Las Vegas-da faciə: Paddock-u niyə terrorçu adlandırmırlar?

Stephen Paddock Fotonun müəllifi CBS News
Image caption Stephen Paddock-un Las-Vegasda həyata keçirdiyi qətliamda 59 nəfər həlak olub

Las-Vegas-da açıq havada keçirilən konsertdə 58 nəfərin ölümüylə nəticələnən hücumla bağlı internetdə qızğın mübahisələr başlayıb. Sosial şəbəkə istifadəçiləri musiqi festivalının tamaşçılarını atəşə tutan Stephen Paddock-un niyə terrorçu elan edilmədiyi barədə mübahisə aparırlar.

Xəbər agentlikləri və kütləvi informasiya vasitələri 64 yaşlı kişini "yalquzaq", "baba", "oyunçu" və "keçmiş mühasib" adlandırıblar.

Onun barəsində danışarkən "terrorçu" sözündən istifadə edilməyib. Hələ ki, bu qırğını törədən Paddock-un nəyə rəhbərlik etdiyi bizə məlum deyil.

Onun terrorçu qruplaşmalarla əlaqəsini sübut edən faktlar hələ ki, aşkar edilməyib.

Lakin onun hansısa psixiloji xəstəliyinin olub-olmadığına dair faktlar da mövcud deyil.

Bir çox sosial şəbəkə istifadəçiləri isə əmindirlər ki, əgər Paddock müsəlman olsaydı onu dərhal heç bir sübut olmadan islamçı qruplaşmalarla əlaqədə günahlandırıb "terrrorçu" adlandırardılar.

Məhşurlar, teleulduzlar və alimlər Las-Vegas-dakı hücumla bağlı "terrorçu" termininin niyə istifadə edilmədiyini müzakirə edirlər.

"Əgər bu şəxs müsəlman olsaydı, onu dərhal terrorçu adlandırardılar" - yazıb @russdiemon.

Nevada ştatının qanunlarına görə, terror aktı aşağıdakılar hesab olunur: "Zorakılığın tətbiq olunmasıyla insana ağır bədən xəsarətlərinin yetirilməsi ilə əlaqəli olan istənilən davranışlar və ya sıravi vətəndaşların öldürülməsi."

Federal (milli) səviyyədə ABŞ qanunları 3 meyara daxil olan davranışları "daxili terror" adlandırır: ştat və ölkə qanunlarını pozmaqla insan həyatı üçün təhlükə yaratmaq; vətəndaşları və ya hökuməti qorxutmaq və nəyəsə təhrik etmək ; əsasən ABŞ ərazisində həyata keçirilməsi.

Federal Təhqiqatlar Bürosunun (FTB) məlumatında həmçinin göstərilib ki, hansısa hadisənin terror aktı adlandırılması üçün " siyasi və ictimai məqsədlər əldə etmək üçün hökuməti, əhalini (və ya bu iki qrupun istənilən nümayəndəsini) qorxutmaq və ya təhrik etmək" niyyəti olmalıdır.

Məhz bu element əsas amildir: hücumu törədən yalnız kütləvi ziyan vurmaq məqsədini daşımır, o, həmçinin hökumətə təsir göstərməyə cəhd etməlidir və ya hansısa ideologiyanı təbliğ etmək niyyətində olmalıdır.

Bir çox sosial şəbəkə istifadəçisi Nevada ştatının qanunlarının məzmununu əks etdirən şəkli paylaşaraq, hər şeyin açıq-aydın müəyyən edilməsinə baxmayaraq Las Vegas polis şerifi Joseph Lombardo-nun mətbuat konfransı zamanı Paddock barədə niyə aşağıdakıları dediyinə cavab axtarıblar: "Həmin vaxt onun hansı vəziyyətdə olduğunu biz bilmirik. Bizə elə gəlir ki, o "yalquzaq" kimi tək hərəkət edib".

"Mən "yalquzaq" sözünü oxuyan kimi, onun hansı irqdən olduğunu anladım" - yazıb @clairevenom.

Twitter-də Las-Vegas-dakı faciədən sonra "yalquzaq" (lone wolf) kəlməsi 200 min dəfə,"terrorçu hücumu" (terrorist attack) isə 170 min dəfə istifadə olunub.

İnsanlar öz aralarında ağ dərili şübhəli ilə digər irqlərin nümayəndələrinin təsvir edilməsi arasında bu qədər uyğunsuzluğun olmasını müzakirə ediblər.

Müzakirələr Facebook-da tam qüvvəsiylə davam edib. İndoneziyadan olan Mursal belə yazıb: "Onu beynəlxalq terrorçu elan etməyəcəklər? Bəlkə onun sifəti ərəb sifətinə oxşamadığına görə bunu edirlər!"

Facebook istifadəçisi Mahmud Əl-Avadi baş verən hadisədən kədərləndiyini yazaraq, faciənin ağ dərili insanlara islamçıların onun ailəsinə etdiyi hücum kimi təsir göstərməyəcəyini qeyd edib.

"Hər baş verən kütləvi qırğından sonra mənim həyat yoldaşımın həyatı təhlükədə olur, çünki o başını bağlayır. Məktəbdə adı Məhəmməd olduğuna görə, oğluma hücum edirlər. Mənim 4 yaşlı qızım ərəb dilində danışığına görə, ona ədalətsiz yanaşırlar. Əgər terrorçu ağ dərili və xristiandırsa demək o ruhi xəstədir və hər şey qaydasındadır",-deyə o yazıb.

Qiymətlındirici rəy

BBC-də "terrorçu" və "terrorizm" sözlərinin istifadə edilməsinə dair dəqiq qayda var. BBC-nin redaksiya qaydalarında deyilir:

"Terrorçunu və terror aktını müəyyən edən dəqiq tərif yoxdur. Sözdən istifadə qiymətləndirici rəy yaratmaqdır. Ona görə başqasından sitat verəndə "terrorçu" sözünü əvəz etmək lazım deyil. Lakin özümüz bu sözdən etməkdən çəkinməliyik".

"Bu o demək deyil ki, biz hansısa bir hadisənin həqiqətləri və ya digər dəhşətlərini təsvir etməkdən qaçırıq. Biz sadəcə dildən istifadəmizin obyektiv jurnalistika mövqeyindən bizim nüfuzumuza necə təsir edəcəyinə diqqət yetirməliyik."

Sosial şəbəkələrdə Paddock-u terrorçu adlandırmadıqlarına görə, hökumət və kütləvi informasiya vasitələrini tənqid edənlərin çoxluq təşkil etməsinə baxmayaraq, müzakirə edənlər arasında hadisələrin niyə belə getdiyini başa düşməyə cəhd göstərənlər də olub.

"Bu terrorizm deyil - terrorizmdən insanları qorxutmaq, onları siyasi və dini baxışlarını dəyişdirməyə inandırmaq üçün istifadə olunur. Hazırda isə kütləvi qırğın baş verib" - yazıb @Donnie_Inverso.

"Əgər siyasi motiv aşkar edilməyibsə, deməli Stephen Paddoc kütləvi qatildir. Onu terrorçu kimi müəyyənləşdirmək olmaz." - yazıb @mitchellmg101.

"Biz motivi bilmədən bunun terror olduğunu müəyyən edə bilmərik. Kütləvi atəş və terror sinonim deyillər" - yazıb @Kno1ThngNothing.

Əlaqəli mövzular

Bu barədə daha geniş