Britaniya mətbuatı: "Nixon sərxoş idi və nüvə zərbəsi əmri vermişdi…"

Fotonun müəllifi Getty Images
Image caption Bəzi məlumatlara görə Nixon Pxenyana nüvə raketi göndərmək əmrini verərkən sərxoş idi

"Nixon sərxoş idi və nüvə zərbəsi əmri vermişdi…"

"The Guardian" qəzetinin yazdığına görə ABŞ kəşfiyyatının keçmiş başçısı Donald Trump-ın ölkənin nüvə silahı kodlarına girişinin olmasını "dəhşətli dərəcədə qorxulu" hal adlandırıb.

Milli Kəşfiyyatın keçmiş direktoru James Clapper Trump-ın Arizona mitinqindəki çıxışının "narahatedici" olduğunu deyib.

Prezident Barack Obama-nın vaxtında 7 il müddətində ABŞ kəşfiyyatının rəhbəri olmuş Clapper Trump-ın Phoenix şəhərində etdiyi demaqoq çıxışından sonra onun prezidentliyə "yararlığı" məsələsini qaldırıb.

O bildirib ki, Trump-ın Konqresin və ya hər hansı başqa rəsmilərin məsləhəti olmadan nüvə silahından istifadəsinin mümkünlüyü narahatlıq doğurur.

Clapper xatırladıb ki, prezident daim onun yanında olan nüvə çemodanına öz kimliyini bildirdikdən sonra raket zərbəsi endirmək iqtidarında olur və bu zərbəni artıq heç bir hərbi komanda zənciri dayandıra bilməz.

Bu barədə narahatlığını CNN telekanalına bildirən keçmiş kəşfiyyat başçısı deyib ki, "əgər Trump məsələn, Kim Jong-un-a qarşı nəsə etmək istəsə, onun qarşısını alacaq çox az maneə var".

"Bu, dəhşətli dərəcədə qorxulu haldır" - deyib Clapper.

"The Guardian" yazır ki, Clapper keçmiş prezidentlərdən Richard Nixon-la bağlı insidentdən söz açmasa da, bu hadisə barədə müəyyən tarixi məlumatlar var.

O zaman, 1969-cu ildə Şimali Koreya ABŞ-ın casus təyyarəsini vurduqdan sonra prezidentlə Pxenyan arasında ciddi gərginlik yaranmışdı.

Bəzi məlumatlara görə Nixon sərxoş idi və taktiki nüvə zərbəsi əmrini vermişdi. Bu komandanın qarşısını onun milli təhlükəsizlik müşaviri Henry Kissinger almışdı.

Nixon-un bioqrafları Anthony Summers Robbyn Swan Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərlərindən George Carver-ə istinadən yazırdılar: "Birləşmiş qərargah rəisləri həyəcan siqnalı ilə qaldırlmış və onlar tövsiyə edilən hədəfləri soruşmuşdular. Telefonu Kissinger qaldırmışdı. Onlar razılığa gəlmişdilər ki, Nixon səhər ayılanadək heç nə etməsinlər".

Trump senatorla niyə söyüşüb?

Fotonun müəllifi Getty Images
Image caption xüsusi prokuror Robert Mueller-in apardığı təhqiqat Trump-ı zaman-zaman dəlilik dərəcəsinə çatdırır

Hazırda isə Clapper özünün həyəcan səsini prezident Trump-ın qəribə davranışından narahatlıq keçirənlərin səsinə qatıb.

Ötən həftə Senatın xarici əlaqələr komitəsinin respublikaçı sədri Bob Corker demişdi ki, Trump hələlik öz sabitliyini və kompetensiyasını nümayiş etdirə bilməyib.

Bu arada Konqresdə demokrat konqresmen və senatorlar prezidenti təkbaşına nüvə zərbəsi endirmək səlahiyyətindən məhrum edəcək qanun layihəsi təklif ediblər.

Bu layihəyə görə prezident nüvə raketinin atılması əmrini Konqreslə razılaşdırdıqdan sonra verə bilər.

Birləşmiş Krallığın Washington-dakı keçmiş səfiri Peter Westmacott bildirib ki, hadisələrdə "1933-cü il Almaniyasının çalarları" görünür.

Vəzifəsini ötən yanvarda tərk etmiş Clapper deyib ki, o, 1963-cü ildən bəri, John Kennedy-dən tutmuş Barack Obama-yadək bütün prezidentlərlə işləyib.

O deyib ki, heç bir prezidentdən Trump-dan eşitdiklərinə bənzər nəsə eşitməyib.

"Axı nə vaxtadək bu ölkə, söz də tapa bilmirəm, bu dəhşətə dözməkdə davam edəcək?" - deyib Clapper. O əlavə edib ki, "həvəsdir - bəsdir" deməyin vaxtı çatıb.

Başqa məlumatlara görə Trump-la Senat çoxluğunun rəhbəri Mitch McConnell arasında söyüş dolu telefon atışması olub. Trump senatoru prezidenti, onun seçki kampaniyasının Kremllə mümkün əlaqələrinə dair təhqiqatdan qorumadığına görə acılayıb.

Bu da xəbər verilir ki, xüsusi prokuror Robert Mueller-in apardığı təhqiqat Trump-ı zaman-zaman dəlilik dərəcəsinə çatdırır.

Keçmiş raket qoşunları zabiti Bruce BlairTrump-ın Şimali Koreyaya hədələrindən narahat olduğunu dilə gətirib.

O bildirib ki, hər hansı ölkənin, onun yalnız nüvə silahı əldə etməsinə görə nüvə zərbəsi ilə hədələnməsi ABŞ-ın nüvə qüvvələri tərəfindən qəti şəkildə dəstəklənmir.

Hazırda Princeton Universitetinin elmi işçisi olan Blair bunu da deyib ki, indiki nüvə protokolu ilə Trump nüvə zərbəsi endirmək üçün məsləhət istəyə də bilər, istəməyə də…

Ekspert deyib ki, raket zərbəsinin endirilməsi üçün Twitter postu uzunluğunda komanda kifayətdir. Lakin bazalardan atılan raketləri yerinə qaytarmaq mümkün olmayacaq.

"Allah" rok qrupunun konserti ləğv olunub

Fotonun müəllifi EPA
Image caption Rotterdam polisi içərisi qaz kanistrləri ilə dolu İspaniya nömrəli avtofurqonu aşkar etdikdən sonra bu şəhərdə keçirilməli olan rok konserti ləğv edilib

"The Telegraph" qəzeti xəbər verir ki, Rotterdam polisi içərisi qaz kanistrləri ilə dolu İspaniya nömrəli avtofurqonu aşkar etdikdən sonra bu şəhərdə keçirilməli olan rok konserti ləğv edilib.

Məqalədə deyilir ki, avtofurqon barədə xəbərdarlığı Hollandiya hakimiyyət orqanlarına İspaniya hökuməti vermişdi.

Xəbər verilir ki, adı "Allah" olan Amerika rok qrupu Maassilo konsert arenasında 1000-dək tamaşaçı qarşısında çıxış etməli idi.

Məlumatlarda deyilir ki, polis tərəfindən saxlanmış avtofurqon sürücüsü İspaniya vətəndaşıdır.

"The Telegraph" yazır ki, İspaniya və Fransa polisi ötən həftə Barselonada törədilmiş ölümcül terror aktlarından sonra Avropa boyunca terrorçuların axtarışına başlayıb.

Bu axtarışlar zamanı İspaniya polisi 100 kanistr butan qazı, mismarlar və 500 litr aseton aşkar etmişdi. Bu materiallar ev şəraitində bomba hazırlanmasına imkan verir.

Məqalədə vurğulanır ki, Rotterdamda qarşısı alınmış terror aktının Barselona terror qrupu ilə əlaqəli olduğunu göstərən əlamətlər yoxdur.

Mənbələr bildirirlər ki, Rotterdamda terror aktının qarşısının alınması üçün verilmiş siqnal Barselona hücumları ilə bağlı deyildi.

Rotterdamda hazırlanan mümkün akt barədə məlumat İspaniya Mülki Qvardiyasının artıq bir müddətdir ki, apardığı araşdırma əsnasında üzə çıxmışdı.

Bu arada Rotterdam meri Əhməd Abutaleb "tələsik nəticələr" çıxarmamağa çağırıb.

O deyib ki, bu materialların aşkar edilməsi bunlarla terror aktı hazırlanması planının olduğu barədə nəticə çıxarmağa imkan vermir.

Polis avtofurqonun ətrafını bağladıqdan sonra bomba ekspertləri onun müayinəsinə başlayıblar.

Allah-Las qrupu Los Angelesdən olan 4 musiqiçidən ibarətdir.

Ötən il "The Guardian" qəzetinə müsahibələrində qrup üzvləri demişdilər ki, bu adı "müqəddəs səslənişinə" görə seçiblər və bunun kiminsə heysiyyətinə toxuna biləcəyi barədə düşünməyiblər.

"Biz ABŞ və bütün dünya müsəlmanlarından email-lər alırıq ə onlar yazırlar ki, özlərini təhqir olunmuş hesab edirlər. Amma bizim niyyətimiz onları təhqir etmək olmayıb" - deyib qrupun solisti Miles Michaud.

"Biz bu email-lərə cavab yazıb niyyətimizi izah edirik və onlar çox vaxt bizi başa düşürlər" - bildirib musiqiçi.

Yeniyetmələr Facebook-dan qaçırlar

Fotonun müəllifi Peter Macdiarmid
Image caption , Facebook-dan qaçan cavanlar özlərini daha çox Snapchat və Instagram platformalarına verirlər

"The Independent" yazır ki, yeni hazırlanmış hesabata görə ABŞ və Britaniyada Facebook-un istifadəçiləri arasında 12-17 yaş arasında olanların sayı bu il ilk dəfə olaraq azalacaq.

Hesabatda deyilir ki, yeniyetmə istifadəçilər indi daha çox Facebook-a rəqib olan platformalardan istifadə edir və Facebook-a daha az daxil olurlar.

Elə uşaqlar da var ki, onlar "Facebook-a heç vaxt" adını qazanıblar. Bunlar Facebook-dan köklü-dibli istifadə etməyənlərdir.

Məqalədə deyilir ki, yaranmış yeni meyl sosial media platformasını ciddi narahat edir.

Təxminlərə görə 12-17 yaşlı istifadəçilərin sayı bu il ABŞ-da 3, 4 faiz azalaraq 14, 5 milyon nəfərə enəcək.

Britaniyada isə artıq 18-24 yaşlı Facebook istifadəçilərinin sayında azalma müşahidə edilir.

Facebook-u daha çox narahat edən budur ki, istifadəçi sayının proqnoz göstəriciləri də azalmaqdadır.

Hesabatda qeyd olunur ki, Facebook-dan qaçan cavanlar özlərini daha çox Snapchat Instagram platformalarına verirlər.

Facebook-un təsəllisi budur ki, onun bir hissəsi olan Instagram istifadəçilərinin sayı 12 yaşlılar arasında bu il 19 faiz artacaq.

Amma bu da qeyd edilir ki, Snapchat 12-17 və 18-24 yaşlılar arasında istifadəçilərin sayına görə Instagram Facebook-u geridə qoyacaq.

Əlaqəli mövzular