Britaniya mətbuatı: İngiltərəli imam: "Həcc zəngin müsəlmanların dəbdəbəli tətil əyləncəsinə çevrilir…"

Fotonun müəllifi Getty Images
Image caption Zəvvarlar Ərəfat dağında dualar edir

İngiltərəli imam: "Həcc zəngin müsəlmanların dəbdəbəli tətil əyləncəsinə çevrilir…"

"The İndependent" İngiltərənin Leeds şəhərindəki Məkkə Məscidinin imamı Qari Asimin Həcc ziyarəti haqqında məqaləsini dərc edib.

İmam yazır ki, bu həftə müsəlman zəvvarlar 5 gün davam edəcək Həcc ziyarətinə başlayırlar.

Həcc dünyanın ən böyük insan toplantısıdır.

Həccə gələnlərin sayı 1930-cu illərdəki 30 min nəfərdən indi 2 milyona çatıb.

"Bu həftə müsəlmanlar Səudiyyə Ərəbistanındakı Məkkə şəhərinə - peyğəmbərin doğulduğu yerə səfər edəcəklər ki, Allahı həyatlarının mərkəzinə gətirsinlər", imam yazır.

Bu həm fərdi, həm də kollektiv təcrübədir. Həcc həm də İslamın 5 sütunundan biridir və imkanı olan hər bir müsəlman bura ömründə heç olmasa bir dəfə səfər etməlidir.

Bundan sonra imam məqaləsində məhz həmin bu "imkan" mövzusuna keçir və yazır ki, indi bu böyük hadisəyə maddiyyatın getdikcə artan müdaxiləsindən narahatlıq keçirir.

İmamın fikrincə, Böyük Məscidin ətrafında bərq vuran aşırı maddiyyatçılıq Həcc ziyarətinin ruhaniliyinə mənfi təsir göstərir.

İndi dünyanın ikinci ən hündür binası - Saat qülləsi Böyük Məscidin kandarı üzərindən ucalır.

İmamın fikrincə bərq vuran bu göydələn indi, həm də İslamın ən müqəddəs şəhərində yoxsul və varlı müsəlmanlar arasında böyüyən fərqi nümayiş etdirir. Bu dəbdəbə həm də İslamın bərabərlik dəyərləri barədə suallar yaradır.

İmam yazır ki, o Səudiyyə hökumətinin milyardlarla dollar xərcləyərək müsəlmanların istirahət və əyləncəsi üçün şərait yaratmaq cəhdlərini alqışlayır, lakin şəhərə sirayət edən ifrat kapitalizmdən də narahat olur.

Məqalədə deyilir ki, eyni zamanda keçmişin əsrlərdən gələn tarixi və dini irsi silinib gedir.

Müəllifin fikrincə, ən böyük qəribəlik də bundadır ki, zəvvarların çoxu London və Şanxayın, New York və ya Cakartanın göydələnlərini arxada qoyaraq bura gəlirlər. Onlar yaşadıqları yerin materializmindən yaxa qurtarıb Allahı sadəlik və minimalizmdə tapmağa çalışırlar, amma əvəzində böyük pulların cərəyan etdiyi ticarət mərkəzləri və dəbdəbəli otellərlə qarşılaşırlar.

İmam yazır ki, lüks otellər Həccin təcrübəsini varlı müsəlmanlar üçün tamamilə dəyişib, amma eyni zamanda imkansız müsəlmanlar qalmaq yer tapmaqda çətinlik çəkirlər.

Həcc günlərində ifrat istehlakçılıq ibadətdən yayındırır, qardaşlıq və həmrəylik kimi dəyərlərin yaşanmasını mümkünsüz edir.

İmam yazır ki, hərəkət infrastrukturu, güclü arxitektura və gur ticarət ziyarətə milyonların gəldiyi nəzərə alınarsa gərəklidir. Lakin yol vermək olmaz ki, dini təcrübələrlə kommersiyalaşma arasındakı balans ikincinin xeyrinə pozulmuş olsun.

Məqalədə deyilir ki, ifrat kapitalizm və israfçılıq Həcc zamanı nümayiş etdirilməli olan sosial və iqtisadi bərabərliyin üstündən xətt çəkir.

İmam narahatdır ki, belə gedərsə, iman və sadəlik öz yerini materialist rituala verəcək və bu mərasim varlıların öz sərvətlərini nümayiş etdirə biləcəkləri əyləncəli tətilə çevriləcək.

Qari Asim yazır ki, Həcci kütləvi kommersiyalaşmanın caynağından qoparmaq vaxtı çatıb.

Erdoğan gələn seçkidən niyə narahatdır?

Fotonun müəllifi Getty Images
Image caption Bu ay Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının yaradılış günü təntənə ilə qeyd olunur

"Financial Times" qəzetinin Ankara müxbiri Laura Pitel yazır ki, bu ay Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının yaradılış günü təntənə ilə qeyd olunur.

Bununla əlaqədar avtobus dayanacaqlarında və iri lövhələrdə partiyanın lideri Recep Tayyip Erdoğanın portretlərini görmək olar…Bir də bu lövhələrdə "AK sevgisinin 16 yaşı var" sözləri yazılıb.

Lakin məqalə müəllifinin fikrincə, 15 il müddətində hakimiyyətdə olduqdan sonra prezident sarayı bu sevginin ölməsindən narahatdır.

FT yazır ki, qarşıdan gələn 2019-cu il parlament və prezident seçkilərindən əvvəl Erdoğan irəlidəki çətinliklər barədə açıq danışmağa başlayıb. O mübarizədən yorulmuş rəsmiləri işdən uzaqlaşdırmağa və yeniləşməyə çağırır.

"Mübarizə şəraiti dəyişib və biz də dəyişməliyik, - deyib Erdoğan, - Amma bu dəfəki dəyişiklik radikal olmalıdır".

Məqalədə deyilir ki, bu bəyanatı repressiyaların yenidən coşdurulmasına çağırış kimi də başa düşmək olar.

FT yazır ki, Erdoğanın və onun hakim partiyasının əsas narahatlığı aprel ayında keçirilmiş referendumda çox cüzi fərqlə qazanılan uğurdan doğub. Geniş təbliğatdan sonra Erdoğanın səlahiyyətlərini hədsiz artırmalı olan bu referendumda AKP rəsmi rəqəmlərə görə 51, 4 faizlə qələbə qazanmışdı, halbuki səsvermədə ciddi pozuntulara yol verildiyi barədə iddialar hətta bu nəticəyə də şübhə kölgəsi salıb.

FT yazır ki, nəticə Erdoğanı dəhşətə gətirmişdi. Ölkənin iki ən böyük şəhəri - İstanbul və Ankara Erdoğana "yox" demişdi.

Məqalədə deyilir ki, bu nəticə ölkənin parlament sistemini prezident sistemi ilə əvəzləmiş Erdoğan üçün ciddi riskdən xəbər verir. Bu o deməkdir ki, qarşıdan gələn seçkidə prezident olaraq qalmaq üçün ona 50 faizdən çox səs toplamaq lazım gələcək.

Buna görə də Erdoğan bəyan edib ki, "2002-ci ildə biz hakimiyyətə 34, 4 faiz səslə gəlmişdik, amma bu dəfə vəziyyət daha çətin olacaq".

FT yazır ki, məhz buna görə də AKP elektoratın ürəyini və beynini ələ almaq üçün indidən səylər göstərir. Söhbət ilk növbədə 18-25 yaş arasında olan 8 milyon seçicidən gedir. Partiyanın apardığı daxili sorğu göstərib ki, hakimiyyətin cəmiyyətə gətirdiyi "nailiyyətlər" - səhiyyə sisteminin yaxşılaşdırılması və qadınlara hicab azadlığının verilməsi artıq o qədər də böyük eyforiya yaratmır.

Partiya rəsmiləri canfəşanlıqla yeni layihələr üzərində baş sındırırlar.

"Ayşe xalanı İstanbulda üçüncü hava limanının tikintisi və ya yeni Bosfor körpüsü o qədər də maraqlandırmır, - deyib bir partiya funksioneri, - Biz indi daha çox iş görməliyik".

Məqalədə deyilir ki, AKP artıq böyük çadır hərəkatı deyil. Partiyanın Abdullah Gül və Bülent Arınc kimi ağırçəkililəri Erdoğana sədaqətli olan yenilər tərəfindən bir kənara atılıb.

Prezidentin kürəkəni və enerji naziri Berat Albayrağın artan nüfuzundan hətta partiya daxilində də narazılıq var.

Bir partiya funksioneri isə FT müxbirinə deyib ki, Erdoğan öz qüsurlarından başqa hamının qüsurlarını yaxşı görə bilir.

"Maraqlıdır, görəsən o gecələr yatağına uzananda bir dəfə də olsun özünə sual veribmi ki, bəlkə elə mən də yorulmuşam? - deyib həmin rəsmi, - Amma bu elə sualdır ki, bizim onu soruşmağa ixtiyarımız yoxdur".

Bununla belə, Erdoğanın öz tərəfdarları və partiyasının üzvləri arasındakı nüfuzu çox az adamda şübhə doğurur, - yazır qəzet.

Bir çox təhlilçilər bu qənaətdədirlər ki, hazırda Erdoğanın problemləri ölkə içində yox, onun çölündədir. Söhbət Suriya müharibəsindən, Türkiyənin ABŞ və Avropa kimi müttəfiqlərlə problemlərindən gedir.

Bəzi partiya üzvləri bu təhlükələri başa düşdüklərinə görə prezidenti erkən seçkiyə getməyə sövq edirlər. Sözdə bunun əleyhinə olsa da, ekspertlər Erdoğanın iqtisadiyyatın indiki sabitliyində qalacağı şəraitdə gələn ilin sonlarında seçkiyə gedə biləcəyini düşünürlər.

Prezidentə yaxınlığı ilə tanınan jurnalist Abdulkadir Selvi yazıb ki, gələn seçkini uduzan, hər şeyi uduzacaq.