Britaniya mətbuatı: "Şimali Kipr Türk Respublikasını tanımağın vaxtı çatıb"

Fotonun müəllifi AFP/GETTY IMAGES

"Şimali Kipr Türk Respublikasını tanımağın vaxtı çatıb"

Kipr adasının yunan və türk hissələrinin birləşdirilməsi üçün edilən növbəti cəhdin də iflasa uğramasının ardınca Britaniyanın keçmiş xarici işlər naziri Jack Straw "The Independent" qəzetində yazır ki, əksinə adanın ikiyə bölündüyünü qəbul edərək "hər iki Kipri" beynəlxalq aləmdə rəsmən tanımağın vaxtı çatıb.

Niyə?

Türkiyə Kiprə 1974-cü ildə hərbi müdaxilə edib, lakin bu, yunanların dövlət çevrilişi etməsinin nəticəsi kimi baş verib.

Bu həmin vaxt idi ki, Kiprin seçilmiş prezidenti Makarios millətçi yunanlar tərəfindən devrilmiş və hətta az qala öldürülmüşdü.

O vaxt BMT Təhlükəsizlik Şurasında çıxış edən Makarios elan etmişdi ki, Kiprə əslində Yunanıstan müdaxilə edib. Onun sözlərinə görə, çevriliş edənlərin məqsədi türk icmasının iradəsini nəzərə almadan adanı Yunanıstanla birləşdirmək idi.

Kiprin bir sıra türk anklavlarında dəhşətli hücumların ardınca adadakı Türkiyə hərbçilərinin sayı dramatik şəklildə artırılıb. O vaxtdan bəri on minlərlə türk əsgəri adadır. Onların müdafiə etdiyi türk icması adanın şimalında Şimali Kipr Türk Respublikası yaradıb.

Yunan xuntasının özü isə yunanların daha bir çevrilişi nəticəsində devrilib.

Bəziləri iddia edə bilərlər ki, Türkiyə Kiprə bu qədər qoşun yeritməklə aşırı reaksiya göstərib.

Jack Straw yazır ki, "amma Türkiyə bu vəziyyətə qollarını sallayıb sadəcə tamaşaçı kimi baxa bilməzdi".

Keçmiş nazir bildirir ki, adada təhlükəyə məruz qalan britaniyalı azlıq olsaydı, heç London da buna biganə qalmazdı.

Müəllif yazır ki, həmin vaxtdan bəri Kiprə dair, əsasən də BMT-nin egidası altında saysız danışıqlar aparılıb.

Bu danışıqlarda, həm də adadakı türk əsgərləri kontingentinin ixtisarı məsələsi qoyulub.

Adanın iki icmasının birləşdirilməsi üçün ən maraqlı plan 2004-cü ildə BMT-nin o vaxtkı baş katibi Kofi Annan tərəfindən irəli sürülmüşdü.

O vaxt iki icma üçün bir konstitusiyanın qəbulu məsələsi qoyulmuşdu. Həmin planı türklər böyük səs çoxluğu ilə qəbul etdilər, amma yunanlar bu planı böyük səs çoxluğu ilə rədd etdilər.

Burada fundamental məsələ budur ki, Kipr yunanlarının hər hansı razılaşmada elə bir maraqları yoxdur.

Jack Straw yazır ki, o vaxt Britaniya da daxil Avropa İttifaqı Kiprin yunan hissəsini üzvlüyə qəbul etməklə böyük səhvə yol verib. Lakin türk sakinlər üçün bundan da təhqiramizi adanın Aİ-yə bütünlükdə qəbul edilməsi idi.

Keçmiş nazir yazır ki, bu qərar Kipr türklərinin rəyini nəinki nəzərə almamış, əksinə bütöv bir icmanı havadan asılı vəziyyətə salmışdı.

Straw öz məqaləsində vurğulayır ki, indi Kipr türklərinə qarşı edilmiş ədalətsizliyə son qoyulmalı, Şimali Kiprin Aİ-yə tam üzvlüyü üçün türk icmasının hazırlanmasına başlanmalıdır.

Straw yazır ki, əslində heç yunan Kipri də özünü nümunəvi Aİ üzvü kimi aparmır.

2011-2012-ci ildə Kipr Rusiya oliqarxları üçün ofşor rolunu oynamaqla öz varlığına az qala son qoyacaq maliyyə böhranı törətmişdi.

Ötən ay "The Guardian" yazmışdı ki, Kipr Rusiya və Ukraynanın oliqarx milyarderlərinə vətəndaşlıq satmaqla 2013-cü ildən bəri 4 milyard avro qazanıb.

Adanın iki icmasının birləşidirilməsi bir də ona görə müşküldür ki, siyasi birləşmə yunanların siyasi hakimiyyəti türklərlə paylaşması demək olardı.

Keçmiş nazir yazır ki, əgər yunanlara belə bir təklif onların Aİ-yə üzvlük şərti kimi verilsəydi, bəlkə də keçərli olardı.

Amma indi belə bir şərt və ya siyasi qazanc olmadan heç bir Kipr yunan lideri birləşmə üçün elektoratı arxasınca apara bilməyəcək.

Jack Straw yazır ki, hazırkı status quo sadəcə olaraq Kiprin yunan hissəsi üçün əlverişlidir.

Fotonun müəllifi Thinkstock
Image caption The US government survey found more than a quarter avoided buying online

İnternetdə alış-veriş bizi necə zəif salır…

"The Telegraph" yazır ki, İnternet bazarlığı və alış-verişi başlayanda çoxları rahat nəfəs aldı ki, canları supermarketlərə gedib oradakı basabasda olmaqdan, ağır zənbilləri evə daşımaqdan qurtardı.

Lakin indi fizioterapevtlər həyəcan təbili çalırlar ki, bütün rahatlığına baxmayaraq internet bazarlığı bizim əzələlərimizin məhvinə yol açıb.

Onlar bildirir ki, bazarlıq yükünü evə daşımaq da fiziki təmrinlər etməyən milyonlarla adam üçün bir növ idman idi. Alimlərin firkrincə, cavanlıqda evə bazarlıq daşımaq ahıl yaşlarında adamların daha sağlam olmasına kömək edirdi.

Britaniya Fizioterapevtlər Cəmiyyətinin 2000 insanla apardığı sorğu göstərib ki, indi yaşı 65-dən yuxarı olanların 24 faizi ümumiyyətlə heç bir fiziki iş görmür.

Cəmiyyət xəbərdarlıq edir ki, belə adamlar yıxılmaq və başqa sağlamlıq təhlükələri qarşısında daha kövrəkdirlər.

Britaniya Milli Səhiyyə İdarəsinin təlimatlarına görə, adamlar həftədə heç olmasa iki dəfə əzələ gücləndirən təmrinlə məşğul olmalıdırlar. Bu mənada elə yük qaldırmaq, baqqal dükanından dolu zənbili evə daşımaq da fiziki hərəkətlər hesab edilə bilər.

Təlimatlarda deyilir ki, yaşı 65 və daha çox olanlar hətta addımlamaq və tullanmaq kimi (rəqs etmək də bura daxildir) təmrinlər edə bilərlər.

Cəmiyyətin sədri Karen Middleton deyir ki, internetlə alış-veriş, bizi təkcə supermarketdən zənbil daşımaqdan yox, hətta başqa, daha yüngül şeyləri almaq üçün şəhərin başqa yerinə getmək zərurətindən də azad edib.

Yəni söhbət ümumiyyətlə hərəkətsiz həyat tərzinin təşəkkül tapmasından gedir.

Alim bildirir ki, o müasirliyin əleyhinə deyil, amma insanlar fiziki hərəkətin həyati məna daşıdığını unutmamalıdırlar.

Xanım Middleton deyir ki, adamlar zəifləmənin və gücsüzlüyün qocağlığın təbii yol yoldaşı olması barədə inancdan xilas olmalıdırlar.

Alim izah edir ki, heç kim yaşlılardan idman zalına gedib turnikdə dartınmalarını istəmir, amma bağ-bağatda yer şumlamaq, ağac, gül əkmək də idmandır.

Onun fikrincə, oturduğun kresloda gündə on dəfə qalxıb-əyləşmək kimi xırda hərəkətlər də faydalı sayılır.

Yaşlıların İctimai Sağlamlığı təşkilatından doktor Justin Varney deyir ki, əslində insanın sümükləri daha cavan yaşlardan, hardasa 20 yaşlarından zəifləməyə başlayır. 40 yaşlarında əzələlərin əriməyə başlaması müşahidə olunur.

Professorun fikrincə, elə buna görə də insanlar öz sümük-əzələ sistemlərinin möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə erkən yaşlardan başlamalıdırlar.