Britaniya mətbuatı: Trump-ın Ağ Evdə günü və qanı niyə qaradır?

Trump Fotonun müəllifi Pool/ getty

"The Independent" qəzetinin yazdığına görə Donald Trump-ın keçmiş baş strateqi Steve Bannon düşünür ki, prezidentin ikinci müddətə seçilməsi şansı olsa-olsa 30 faizdir.

Cənab Bannon Trump-ı bir daha ABŞ Konstitusiyasına edilmiş 25-ci düzəlişi yaddan çıxarmamağa çağırıb. Bu düzəliş, prezidentin fiziki və ruhi sağlamlığı ilə bağlı ciddi problemlər yarandıqda, ABŞ hökuməti kabinetinə onu işdən azad etmək səlahiyyəti verir.

Vanity Fair jurnalının məlumatına görə bunu eşidən Trump "o nə deyir elə?" sualını verib.

Özünün Breitbart News portalının redaktorluğuna qayıdan cənab Bannon deyilənlərə görə prezidentə bildirib ki, onun üçün öz kabineti Konqresin impiçmentindən daha böyük təhlükədir.

Bundan əvvəl "New York Times" qəzetinə müsahibə vermiş senator Bob Corker də prezidenti ciddi tənqid atəşinə tutmuşdu.

Məşhur respublikaçı həmin müsahibədə demişdi ki, Ağ Ev "böyüklər üçün uşaq bağçasına" çevrilib və böyük uşaq da elə Trump-ın özüdür.

Vanity Fair Ağ Evdəki mənbələrə istinadən bildirir ki, prezident "hirsindən zəncir çeynəyir".

Jurnal yazır ki, Trump-ın qanı getdikcə daha da qaralır və o təhlükəsizlik müşaviri Keith Schiller-ə Ağ Evdə bir-iki nəfəri çıxmaqla hamıdan zəhləsi getdiyini bildirib.

Ötən həftə NBC News xəbər vermişdi ki, dövlət katibi Rex Tillerson bir müdafiə müşavirəsində Trump-ı "ipləmə" adlandırıb.

Şəbəkə bunu da xəbər verir ki, Tillerson bu sözü Trump-ın nüvə arsenalını 10 dəfə böyütmək niyyəti barədə eşidəndə işlədib.

Müdafiə icmasına daxil respublikaçıalr arasında dolaşan başqa şayiələrə görə administrasiya başçısı John Kelly-nin də gələcəyi naməlumdur.

Deyilənlərə görə, keçmiş daxili təhlükəslzik naziri Kirstjen Nielsen onun yerinə gətirilir və Kelly işdə yalnız rəvan keçidin təmin olunması məqsədilə qalıb.

Cənab Trump bu arada Twitter-də "dara-bara" salmasını davam etdirir, lakin məqalədə deyilir ki, cənab Kelly Oval ofisə işçilərin daxil olmasına, habelə prezidentə birbaşa zənglərə məhdudiyyət qoyub.

ABŞ Konqresində İran sanksiyalarını bərpa etmək elə də asan olmaya bilər

"The Guardian" yazır ki, əgər Donald Trump bu həftə ABŞ-ı İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxarsa, onda bu razılaşmanın taleyi Konqresdə gedən mürəkkəb çarpışmalarda həll olunacaq.

Məqalədə deyilir ki, Konqresdə gedəcək bu çarpışmanın İran üzərinə sanksiyaların bərpası ilə nəticələnəcəyini hələlik heç kəs proqnozlaşdıra bilməz. Ola bilər ki, Konqresdə əldə olunmuş kompromis, sazişi qüvvədə saxlasın, lakin bu halda Tehran üzərinə bütün başqa siyasət sahələrində hücumlara yol açıla bilər.

"Biz kəndir üstündə gəzirik və nə baş verəcəyini bilmirik" - deyib bir Qərb diplomatı.

"The Guardian" yazır ki, Konqresdəki debatlar "demək olar, bütün respublikaçıları bütün demokratlara, qırğıları göyərçinlərə qarşı qoyacaq və bütün bu drama tamamilə fərqli şərait üçün yazılmış qaydalar əsasında oynanacaq".

İran Nüvə Sazişinə Baxılması Haqqında qanun 2015-ci ildə qəbul edilmişdi və əslində İranın nüvə sazişini pozacağı situasiyaya hazırlıq məqsədi güdürdü. Bu mənada ingiliscə qısaldılmış adı INARA (The Iran Nuclear Agreement Review Act) olan qanun nüvə sazişinin qorunub saxlanmasına xidmət etməliydi.

Vəziyyət belədir ki, ABŞ da daxil İranla birlikdə bu sazişə imza atmış ölkələrin hamısı Tehranın indiyədək saziş üzrə öhdəliklərinə əməl etdiyini bildiriblər. Lakin ABŞ prezidenti bütün bunlara baxmayaraq bu sazişi ləğv etmək əzmində görünür. Amma ən maraqlısı budur ki, nə prezident, nə də respublikaçılar bu sazişin "qatili" kimi görünmək istəmirlər.

Trump deyib ki, artıq qərarını qəbul edib və onun bu barədə açıqlamanı bu gün, ya da sabah verəcəyi gözlənilir. Bir çox əlamətlər göstərir ki, Trump İranın nüvə sazişinin şərtlərinə əməl etdiyi barədə şahədətnaməni imzalamayacaq.

"The Guardian" yazır ki, prezident əvvəllər də fikrini son dəqiqədə dəyişib. Hər halda o Britaniya baş nazirinə telefon zəngindən istədiyi nəticəni ala bilməyib. Baş nazir Theresa May deyib ki, London regional təhlükəsizlik üçün çox mühüm əhəmiyyət daşıyan bu sənədə sədaqətlidir.

Britaniyanın xarici işlər naziri Boris Johnson israr edib ki, Birləşmiş Krallıq bu sazişə tarixi nailiyyət kimi baxır. O bu qənaətini həm ABŞ dövlət katibi Rex Tillerson-la, həm də İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə telefion söhbətlərində təsdiq edib.

Beləliklə, əgər Trump dəfələrlə tənqid etdiyi bu sazişdən çıxmaq qərarını qəbul etsə, onda INARA qanunu məsələyə baxılması üçün Konqresə 60 gün vaxt verəcək. Bu 60 gündə ABŞ millət vəkilləri Tehran üzərinə sanksiyaları bərpa edib-etməmək barədə qərar qəbul etməli olacaqlar.

Bu halda qərarın Senatdan keçməsi üçün 51 səs kifayətdir. Senatda 52 respublikaçı var.

"The Guardian" yazır ki, respublikaçılar bir qayda olaraq normal hallarda ayrılıqda İrana, bütövlükdə isə çoxtərəfli sazişlərə qarşı olublar. Amma burası da var ki, indiki vəziyyət normal hal deyil. Konqres rəhbərliyi prezidentin qəbul etməli olduğu qərara görə məsuliyyəti daşımaq istəmir.

Vəziyyəti daha da mürəkkəbləşdirən lap bu yaxınlarda Trump-la Senatın Xarici Əlaqələr Komitəsinin respublikaçı başçısı Bob Corker arasında baş vermiş "söyüşmədir".

Avropa diplomatlarına gəlincə isə burada hər şey Trump-ın tonu və dediklərindən asılı olacaq.

Ən pis ssenari sazişin təhqiramiz bir şəkildə ləğvi və ya təkrar danışıqlar üçün İrana ultimatum verilməsi olardı. Bu halda sazişin ləğvinə qarşı ilk növbədə Tehranla yanaşı Moskva və Pekin çıxacaqlar.

Yeni Amerika Araşdırmaları Mərkəzinin prezidenti Richard Fontaine deyir ki, İranın sazişə əməl etdiyinə dair şəhadətnamənin təsdiq edilməməsi belə bir vəziyyət yarada bilərdi: respublikaçılar lap bunun əleyhinə olsalar belə, prezident İran üzərinə sanksiyaları bərpa edə bilərdi.

"The Guardian" yazır ki, sanksiyaların bərpası bu sazişi imzalamış və ona "mamalıq" etmiş üç Avropa ölkəsini - Almaniya, Fransa və Britaniyanı, eyni zamanda Avropa İttifaqını dəhşətli dərəcədə çətin vəziyyətə salardı. Hələlik bunların üçü də sazişə sadiq qalacağını bildirib.

Almaniyanın Washington-dakı səfiri Peter Wittig "The Guardian" qəzetinə deyib ki, "biz bu sazişi imzalamışıq, BMT də qətnaməsi ilə təsdiq edib. Bunu Amerikanın vədinə inanaraq etmişik. İndi bu sazişdən Amerikanın çıxması bütün dünyada nəinki ABŞ-ı, eləcə də Qərbi hörmətdən salacaq".

Wittig razılaşır ki, İranın raket proqramı, Suriya və İraqdakı fəaliyyəti narahatlıq doğurur. Lakin o bildirir ki, ABŞ və Qərb bu məsələdə İran siyasətini konkretləşdirməli olacaqlar.

Lakin "The Guardian" yazır ki, ABŞ bu sazişdən çıxsa, Avropanın, istəsə də belə bu sazişə sadiq qalması çətin olacaq. 1996-cı ildə qəbul olunmuş qanuna görə Avropa İttifaqı onun maraqlarına uyğun gəlmədiyi hallarda ABŞ-ın sanksiyalarına məhəl qoymaya bilər. Amma bu qanun indiyədək real həyatda işə salınmayıb. Bu halda Avropa İran, yoxsa ABŞ-la biznes etmək seçimi qarşısında qalacaq.

Bir sıra Amerika təhlilçiləri deyirlər ki, ən pis nəticə İranın öz nüvə fəaliyyətini bərpa etməsi olardı.

Ən yaxşı hal isə bu olardı ki, Trump bu sazişdən çıxdığını elan etdikdən sonra onun nazirləri Konqreslə birlikdə kompromis üzərində işləyəydilər. Belə bir kompromis INARA qanununa yenidən baxılmasını tələb edərdi. Yeni variantda Trump hər 90 gündən bir özündən əvvəlki prezidentin qoyub getdiyi sənədi imzalamaq əzabından qurtarardı.

Əlaqəli mövzular