Quşların istiqamət qabiliyyətində "iybilmə rol oynayır"

Arctic tern Fotonun müəllifi B. G. Thomson/SCIENCE PHOTO LIBRARY

Onlar dəniz boyunca minlərlə kilometr məsafəyə yollarını itirmədən köç edirlər.

Məsələn, arktik susüpürənlər yay aylarını Böyük Britaniyada keçirir, qış üçün isə, Antarktikaya uçur.

Hər il eyni yerə gələn quşların buna necə nail olması hələ də tam məlum deyil. Yeni araşdırmaya əsasən, iybilmə okean üzərindən uzaq məsafələrə uçarkən istiqamət almaqda əsas rol oynayır.

Oxford, Barselona və Piza universitetlərindən olan tədqiqatçılar, dəniz quşlarının uçuşlarını izləməkdən əvvəl, onları müvəqqəti olaraq iybilmə qabiliyyətindən məhrum ediblər.

Məlum olub ki, yer üzərində normal istiqamət almağa qadir olan quşlar, dəniz üstündə bu qabiliyyəti itirir.

Bu onu göstərir ki, vizual işarə olmayanda, quşlar yollarını tapmaq üçün qoxu xəritəsindən faydalanır.

Əvvəlki sınaqlar göstərib ki, iybilmənin itirilməsi "yol tapma" qabiliyyətinə də ziyan vurur.

Ancaq, bəziləri duyğu məhrumiyyətinin qida axtarmaq kimi, digər funksiyalara da, ziyan vurub-vurmadığını sual atına alırdı.

"Bizim yeni tədqiqatımız bu maneələri aradan qaldırır, belə ki, gələcəkdə okean üzərindən uzun məsafəli köç vaxtı iybilmənin istiqamətlənmədə rol oynamadığını söyləmək çətin olacaq"- Oxford Universitetindən Zoologiya kafedrasının tədqiqatçısı Oliver Padget bildirir.

Maqnit kompas

Tədqiqatçılar Menorka sahillərindəki 30 tufan quşunu (Calonectris diomedea) müşahidə ediblər.

Onların yuvaları Aralıq dənizindədir. Amma bu quşlar Brazilyanın şərqi və Afrikanın qərb sahilləri də daxil olmaqla, cütləşmədikləri mövsümü Atlantikada keçirirlər.

Bəzi quşlar burun yollarına sink sulfat maddəsi yetirməklə iybilmə qabiliyyətindən məhrum edilib; başqa bir qrupdakı quşlar kiçik maqnitlər daşıyıb; üçüncü qrup isə, nəzarət qrupu olub.

Qayalıq sahillərdə yuva qurub kürt yatan quşların üzərinə kiçik GPS qurğuları bərkidilib. Daha sonra onlar izlənilib. İybilməni itirən quşlar Katalan sahillərinə və digər uzaq məsafələrə uçmağa müvəffəq olub.

Hərçənd ki, torpaq gözdən itən yerlərdə onların istiqamət seçməkdə çətinlikləri yaranıb.

Torpağa yaxınlaşdıqda isə, quşların istiqamət hissi yenidən yaxşılaşmışdı. Bu onu göstərir ki, heç bir görmə işarələri olmayanda quşlar qoxu xəritəsini istifadə edir.

Quşların istiqamət qabiliyyəti və uzun məsafələrə köçü uzun müddətdir ki, elmi maraq doğurub.

Düşünülür ki, bunda iybilmə qabiliyyəti və Yerin maqnit sahələrini duymaq əsas rol oynayır.

Bu tədqiqat Scientific Reports jurnalında çap olunub.

Əlaqəli mövzular

Bu barədə daha geniş