Britaniya mətbuatı: İraqda saxlanan cihadçı ailələrinin arasında azərbaycanlı qadın və uşaqlar var

Fotonun müəllifi Getty Images
Image caption İraq hökumət qoşunları tərəfindən saxlanan qadın və uşaqların əksəriyyətinin Türkiyədən olduğu bildirilir, lakin onların arasında keçmiş Sovet respublikaları olan Tacikistan, Azərbaycan və Rusiyadan gələnlər də var

İraqda saxlanan cihadçı ailələrinin arasında azərbaycanlı qadın və uşaqlar var

"The Independent" yazır ki, İŞİD döyüşçüləri olduqları güman edilən şəxslərin ailə üzvü olan 1400 əcnəbi qadın və uşaq hazırda İraqda saxlanır.

Məqalədə deyilir ki, hökumət qoşunları özünü İslam Dövləti (İD) adlandıran təşkilatın döyüşçülərini ölkənin əksər ərazilərindən təmizləyəndən sonra onların ailə üzvlərinin öz vətənlərinə göndərilməsi planlaşdırılır və hökumət onların hansı ölkələrdən olduqlarını müəyyənləşdirməklə məşğuldur.

İraq hökumət qoşunları tərəfindən saxlanan qadın və uşaqların əksəriyyətinin Türkiyədən olduğu bildirilir, lakin onların arasında keçmiş Sovet respublikaları olan Tacikistan, Azərbaycan və Rusiyadan gələnlər də var, İraq ordusu və kəşfiyyatının rəsmiləri bildiriblər.

Qadınlar və uşaqlar Mosul şəhərindən cənubdakı düşərgədə saxlanır. Onların əksəriyyəti avqustun 30-dan buradadır. Həmin gün hökumət qoşunları Mosulun İŞİD-dən azad edilməsini başa çatdırıblar.

Bir kəşfiyyat zabiti bildirib ki, hazırda bu qadın və uşaqların hansı ölkələrdən olduqları araşdırılır, beləki onların əksəriyyətinin şəxsi sənədləri yoxdur.

Humanitar yardım rəsmilərindən biri deyib ki, bu, İraq qoşunları tərəfindən saxlanan ən böyük əcnəbi əsir dəstəsidir.

"Biz İŞİD ailələrini sərt təhlükəsizlik şəraitində saxlayırıq və onlar barədə hökumətin sərəncamlarını gözləyirik" - deyib Mosulun Ninəva əməliyyatı ordusunun polkovniki Əhmət ət-Taye.

"Biz onlarla yaxşı davranırıq. Bunlar məsum insanları soyuqqanlıqla qətlə yetirmiş qəddar cinayətkarların ailə üzvlərdir, lakin biz onları dindirəndən sonra başa düşdük ki, bu qadınların əksəriyyəti İŞİD təbliğatı nəticəsində aldadılıb" - deyib polkovnik.

Reuters agentliyinin müxbirləri yüzlərlə qadın və uşağın "hərbiləşdirilmiş ərazidə" qurulmuş kondisionersiz çadırlarda yaşadığının şahidi olublar. Müxbirlər deyirlər ki, buradakılar əsasən türk, fransız və rusca danışırlar.

"Mən Fransaya getmək istəyirəm, amma bilmirəm bunu necə etmək olar" - deyib əslən çeçen olan bir qadın. O əvvəllər Parisdə yaşadığını bildirib. Qadın onu İraqa gətirmiş ərinin taleyi haqqında heç nə bilmir.

Bu arada İraq təhlükəsizlik rəsmiləri bildiriblər ki, qadınlar və uşaqların əksəriyyəti şimaldalkı Tel Afar şəhəri yaxınlığında kürd peşmərgə qüvvələrinə təslim olublar. Kürdlər qadın və uşaqları İraq hökumət qoşunlarına təhvil versələr də, kişiləri saxlayıblar. Kişilərin demək olar hamısı keçmiş İŞİD döyüşçüləridir.

Əksər cihadçı ailələri İraq qoşunları Mosulu zəbt edərkən Tel Afara qaçmışdılar.

Bundan sonra İraq qoşunları əhalisinin əksəriyyətini etnik türkmanlar təşkil edən Tel Afarı tutublar. Bu şəhərin 200 minlik əhalisinin çoxu buradan qaçıb.

İraqın Daxili İşlər Nazirliyi bəyan edib ki, bu qadın və uşaqların vətəni olan ölkələrin səfirlikləri ilə əlaqə yaradılmasına çalışılır.

"Biz bu qədər adamı burda çox saxlaya bilmərik" - deyib nazirliyin sözçüsü.

Polkovnik-leytenant Salah Kərim deyib ki, qadınlar və uşaqlar azı 13 ölkəni təmsil edirlər.

Humanitar yardım işçiləri düşərgədə gərginlik yarana biləcəyindən narahatdırlar. Çünki burada İŞİD-lə müharibədə yaxınlarını və evlərini itirənlər çoxdur.

Bir çox iraqlıların qisas almaq istədikləri barədə məlumatlar var.

Lakin İraq kəşfiyyatının zabitləri bildirirlər ki, "İŞİD ailələri" düşərgənin bir tərəfində saxlanır.

541 qadın və uşağa yardım göstərən Norveç Qaçqınlar Şurası bildirir ki, İraq bu adamların gələcək taleyinə tez bir zamanda aydınlıq gətirməlidir.

Şuranın bəyanatında deyilir ki, hazırda bu adamlar de facto əsir sayılırlar.

"The Independent" yazır ki, Qərb hökumətləri öz vətəndaşları olan radikallaşmış İŞİD döyüşçüləri və onların ailələrinin qayıtmasından narahatlıq keçirirlər.

Məsələn, Fransa bildirib ki, özünün İŞİD-lə bağlı olan vətəndaşlarının İraqda mühakimə edilməsinə üstünlük verərdi.

"Əsas fəlsəfə bundan ibarətdir ki, yetkin yaşlı adamlar İraqda mühakimə olunsunlar, - deyib bir Fransa diplomatı Reuters agentliyinə, - Biz düşünürük ki, uşaqlar Fransanın ədliyyə və sosial xidmətlərindən istifadə edə bilərlər".

Müxbirlər xəbər verirlər ki, düşərgədəki qadınlar çadırlarda xörək bişirir və uşaqlarına baxırlar. Onların çoxunun əynində uzun qara əbalar var və üzləri bağlıdır.

"Anamın heç mənim harada olduğumdan xəbəri yoxdur" - deyir Əlcəzair əsilli 27 yaşlı Fransa vətəndaşı olan qadın. O bildirir ki, əri onun başını aldadaraq buraya gətirib. O İraqda döyüşən İŞİD dəstələrinə qoşulmuşdu.

"Bu balaca qızı bir neçə ay əvvəl elə burada dünyaya gətirmişəm, - deyir qadın, - Ərim mənə demişdi ki, bir həftəlik Türkiyəyə tətilə gedirik, amma halbuki artıq biletləri almışdı".

Bu qadın dörd ay Mosulda qaldıqdan sonra fevral ayında ərindən Tel Afara qaçıb. O Fransaya qayıtmaq istəyirdi, lakin əri onu tapmışdı və qayıtmasına imkan vermirdi.

Gözüyaşlı bu qadın ötən iyun ayında beş yaşlı oğlunun küçədə oynayarkən raket zərbəsindən həlak olduğunu xatırlayır.

"Başa düşmürəm ki, o bu müsibəti bizim başımıza niyə gətirib, - deyir qadın əri haqqında, - Ona nə olursa-olsun, heç vecimə deyil".

O və bir neçə başqa qadın kürd peşmərgə dəstələrinə təslim olmaq üçün günlərlə piyada yol gəliblər.

Başqa bir internet saytında - "The Daily Caller" portalında dərc edimiş xəbərdə isə deyilir ki, Tel Afarda dindirilən qadınlardan bəziləri İŞİD-in törətdiyi qırğınlardan xəbərsiz olduqlarını bildiriblər.

Bunlardan biri də Azərbaycandan gəlib.

"Biz kiminsə öldürüldüyünü görməməmişik, - deyir Aybəniz adlı qadın, - Orada hər bir şey Quran və Peyğəmbərin hədislərində yazıldığı kimi idi. Onlar şəriət qanunlarını tətbiq edirdilər".

Arvadı kök olan kişilərin diabet təhlükəsi var

Fotonun müəllifi Getty Images
Image caption Əri kök olan qadınlar bu cür təhlükəyə məruz qalmırlar, araşdırmada deyilir

"The Telegraph" yazır ki, yeni araşdırma arvadı kök olan kişilərin diabet riskində olduqlarını göstərib. Maraqlıdır ki, əri kök olan qadınlar bu cür təhlükəyə məruz qalmırlar.

Məqalədə deyilir ki, xəstəliyin cinsiyyət əsasında öyrənildiyi ilk belə araşdırma dolğun qadınların ərlərinin ikinci tip diabet riskinə 21 faiz daha çox məruz qaldığını göstərib. Alimlər bunu qadınların qeyri-sağlam qidalanma vərdişləri ilə bağlayırlar.

Amma bu araşdırmanı aparmış alimlər əksinə prosesin, yəni kök kişilərin arvadlarının sağlamlığına təhlükə yaratmamasının səbəbini izah edə bilmirlər.

Alimlər xanımları kök olan 50 və daha çox yaşı olan kişilərə özlərini həkimə göstərməyi məsləhət bilirlər. Hazırda təkcə İngiltərədə 3. 4 milyon diabet xəstəsi var.

Diabet Araşdırmaları Avropa Assosiasiyasında təqdim edilmiş bu nəticələrə görə həm də yaşı 55-dən çox olan diabetli adamların həyat yoldaşlarının daha çox piylənməyə məruz qaldığı məlum olub.

Nəslində diabet xəstəsi olan, habelə piylənməyə meylli insanlar bu xəstəliyə daha çox tutulurlar.

Lakin bu vaxtadək evli cütlər arasında piylənmə ilə diabetin əlaqəsi naməlum idi.

Danimarkadakı Aarhus Universitetinin alimləri bu təcrübələri yaşları 50-dən çox olan 3650 kişi və 3478 qadın arasında aparıblar.

1998-2015-ci illər arasında bu təcrübədə iştirak edən şəxslərdən hər iki il yarımdan bir müsahibələr götürülüb. Beləliklə 17 il ərzində hər min nəfər hesabı ilə kişilər arasında yeni diabet hallarının faizi 12, 6, qadınlıar arasında isə 8, 6 olub.

Bundan sonra alimlər 7187 qadın və kişi arasında daha bir təcrübə aparıblar. Burada evli cütlərdən birinin diabet xəstəsi olduğu hallar araşdırılırdı.

Təcrübə göstərib ki, yaşı 55-dən yuxarı olan insanlar arasında 2-ci qrup diabetli həyat yoldaşı olanlar piylənməyə daha çox meylli olurlar.

Təcrübələrə başçılıq edən professor Adam Hulman deyib ki, qadının piylənməyə meylli olması ərinin diabet xəstəliyi riskini artırmış olur.

"Buna görə də biz qadınları piylənməyə məruz qalan kişilərə qanlarındakı şəkər səviyyəsini yoxlatmalarını məsləhət görürük. Əksinə bizim məsləhətimiz diabet xəstəliyinin aşkara çıxarılması və ya bir çox hallarda onun qarşısının alınması üçün faydalı ola bilər. Başqa sözlərlə arvadın piylənməyə meylliyi ər üçün xəbərdarlıq siqnalı olur".

Əlaqəli mövzular