərdi Yatırım Proqramıdır.

Proqramı icra edən Malta Kimliyi (Identity Malta) adlı bir şirkətin baş icraçısı Jonathan Cardona da, Aİ faktorunun burada açar rolu olduğu ilə razıdır, fəqət adanın özünün də cəlbedici yatırım yeri olduğunu iddia edir.

"Mən Maltada 70 milyon avro yatırım edən bir nəfər tanıyıram. Başqa bir nəfər əczaçı sənayesi üzrə fabrik açmağa hazırlaşır, digər biri isə IT şirkəti açıb.

"Bəziləri hələ ciddi investisiya qoymasalar da, bir neçə ilə ərzində nə baş verəcəyini bilmək olmaz."

Image caption Malta vətəndaşlığı proqramı iqtisadiyyatın böyük dəstəkçisidir, Jonathan Cardona deyir

Cənab Cardona ərizəçilərin ödədiyi pulların iqtisadi vacibliyini vurğulayır. Bu hazırda 220 milyon avroya bərabərdir və Maltanın ÜDM-nin təxminən 2.5%-ni təşkil edir.

"Onların var-dövləti və statusu qazanmaq üçün etdiklərini nəzərə alsaq, böyük gücə sahibdirlər və buna görə onlara qarşı daha çalışqan olmaq məcburiyyətindəyik," o deyir.

"Başqa iqtisadi immiqrantlar, xüsusilə də sənədsiz gələnlərin haradan gəldiklərini və ya nə dildə danışdıqlarını heç anlamırıq."

Vətəndaşlıq müzakirəsi

Bəziləri üçün isə vətəndaşlıq rəqəmlərdən daha artıqdır.

"Pasport sənin aid olduğun bir şeydir, DNT-nin bir hissəsidir sanki və ona görə də satılmamalıdır," Almaniyada doğulan və 40 ildən artıqdır ki, Maltada yaşayan Helga Ellul deyir.

O, adaya alman oyuncaq şirkəti Playmobilin əməliyyatlarını idarə etmək üçün köçüb. Burada ailə qurub, iki övladı və artıq üç nəvəsi var və 15 il əvvəl müraciət edərək milyonlarla avro ödəmədən Malta vətəndaşlığı əldə edib.

"Alman pasportumdan imtina etmək heç də asan qərar olmadı," o deyir.

"Bu qərarı verərkən buraya aid olduğumdan və burada qalacağımdan əmin idim. Burada çox sayda dostum var, tanınıram və bu cəmiyyətin bir hissəsiyəm. Düşünürəm ki, Maltada kimdənsə soruşsanız, buna layiq olduğumu deyər sizə."

Image caption Helga Ellul Malta vətəndaşı olmaq üçün alman vətəndaşlığından imtina edib

Bəs hansı əsasla vətəndaşlıq istəyə bilərik? Virciniyada yerləşən Richmond Universitetindən siyasi nəzəriyyəçi Javier Hidalgo inanır ki, vətəndaşlıq qazanıla bilən bir şey deyil və buna alver kimi yanaşmaq mənəvi ikraha xas ikiüzlülükdür.

"Əgər mənim kimi immiqrasiya məhdudiyyətlərinə skeptik yanaşırsınızsa, vətəndaşlığı satmağa da skeptik münasibət bəsləməlisiniz. Çünki, özünüzü insanları ölkəyə pulsuz girməsini təmin etməyə borclu kimi hiss edə bilərsiniz.

"Ancaq əksər ölkələr və insanlar immiqrasiyanı məhdudlaşdırmaqdan məmnundurlar. Əgər bunu normal qəbul edirsinizsə, satmaqda nə problem ola bilər ki?

"Bir çox insanı çıxmasına artıq hazırsınız. Çıxarmağa məcbur olduğunuz başqa insanları qəbul edərək niyə də pul qazanmayasınız?"

Amal Al-Sadi və ailəsi Maltada aldıqları evdə yaşayırlar və o, bacı-qardaşı ilə birlikdə təhsil alır.

O deyir ki, onlar Malta həyat tərzinə alışıblar və yeni qonşuları tərəfindən xoş qarşılanıblar. Artıq çoxlu dostları da var.

"Düşünmürəm ki, hər kəs bizim qədər şanslı olsun və bu çox kədərlidir."

Əlaqəli mövzular

Bu barədə daha geniş