Britaniya mətbuatı: "Kürdlər müstəqilliyə layiqdirlər, amma buna hələ hazır deyillər"

Fotonun müəllifi Getty Images

"Kürdlər müstəqilliyə layiqdirlər, amma buna hələ hazır deyillər"

"The Daily Mail" yazır ki, prezident Recep Tayyip Erdoğan Türkiyənin tezliklə İraq Kürdüstanı ilə sərhədini bağlaya biləcəyini bəyan edib.

"Hava məkanı bağlanacaq…Quru yolu da tezliklə bağlanacaq. Onda siz ixrac-idxalınızı necə edəcəksiniz?"- Erdoğan televizya ilə İraq kürdlərinə müraciətində deyib.

Məqalədə deyilir ki, Türkiyə təyyarələri artıq İraq Kürdüstanına uçuşları dayandırıb, lakin bu, Ankaranın kürdləri cəzalandırmaq niyyətindən daha çox, Bağdadın göstərişinə görə baş verib.

Erdoğan bildirib ki, onun ölkəsi İraq Kürdüstanına qarşı sanksiyalar məsələsində İraq və İranla birgə hərəkət edəcək.

Bu arada Bloomberg saytının redaksiya məqaləsində deyilir ki, Yaxın Şərqdə əsrlər boyunca başqalarının idarəsi altında olan 30 milyonluq kürd əhalisinin müstəqilliyə layiq olduğu şübhə doğurmur, lakin hələlik nə kürdlər, nə də onların qonşuları bu müstəqilliyə hazır deyillər.

Məqalədə deyilir ki, İraqın kürd regionunda keçən həftə keçirilmiş referendumdan sonra ona reaksiyalara ötəri nəzər salmaq belə nəticəyə gəlmək imkanı yaradır.

İran, İraq və Türkiyə kürdlər yaşayan ərazilərə bütün uçuşları dayandırıblar, ticarət əlaqələrini kəsiblər, üstəlik də kürd liderlərin müstəqillik elan edəcəkləri təqdirdə hərbi hərəkətlə hədələyiblər.

Hər tərəfdən dağlarla əhatələnmiş doğulmaqda olan ölkə qonşuları ilə faktiki müharibə vəziyyətindədir və beşiyindəcə boğula bilər.

Kürdlər neftin üstündə oturublar, lakin onu ixrac etməyin yolları yoxdursa, bu qara qızıl heç nə deməkdir. Türkiyə və İraq hökumətləri bəyan ediblər ki, suveren Kürdüstandan çıxan bütün kəmərləri bağlayacaqlar.

Bloomberg yazır ki, beynəlxalq birlik kürdləri qeyri-müəyyən müddətə hamiliyə götürməsə, onlar çox tezliklə terrorçu qruplar tərəfindən idarə olunan qara bazar və qaçaqmalçılığa üz tutacaqlar.

Məqalədə deyilir ki, Kürdüstanın dərhal müstəqil olması qarşısında başqa praktik əngəllər də var.

Kürdlərin yaşadığı ərazilərin elə həmin qonşularla su ehtiyatlarını paylaşma sazişləri olmalıdır. Yoxsa bölgə susuz qala bilər.

Kürdüstanda çox sayda qeyri-kürd xalqlar yaşayır və buna görə də yeni dövlətin sərhədləri məsələsi uzun mübahisələrə gətirib çıxaracaq.

Yerli Kürdüstan hökuməti borc içində batır, üstəlik onun hökuməti və hərbiyyəsi, referendumda səs verənlərin təsəvvüründəkindən qat-qat az yekdildir. 1990-cı illərdə kürdlərin öz aralarındakı vətəndaş müharibələri hələ yaddan çıxmayıb.

Regional mənada kürd müstəqilliyi dərhal qonşu İran və Türkiyədə müstəqillik hərəkatlarını alovlandıra bilər.

Türkiyədə müstəqillik arzusunda olan kürd qruplaşmaları Ankaranın bu istəklərə necə sərt reaksiya verdiyini bilirlər.

Üstəlik əgər qonşu Suriyadakı kürdlər də yeni Kürdüstan dövlətinə birləşmək istəsələr, onda siyasi razılaşmanın əldə olunması daha da müşkülə düşə bilər.

Hələ gözləmək lazımdır ki, İŞİD-lə müharibəni bitirəndən sonra İraq özünün etnik azlıqları ilə necə davranacaq.

Məqalədə deyilir ki, bütün bunlar kürdlərin ABŞ-ın dəstəyinə layiq olmadıqları anlamına gəlmir. Körfəz müharibəsindən bəri İraq kürdləri Yaxın Şərqdə Amerikanın ən möhkəm müttəfiqi olublar.

Kürdlər ABŞ-ın tətbiq etdiyi uçuşlarsız zonada funksional, avtonom qaydada idarə edilən ərazi yaradıblar. Elə Suriyada da kürdlər İŞİD-ə qarşı mübarizədə ABŞ-ın ən səmərəli təmsili qüvvələri sayılıblar.

"Amma dövlətçilik nümunəvi davranışa görə hədiyyə edilmir, - deyilir məqalədə, - Nə də özlüyündə ədalət və insafa çağırışlar böhranlara son qoymur. Bu məsələlər praqmatik həll edilməlidir".

Bloomberg yazır ki, əgər ABŞ doğrudan da İraq kürdlərini dəstəkləmək istəyirsə, onlara yumşaq federativliyə malik İraqda ədalətli pay düşməsinə kömək etməlidir.

Bu, kürdlərə region daxilində real siyasi muxtariyyət verərdi. Belə muxtariyyət neft gəlirlərinin daha yaxşı bölüşdürülməsi prinsiplərini bərqərar edərdi. Kürdlər İraqın xarici və müdafiə siyasətlərində daha yaxşı təmsil olunardılar.

Bloomberg-in qənaətinə görə, eləcə də Suriyada kürdlərə müəyyən muxtariyyət və qoruma təmin olunmalıdır.

Bundan başqa Washington kürd əhali üzərinə hücumlarını dayandırması üçün Türkiyəyə təzyiq də göstərə bilərdi.

Məqalənin sonluğunda deyilir: "Hələlik kürd dövlətçiliyi barədə arzular elə arzu olaraq qalmalıdır. Buna baxmayaraq ABŞ kürd xalqı üçün hələ çox işlər görə bilər".

Fotonun müəllifi AFP

Trump-ın İranla sazişdən çıxması fəlakət gətirə bilər

"Financial Times" yazır ki, prezident Donald Trump-ın, öz administrasiyasının öhdəsindən gələ bilməyəcəyi sərəncamlar vermək kimi bir şakəri var.

O Şimali Koreyanı lağa qoyduğu bir vaxtda, həm də İranla min əzab hesabına bağlanmış beynəlxalq nüvə sazişini cırıb atmaqla hədələyir.

Bir nüvə böhranı çox pisdir. Heç bir ehtiyac olmadan yeni bir böhran yaratmaq isə sadəcə olaraq düşüncəsizlikdir.

2015-ci ildə İran və BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü, habelə Almaniya və Avropa İttiffaqı arasında 2015-ci ildə Vyanada razılaşdırılmış Birgə Hərtərəfli Hərəkət Planı bilərəkdən çox dar məqsəd güdür: İranın nüvə silahının əldə edilməsinə canatımını cilovlamaq.

İndiyədək bir neçə dəfə Beynəlxalq Atom Enerjisi Agentliyi İranın bu razılaşmanın şərtlərinə əməl etdiyini bildirib. Belə bir vəziyyət Ağ Evdən başqa bu sazişə imza atmış bütün tərəfləri qane edir. Belə olduğu halda ABŞ bu sazişi ləğv edərsə, Washington onu pozmuş yeganə tərəf olacaq.

Bu, nəinki ABŞ-ın beynəlxalq öhdəliklərə sadiq olduğunu şübhə altına ala, habelə İranın nüvə proqramını bərpa etməsinə və Yaxın Şərqdə silahlanma yarışına səbəb ola bilər.

Trump-ın İranla sazişin müddətinin uzadılması üçün oktyabrın 15-dək vaxtı var. Əgər o bunu etməsə, onda Konqres 60 gün müddətində sazişdən əvvəlki sanksiyaların bərpa olunması barədə qərar qəbul etməli olacaq.

Bu, öz növbəsində heç bir tutarlı dəlil olmadan BMT Təhlükəsizlik Şurasının qətnaməsində ehtiva edilmiş sazişin ləğvi olacaq.

Siyasətin bütün başqa sahələrində olduğu kimi Trump öz xələfi Barack Obama-nın irsini, onun yerində nə olacağı barədə heç bir ideya vermədən sökməyə hazırlaşır.

Prezidentin ABŞ səhiyyə sisteminin islahatlarına dair verdiyi sərəncam Trump adminsitrasiyasının nəticələrə nə dərəcədə hazırlıqsız olduğunu göstərdi.

Lakin ləğv edilmiş İran sazişinin yerində yaranacaq vakuum daha ağır nəticələrə gətirib çıxara bilər.

FT yazır ki, bu saziş kamil deyil. O İranın Yaxın Şərqdəki pozuculuq fəaliyyətini dayandıra bilmir. Əksinə Tehran sanksiyaların qaldırılması nəticəsində Qərb kapitalından və texnologiyalarından faydalanır.

Üstəlik saziş 10 il müddətinə nəzərdə tutulub. O İranın nüvə proqamını ləğv etmir, onu müvəqqəti təxirə salır. FT-nin qənaətinə görə, məhz bu səbəbdən də Trump administrasiyası sazişi ləğv etməkdənsə, mövcud olan sənədin yeni fazasının danışıqları barədə düşünməlidir.

Trump indiyədək bu sazişin "rüsvayçılıq" olduğunu dəfələrlə bəyan edib və bildirib ki, bu, ən birtərəfli razılaşmalardan biridir. Bununla belə, onun Obama danışıqçılarının İranla yumşaq davrandığına dair qənaətləri yanlışdır. Bu saziş mümkün olan ən yaxşı kompromisdir.

Bundan başqa ABŞ prezidenti yenə də heç bir alternativ təklif etmir. Çünki sazişin ləğv edilməsi İranın atom bombası yaratmasının qarşısının alınması üçün yeganə vasitə kimi müharibə variantını ortaya çxıaracaq.

FT yazır ki, xoşbəxtlikdən Trump-ın administrasiyasının vəzifəli üzvləri bunu yaxşı başa düşürlər.

Müdafiə naziri Jim Mattis bu həftə Senatda bəyan edib ki, İranla sazişin saxlanması ABŞ-ın təhlükəsizlik maraqlarındadır.

Üstəlik Çin, Rusiya və Aİ ölkələri sazişi dəstəkləməkdə və bu istiqamətdə Konqresi lobbiləməkdə yekdildirlər.

Ümid etmək olar ki, onlar birlikdə daha bir nüvə böhranının qarşısını ala biləcəklər.