Myanma münaqişəsi: Aung San Suu Kyi "işə qarışmalıdır"

A Rohingya refugee woman holds her child as they walk on the muddy path after crossing the Bangladesh-Myanmar border in Teknaf, Bangladesh, 3 September 2017 Fotonun müəllifi Reuters

BMT-nin Myanmada insan haqları üzrə xüsusi məruzəçisi, ölkənin de-fakto lideri olan Aung San Suu Kyi - ni, Rohinca müsəlman azlığını müdafiə etmədiyinə görə tənqid edib.

Yanghee Lee deyib ki, Rakxaynda vəziyyət "həqiqətən ağırdır" və xanım Suu Kyi-nin "işə qarışmaq" vaxtıdır.

Onun şərhi, BMT məlumatlarına əsasən, Banqladeşə pənah gətirmiş Rohinca müsəlman qaçqınlarının sayının 87 minə çatdığı dövrə təsadüf edib.

Bu rəqəm, 2016-cı ilin oktyabrında Rakxayn ştatında baş verən hadisələrdən sonra qaçanların sayından daha çoxdur.

Hər iki halda müsəlmanların qaçışı Rohinca silahlılarının polisə hücumundan sonra baş verib.

Həmin hücumlardan sonra isə Myanma hərbiyyəsi rohincalara qarşı əməliyyatlar keçirib.

Rohinca, öz dövlətinə malik olmayan və Myanmada sıxışdırılan müsəlman azlığıdır.

Myanmadan qaçan rohincalar bildirir ki, Rakxayn ştatına qoşun qüvvələri və buddist güruhçular onların kəndlərini yandırır, mülki əhaliyə hücum edir.

Peykdən çəkilən fotoşəkillərdə vilayətin şimal hissəsində çoxlu sayda yanğın ocaqları görünür.

Human Rights Watch təşkilatı şəkil yayaraq bildirb ki, həmin şəkildə Rohinca kəndlərindən birində 700-dən çox evin yerlə yeksan oldunduğu əks olunub.

Myanma hərbiyyəsi isə Rohinca silahlılarına qarşı əməliyyat keçirdiyini bildirib.

Qadağalar səbəbindən müstəqil mənbələrdən hadisə yerində vəziyyətin necə olduğunu yoxlamaq olduqca çətindir.

Su Kyi demokratyönlü fəaliyyətinə görə illər ərzində ev dustaqlığı şəraitində yaşayıb.

Hazırda o, Myanma prezidenti deyil, lakin çoxları onu Myanma hökümətinin başçısı sayır.

O, Myanma hərbiyyəsinə təsir edə bilmədiyinə görə tənqid olunub.

Xanım Lee deyib ki, Suu Kyi çətin vəziyyətdədir, lakin bunu da əlavə edib ki, indi onun "həmin vəziyyətdən çıxmaq vaxtı çatıb".

Region dövlətlərinin reaksiyası

Cənub-Şərqi Asiyada müsəlman ölkələri rohincaların taleyindən narahatlıq bildirib, xəbərlərə görə, bəzi yerlərdə kiçik etiraz aksiyaları keçirilib.

Bazar günü İndoneziya paytaxtı Cakartada Myanma səfirliyinə Molotov kokteyli atılıb, səfirlik qarşısında etiraz aksiyaları keçirilib.

Bazar ertəsi İndoneziya Xarici İşlər naziri Retno Marsudi Myanma hərbi rəhbəri ilə görüşüb və ondan münaqişənin çözülməsinə səy göstərilməsini xahiş edib.

Xanım Retno eləcə də Aung Suu Kyi ilə də görüşməyi planlaşdırır.

On minlərlə Rohinca qaçqınlarının yaşadığı Malayziyada Baş nazir Nəcib Razak rohincaların düşdüyü "dəhşətli vəziyyəti" pisləyib.

Maldiv adaları dövləti Myanma ilə bütün iqtisadi əlaqələri, rohincaların insan haqları bərpa olunana qədər, kəsib.

Mərkəzi Asiyada Qırğızıstan Myanma ilə beynəlxalq futbol matçını təxirə salıb. Buna səbəb, güman edildiyinə görə, sosial mediada istifadəçilərin Myanma komandası əleyhinə etiraz aksiyası keçirmək planları olub.

Banqladeş sərhədində vəziyyət

Avqustun 25-də Myanmada ordunun rohincalara hücumu başladıqdan bəri, Rohinca ailələri şimal istiqamətinə doğru, sərhədə tərəf üz tutublar.

Sərhəddən axan Naf çayını keçməyə çalışarkən onlarla adamın öldüyü xəbər verilir.

Banqladeş sərhədçiləri qaçqınlara ölkəyə daxil olmağa imkan verib.

Lakin hökümət qaçqınları dayandırmaq tərəfdarıdır, BBC müxbiri sərhəddən xəbər verir.

Sərhədçilərdən biri AFP agentliyinə bildirib ki, son zamanlar qaçqınların sayı artmaqdadır.

"Belə davam etsə, ciddi problemlə üzləşəcəyik. Lakin bu axının qarşısını almaq mümkün deyil, insanlar hət tərəfdən gəlir", - sərhədçi deyib.

Bangladesh sərhədinə gələn Vivian Tan, BMT-nin qaçqınlar üzrə bölümü olan UNHCR-in rəsmisi, deyib ki, "qaçqın düşərgələrinə gələn insanlar çox acınacaqlı vəziyyətdədir".

"Bu insanlar, evlərindən çıxandan aclıq çəkir. Qadın və uşaqlar, o cümlədən yeni doğulmuş körpələr də, fiziki cəhətdən tükənmiş vəziyyətdədir. Onların sayı artmaqdadır və bu narahatlıq doğurur", - UNCHR rəsmisi deyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş