Britaniya mətbuatı: Alman bankının hesabatı "Türkiyə, sən bizi dolamısanmı?" adlanır

Fotonun müəllifi Getty Images
Image caption Commerzbank inanmır ki, Rusiya və Yaxın Şərqdən gələn turistlər Almaniya turistlərinin yerini tam doldura biliblər.

Alman bankının hesabatı "Türkiyə, sən bizi dolamısanmı?" adlanır

"Financial Times" qəzeti yazır ki, Almaniyanın ikinci böyük bankının gəldiyi nəticəyə görə Türkiyənin iqtisadi artım rəqəmləri "sual doğurur".

Bu həftənin əvvəllərində Türkiyə bildirib ki, ölkə ötən ilin siyasi sabitsizliyindən çıxdıqdan sonra dünyanın ən sürətlə artan iqtisadiyyatlarından birinə çevrilib.

Bazar ertəsi açıqlanmış rəsmi məlumatda deyilir ki, Türkiyə iqtisadiyyatı keçən ilin aprel-iyun aylarına nəzərən bu il 2, 1 faiz artıma nail olub.

Rəsmi məlumatda habelə son beş ildə iqtisadi inamın ən yüksək həddinə çatdığı bildirilir.

Lakin Commerzbank-ın hazırladığı "Türkiyə, sən bizi dolamısanmı?" adlı hesabatının müəllifi, təşəkkül tapan bazarlar strateqi Lutz Karpowitz Türkiyə iqtisadiyyatının dirçəlişinə dair rəqəmləri şübhə altına alıb.

Almaniya hökumətinin böyük paya malik olduğu bu bankın hesabatına görə ən şübhə doğuran məqam Türkiyənin turizm sənayesidir.

Ötən il Türkiyədə baş verən silsilə terror aktlarından sonra iqtisadiyyatda kəskin azalma baş vermiş, turistlər və investorlar bu ölkədən uzaq dayanmağa çalışmışdılar.

Amma rəsmi rəqəmlərə görə turist sənayesi, bu il diçəlib. Türkiyənin hökumət təhlilçiləri bunu lirənin ucuzlaşması və Rusiya ilə yaxşılaşan münasibətlərlə bağlayıblar.

Lakin cənab Karpowitz inanmır ki, Rusiya və Yaxın Şərqdən gələn turistlər Almaniya turistlərinin yerini tam doldura biliblər.

Almaniya turistləri Türkiyəyə gələn turistlərin adətən 15 faizini təşkil edərdi, lakin indi iki ölkə arasında pisləşən münasibətlərə görə bu rəqəm xeyli azalıb. Almaniyanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Türkiyəyə səfərlər etməkdən çəkindirən bəyanat verib.

Commerzbank-ın təxminlərinə görə bu il Türkiyəyə səfər etmiş almanların sayı 1, 5 milyondan çox olmayıb. Bu, 2016-cı illə müqayisədə 3, 9 milyon nəfər azdır.

Türkiyə Statistika İnstitutunun (TürkStat) məlumatına görə ölkəyə axan investisiyalar da aprel-iyun aylarında 6 faiz artıb.

Lakin Commerzbank-ın hesabatında deyilir ki, Türkiyədəki siyasi narahatlıq "investisiya qərarlarını zəhərləyib" və beynəlxalq statistik rəqəmlər tamam başqa mənzərədən xəbər verir.

Türkiyə barədə beynəlxalq göstəricilərə görə ötən illə müqayisədə investisiyalar 8 faiz azalıb.

Karpowitz deyib: Beynəlxalq Valyuta Fondunun rəqəmlərinə baxanda belə bir təəssürat oyanır ki, Türkiyə investorları beynəlxalq həmkarlarından fərqli sistem üzrə çalışırlar.

Commerzbank bildirib ki, "o, əlbəttə Türkiyədə iqtisadi möcüzənin həqiqətən də baş verməsinə sevinərdi, amma rəsmi rəqəmlər hazırkı situasiya ilə qətiyyən uyğun gəlmir".

Türkiyə hökuməti iqtisadi göstəricələrin TürkStat tərəfindən siyasiləşdirilməsinə inanmadığını bildirib.

Türkiyə Statistika İnstitutu Commerzbank-ın hesabatını çaşdırıcı adlandırıb. Hökumət isə bəyan edib ki, Türkiyə Statistika İnstitutu tamamailə müstəqil qurumdur.

Hillary Clinton yeni kitabında Trump-ın "külünü göyə sovurub"

Fotonun müəllifi Getty Images
Image caption "Mən təkcə Donald Trump-a qarşı yarışmırdım. Mən Rusiyanın kəşfiyyat aparatı ilə üzbəüz idim…Bu normal siyasət oyunu deyildi. Bu, başqa söz tapa bilmirəm…müharibə idi", Clinton yazıb.

"The Telegraph" yazır ki, Hillary Clinton, Donald Trump kampaniyasına daxil şəxslərin onu ötən il keçirilmiş seçkidə məğlub etdirmək üçün Rusiya ilə sövdələşməyə girdiklərinə "əmindir".

Məqalədə deyilir ki, bu, xanım Clinton-dan Trump-a qarşı irəli sürülmüş ən ağır ittihamdır. Demokrat namizəd deyib ki, Trump-ın yaxın çevrəsi Rusiyanın seçkiyə müdaxiləsinə kömək edib.

Hillary Clinton bu sözləri özünün 495 səhifəlik "Nə baş verib?" (What Happened) kitabının təqdimatı zamanı deyib.

Clinton bu kitabda Trump-ı "mənfur və açıq-aşkar seksist" adlandırır. O yazır ki, "Trump bu ölkə və dünya üçün aşkar və real bir təhlükədir". Clinton qeyd edir ki, "bu fırıldaqçı və yalançı onun tüklərini ürpədir".

"USA Today" qəzetinə Rusiya əlaqələri barədə müsahibə verən xanım Clinton deyib ki, "Burada qəti şəkildə kommunikasiya və anlaşma olub".

"Mənim buna heç bir şübhəm yoxdur: Putin mənim məğlubiyyətimi və Trump-ın qələbəsini istəyirdi" - deyib keçmiş birinci ledi və keçmiş dövlət katibi.

Rusiya ilə Trump arasında sövdələşmənin olub-olmadığı barədə suala Clinton "əminəm ki, olub" cavabını verib.

"The Telegraph" yazır ki, Trump kampaniyası və Rusiya arasında əlaqələri hazırda xüsusi prokuror Robert Mueller və Konqresin bir neçə komitəsi araşdırır.

Clinton öz kitabında yazır ki, Mueller-in təhqiqatı Watergate qalmaqalının təhqiqatından daha ciddidir. O həmçinin deyib ki, Putin ondan "şəxsi qisas" alıb.

Clinton yazır: "Mən təkcə Donald Trump-a qarşı yarışmırdım. Mən Rusiyanın kəşfiyyat aparatı ilə üzbəüz idim…Bu normal siyasət oyunu deyildi. Bu, başqa söz tapa bilmirəm…müharibə idi".

Hillary Clinton kitabında habelə FTB-nin o vaxtkı direktoru James Comey-ni tənqid atəşinə tutur. Comey seçkiyə bir neçə gün qalmış Clinton-un e-maillərinə dair təhqiqatın başlandığını elan etmişdi. Clinton öz partiyadaşı Bernie Sanders-i də ittiham edir.

O yazır: "Bunlar hamısı mənə qarşı gələn qüvvələr idi. Mən Sanders-dən və onun tərəfdarlarından gözlədiyim dəstəyi görmədim və bu, çox ağırdır".

Clinton kitabında Trump-ın yanaşmasını George Orwell-in "1984" əsərinə bənzədir və yazır ki, o "həqiqətə qarşı müharibə" aparırdı.

Kitabda deyilir ki, "məhz sovetlər özlərini bu cür aparır, tarixi fotolardan siyasi dissidentləri silirdilər".

Xanım Clintion bildirib ki, o məğlubiyyətin ardınca antidepressant həblərdən imtina edib və əvəzində Chardonnay şərabı içib.

Donald Trump-a gəlincə isə, o bu hadisəyə də Tvitterdə münasibət bildirib: "Başqalarının məni tanımadan mənim haqqımda kitab, böyük-böyük məqalələr yazmasını görmək heyrətamizdir. SAXTA XƏBƏRLƏR".

Ağ Evin mətbuat katibi Sarah Sanders isə deyib ki, xanım Clinton-un siyasi həyatının son fəslini "saxta və məsuliyyətsiz hücumlara" həsr etdiyini görmək kədərlidir.

"Kokainli it" sahibini boğazlayaraq öldürüb

"The Guardian" yazır ki, İngiltərənin Staffordshire qraflığında bulteryer iti BBC-nin sənədli film çəkən qrupunun gözü qarşısında sahibini iti dişləri ilə boğazlayaraq öldürüb.

İlkin müayinə itin qanında kokain olduğunu göstərib.

Məqalədə deyilir ki, itin sahibi Mario Perivoitos mart ayında baş vermiş bu hadisə nəticəsində öz evində ölüb, lakin orada olan BBC çəkiliş qrupu hadisəni lentə almayıb.

Şimali London Tibb Ekspertizasının nəticəsinə görə Mayor adlı itin belə davranışına onun krek kokain (çəkilməsi mümkün olan) yeməsi səbəb ola bilərdi.

Baytar-toksikoloq Nicholas Carmichael müstəntiqlərə bildirib ki, itin sidiyində yüksək miqdarda kokain və morfin aşkar edilib.

Carmichael deyib ki, "bu it narkotik maddələri istehlak edib və bəlkə də yeyib".

Onun sözlərinə görə itin hücumuna bunun səbəb olduğunu qəti demək olmasa da, narkotik maddələr heyvanın anormal davranışına səbəb ola bilərdi.

"Belə heyvanlar çox aqressiv olurlar, - deyib həkim, - Çox güman ki, bu itin hücumuna səbəb onun kokain qəbul etməsi olub".

Meyiti yarmış patoloq Julie Higgins deyib ki, it sahibinin qırtlağını üzüb.

BBC jurnalistləri "Britaniyanın Narkotik Xəritəsi" adlı filmin çəkilişini aparırdılar və cənab Mario Perivoitos həmin vaxt qıc olub.

Proqramın prodüseri Joshua Haddow iti sahibindən qopara bilsə də, artıq gec idi.

İş üzrə baş ekspert Andrew Walker məhkəmədə bildirib ki, Perivoitos hücumdan əvvəl kokain qəbul edibmiş.

Walker-in qənaətinə görə itin sahibi epileptik sarsıntı keçirdiyi vaxt it qəfildən həyəcanlanıb.

Walker BBC heyətinə cənab Perivoitos-u xilas etmək cəhdinə görə təşəkkürünü bildirib.

Polis deyib ki, Mayoru "zərərsizləşdirmək" qərarı qəbul olunub.