Britaniya mətbuatı: Deyəsən, dünya rahat nəfəs ala bilər. Trump İran sazişi barədə fikrini dəyişir…

Fotonun müəllifi AFP

Deyəsən, dünya rahat nəfəs ala bilər. Trump İran sazişi barədə fikrini dəyişir…

"The Guardian" qəzetinin Washington müxbiri Julian Borger yazır ki, bugünkü çıxışında Donald Trump-ın İranı kəskin tənqid etsə də, hər halda ölkəsini nüvə sazişindən çıxarmayacağına ümidlər yaranıb.

Bunu prezidentə yaxın olan mənbələr dilə gətiriblər.

Məqalədə deyilir ki, Avropa rəsmiləri rahat nəfəs alıblar, beləki Trump-ın Ağ Ev nitqində Amerikanın İranla 2015-ci ildə imzalanmış sazişdən çıxacağı barədə söhbətin olmayacağı gözlənilir.

Trump artıq bir müddət idi ki, İranın bu sazişə əməl etməsi barədə şəhadətnaməni vaxtaşırı imzalamaqdan boğaza yığıldığını söyləyirdi. Şəhadətnamə İranın üzərindəki sanksiyaların dondurulduğu müddətin uzadılması üçün nəzərdə tutulub.

Avropa diplomatları ABŞ-ın İran sazişindən birtərəfli qaydada çıxmasının qarşısını almaq üçün geniş lobbiçilik səyləri göstərirdilər.

Buna baxmayaraq ABŞ prezidentinin çıxışında İran son dərəcə kəskin tənqid oluna bilər, bununsa ABŞ-ın Avropa müttəfiqləri ilə münasibətlərini gərginləşdirə biləcəyi deyilir.

Belə gözlənilir ki, Trump öz çıxışında İranın atdığı addımların onun üzərindən sanksiyaların qaldırılması üçün kifayət etmədiyini söyləyəcək.

Necə olursa olsun, indi Trump-ın Konqresdən İran üzərindəki sanksiyaların bərpasını istəyəcəyi gözlənilmir. Əgər o bu addımı atsaydı, onda 2015-ci ilin min bir əziyyətlə əldə olunmuş sazişi iflasa uğraya bilərdi.

Trump-ın bu çıxışı da İranın təcavüzkar hərəkətlərinin tənqidi ilə bol olacaq və əsasən də Tehranın raket proqramının pislənməsinə həsr ediləcək. ABŞ prezidentinin İranın Suriyadakı hərəkətlərini, Hizbullaha və şiə silahlılara dəstək verməsini də kəskin pisləyəcəyi gözlənilir.

Belə ehtimal edilir ki, Trump İranın İslam Keşikçiləri Korpusunun rəhbərləri üzərinə sanksiyaların qoyulmasını əmr edə bilər. Amma yenə də Trump-ın bütövlükdə İslam Keşikçiləri Korpusunu "terrorçu təşkilatlar" siyahısına daxil edəcəyi gözlənilmir.

Avropa diplomatlarının ən çox ehtiyatlandığı variant Trump-ın İranla nüvə sazişindən çıxmaq barədə qərar qəbul etməsi olardı.

Amma indi belə məlum olur ki, ABŞ prezidenti bu ekstremal addımı atmayacaq.

Əksinə, bunun əvəzində prezident deyəcək ki, onun administrasiyası İran sazişinin nöqsanlarının aradan qaldırılması üçün Konqreslə birlikdə işləyəcək. O öz nitqində İranın nüvə fəaliyyətinin daha sərt monitorinqini də təklif edə bilər.

Administrasiya rəsmilərindən birinin sözlərinə görə, prezident "bir növ deyəcək ki, Tehran bu sazişdən bir millimetr də kənara çıxsa, ABŞ bu sazişi tərk edəcək".

Belə gözlənilir ki, Trump Konqresdən İran Nüvə Sazişinə Baxılması Haqqında qanuna dəyişiklik etməyi rica edəcək. Bu dəyişikliyə görə, İranın sazişi pozacağı təqdirdə sanksiyalar dərhal avtomatik bərpa olunmalıdır.

Bundan başqa o həm də bu qanuna onu hər 90 gündən bir İran sazişinin saxlanması üçün şəhadətnamə imzalamaqdan azad edəcək düzəliş edilməsini istəyir.

Hazırda Konqreslə müzakirə olunan yeni qanun versiyasında Trump-ın şəhadətnaməni daha az-az imzalaması nəzərdə tutulur. Bunun əvəzində ABŞ kəşfiyyatına İranın mümkün məxfi nüvə fəaliyyətinə göz qoymaq tapşırılır. Bu məqsədlə ABŞ kəşfiyyatı nümayəndələrinə İranın nüvə obyektlərinə giriş verilməsi istənir.

"The Guardian" yazır ki, Obama administrasiyasının vaxtında İranın ağır su ehtiyatı iki dəfə normanı keçib, lakin indi ağır su ehtiyatı maksimum icazə verilən həddən xeyli aşağıdır. Trump çıxışında deyəcək ki, o bu məsələdə Obama qədər iltifatlı olmayacaq.

İranla 2015-ci ildə imzalanmış nüvə sazişinin başqa tərəfləri - Britaniya, Fransa, Almaniya, Rusiya, Çin və İran bildiriblər ki, bu sazişin şərtlərinə yenidən baxılması realist bir məsələ deyil.

Bununla yanaşı avropalılar bildiriblər ki, onlar İranın raket sınaqlarının məhdudlaşdırılması ilə bağlı danışıqların aparılmasına hazırdırlar.

Fotonun müəllifi Getty Images

Rusiya ABŞ seçkisinə müdaxilədə Pokemondan da istifadə edib

"The Independent" yazır ki, Rusiya ABŞ seçkisinə müdaxilə üçün, deyəsən Pokemon Go oyunundan da istifadə edib.

Məqalədə deyilir ki, Rusiyaya bağlı hesab Pokemon Go-dan istifadə edərək diqqəti ABŞ-da polis qəddarlığının geniş yayıldığına dair iddialara cəlb etməyə çalışırmış.

CNN bu xəbəri Rusiyanın 2016-cı il ABŞ seçkisinə necə bir vüsətlə müdaxilə etməsinin bariz nümunəsi kimi təqdim edib.

Amerika kəşfiyyatı Rusiya prezidenti Vladimir Putinin ABŞ seçkisinə müdaxilə və haker hücumu kampaniyasına şəxsən göstəriş verdiyini açıqlayandan sonra Facebook bildirib ki, Rusiyaya bağlı vahidlər ABŞ cəmiyyəti arasına ixtilaf sala biləcək mövzuların yayılması üçün ondan minlərlə reklam platforması alıb.

Məqalədə deyilir ki, Rusiyaya bağlı qaynaqlar həssas mövzuları ortaya atmaqla ABŞ cəmiyyətinin demokratik seçki sisteminə etibarını sarsıtmaq istəyirdilər.

Rusiya qaynaqlarının yaydığı iddialar irq və silah hüquqları kimi həssas məsələlərə aid idi.

Ortaya atılan mövzulardan biri də qaradərili əhalinin ağdərili polis zabitlərindən zülm çəkdiyinə dair məsələni qaldıran Black Lives Matter hərəkatı idi.

CNN-nin verdiyi məlumatda deyilir ki, Facebook-da açılmış saxta hesablardan biri "Bizi güllələməyin" adlanırdı. Bu hesabdan guya baş vermiş polis zorakılıqlarına dair məlumatlar paylaşılırdı.

İndi isə iddia edilir ki, Rusiya mənbələri ABŞ seçkisinə müdaxilə üçün Pokemon Go rəqəmsal oyunundan da istifadə ediblər. Bu oyun zamanı iştirakçılardan real dünyada gəzib-dolaşan virtiual məxluqları tutmaq tələb edilir.

CNN-nin təhqiqatına görə "Bizi güllələməyin" hesabı Pokemon Go oyunçularını polis zorakılıqlarının baş verdiyi yerlərdə oynamağa və öz Pokemonlarını polis zorakılığı qurbanlarının adları ilə adlandırmağa çağırırdı.

Pokemon Go oyununu yaratmış Niantic şirkəti bəyan edib ki, üçüncü tərəflər onun icazəsi olmadan oyun aktivlərindən sui-istifadə ediblər.

Facebook Don't Shoot Us hesabının bağlanıb-bağlanmadığı barədə şərh verməyib.

Hazırda Rusiyanın ABŞ seçkisinə müdaxiləsini araşdıran Konqres komitələri diqqətlərini bu müdaxilədə sosial media platformalarından necə istifadə edildiyinə yönəldib.

Yaxın günlərdə Facebook, Google və Twitter rəsmiləri bu komitələr qarşısında ifadə verəcəklər.

Facebook şirkətinin baş əməliyyat meneceri Sheryl Sandberg deyib ki, Konqres onların Rusiya ilə bağlı təqdim etdikləri materialı ABŞ ictimaiyyəti üçün açıqlamalıdır.

Xanım Sandberg deyib ki, "bu seçkidə bizim platformamızdan yolverilməz bir şəkildə istifadə edilib".

"Bu ona görə narahatedicidir ki, söhbət bizim demokratik seçkimizə xaricdən edilən müdaxilədən gedir" - deyib Facebook meneceri.

Fotonun müəllifi AFP/GETTY

Churchill-in yarımçıq siqarı 12 min dollara satılıb

"The Telegraph" yazır ki, Britaniyanın baş naziri Winston Churchill-ın 1947-ci ildə Parisə səfər zamanı çəkdiyi və yarımçıq qoyduğu siqar internetdə keçirilən hərracda 12 min dollara satılıb.

Bostonda mənzillənmiş RR Auction hərracı bildirib ki, 10 santimetr uzunluğunda olan yarımçıq siqar Floridadan olan fərdi kolleksiyaçı tərəfindən alınıb. Siqarı alanın adı açıqlanmayıb.

Auksion şirkəti bildirib ki, Churchill bu siqarı 1947-ci il mayın 11-də Le Bourget aeroportunda çəkibmiş.

Hərracda bu siqarla yanaşı elə həmin vaxt çəkilmiş foto da nümayiş etdirilmişdi. Fotoda Churchill-in əlində sözü gedən siqarı görmək mümkündür.

RR Auction şirkəti bildirir ki, Britaniya pilotu - kapitan William Alan Turner yarımçıq siqarı külqabıdan götürərək saxlamışdı.

Havanada istehsal olunmuş La Corona siqarının yarlığında Churchill-in adı yazılmışdı.