Şərif ailəsi Pakistanın əlavə seçkisində iştirak edir

Maryam Nawaz, the daughter of Pakistan's Prime Minister Nawaz Sharif in Islamabad (05 July 2017) Fotonun müəllifi Reuters
Image caption Məryəm Navaz anasının seçki kampaniyasına rəhbərlik edir

Pakistanın Lahor şəhərinin sakinləri ölkədə maraqla izlənilən əlavə seçkidə iştirak edirlər. Seçkiyə səbəb keçmiş Baş nazirin iyul ayında vəzifəsindən kənarlaşmağa məcbur edilməsidir.

Pakistanın Ali məhkəməsi onu korrupsiya iddialarına dair istintaqda yalan danışdığına görə vəzifəsindən uzaqlaşdırıb.

Onun həyat yoldaşı Kulsum Nəvaz seçkidəki namizədlərdən biridir, lakin özü hazırda xərçəng xəstəliyindən müalicəyə görə Londondadır.

Onun əvəzinə, cənab Şərifin PML-N partiyasının seçki kampaniyasına qızı Məryəm Nəvaz rəhbərlik edir.

Fotonun müəllifi Reuters

Sızmış Panama sənədlərində keçmiş Baş nazir Nəvaz Şərifin övladlarının ofşor şirkətlərlə əlaqələri olduğu göstərilib. Cənab Şərifin buna dair istintaqın gedişində düzgün məlumat vermədiyi qənaətinə gələn Ali Məhkəmə onu vəzifəsindən uzaqlaşdırmaq barədə qərar verib.

Cənab Şərif bu iddiaları təkzib edir, lakin Ali Məhkəmə qərarının bir daha nəzərdən keçirilməsinə dair müraciətlərin hamısını rədd edib.

Bazar günü səhər saatlarında Lahor şəhərinin seçki məntəqələrində uzun növbələr yaranıb.

PML-N partiyasının əsas rəqibləri, əvvəllər kriketçi olan və sonra siyasətə keçən İmran Xanın rəhbərlik etdiyi PTI partiyası və Bilaval Butto Zərdarinin Pakistan Xalq Partiyasıdır.

Məryəm Nəvazın siyasi vəzifəsi olmasa da, o, Pakistanda tanınmış bir şəxsdir. O, atasının keçmişdə qalib gəldiyi seçki dairəsində və ailə evinin yerləşdiyi şəhərdə keçirilən əlavə seçki kampaniyasında mühüm rol oynayıb.

Seçki kampaniyası ərəfəsində, o, seçkini atasının vəzifəsindən çıxarılma qərarına xalqın cavabı kimi təsvir edib.

BBC-yə verdiyi müsahibədə Məryəm Nəvaz atasının vəzifəsindən çıxarılmasının onun tərəfdarlarını ilhamlandırdığını və onun barədə ictimai rəyin "çox müsbət" olduğunu deyib.

Fotonun müəllifi EPA
Image caption Cənab Şərif ona və ailəsinə qarşı korrupsiya iddialarını təkzib edir

Sorğular PML-N partiyasının qələbəsini ehtimal edir, lakin qələbənin nə dərəcədə qəti olacağını ehtimal etmək mümkün olmayıb.

Xanım Şərifin daha kiçik səs çoxluğu ilə qələbə qazanması ailənin siyasi rəqiblərinə korrupsiya iddialarının hətta ailənin siyasi dayağı sayılan Lahorda da təsiri olduğunu deməyə imkan yarada bilər.

Pakistanın bütün əsas siyasi partiyaları və yeni yaranmış iki islamçı siyasi partiya bu seçkidə iştirak edir.

Əlavə seçkidə 320 mindən çox seçicinin iştirak edəcəyi gözlənilir. Bu seçkidə Pakistanın tarixində ilk dəfə biometrik seçici şəxsiyyətini təsdiqləmə cihazlarından istifadə ediləcək.

Əlaqəli mövzular

Bu barədə daha geniş