Britaniya mətbuatı: Türkiyənin hərbi hava qüvvələri pilotsuz qalıb

Fotonun müəllifi Getty Images
Image caption Türkiyə hərbi hava qüvvələrinin yüksək pilotaj qrup "Türk Yıldızları" (Türk Ulduzları).

Türkiyənin hərbi hava qüvvələri pilotsuz qalıb

"Financial Times" qəzeti yazır ki, Türk Hava Yolları şirkətinin pilotları üçün məzuniyyət mövsümü başlanır və elə bu vaxt prezident Erdoğan onlara birbaşa aidiyyəti olan məcburi fərman verib.

Ötən ayın sonlarında imzalanmış fövqəladə fərman hərbi hava qüvvələrindən tərxis olunmuş pilotları yenidən hərbi xidmətə çağırır.

Fərmanda bildirilir ki, hərbi hava qüvvələrinə qayıtmaqdan boyun qaçıranların aviasiya lisenziyaları ləğv ediləcək. Bu isə hazırda mülki aviasiyada çalışan 200-300 pilotun çörəyinə bais olmaq deməkdir.

Məqalədə deyilir ki, belə bir fərmanın verilməsinə ilkin səbəbin özü də Erdoğandır. Onun iyul çevriliş cəhdindən sonra ölkə boyunca apardığı repressiyalar əsnasında həbs olunan və işindən məhrum edilən on minlərlə insanın arasında hərbçilər də var. Təhlilçilər və pilotlar bildirirlər ki, Türkiyə hərbi hava qüvvələrində çox kəskin pilot çatışmazlığı yaşanır.

"Financial Times" yazır ki, məcburi fərman ölkənin aviasiya sektorunda təlatüm yaradıb.

"Hamı soruşur: Hələ çağırmırlar ki?..." - deyir Türk Hava Yollarının bir pilotu.

Onun bir neçə həmkarı da eyni narahatlığı keçirir. Hərbi xidmətlərini başa vurmuş bu təyyarəçilərin əksəriyyəti ailə-uşaq sahibi olublar, uşaqları üçün məktəb, bağça seçiblər, ev alıblar və dinc peşə ilə məşğuldurlar. İndi isə onlara "yenidən əsgərliyə gəl" deyirlər.

Pilotların təkrar xidmətə çağırışı Türkiyə hərbi hava qüvvələrində yaranmış böyük boşluq səbəbilə səslənir.

Məsələ burasındadır ki, çevriliş cəhdinin ön sıralarında məhz hərbi hava qüvvələri olublar.

2016-cı ilin iyulunda bir neçə xatakar pilot Ankarada küçələrin üzərində alçaqdan uçaraq parlament binasını atəşə tutub. Çevriliş cəhdi baş tutmayanda isə iki-üç nəfərə görə yüzlərlə F-16 və F-4 qırıcı pilotlarını ya həbs ediblər, ya da qüvvələrdən qovublar.

Odur ki, indi NATO-nun ikinci ən böyük ordusu boşluğu doldurmaq üçün vurnuxur.

"Bu fərmanın icbari olması özü hər şeyi göstərir, - deyir keçmiş hərbçi, indi isə Al-Monitor portalının müdafiə təhlilçisi Metin Gurcan, - Türkiyə hərbi hava qüvvələrində pilot çatışmazlığı kritik həddə yetişib".

"Financial Times" yazır ki, bu çatışmazlıq təkcə Ankara yox, həm də Türkiyə pilotlarını təlimləndirən NATO müttəfiqləri üçün həyəcanvericidir.

"Hələ çevriliş cəhdindən əvvəl də heyətin keyfiyyətindən real nigaranlıq vardı, - deyir NATO hərbi hava qüvvələrindən bir zabit, - Vəziyyət o vaxtdan bəri yaxşılaşmayıb. Ortalıqda potensial anlaşılmazlıq və səhvlərdən ibarət təhlükə var".

Qərb hərbi rəsmilərinin təxminlərinə görə Türkiyədə çevriliş cəhdindən bəri 600 döyüş pilotu ya xidmətdən qovulub, ya da həbs edilib. Bu, bütün hərbi pilotların yarısı deməkdir.

Bu həm də elə bir vaxtda baş verir ki, Türkiyə silahlı qüvvələri eyni zamanda bir neçə cəbhədə döyüşməli olurlar. Xidmətdən qovulan və həbs edilən təkcə pilotlar yox, həm də təlimatçılər və eskadra komandirləridir.

Türkiyə hərbi hava qüvvələrində pilot çatışmazlığı çevriliş cəhdindən əvvəl də vardı. Hökumət ordunun nüfuzunu neytrallaşdırmaq üçün böyük heyət ixtisarlarına getmiş, hərbi təyyarəçilərin xidmət müddətini 15 ildən 13 ilə endirmişdi. Elə bu səbəbdən də 2012-ci ildə birdən-birə yüzlərlə pilot tərxis olunmuşdu.

Türkiyə hökuməti bu çatışmazlığı aradan qaldırmaq üçün bir neçə tədbirlərə əl atıb: pilotların xidmət müddəti 18 ilə yüksəldilib, Ankara uçuş təlimatçılarının göndərilməsi üçün ABŞ-a müraciət edib. Lakin Birləşmiş Ştatlarda əksər F-16 pilotları ən müasir F-35 qırıcılarında uçmağı öyrənirlər. ABŞ Ankaraya hələlik ona heç nədə kömək edə bilməyəcəyini bildirib.

Erdoğan hökuməti şirnikləndirici vasitələrə də əl atır. İndi hərbi pilotlara əvvəlkindən iki dəfə çox, ayda 8 min dollar maaş təklif olunur.

Amma burası da var ki, hərbi xidmətə qayıtmaqdan boyun qaçıran pilotların uçuş lisenziyaları əllərindən alınacaq. İndi onlar üçün yeganə alternativ xarici hava şirkətlərinə keçməkdir.

Fotonun müəllifi Getty Images

Fransa fermerləri Sloveniya ayılarına qarşı

"The Telegraph" yazır ki, bir qrup maskalı və silahlı adam internetdə yayılmış videoda Fransanın Pireney dağlarındakı ayıları öldürməklə hədələyir. Onlar deyirlər ki, Fransaya Soveniyadan gətirilmiş ayılar fermerlərin qoyunlarına hücum edir.

Məqalədə deyilir ki, fermerlər qırmızı kitaba salınmış qonur ayıların 450-dək qoyunun tələf olmasına səbəb olduğunu bildirirlər. Onların sözlərinə görə ayıların hücuma məruz qalan qoyunlar özlərini sıldırımlı qayalardan atırlar.

Bu video təbiəti mühafizə rəsmiləri ilə fermerlər arasındakı gərginliyin son həddə çatdığını göstərir.

"The Telegraph" yazır ki, ayılar 1990-cı ildə cənub-qərbi Fransaya Sloveniyadan gətirilib. Fransadakı Pireney ayılarının kökünü ovçular kəsmişdilər.

Video qaranlıq və açıq havada çəkilib. Xəbər agentliklərinə göndərilmiş videoda 30 maskalı və silahlı adam görünür.

Videoda bilərəkdən dəyişdirilmiş səs deyir: "Sloveniya ayılarını ölkəyə buraxmaqla və onları burada artırmaqla Fransa hökuməti torpağa nəzarət siyasəti yürüdür. Bu siyasət isə qadın və kişilərin dağlara girişini mümkünsüz etmək, onların iş azadlığını əllərindən almaq məqsədi güdür".

Videoda daha sonra bildirilir ki, hökumət fermerlərin seçkili nümayəndələrinin saysız şikayətlərini indiyədək qulaqardına vurub.

"Biz qərara gəlmişik ki, Ariej ərazisində ayı ovunu bərpa edək və hökumətin bu agentlərinə qarşı açıq mübarizəyə başlayaq" - deyilir müraciətdə.

Məqalədə qeyd olunur ki, bundan üç gün əvvəl fermerlər havaya atəş açaraq təbiəti mühafizə rəsmilərinin bölgəyə gəlməsinə imkan verməyiblər. Onlar fermalarda həqiqətən nə qədər qoyunun tələf olduğunu yoxlamalı idilər.

Hökumət tələf olmuş qoyunlara görə kompensasiya ödəyir, lakin fermerlər bildirirlər ki, daha ayılarla eyni ərazidə yaşamaq istəmirlər. Bu ərazidə 36 qonur ayının yaşadığı məlumdur.

Yerli kampaniyaçı qruplar ayıların Sloveniyaya qaytarılmasını tələb edirlər.

Hakimiyyət orqanları bu videoya çox ciddi yanaşır. Prokurorlar artıq hadisələrlə bağlı təhqiqata başlayıblar.

Fotonun müəllifi George Marks/Getty Images
Image caption Olivia Petter dezodorantı axşam, yatmazdan əvvəl istifadə etməyi tövsiyə edir

Dezodorantla edilən 4 səhv

"The İndependent" qəzetində Olivia Petter yazır ki, ilin isti vaxtlarında dezodorantlardan çoxları istifadə etsələr də, ondan maksimum faydalanmağı heç də hamı bilmir.

Perpirex saytının yazdığına görə Britaniya qadınlarının 63 faizi bədən qoxusunu ən narahatedici faktor hesab edir.

Bəs bədən qoxusuna qarşı dezodorantlardan maksimum fayda ilə necə istifadə edilməlidir:

Professor Dawn Harper deyir ki, adamlar dezodorantlardan istifadə edərkən 4 əsas səhvə yol verirlər.

Xanım Harper izah edir ki, birincisi dezodorantlarla antiperspirantların fərqini bilmək lazımdır. Hərçənd onları da dezodorant adı ilə tanıyırlar.

Amma antiperspirantlar tərləmənin qarşısını almaq üçündürsə, dezodorantlar bədən qoxularını itirmək və ya "pərdələmək" üçündür.

"Maraqlıdır ki, təmiz tər qoxulu deyil. Qoxu bədəndəki bakteriyalar təri parçalamağa başlayanda yaranır, - deyir doktor, - Bədənin qoxusundan narahat olanlar pH (bədəndəki hidrogen ionları) balanslı sabunla yuyunmalıdırlar. Çünki ətirli sabunlar dəridəki pH balansını dəyişərək bakteriyalar üçün daha əlverişli şərait yarada bilər. Qoxu problemini isə elə bu bakteriyalar yaradır".

Beləliklə, 4 əsas səhv hansılardır?

Dezodorantdan hələ vanna otağında ikən istifadə etmək

Haprper bildirir ki, dezodorantları tam quru dəri üzərinə fışqırtmaq lazımdır. Yaş dəri dezodorant molekullarını pis qəbul edir. Odur ki, hələ vanna otağında ikən dezodornatlardan istifadə etməyin.

Dezodorantlardan səhərlər istifadə

Xanım Harper deyir ki, çoxları yataqdan qalxan kimi qoltuqlarını dezodorantlayır.

Amma dezodorantı axşam yatmazdan əvvəl vurmaq daha çox səmərə verir. Bu halda qoxu uzun müddət olmur. Amma bu halda səhər qoltuqları sabunla yumaq lazımdır.

Dezodorantdan sonra tələm-tələs geyinmək

Harper məsləhət görür ki, dezodorant vurduğunuz yeri saçqurudanla qurutduqdan sonra paltarlarınızı geyinsəniz daha faydalı olar.

Aşırı istifadə

Hətta dezodorantdan da hər gün istifadə etmək olmaz.

"Dezodorantı hər qoltuğunuza iki yuxarı, iki aşağı çiləyin. Bunu həftədə yalnız bir və ya iki dəfə etməlisiniz" - deyir Harper.

Bəli düz eşitdiniz. Həftədə bir və ya iki dəfə…

Bu barədə daha geniş