Britaniya mətbuatı: ABŞ dövlət katibi prezident Trump-a "ipləmə" deyibmi?

Fotonun müəllifi Win McNamee/ Getty Images
Image caption ABŞ dövlət katibi Rex Tillerson

ABŞ dövlət katibi prezident Trump-a "ipləmə" deyibmi?

"The Guardian" yazır ki, ABŞ dövlət katibi Rex Tillerson, onun prezidenti "ipləmə" adlandırdığı barədə xəbərlər yayılandan sonra istefa edəcəyi barədə iddiaları rədd edib və Donald Trump-a sadiq qaldığını deyib.

"Mənim fikrimdə vəzifəmi tərk etmək heç vaxt olmayıb. Mən prezidentin təyinatı ilə xidmət edirəm və o məni öz məqsədlərinin əldə edilməsində faydalı saydığı müddətdə bu vəzifədə qalacağam" - deyib Tillerson çərşənbə günü tələm-tələs keçirdiyi mətbuat konfransında.

Bununla yanaşı, o Ağ Evdə milli təhlükəsizlik rəsmiləri və kabinet üzvləri ilə görüşdə Trump-ı lağa qoyaraq "ipləmə" (moron) adlandırdığı barədə NBC News kanalının xəbərlərini təkzib etməyib.

Bunun əvəzində o bu iddiaları "xırda söz-söhbət" kimi rədd edib və prezidentə mədhiyyələr yağdırıb.

"O öz ölkəsini sevir və Amerika və amerikalıları hər şeydən yüksək tutur. O ağıllıdır. O hara getsə nəticə tələb edir və tapşırdığı işin necə görüldüyü barədə haqq-hesab tələb edir" - deyib Tillerson.

Lakin onun bu bəyanatlarından bir neçə dəqiqə sonra CNN bildirib ki, Tillerson Trump-ı "ipləmə" adlandırıb və bu Trump-a çatdırılıb.

Bunun ardınca Dövlət Departamentinin sözçüsü xanım Heather Nauert ayrıca mətbuat konfransı keçirib və Tillerson-un Trump-ı ipləmə adlandırmasını təkzib edib.

Nauert deyib ki, bu söz-söhbəti Tillerson-un istefasını istəyənlər yayırlar, amma belə dedi-qodu dövlət katibinin mövqeyini daha da gücləndirir.

Tillerson deyib ki, prezidenti çərşənbə günü səhər görməyib, amma Trump-ın Tillerson-un çıxışını izləməsi aşkar idi. Çünki prezident bu çıxışdan az sonra növbəti tvitini yazıb:

"Dövlət katibi Tillerson və vise-prezident Pence NBC News kanalının xəbərini tamamilə rədd ediblər. Bu saxta xəbərdir. Onlar AMERİKADAN üzr istəməlidirlər".

Lakin Tillerson-un bəyanatlarından sonra NBC müxbiri MSNBC kanalının aparıcısı Stephanie Ruhle-a istinadən yazıb ki, "mənim mənbəyimin xəbərinə görə o ona təkcə "ipləmə" deməyib və bu ipləmə sözündən əvvəl biədəb söyüş də işlədib".

"The Guardian" yazır ki, prezidentin yanlış hərəkətləri onun ətrafında çox sayda belə böhranlar yaradır.

Məqalədə deyilir ki, Trump-ın özü də tabeçiliyində olanları söyüşlərlə və başqa aşağılayıcı sözlərlə təhqir edir.

Bu yaxınlarda Tillerson Çində olarkən demişdi ki, "Washington və Pxenyan arasında məxfi kommunikasiya kanalı var və biz bu kanalla ünsiyyətdə oluruq".

Bundan hirslənən Trump Tvitterdə yazırdı ki, dövlət katibi vaxtını "balaca raket adamla" danışqılara zay eləməsin:

"Enerjini qoru, Rex, biz lazım olanı edəcəyik".

Tillerson-un istefa verəcəyinə dair söz-söhbət yaydan gedir və bunun səbəb olmamış deyil.

"The Guardian" yazır ki, Tillerson ötən yay oğluna toy etmək üçün Texasa gedəndə, onun əvəzində gənclərin "Boy Scouts of America" təşkilatının toplanışına Trump müraciət etmiş və bütün çıxışını özünü tərifləməyə həsr etmişdi.

Özünü skautların hamisi sayan və bu təşkilatı çox sevən Tillerson Trump-ın hərəkətindən o qədər əsəbiləşmişdi ki, Washington-a qayıtmayacağı ilə hədələmişdi.

NBC xəbər verirdi ki, müdafiə naziri James Mattis və Ağ Ev administrasiyasının rəhbəri general John Kelly dövlət katibini "təhlükəsizlik naminə" istefa fikrindən zorla daşındırmışdılar.

Deyilənlərə görə, Tillerson Washington-a qayıdanda onu Trump-la vise-prezident Pence barışdırmışdı.

Tillerson-un sözçüsü RC Hammond bu hadisədən və prezidentin ipləmə adlandırılmasından xəbərsiz olduğunu söyləyib.

Tillereson-un ətrafında yaranmış bu qasırğa ilə əlaqədar suala cavab verən Senat xarici əlaqələr komitəsinin sədri Bob Corker deyib ki, o dövlət katibi Tillerson-un , nazir Mattis-in və administrasiya rəhbəri Kelly-nin "xaosa" yol verməyəcək qədər səriştəyə malik olduqlarına inanır.

Twitter istifadəçiləri bu qalmaqaldan fürsətlənərək Trump-ın 2014-cü ildə yazdığı bir tviti təkrar dövriyyəyə buraxıblar.

Bu posta qoşulmuş karikaturada Amerikanın tarixi ataları təsvir edilib. Şəkil sözündə belə yazılıb: "Görəsən, biz adamların bir ipləməni prezident seçəcəkləri hal üçün də konstitusiyaya maddə əlavə etməliyikmi?".

Fotonun müəllifi Getty Images

Təyyarələr hava burulğanlarına getdikcə daha çox düşəcəklər

"The Telegraph" yazır ki, yeni elmi hesabata görə sərnişin təyyarələri qarşıdan gələn onilliklərdə hava burulğanlarına və ya təlatümlərinə indikindən üç dəfə artıq düşəcək.

Ekspertlər deyirlər kİ, sərnişinlər arasında uçuş zamanı xəsarət alanlar çoxalacaq və sərnişinlər uçuşun getdikcə daha çox hissəsini oturacaqlarına kəmərlənmiş şəkildə keçirməyə məcbur olacaqlar.

Hesabatda deyilir ki, bu hala qlobal iqlim dəyişikliyi səbəb olacaq.

Hesabatda deyilir ki, transatlantik reyslərdə təlatümlərin sayı 180 faiz, Avropa səmalarında isə 160 faiz artacaq.

Alimlər artıq aydın səmada burulğan hallarının artmaqda olduğunu müşahidə ediblər. Britaniyadakı Reading Universitetinin alimlərinin riyazi hesablamaları göstərib ki, hava burulğanları uzunmüddətli qlobal şəraitə çevriləcək.

Bu hesablamalara görə uçuş zamanı xəsarət alanların sayı 2050-ci ilədək üç dəfə artacaq.

Reading Universitetinin atmosfer elmi professoru Paul Williams deyir ki, hava burulğanları bütün planet boyunca, müxtəlif fəsillərdə və müxtəlif hündürlüklərdə artmaqdadır.

Alimin fikrincə qlobal iqlim dəyişikliyi ilə əlaqədar bu vəziyyət pişləməkdə davam edəcək.

Aydın səmada burulğan təlatümlərin ən təhlükəlisidir, çünki o radar sistemlərinə düşmür.

Qlobal istiləşmə yüksək hündürlüklərdə küləklərin sabitsizliyini və güclü küləklərin sayını artırır.

Hesabatda deyilir ki, hətta sərt hava burulğanları da təyyarələr üçün ciddi təhlükə təşkil etməsə də, sərnişinlərin xəsarət alması halları artacaq.

Ötən iyunda China Eastern Airlines hava şirkətinin Parisdən uçan təyyarəsinin hava burulğanına düşməsi nəticəsindı 20-dək sərnişin xəsarət almışdı.

Hazırda uçuş zamanı xəsarət alanların sayı ildə bir-iki yüz nəfəri keçmir.

Ötən ay Boeing təyyarəqayırma şirkəti elan etmişdi ki, hazırda yeni lazer texnologiyalı radarların yaradılması üzərində iş gedir. Bu sistem pilotlara hava burulğanını 16 kilometrdən tutmaq imkanı verəcək. Lakin təyyarələrin orta sürətinin saatda 885 kilometr olduğu nəzərə alınarsa, pilotların tədbir görmək üçün yalnız 60 saniyəyədək vaxtı olacaq.

Professor Williams ümid edir kİ, gələcəkdə aviasiya sinoptikləri hava şəraitini daha təkmil proqnozlaşdıra biləcəklər.

Geophysical Research Letters elmi jurnalında dərc edilmiş məqalədə deyilir ki, 2050-ci ilədək Şimali Amerika səmalarında hava təlatümlərinin sayı 110 faiz artacaq. Bu rəqəm Şimali Sakit okean üzərində 90 faiz, Asiya üzərində isə 60 faiz olacaq.

Hazırda təyyarələr bütün uçuş vaxtının 3-4 faizini burulğanlı şəraitdə keçirir.

Fotonun müəllifi Getty Images

Qara çay arıqlamağa kömək edir

"The Independent" yazır ki, yeni araşdırmaya görə qara çay içmək artıq çəkinin atılmasında və metabolizmin yaxşılaşmasında böyük rol oynayır.

European Journal of Nutrition jurnalında dərc edilmiş araşdırmaya görə qara çay bağırsaqlarda "yaxşı bakteriyaların" artmasına kömək edir və qara ciyərin metabolizmini yaxşılaşdırır.

California Universitetinin alimləri onların bu nəticəyə gəlməsinə imkan verən təcrübələri siçanlar üzərində aparıblar.

Onlar belə bir qənaətə gəliblər ki, arıqlamaq üçün həm qara, həm də yaşıl çayın xeyri var. Bu da aşkar edilib ki, həm qara, həm də yaşıl çay piylənməyə səbəb olan bakteriyaların azalmasına, əksinə metabolizmi yaxşılaşdıran bakteriyaların çoxalmasına yol açır.

Təcrübə zamanı alimlər siçanları dörd qrupa ayırıblar. Birinci qrupa yüksək yağlıqlı və yüksək şəkərli qidalar, ikinci qrupa aşağı yağlıqlı və aşağı şəkərli qidalar, üçüncü qrupa yüksək yağlıqlı və yüksək şəkərli qidalarla yanaşı yaşıl çay məhlulu, dördüncü qrupa isə yüksək yağlıqlı və yüksək şəkərli, habelə qara çay məhlullu qidalar verilib.

Müəyyən müddətdən sonra siçanların çəkiləri müəyyənləşdirilib. Məlum olub ki, yaşıl və qara çay məhlullu qidalar yedizdirilən siçanlar, aşağı yağlıqlı qidalar yedizdirlən siçanlar qədər çəki itiriblər.

Lakin qara çay məhlullu qida yedizdirilən siçanlarda "Pseudobutyrivibrio" deyilən bakteriyanın artımı müşahidə olunub. Məhz bu bakteriyalar metabolizmi yaxşılaşdırır.

"The Independent" yazır ki, əvvəllər yaşıl çayın orqanizmə qara çaydan dəfələrlə xeyirli olduğu düşünülürdü, lakin ilk dəfə olaraq qara çayın tərkibindəki polifenolların faydaları təsdiq olunub.

Bu araşdırmanın rəhbəri, California Universitetinin insan qidalanması professoru Susanne Henning deyir ki, yaşıl çay polifenollarının qara çay polifenollarından daha xeyirli olduğu məlumdur, çünki yaşıl çayın kimyəvi maddələri birbaşa qana və toxumalara işləyir.

Əlaqəli mövzular

Bu barədə daha geniş