Las Vegas hücumçusunun hadisə yerindən "qaçmaq niyyəti olub"

Las Vegas-da Paddock-ın atəş açdığı otel otağının pəncərəsi Fotonun müəllifi Reuters
Image caption Las Vegas-da Paddock-ın atəş açdığı otel otağının pəncərəsi

Las Vegasda açdığı atəşlə 58 adamı öldürən, yüzlərlə şəxsi yaralayan Stephen Paddock-ın hadisə yerindən qaçmaq niyyəti olub, kütləvi qətli planlaşdırmaqda isə ona naməlum şəxs kömək edə bilərdi, istintaqçılar deyir.

Şerif Joseph Lombardo jurnalistlərə bildirib ki, bəzi şeylərin axıra qədər aydın olmadığına görə Stephen Paddock-ın "sirli həyat" keçirdiyini düşünürlər.

Sevgilisi bildirib ki, o, Stephen Paddock-ın hücum planlaşdırması barədə məlumatı olmayıb.

Şerif Joseph LombardoPaddock-ın hadisə yerindən qaçmaq istədiyini bildirsə də, təfərrüata varmayıb.

"Bir adam belə bir hücumu həyata keçirə bilərdimi" sualının cavabında şerif "təsəvvür etmək çətindir ki, bir nəfər belə bir işi təkbaşına görsün" deyib.

Bundan əvvəl yerli hakimiyyət bildirib ki, Paddock "yalquzaq" olub və bu cinayətin bütün məsuliyyətini öz üzərinə götürüb.

Federal Təhlükəsizlik əməkdaşları hesab edirlər ki, Paddock-ın terrorçularla hər hansı bağlılığı yoxdur, amma büro hələ də bu ehtimalın üzərində işləyir.

Rəsmilər bildiriblər ki, Paddock hücumdan bir neçə saat əvvəl kazinoda qumar oynayıb. O, otağında tapılan silahlardan 33-nü son ildə alıb.

Paddock hücumdan bir həftə əvvəl Las Vegas-da keçirilən başqa bir açıq hava musiqi festivalının keçirildiyi məkana yaxın yüksək mərtəbəli Ogden otelində bir otaqda qalıb.

Çikaqo polisi müəyyənləşdirib ki, Paddock avqustda Çikaqoda yenə də açıq havada təşkil edilən Lollapalooza festivalının keçirildiyi yerə yaxın oteldə qalıb.

Paddock-ın nömrəsini polislərə göstərən otel mühafizəçisi yaralı olub, amma buna baxmayaraq, polislərə kömək etməkdə davam edib.

Şerif Joseph Lombardo yüzdən çox təhqiqatçının hazırda Paddock-ın həyatının bütün detallarını öyrənməyə çalışdığını və bu şəxs haqqında bütün təsəvvürü ortaya qoymaq istədiyini deyir.

Şerif deyib ki, on il müddətində Paddock silah və döyüş sursatı alıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş