Britaniya mətbuatı: "Mən Putini bu işə cəlb edəcəyəm və biz Donald-ı seçdirəcəyik…"

Fotonun müəllifi Getty Images

"Mən Putini bu işə cəlb edəcəyəm və biz Donald-ı seçdirəcəyik…"

"The Independent" yazır ki, Donald Trump-ın yaxın adamlarından biri Moskvada bina tikintisinə müqavilə almaq üçün Vladimir Putindən kömək əldə etməyə çalışıb. Bu sövdələşmə Trump-ın prezident seçilməsinə kömək etməliymiş.

Hazırda FTB-nin keçmiş direktoru, indi isə xüsusi prokuror Robert Mueller Trump kampaniyası ilə Rusiya arasında mümkün əlaqələri araşdırır. ABŞ kəşfiyyatı əmindir ki, Rusiya Putinin birbaşa göstərişi ilə ABŞ seçkisini təsirləndirməyə çalışıb.

"New York Times" qəzetinin tanış olduğu email-lərdə biznesmen kimi təqdim edilən Felix Sater cənab Trump-ın müvəkkili Michael Cohen-ə təklif edirdi ki, o Moskvada Trump Tower göydələninin tikintisi üçün müqavilə əldə etməyə çalışsın.

"Mən Putini bu layihəyə cəlb edəcəyəm və biz Donald-ı seçdirəcəyik" - yazırdı Sater.

Daha sonra email-də deyilirdi: "Bizim oğlan ABŞ prezidenti ola bilər və biz bunu düzüb-qoşacağıq. Mən bütün Putin komandasını bu işə qoşacağam".

"The Washington Post" yazır ki, Sater-in israrlarına baxmayaraq Trump Moskvaya səfər etməyib və Moskvada Trump Tower tikmək planları seçki kampaniyası başlayar-başlanmaz ləğv olunub.

"Mən qəti əmin idim ki, bu təklif ağlabatan deyil və Moskvaya səfər etməyə heç vaxt razılaşmadım" - deyilir Cohen-ə aid email-də.

Lakin "The Washington Post"un məqaləsində deyilir ki, Cohen layihənin həyata keçməsi üçün Rusiya hökumətindən kömək istəyib.

Qəzetdə açıqlanan email-dən məlum olur ki, Cohen Kremlə, daha doğrusu Dmitri Peskova zəng edərək Moskvada Trump Tower layihəsinin həyata keçirilməsi üçün dəstək istəyib.

Cənab Cohen bildirib ki, "belə mühüm məsələyə" biganə qalmaq olmaz.

Qəzetin yazdığına görə Cohen Konqres komitəsinə deyib ki, sözü gedən email-i Sater-in tövsiyəsi ilə göndərib.

"The Washington Post"un məqaləsindən sonra CNN tərəfindən dərc edilmiş bəyanatlarında Cohen deyir ki, layihəni üç dəfə Trump-la müzakirə edib. Bununla belə Cohen bu layihənin prezident kampaniyası ilə hər hansı əlaqəsi olduğunu inkar edib.

Cohen bildirir ki, o bu məsələdən nəsə hasil olmayacağını başa düşdükdən sonra 2016-cı ilin sonlarında layihədən əl çəkib.

"The Independent" yazır ki, Sater-in email-lərində prezident kampaniyası və Rusiya liderliyi ilə əlaqəsi olduğu iddia edilən adamların uzun siyahısı var.

Bu ilin əvvəllərində bəlli olmuşdu ki, Trump-ın böyük oğlu Donald, kürəkəni Jared Kushner, habelə Trump kampaniyasının o vaxtkı başçısı Paul Manafort-la rusiyalı vəkil Natalia Veselnitskaya arasında görüş keçirilib. Veselnitskaya demokratik namizəd Hillary Clinton-un kampaniyasına ziyan vuracaq informasiyaya malik olduğunu iddia etməklə bu görüşə nail olmuşdu.

Cənab Trump indiyədək özünün Rusiyada heç bir əhəmiyyətli biznes maraqlarının olmadığında israr edir. O yanvarın əvvəllərində yazdığı Twitter postunda bildirirdi: "MƏNİM RUSİYA İLƏ HEÇ BİR ƏLAQƏM YOXDUR - NƏ SÖVDƏLƏŞMƏ, NƏ KREDİT, NƏ DƏ HEÇ NƏ".

Lakin Trump və onun şirkətinin keçmişdə Rusiya ilə əlaqələri olub. Prezident 2013-cü ildə Miss Universe gözəllik yarışını keçirmək üçün Moskvaya səfər etmişdi.

Bundan əvvəl Trump Putini "mənim ən yaxşı yeni dostum" adlandırmışdı.

Gözəllik yarışının Moskvada keçirilməsini isə rusiyalı oliqarx Araz Ağalarov təşkil etmişdi.

Onun oğlu Eminin adı 2016-cı ildə musiqi agenti Rob Goldston-dan Trump-ın oğluna göndərilmiş email-də çəkilirdi.

Bu email-də Emin, Clinton haqqında ziyanlı informasiyanın veriləcəyi görüşün vasitəçisi adlandırılırdı.

2013-cü ildə Moskvaya səfərindən sonra Trump mühafizəkar radionun aparıcısı Hugh Hewitt-ə demişdi ki, "yüksək səviyyəli adamlarla, həm generallar, həm də oliqarxlarla və hökumət adamları ilə görüşüb".

"Mən bundan artıq informasiya verə bilmərəm, amma bunu deyə bilərəm ki, ən yüksəkdə duran adamlarla görüşmüşəm və bu münasibətlər fövqəladədir" - demişdi Trump.

Kişilərin öz yaşlarına uyğun qadın seçməsinin 9 üstünlüyü

Fotonun müəllifi George Marks

"The Telegraph" yazır ki, aparılmış elmi araşdırmaya görə kişilərin özlərindən xeyli cavan qadınlara meyl etməsi o qədər də xeyir gətirən iş deyil.

Finlandiyadakı Abo Akademi Universitetinin alimi Jan Antfolk-un apardığı tədqiqatların nəticələrində deyilir ki, nə kişilər, nə qadınlar öz romantik seçimlərini təkcə yaşa uyğun etmirlər.

"Bəzi kişilər daha gənc qadınlara üstünlük verirlər, amma öz yaşlarına uyğun olanları seçənlər də az deyil, - deyib alim CBS News telekanalına, - Kişilər yaşlandıqca qadının yaşına elə də fikir vermirlər. Onları həm gənc, həm də yaşlı qadınlar cəlb edir.".

Jan Antfolk hesab edir ki, yaşı 50-ni keçmiş kişilər öz yaşlarına uyğun qadınlardan yapışsalar daha yaxşıdır. Alim bunun 9 səbəbini göstərir:

1. Bu halda həyatın uyğun mərhələsində olursunuz

Təxminən eyni yaşda olan qadın və kişi ömrün qalan hissəsini necə keçirmək barədə planı daha rahat qururlar, çünki onlar ömrün eyni fazasındadırlar. Eyni yaşlı adamların maraq və əyləncələri də bənzər olur.

2. Bir yerdə qocalmaq şansı

Bu çox da sevindirici bir hiss deyil, amma daha gənc partnyor ömrün sonrakı mərhələsində həyat yoldaşı olmaqdan daha çox dayəlik etməli olur. Bu vəziyyətdə hətta partnyorun cavanlığına qibtə də yarana bilər.

Öz yaşınızda qadın seçməyiniz həm də o deməkdir ki, qadın sizdən sonra uzun illər tənha qalmayacaq, həm də yeni namizəd axtarmayacaq.

3. Yetkin qadınlar cazibədardır

AskMen.com saytının apardığı sorğuya görə bi çox kişilər daha yaşlı qadınlara maraq göstərirlər. Müstəqil qadın daha cəlbedicidir, daha az dəymədüşərdir və daha az dəstəyə ehtiyacı var. Onlar kim olduqlarını və nə istədiklərini daha yaxşı bilirlər.

4. Sizə layiq olduğunuz dəyəri verə bilirlər

Mature Dating UK saytında dərc edilmiş bloqda deyilir ki, qadın və kişinin təxminən eyni yaşda olmasının münasibətlərdə bir xeyri də var. Siz qocaldıqca eyni yaş dəyişikliklərinə məruz qalırsınız.

Əgər siz yaşınıza görə cavan görünürsünüzsə də, bu, zaman keçdikcə dəyişəcək və onda yaşıdınız olan qadın sizi olduğunuz kimi qəbul edəcək.

5. Birlikdəki həyat təcrübəniz daha böyük olacaq

Ömürdən ötən illər həm də həyat təcrübəsi gətirir. Yaxın yaşda olanların psixoloji yetkinlik səviyyəsi də təxminən yaxın olur. Bu həm də emosional yaxınlıq deməkdir.

6. Eyni mədəniyyəti və hobbiləri bölüşəcəksiniz

Yaxın yaşda olan qadın və kişi eyni filmlərə, musiqyə, kitablara və əyləncələrə maraq göstərirlər. Dünya baxışlarınız, xatirələriniz eyni olanda, yastıq söhbəti də daha rəvan gedir.

7. Bu, bərabərlərin partnyorluğu olacaq

Sizin yaşlarınızda olan qadının sizdən əvvəl öz həyatı olub. Buna görə də ittifaqınız müəllimlə tələbənin yox, bərabərlərin ittifaqı olacaq.

8. Övladlarınıza daha çox töhfə verə biləcəksiniz

Yetkin yaşlarda evlənənlərin adətən əvvəlki evlilikdən uşaqları və hətta nəvələri də olur. Bu isə o deməkdir ki, siz valideyn və baba-nənə kimi də birlikdə daha mütəşəkkil və qayğıkeş ola biləcəksiniz.

9. Ümumi dostlarınız çox olacaq

Əlbəttə, hər bir insanın öz sosial çevrəsi olur, lakin müəyyən yaşdan sonra insanlar dost-tanışlarla görüşləri daha çox qiymətləndirirlər. Yaşınıza uyğun qadının dost-tanışı ilə dil tapmaq daha asan olacaq.