Britaniya mətbuatı: Erdoğanın kürəkəninin “fethullahçıları boğmağı gəlir”

Berat Albayrak Fotonun müəllifi ADEM ALTAN/ getty

"Economist" məcmuəsində dərc edilmiş məqalədə deyilir ki, sakit dekabr gecələrindən birində Diyarbakır şəhərindəki mənzillərdən birinə maskalı xüsusi xidmət əməkdaşları gəlib.

Növbəti iki saat ərzində Tulay Yer-Çelik, onun bir aylıq uşağı və qaynanasının gözləri qarşısında jurnalist Ömer qəddarcasına döyülüb. Bu qəddarlıq yalnız polis gələndən sonra başa çatıb.

Kürdyönlü Dicle Haber Agentliyinin jurnalisti Ömer Çelik buradan ciddi rejimli həbsxanaya aparılıb. Jurnalist prezidentin qızının əri olan enerji nazirinin sızdırılmış emailləri barədə məqalələr yazırdı. İndi onu 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Məqalədə deyilir ki, 2000-ci ildə hakimiyyətə gələndə Recep Tayyip Erdoğan işgəncələrə "sıfır dözüm" elan etmişdi. Lakin ötən ilin iyul çevrilişi cəhdindən və kürd yaraqlılara qarşı döyüşlər bərpa olunandan bəri "işgəncələrə dözüm" yenidən bərqərar olub.

İnsan haqları təşkilatları Türkiyənin saxlama mərkəzlərində məhbusların döyülməsi, onlara işgəncələr verilməsi və hətta zorlanması barədə xəbərlər yayıblar. Ötən ilin sonlarında Türkiyəyə səfər etmiş bir BMT rəsmisi bu cür işgəncələrin geniş yayıldığını təsdiq edib.

Human Rights Watch insan haqları təşkilatı bu yaxınlarda Türkiyə hökumətini Fethullah Gülen hərəkatına bağlı olmaqda şübhəli bilinən dörd nəfərin oğurlanmasını araşdırmağa çağırıb.

6 həftə sonra oğurlananlardan birinin polisdə olduğu məlum olub. İndi o, təhlükəsizlik əməkdaşlarını ona işgəncə verməkdə ittiham edir.

Türkliyə rəsmiləri israrla heç bir işgəncə hallarının olmadığını söyləyirlər.

"Economist" yazır ki, işgəncələrə ölkənin cənub-şərqindəki kəndlərin dinc sakinləri də məruz qalırlar. Avqustun 5-də kürd kəndi Sapatan yaxınlığında bir polisin öldürülməsinə cavab olaraq kəndin camaatını evlərindən çıxarıb kənd meydanında qəddarcasına döyüblər.

Burada həbs edilmiş 36 nəfəri yerli polis məntəqəsində şlanqlar və metal dəyənəklərlə döyürdülər.

Bu işlə əlaqədar bir polis zabiti vəzifəsindən uzaqlaşdırılsa da, işgəncə praktikası davam edir.

Erdoğan hökuməti antiterror əməliyyatında iştirak edən rəsmilərə mühakimədən immunitet verib.

Prezidentin kürəkəni və enerji naziri Berat Albayrak ötən həftə deyib ki, o fethullahçıları hər dəfə görəndə onları boğmağı gəlir.

"Economist" yazır ki, hakim AKP cəmi bir-iki il əvvəl ölkədə işgəncə praktikasının kökünün kəsildiyi barədə bəyanatlar vermişdi.

Amnesty International təşkilatından Andrew Gardner deyib ki, 2015-ci ildən bəri bu uğura son qoyulub.

"Economist" yazır ki, bütün bunlara beynəlxalq reaksiya zəif olub.

Doqquz ay bundan əvvəl Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması Komitəsi Erdoğan hökumətinə özünün Türkiyədə aşkar etdiyi faktlar barədə hesabatını təqdim edib.

Türkiyə bu hesabatın açıqlanmasına yol verməyib. Angela Merkel də daxil bir sıra Avropa siyasətçiləri Türkiyə ilə onun Avropa İttifaqına üzklüyünə dair danışıqların dayandırılmasına çağırsalar da, bu çağırışa cavab verilməyib.

"Economist" yazır ki, Türkiyədə işgəncələri faş edənlərin özləri də işgəncələrə məruz qoyulurlar.

Amnesty International təşkilatının Türkiyə üzrə direktoru və iki avropalı vətəndaş da daxil səkkiz insan haqları müdafiəçisi iyul çevrilişindən bəri dəmir barmaqlıqlar arxasına atılıb.

Jurnalistlərə qarşı da eyni təzyiq üsullarından istifadə edilir. Onların yazdıqlarına "terrorçu təbliğat" damğası vurulur.

Şimali Koreyaya nüvə texnologiyasını İran verib?

"The Sunday Telegraph" Britaniya rəsmilərinə istinadən yazır ki, Şimali Koreyanın nüvə silahlarının inkişaf etdirilməsindəki qəfil uğuru İrandan aldığı gizli dəstəyin köməyi ilə əldə olunmuş ola bilər.

Britaniya Xarici İşlər Nazirliyi hazırda Kim Jong Un-un nüvə başlıqlarını raketlərə yerləşdirə bilməsinin "indiki və keçmiş nüvə ölkələri" ilə bağlılığını araşdırır.

Xarici İşlər Nazirliyinin vəzifəli rəsmisi "The Sunday Telegraph" qəzetinə deyib ki, Şimali Koreyanın bu texnoloji uğurlara təkbaşına nail olması ağlabatan görünmür.

Britaniya hökumətinin ilk növbədə İrandan və habelə Rusiyadan şübhələndiyi xəbər verilir.

Narahatlıq bundandır ki, Şimali Koreya nüvə silahının inkişaf etdirilməsində kənar ekspert və avadanlıqlardan istifadə edə bilərdi.

"Şimali Koreya alimləri müəyyən mənada bacarıqlı adamlardır, amma onlar tamamilə vakuumda işləyə bilməzdilər"- deyib hökumət nazirlərindən biri.

Şimali Koreya sentyabrın 3-də hidrogen bombasının uğurlu sınağını keçirib. Pxenyan bundan əvvəl qitələrarası ballistik raketləri sınaqdan keçirdiyini və miniatür nüvə başlıqlarını bu raketlərə yerləşdirməyi bacardığını bəyan etmişdi.

Qadın çantaları ən çirkli əşyadır

"The Independent" qəzeti yazır ki, qadınların ən bahalı aksessuarlarından biri də onların çantalarıdır, lakin bu həm də onların istifadəsində olan ən əntigigiyenik əşya ola bilər.

"Yaxşı Evdarlıq İnstitutunun (Good Housekeeping Institute) alimləri buildirirlər ki, ev əşyalarından, diş fırçaları, hamam dəsmalları da daxil ən azı 8-ində tualetdən daha çox mikrob ola bilər.

Lakin bunların arasında ən kirlisi qadınlarla birlikdə hər yeri gəzən əl çantalarıdır.

Tualet, mətbəx və onların ləvazimatları tez-tez yuyulub təmizləndiyi halda bəzi əşya və ləvazimatlar belə təmzilənməyə məruz qalmır.

"Biz hər həftə təmnizlədiyimiz yerlərdən başqa, əslində ən çox təmizlənməyə ehtiyacı olan əşyalara az diqqət yetiririk" - deyilir hesabatda.

Mikrob "yuvalarından" biri də diş fırçalarıdır. Lakin bu siyahıya elektrik avadanlığının idarəetmə pultlarını, noutbukları, dəsmal, xalça, mətbəx süngərlərini də əlavə etmək olar.

Ekspertlər məsləhət görürlər ki, çantalarınızı restoran, tualet və metro qatarlarında yerə qoymamağa çalışmalısınız. Tualetlərdə çox vaxt bunları asmaq üçün xüsusi qarmaqlar da olur.

Bundan başqa unitazın suyunu buraxmazdan əvvəl onun qapağını bağlamaq lazımdır. Diş fırçalarını isə 15 dəqiqə ərzində ağız yaxalamaq üçün nəzərdə tutulmuş məhlulda saxlamaq məsləhətdir.

Bu barədə daha geniş