Bolqarıstanın əhalisi niyə azalır?

Bolqarıstan
Image caption Hazırda Bolqarıstanın əhalisi yeddi milyon nəfərdir və 2050-ci ilə qədər bu rəqəmin beş milyona düşəcəyi gözlənilir

Bolqarıstan dünyada əhalisi ən sürətlə azalan ölkədir. 1990-cu illərdən bəri ölkə əhalisinin beşdə birini itirib. Bəs bu, hazırkı əhali üçün nə deməkdir?

Bolqarıstanın qərb əyaləti Pernikdə mən nadir bir hal ilə qarşılaşdım.

Stoyan Evtimovu qeyri-adi göstərən təkcə onun milli naxışlı kaftanı deyil.

O, kənddə otuz yaşlarında olan yeganə kişidir. "Bütün uşaqlıq dostlarım buranı çoxdan tərk ediblər," o deyir.

Bir çox gənc bolqar kimi, onlar da iş axtarışında böyük qəsəbə və şəhərlərə köçüblər.

Stoyan dağ kəndi Peşterada iş sahibi olduğuna görə özünü şanslı hesab edir. O, milli ifa qrupunun rəhbəridir və milli musiqini və kəndi qoruya bilmək üçün hər il musiqi festivalı təşkil edir.

Bununla belə o, kənd həyatına tam bel bağlaya bilmir.

Image caption 30 yaşlarında olan Stoyan Evtimov da nə vaxtsa kəndini qoyub getməli olacağını bilir

"Evlənmək üçün bizim kənddən və ya ətraf kəndlərdən adam tapmaq qeyri-mümkündür. Kəndlərdə cavan adam qalmayıb. Özümə yar tapmaq üçün yeganə şansım şəhərə köçməkdir," o deyir.

"Kəndi tərk etmək mənim üçün həm üzücü, həm də çətin olacaq. Əfsuslar olsun ki, nə vaxtsa çıxıb getməliyəm."

Bolqarıstan kəndləri bir neçə onillikdir ki, boşalmağa başlayıb.

İkinci Dünya Müharibəsindən sonra, kommunistlər hakimiyyətə gəldikdə, kollektiv təsərrüfat yarandı və bir çox kənd təsərrüfatı işçiləri yeni zavodlarda işləməyə başladılar.

1989-cü ildə Kommunizm devrildikdən sonra, kollektiv təsərrüfat da dağıldı və kəndlərdən şəhərə axın vüsət aldı. Şəhərlərə köçən insanların da əksəriyyəti iş dalınca başqa ölkələrə köç edirdilər.

1989-cu ildə Bolqarıstanda təxminən doqquz milyon insan yaşayırdı. Hazırda onların sayı yeddi milyondan azca çoxdur. 2050-ci ilə qədər isə sayın 5.5 milyondan da aşağı olacağı gözlənilir. Əsrin sonuna qədər indiki əhalinin yarıbayarı azalacağı zənn edilir.

Image caption Stefka dükanını bağlamaq məcburiyyətində qalacağından qorxur

Bu kütləvi köç, Bolqarıstan əhalisinin sayının azalmasında rol oynayan ən mühüm faktora birbaşa təsir göstərir - gənclər ölkəni tərk etdiklərinə görə doğuş sayı aşağıdır.

Kənddə son dəfə körpə, on il öncə doğulub. Bunu öz iki oğlu da şəhərə köçən dükan sahibi Stefka deyir. Həmin balaca qızla anası isə hazırda Kiprdə yaşayır deyə o əlavə edir.

Stefkanın xidmət etdiyi insanların əksəriyyətinin yaşı 60-dan çoxdur. Dükanın rəflərində ərzaq çox azdır. O deyir ki, buna səbəb müştərilərin az olmasıdır və dükanı bağlamaq məcburiyyətində qalacağından qorxur.

Dağların lap yüksəkliklərindəki dükanlar, məktəblər və avtobus xətləri artıq bağlanıb.

"Kənddə təxminən 600 nəfər yaşayırdı," Kalotinsidə yaşayan 70 yaşlı Boyan deyir.

"İndi isə cəmi 13 nəfər qalmışıq. Bəziləri qəbiristanlığa, qalanları isə şəhərlərə köçüb."

Image caption Stanka nənə öz küçəsində yaşayan yeganə şəxsdir

Smirov Dol kəndində Stanka Petrova - onu hamı Stanka nənə kimi tanıyır - dağ yolunda oturub, ərazidə xidmət edən səyyar dükanı gözləyir.

"Mən bu kənddə doğulmuşam və kəndin adamla dolu olduğu günlər yadımdadır. Həyatımız çox yaxşı və maraqlı idi. Cavanlar, qocalar..." o, insanların bir araya gəlib milli rəqs etdikləri yeri göstərərək deyir.

"Kənddə artıq heç kim qalmayıb və təbii ki, elə şeylər də olmur," o davam edir.

"Məsələn, mənim yaşadığım küçədə evlər adamlarla dolu idi. İndi isə buranın yeganə sakini mənəm."

Image caption Bolqarıstanın ucqarlarında boş və dağılmış evləri görmək adi haldır

Bəs özünü tənha hiss edirmi? "Əlbəttə ki, mən tənhayam. Çox çətindir," gözləri dolan nənə deyir.

Kalotinsi və ətraf kəndlərin əhalisi ərzaqlarını buraya həftədə üç dəfə baş çəkən səyyar dükandan alırlar.

Bu xidmətin sahibləri orta yaşlı ər-arvad Atanas və Lili Borisovlardır.

Onların furqonu çörəkdən qatığa, siqaretdən pivəyə qədər hər şeylə doludur. Hətta, dərman da satırlar. Qış aylarında yollar qarla örtülsə də, 10 ildə onlar bir dəfə də olsun çatdırılma gününü ötürməyiblər.

"Çox az adam qalıb və biz onların hamısı ilə dostuq, buna görə də onlara bacardığımız qədər kömək edirik," Lili deyir.

Image caption Atanas və Lilinin səyyar dükanı Bolqarıstanın qərb kəndlərinə həftədə üç dəfə baş çəkir

Heç şübhəsiz ki, xidmət etdikləri insanlar onları çox istəyir, amma Lili deyir ki, müştərilərinin sayı və gəlirləri getdikcə azalır. İstər biznes olsun, istərsə də şəxsi zəmin, səyyar dükan Bolqarıstan kəndlərində əhalinin sayının azalmasının ən son göstəricisidir.

"Görüşdüyümüz insanlardan hansısa adəti yerində bizi gözləməyəndə narahat oluruq," Lili deyir. "Xüsusilə də qışda."

"Hətta bir dəfə müştərimizin birinin meyitini tapmışdıq."

Hakimiyyət depopulyasiyanın qarşısını almaq məqsədilə bir sıra tədbirlər görür. Dövlət doğuşla bağlı müalicələri boynuna götürərək, uşaq pulunu artıraraq və ev almaq üçün kreditdə yardım edərək doğuş səviyyəsini artırmağa çalışır.

Bu, xaricdə yaşayan etnik bolqarların ölkəyə qayıtması üçün həvəsləndirici addım kimi görünsə də, heç kim geri qayıtmır.

Image caption Bolqarıstan baş nazirinin müavini Valeri Simeonov qaçqınların əhalinin sayını artıra biləcəyi fikrini rədd edir

"Bolqarıstanın təhsilsiz qaçqınlara ehtiyacı yoxdur," baş nazirin müavini və Birləşmiş Vətənpərvərlərin lideri Valeri Simeonov deyir. Bu anti-miqrasiya qrupu koalisiya hakimiyyətinin bir hissəsidir.

Nə də ki, Bolqarıstan cəmiyyəti təhsilli və bacarıqlı miqrantları qəbul edəcək, cənab Simeonov deyir.

"Onların fərqli mədəniyyəti, fərqli dinləri və hətta fərqli vərdişləri var," o əlavə edir.

"Şükür Allaha ki, Bolqarıstan Avropadakı miqrant axınından ən güclü qoruna bilən ölkələrdən biridir."

Cənab Simeonov, Bolqarıstanın Türkiyə ilə 260 kilometrlik sərhədi boyunca inşa etdirdiyi ülgüclü hasara işarə edib deyir. Bu, miqrantların ölkəyə girişinin qarşısını almaq məqsədi daşıyır.

Fotonun müəllifi Reuters
Image caption Türkiyədən keçməyə çalışan miqrantlar üçün ən böyük maneə yeni ülgüclü hasardır

Avropa Komissiyasının göstərdiyi rəqəmlərə əsasən, Bolqarıstan 2015-2017-ci illər ərzində Avropaya Şimali Afrika və Orta Şərqdən təxminən 50 miqrant qəbul edib.

Aydındır ki, Bolqarıstan dövləti əhalinin sayının azalmasına qarşı mübarizədə miqrasiyaya çarə kimi baxmır.

Dövlət, yeni doğulan körpələrin sayının artması üçün yeni ideyalarla zəngin olsa da, kəndlərdə buna inanan yoxdur.

Dağlardan ayrılmamışdan qabaq, yenə Boyanla rastlaşdım. O, əhalisinin sayı 600-dən 13-ə enən Kalotinsi kəndində yaşayır.

Image caption Yetmiş yaşlı Boyan inanır ki, siyasətçilər insanları unudublar

"Biz unudulmuşuq," o deyir. "Hər kəs bizi unudub - dövləti idarə edənlər də, Allah da."

"Siyasətçilər bizim üçün heç nə etmirlər. Onlar yalnız öz maraqlarını güdürlər. Onlara insanlar maraqlı deyil - xüsusilə də kəndlərdə yaşayan yaşlı insanlar. Heç onlara gənclər də maraqlı deyil. Çünki, gənclər xaricə köçüb.

"Siyasətçilərə maraqlı olmadığına görə də, Bolqarıstan dövləti getdikcə yoxa çıxır."

Əlaqəli mövzular

Bu barədə daha geniş