Hindistan: Uşağın doğduğu körpənin atası dayısı deyil - DNT testi

An image depicting child abuse Fotonun müəllifi iStock

Hindistanda polis 10 yaşlı qız uşağının zorlanması ilə bağlı işə yenidən baxmaq qərarına gəlib.

Buna səbəb qız uşağının doğduğu körpədən götürülmüş DNT-nin, qızı zorlamaqda ittiham edilmiş dayısının DNT-si ilə uyğun gəlməməsi olub.

Ali Məhkəmə aborta icazə vermədikdən sonra, hamiləliyindən xəbəri olmayan qız uşağı keçən ay doğub.

Hamiləlik dövründə ona deyilmişdi ki, qarnının qabarması daşa görə baş verib.

Qız uşağı ötən 7 ay ərzində dəfələrlə dayısı tərəfindən zorlandığını deyib.

40 yaşlarında olan, zorlamada ittiham olunan həmin şəxs həbs olunaraq uşaqlara qarşı cinayətlərə baxan məhkəmə tərəfindən mühakimə olunub.

O, hazırda məhbəsdədir və indiyədək heç bir bəyanat verməyib.

BBC müxbirinin qeyd etdiyi kimi, DNT testinin nəticələri qız uşağının kimlər tərəfindən zorlandığı sualını qaldırır.

Qızın atası bundan əvvəl BBC-ə bildirib ki, qızın dayısı ona qarşı irəli sürülmüş ittihamları rədd etməyib.

BBC müxbirinin məlumatına görə, polis qızın dayısının, ona qarşı irəli sürülmüş ittihamları etiraf etdiyini bildirib.

Çərşənbə günü istintaqla əlaqəsi olan rəsminin BBC-ə bildirdiyinə görə, bu iş qəribə bir hal almaqdadır.

Çərşənbə axşamı polis və müşavirlər ailəyə bir daha baş çəkərək 10 yaşlı qız uşağı ilə söhbət ediblər.

Ali Məhkəmə abort edilməsi barədə xahişi qızın sağlamlığına təhlükə ola biləcəyi əsası ilə rədd edib.

Qızın ailəsi yeni doğulanı qəbul etmədiyindən, körpənin övladlığa qəbulu üçün müvafiq uşaq xeyriyyəçiliyi strukturlarına verilməsi nəzərdə tutulur.

Hindistan qanunvericiliyi 20 həftə çəkmiş hamiləlikdən sonra abort əməliyyatını qadağan edir.

Lakin son illərdə məhkəmə orqanlarına bu barədə bir neçə xahişnamələr göndərilib.

Həmin müraciətlər zorlanmaya məruz qalmış və hamilə olduqlarını gec başa düşmüş qız uşaqlarından gəlib.

Ötən cümə günü məhkəmə hamiləliyinin 32-ci həftəsində olan başqa bir 13 yaşlı qıza hamiləliyinin kəsilməsinə icazə verib və bundan sonra o, doğub. Həmin doğulmuş körpə iki gündən sonra ölüb.

May ayında Haryana ştatında, hamiləliyinin təxminən 20-ci həftəsində olan 10 yaşlı qıza məhkəmə abort etməyə icazə verib. Deyildiyinə görə, o, atalığı tərəfindən zorlanıbmış.


Fotonun müəllifi AFP

Hindistanda zorlamaların miqyası

  • 16 yaşına çatmayan uşaqlar hər 155 dəqiqədən bir zorlanır, 10 yaşına çatmayan uşaqlar hər 13 saatdan bir zorlanır
  • 10,000-dən çox uşaq 2015-ci ildə zorlanıb
  • 240 milyon qadın 18 yaşına çatmamışdan əvvəl ərə verilib.
  • Hökümətin keçirdiyi araşdırmada iştirak edən uşaqların 53.22%-i cinsi təcavüzə məruz qaldıqlarını bildirib.
  • Təcavüz edənlərin 50%-i uşaqların tanıdıqları və etibar etdikləri və ya onlara qayğı göstərən şəxs olub.

Mənbə: Hindistan höküməti, Unicef


Əlaqəli mövzular

Bu barədə daha geniş