Almaniya: məhbus tibb işçisi azı 84 adamın ölümündə şübhəli bilinir

Niels Hoegel Fotonun müəllifi AFP
Image caption Tibb işçisi Niels Hoegel 2015-ci ildə fevral ayında iki cinayət törətdiyi üçün həbs olunub

Almaniya polisi 2015-ci ildə iki xəstəni öldürdüyü üçün ömürlük həbs cəzasına məhkum olunmuş tibb işçisi Niels Hoegel-in azı 84 xəstənin də ölümündə təqsirli ola biləcəyini açıqlayıb.

Tibb işçisi ilə bağlı iddialara görə təşkil olunmuş istintaq prosesində 134 adamın cəsədləri məzardan çıxarılıb.

Polis müfəttişi Arne Schmidt cinayətlərin "Almaniya tarixində unikal" olduğunu söyləyərək Hoegel-in xüsusilə sağlamlıq vəziyyətləri kritik olan xəstələri hədəflədiyini bildirib.

"Artıq sübut olunması mümkünsüz olan bir çox belə hadisə də var", Arne Schmidt təşkil etdiyi mətbuat konfrasında deyib.

Schmidt cinayətlərə görə "niqtinin tutulduğunu da" söyləyib.

40 yaşında olan tibb işçisi, 2003-2005-ci illər arasında Oldenburg şəhərindəki Delmenhorst xəstəxanasının reanimasiya şöbəsində yatan iki xəstəyə həddindən artıq dozada ürək dərmanı vuraraq öldürmək səbəbilə həbs olunub.

Fotonun müəllifi AFP
Image caption Hoegel məhkəmədə üzünü gizlədib

Tibb işçisi xəstələrə ürək çatışmazlığı, yaxud qan dövranı problemlərinə səbəb ola biləcək dərmanlar yeritdiyini və sonra həmkərlarında xoş təəssürat yaratmaq üçün xəstələri həyata qaytarmağa çalışdığını etiraf edib.

Həmçinin, o, xəstəni həyata qaytararkən "sevincdən uçduğunu", xəstənin öldüyü zaman isə "üzüntüdən məhv olduğunu" deyib.

134 cəsəd məzardan çıxardılıb

Tibb işçisinin dediklərindən sonra, polis və prokurorluq Kardio adı altında xüsusi bir məhkəmə tibb ekspertizası yaradaraq digər xəstələrin ölümlərini araşdırmağa başlayıb.

Tapıntıları bugün mətbuatla paylaşan polis əməkdaşları 134 cəsədin məzardan çıxarıldığını və ölümcül dozada dərman izlərinin axtarıldığını söyləyib.

Oldenburg polis rəisi Johann Kuehme cəsədlərin yandırıldığı üçün bir çox xəstənin ölüm səbəbinin təyin oluna bilmədiyini deyib.

Prokuror Daniela Schiereck-Bohlemann isə, tibb işçisinin öldürdüyü 30 xəstənin adını açıqladığını söyləyib.

Cinayətlər 2005-ci ildə tibb işçisinin, bir həmkarının Delmenhorst xəstəxanasında bir xəstəyə iynə vurmasına şahidlik etməsi ilə ortaya çıxıb.

Xəstə sağ qalıb, tibb işçisi isə "cinayətə təşəbbüs etdiyinə görə" 7,5 il həbs cəzasına məhkum olunub.

Bu hadisənin mətbuatda əks olunmasından sonra, bir qadın da ölən anasının bu tibb işçisinin qurbanı olduğunu iddia edib.

Bundan sonra səlahiyyətli şəxslər bir neçə xəstənin cəsədini məzardan çıxararaq araşdırmağa başlayıb. Nəticədə beş cəsəddə ölümcül dərmanın izlərinə rast gəlinib.

Əlaqəli mövzular

Bu barədə daha geniş