Britaniya mətbuatı: Prezidentdən prezidentə nəsihət: “Qoyma ki, hinduşkalar səni yıxsın…”

Fotonun müəllifi Getty Images
Image caption Barack Obama, yeni prezident Donald Trump-a yazdığı məktubda onu qanunun alililyi prinsipinə əməl etməyə və "beynəlxalq dünya nizamını" pozmamağa çağırıb

Prezidentdən prezidentə nəsihət: "Qoyma ki, hinduşkalar səni yıxsın…"

"The Guardian" yazır ki, yenicə üzə çıxmış məktubdan keçmiş prezident Barack Obama-nın təzə prezident Donald Trump-a nəsihət verdiyi məlum olub.

ABŞ-ın 44-cü prezidenti 45-ci prezidentə yazdığı məktubda onu qanunun alililyi prinsipinə əməl etməyə və "beynəlxalq dünya nizamını" pozmamağa çağırır.

Obama Ağ Evdə Trump üçün qoyub getdiyi məktubda ona üç əsas məsləhət verirdi.

"Bizim hər ikimizin bəxtinə, müxtəlif şəkildə olsa da böyük tale düşüb, - yazıb Obama, - Hər adamın bəxti belə gətirmir. Odur ki, yaxşı zəhmət çəkmək istəyən hər bir uşaq və hər bir ailə üçün daha çox imkan nərdivanları düzmək bizim ixtiyarımızdadır".

Beynəlxalq münasibətlərə gəlincə isə, Obama seçki kampaniyası boyunca Amerikanı təcrid edəcək siyasətlərdən danışan Trump-a yazırdı ki, "Bütün dünyada Amerikanın liderliyi əvəzsizdir".

Bunun ardınca Obama Trump-ı Soyuq müharibədən bu yana bərqərar olan dünya nizamını pozmamağa çağırırdı. O yazırdı ki, Amerikanın özünün sərvəti və salamatlığı bu nizamdan asılıdır.

Üçüncü məsləhət olaraq Obama Trump-a yazırdı ki, "biz bu kabinetə həmişəlik burda qalmaq üçün gəlməmişik və ona görə də demokratik təsisat və ənənələri ən azı biz gələndə necə idisə, elə də qoyub getməliyik".

Yanvar ayında Trump bu məktubu "gözəl" adlandırmışdı və əlavə etmişdi ki, "biz hətta bu məktubda yazılanları mətbuat üçün açmayacağıq.

Lakin sonrakı hadisələr göstərdi ki, Trump bu "gözəl" məktubdakı məsləhətlərə çox da qiymət verməyib.

"The Guardian" yazır ki, Trump öz sələfinə minnətdar olmaqdansa, Tvitterdə daim onu sancmaqla məşğul idi.

Məqalədə deyilir ki, bu məktub Obama-nın öz xələfinə verdiyi yeganə nəsihət deyildi.

The New York Times qəzeti mart ayında yazırdı ki, təhvil-təslim zamanı Obama Trump-a, Şimali Koreya məsələsinin onun üçün ən çətin məsələ olacağını da deyibmiş.

"The Guardian" yazır ki, ABŞ ənənəsinə görə vəzifədən gedən prezident vəzifəyə gələn prezidentə arzularını bildirir.

George W Bush Clinton-a məktubuna belə başlayırdı "Nömrə 44-ə nömrə 43-dən". Ata Bush Clinton-a yazırdı: "Sənin uğurun ölkəmizin uğurudur. Mən sənə yol açmaq üçün çox çəlləşmişəm".

Ronald Reagan isə özünün keçmiş vitse-prezidenti Bush-a yazmışdı: "İmkan vermə ki, hinduşkalar səni yıxsın". İngilis jarqonunda "hinduşkalar" - axmaq adamlar mənasında işlənir.

Fotonun müəllifi Getty Images
Image caption Türkiyənin Alamaniyadkı səfirliyinin önündə 15 iyul çevriliş cəhdinin bir illiyi qeyd edən Erdoğan təfərdarları

Erdoğan Avropadakı türkləri necə ələ alır?

Almaniya ABŞ-da yaşayan müsəlman vaiz Fethullah Gülenin tərəfdarlarına aid mülkiyyətin dondurulmasına dair Türkiyənin rəsmi ricasını rədd edib.

Almaniyanın Spiegel jurnalı yazır ki, Ankara Fethullah Güleni ötən ilin iyulunda baş vermiş çevriliş cəhdinin arxasında durmaqda ittiham edir.

Spiegel yazır ki, Berlinin etirazı böyük bir ehtimalla iki NATO üzvü arasındakı gərginliyi daha da artıracaq.

Bundan əvvəl Almaniya kansleri Merkel Türkiyədə daha iki Almaniya vətəndaşının siyasi ittihamlarla həbs edilməsini kəskin pisləmişdi.

İnformasiya mənbəyini açıqlamayan Spiegel yazır ki, Türkiyə hökuməti ötən apreldə Almaniya Xarici İşlər Nazirliyinə müraciət edərək Gülen təşkilatının və onun üzvlərinin Almaniyadakı mülkiyyətinin dondurulmasını rica edib.

Türkiyənin Almaniyaya təqdim etdiyi siyahıda 80 nəfərin adının olduğu bildirilir.

Məqalədə deyilir ki, Almaniya hökuməti bu ricanı iyun ayında rəsmən rədd edib və Ankaraya belə bir addımın atılması üçün hüquqi əsasların olmadığını bildirib.

Almaniya Xarici İşlər Nazirlyi bu xəbərlə bağlı heç bir şərh verməyib.

Məqalədə bu da deyilir ki, Türkiyənin Almaniyaya verdiyi ektradisiya ərizələrinin sayı ilin əvvəlindən 53-ə çatıb, halbuki bu, 2016-cı ildə verilmiş bütün ekstradisya ərizələrinin sayından çoxdur.

Türkiyənin Doğan xəbər agentliyi bildirir ki, Türkiyənin hakimiyyət orqanları ötən cümə axşamı daha iki Almaniya vətəndaşını ötənilki çevriliş cəhdi ilə əlaqədar həbs edib.

Agentlik bildirir ki, Almaniya vətəndaşı olan iki türkü Antalya hava limanında həbs ediblər. Onlara qarşı Gülen təşkilatı ilə bağlı ittihamlar itrəli sürülüb.

Adları qısaca K.A. və S.A. kimi verilən bu şəxslərin əyalət həbsxanasında saxlandığı xəbər verilir.

Beləliklə, hazırda Türkiyə həbsxanalarında siyasi ittihamlarla saxlanan Almaniya vətəndaşlarının sayı 12-yə çatıb. Bunların arasında Almaniya-Türkiyə vətəndaşı olan jurnalist Deniz Yücel də var. O artıq 200 gündür ki, həbsxanadadır.

Bu həbslər, Erdoğan Merkelin Xristian Demokrat Partiyasını Türkiyə düşməni elan etməsindən sonra iki ölkə arasında olan gərginliyi daha da artırıb. Erdoğan Almaniya türklərini qarşıdan gələn seçkidə bu partiyanı boykot etməyə çağırmışdı.

"Tha Mail" yazır ki, bütün bunlar Türkiyəyə onsuz da əhəmiyyətli şəkildə azalmış turist axınını bir qədər də səngidəcək.

Bu barədə daha geniş