Britaniya mətbuatı: Kürdüstanın müstəqilliyini istəməyən Türkiyə onun neft-qazında maraqlıdır

Fotonun müəllifi Muhannad Fala'ah

Kürdüstanın müstəqilliyini istəməyən Türkiyə onun neft-qazında maraqlıdır

"The Times" qəzeti yazır ki, Genel Energy (GE) şirkəti ilə İraqın şimalındakı Kürdüstan Regional Hökuməti arasında 471 milyon dollar məbləğində ödənilməmiş neft satışı pullarına dair razılaşma əldə edildikdən sonra GE-nin səhmləri beşdə bir nisbətində yüksəlib.

Kürdüstan Regional Hökuməti Genel Energy şirkətinə çatacaq vəsaitlərin ödənişini 2014-cü ilin ortalarından 2015-ci ilin sentyabrınadək dayandırmışdı. Bu elə bir vaxt idi ki, muxtar kürd regionunun hökuməti neft qiymətlərinin düşməsi və eyni zamanda İŞİD-lə döyüşlərlə bağlı maliyyə sıxıntısı içində idi.

Məqalədə deyilir ki, Genel Energy şirkətinin özü də çətinliklərlə üzləşmişdi və onun təsisçisi və BP şirkətinin keçmiş başçısı Tony Hayward şirkəti tərk etməli olmuşdu.

Əldə olunmuş razılaşmaya əsasən Genel Energy Kürdüstan Regional Hökumətinin borcunu siləcək, lakin bunun müqabilində qarşıdan gələn 5 ildə onuhn İraqın Tavke neft yatağından əldə olunan gəlirinə 4,5 faiz də əlavə edəcək.

Bundan əlavə GE 25 faiz paya malik olduğu yataqdan gəlir götürdüyünə görə əlavə vergidən birdəfəlik azad olunacaq.

Genel Energy bundan əvvəl ona ödənməmiş borcun yalnız 202 milyon dollarını istəyirdi.

Arden firmasından Daniel Slater bildirib ki, yeni razılaşma, neft qiymətlərinin bir barrel üçün 50 dollar olacağı təqdirdə GE şirkətinə 391 milyon dollar gəlir gətirəcək. Qiymətlərin bir barrel üçün 60 dollara çatacağı təqdirdə isə gəlir 543 milyon dollara yüksələcək.

"The Times" əldə olunmuş razılaşmanı Genel Energy üçün gözlənilməz sevinc adlandırır.

Genel Energy şirkətinin baş direktoru Murat Özgül deyib ki, şirkətin 2017-ci il üçün strateji məqsədi ödənilməmiş gəlirlərin alınması idi və bu razılaşma ilə bu strategiya uğur gətirib.

"The Times" və "Financial Times" qəzetlərində dərc olunmuş bu xəbərdən bir həftə əvvəl Oilprice.com saytı Genel Energy və onun İraqın şimalındakı fəaliyyəti ilə bağlı təhlili material dərc etmişdi.

Bu məqalədə deyilirdi ki, GE Türkiyənin keçmiş media maqnatı Mehmet Emin Karamehmet tərəfindən yaradılıb. O həm də Turkcell-in daxil olduğu Çukurova Holdinqinin sahibi idi.

2011-ci ildə Vallares PLC şirkəti ilə birləşən GE Britaniyanın Normand adalarında (Channel İslands) qeydiyyatdan keçib.

Tony Hayward da elə həmin vaxt şirkətə rəhbər təyin edilmişdi. Hazırda GE Kürdüstan Regional Hökumətinin nəzarətində olan 6 yataqda çalışır. Bunlardan Taq Taq və Tavke - neft, Miran və Bina Bavi isə qaz yataqlarıdır. Çia Şurx və Peşkəbir yataqları isə inkişaf etdirilməkdədir.

Oilprice saytı yazır ki, GE-nin düşdüyü çətin vəziyyətdə yeganə çıxış yolu KRH-nin qaz yataqlarından çıxarıdğı təbii qazı Türkiyəyə satmaq idi. Şirkət Türkiyə hökuməti və KRH arasında imzalanmış qaz satışı sazinə uyğun olaraq TEC (Turkish Energy Company) şirkəti ilə danışqılara başlamışdı.

Oilprice saytı TEC barədə də açıqlama verir. Məqalədə deyilir ki, Tayyip Erdoğan və KRH-nin başçısı Neçirvan Bərzani 2013-cü ilin iyununda enerji sazişlərini imzalayarkən bu sənəddəki "türk vahidi" termini oradan çıxarılmışdı. Daha sonra "türk vahidinin" elə TEC olduğu bəlli olurdu.

Məqalədə deyilir ki, KRH-nin neft-qaz xəritələrində TEC adı bu gün də qeyd olunur. TEC-in KRH-nin qaz yataqlarında üç hasilat blokunun olduğu bildirilir.

Oilprice ehtimal edir ki, Ankara TEC-in anonimliyini saxlamaqla özünü Bağdadın gələcək beynəlxalq məhkəmə iddialarından sığortalamaq istəyirdi.

Məqalədə daha sonra deyilir ki, 2011-ci ilin 18 oktyabrında Türkiyə və ExxonMobil şirkətləri arasında imzalanmış hasilatın pay bölgüsü sazişinə görə TEC ExxonMobil-in bütün hasilat bloklarında 16 faiz pay alırdı. Bu sazişə görə ExxonMobil-in payı 64, Kürdüstan Regional hökumətinin payı isə 20 faiz idi. Bu saziş üzrə TEC-in ödənişlərinə dair məlumatlar 2016-cı ilin 27 iyununadək gəlib çıxır. Həmin tarxidən bu yana heç bir məlumat yoxdur. Bloklar üzrə konsessiyaların uzadıldığı, yoxsa vaxtının bitdiyi bəlli deyil.

İran "kifir müəllimlərin" dərs deməsini qadağan edir

Fotonun müəllifi Getty Images
Image caption İranda sonsuz, üzündə tük və sızanaqlar olan qadınları dərs deməkdən uzaqlaşdırma qərarı Twitter-də ciddi tənqidlə üzləşib.

"The Daily Mail" qəzetinin yazdığına görə, İranın Təhsil Nazirliyi kifir müəllimlərin məktəblərdə dərs deməsini qadağan edib. Bu qadağana üzündə tük və sızanaq olan qadın müəllimlər də düşüb.

FARS agentliyi xəbər verir ki, çəpgözlüyü, üz dərisinin sızanağı və ekzeması olan şəxslərin də müəllimlik fəaliyyətinə son qoyulacaq.

Üzündə tük olan qadınların və ya ağzında 20 dişi çatışmayan, göbələk xəstəlikləri olan şəxslərin də dərs deməsi qadağan edilir.

Bundan başqa rəng korluğu və ya daltonizmi olan şəxslərin rəsm dərsi deməsinə, sonsuz qadınların müəllimlik fəaliyyətinə də qadağan qoyulur.

Hökumətin bu qərarı Twitter-də ciddi tənqidlə üzləşib. İstifadəçilər yazırlar ki, belə bir qayda bütün dünyada tətbiq edilsəydi, Stephen Hawking kimi insanların dərs deməsi qeyri-mümkün olacaqdı.

"Sun" qəzeti isə yazır ki, müəllimliyi qadağan olunan şəxslər sırasına xərçəng xəstəliyi və sidik kisəsində daş olan şəxslər də daxil edilib.

Qəzetin yazdığına görə, bu qadağanlar sosial mediada böyük tənqid dalğası ilə qarşılaşdıqdan sonra prezident Ruhaninin vətəndaş hüquqları üzrə müşaviri Şahindoxt Molaverdi siyahının təhqiq olunacağını vəd edib.

Təhsil Nazirliyinin sözçüsü Etemad qəzetinə deyib ki, qadağanların spesifik olaraq qadınlara aid hissəsi qərardan çıxarılacaq, başqa tədbirlərə isə yenidən baxılacaq.

Bir sperm donorunun 102 uşağa ata olması qalmaqal doğurub

Fotonun müəllifi Getty Images
Image caption Hollandiyada bir sperm donoru ümumilikdə 102 uşağa ata olub.

"The Telegraph" qəzeti yazır ki, verilən xəbərlərə görə Hollandiyada bir sperm donoru ümumilikdə 102 uşağa ata olub. O öz spermini ölkənin 11 xəstəxanasına vermişdi.

Məqalədə deyilir ki, Hollandiyanın hakimiyyət orqanları adı hələlik açıqlanmayan donorla bağlı hadisənin araşdırlmasına başlayıb.

Hollandiya qanunlarına görə, bir sperm donoru ümumilikdə 25 uşaqdan çoxuna ata ola bilməz.

Bu limit ona görə qoyulub ki, gələcək həyatlarında atabir qardaş və bacıların bir-biri ilə rastlaşmalarının qarşısı alınsın.

Bundan başqa donorlar onlarla bağlanan müqavilədə başqa xəstəxanalara sperm verməyəcəklərinə dair öhdəlik götürürlər. Lakin bu qaydanın icbarına xüsusi nəzarət mexanizmi yoxdur.

Bu arada RTL xəbər verir ki, bir xəstəxanadan çox xəstəxanaya sperm vermiş başqa bir donorun kimliyini müəyyənləşdirib.

NVOG Hollandiya ginekoloqları assosiasiyası bu kişilərdən sperm qəbul edilməsinin dərhal dayandırlmasını tələb edib.

Assosiasiya bildirir ki, bu iki kişinin kimlikləri bir qrup tənha ana tərəfindən verilən məxfi məlumat əsasında müəyyən edilib.

Təşkilat bundan artıq açıqlama verməkdən imtina edib.

May ayında Hollandiyada fertillik klinikalarından birinin başçısı donor spermlərindən deyil öz spermlərindən istifadə etməkdə ittiham edilmişdi. Klinika başçısı beləliklə 60 uşağa ata olmuşdu.

Bu ilin aprel ayında 89 yaşında dünyasını dəyişən Jan Karbaat Hollandiyanın ən böyük sperm banklarından birinə nəzarət edirdi və özünü "süni mayalandırma sahəsinin pioneri" adlandırırdı.

Bu ilin əvvəllərində Hollandiya məhkəməsi Bijdorp tibb mərkəzində süni mayalandırma yolu ilə uşaq doğmuş 23 ananı və onların övladlarını DNT analizi verməyə təhkim edib.

Onların analiz nəticələri mərhum Karbaat-ın DNT-si ilə tutuşdurulacaq.