Almaniyanın xarici işlər naziri: Erdoğan-ın rəhbərliyi altında Türkiyə heç vaxt Aİ üzvü ola bilməz

SIGMAR GABRIEL Fotonun müəllifi Reuters

Almaniyanın xarici işlər naziri Sigmar Gabriel, prezident Recep Tayyip Erdoğan rəhbərliyi davam etdiyi müddətcə Türkiyənin heç vaxt Avropa İttifaqına üzv olmayacağını deyib.

Almaniyanın Bild qəzetinə danışan Gabriel, "Mövcud vəziyyətdə Türkiyənin Aİ-yə heç vaxt üzv olmayacağı dəqiq bir şəkildə görünür... Bunun səbəbi bizim onları istəməməyimiz deyil, Türk hökuməti və Erdoğanın Avropanın təmsil etdiyi dəyərlərdən sürətlə uzaqlaşmasıdır" deyib.

Gabriel həmçinin Erdoğanı Aİ ilə qoşulma müzakirələrini ciddiyə almamaqda tənqid edib.

Türkiyə ilə Almaniya arasındakı əlaqələr hazırda çox sıxıntılı bir dövrdən keçir.

Almaniya, bəzi vətəndaşlarının Türkiyədə məhbus olmasını sərt tənqid edir.

Türkiyə isə Almaniyanı 15 iyul dövlət çevrilişi cəhdində ittiham olunanların üzə çıxarılması məsələsində kifayət qədər yardımçı olmamaqda ittiham edir.

Son olaraq, Türkiyə, 15 İyul dövlət çevrilişi cəhdi şübhəlilərindən Adil Öksüz-ün Almaniyada görünməsi istiqamətindəki xəbərlərin ardından məsələnin araşdırılması üçün bu ölkəyə nota verib.

Bundan sonra prezident Erdoğan, Almaniyada 24 sentyabrda keçiriləcək ümumi seçkilərdə səsvermə hüququna malik Türkiyə mənşəli seçicilərə "Türkiyə düşməni olan partiyalara səs verməyin" çağırışı edib.

Almaniya, bunun suverenliyinin pozulması olduğunu deyərək Türkiyəni sərt tənqid etdi.

Əlaqəli mövzular

Bu barədə daha geniş