Britaniya mətbuatı: Porno naşiri “Trump-ı bitirəcək kompromata” 10 milyon dollar verməyə hazırdır

Fotonun müəllifi Getty Images
Image caption Məşhur porno naşiri Larry Flynt yazır ki, Trump-a qarşı kompromata qiymət qoyub.

Porno naşiri "Trump-ı bitirəcək kompromata" 10 milyon dollar verməyə hazırdır

"The Telegraph" yazır ki, məşhur porno naşiri Larry Flynt Donald Trump-ın impiçmenti və prezident postundan məhrum edilməsinə səbəb olacaq informasiyanı gətirən şəxsə 10 milyon dollaradək mükafat elan edib.

The Washington Post qəzetinin bazar günü nömrəsində tam bir səhifəni tutan yazısında Flynt qeyd edir ki, Donald Trump-ın indiyədək məxfi saxlanan vergi sənədləri və ya onun yatırdığı investiyalar prezidentin vəzifəsindən azad edilməsi üçün kifayət qədər informasiya verə bilər.

Flynt yazır ki, Trump-ı hakimiyyətə gətirmiş seçkinin qeyri-legitim olduğunu göstərən bir çox əlamətlət var, lakin impiçmentə əsas verəcək hərəkətləri o prezidentliyinin ilk doqquz ayında edib.

Məqalədə deyilir ki, Trump prezident postunu tutmağa "təhlükəli dərəcədə" layiq deyil.

Flynt qeyd edir ki, Trump prezident olduğu müddətdə irqçiliyi qızışdırıb, qlobal istiləşməyə dair Paris razılaşmasına qəsd edib və indi isə nüvə müharibəsinə hazırlaşır.

Porno naşiri yazır ki, "impiçment uzun və əziyyətli bir işdir, amma bu əziyyətin alternativi bu "sabitsizləşdirici disfunksiyanın" daha üç il davam etməsi deməkldir".

"The Telegraph" yazır ki, bu, cənab Flynt-in cənab Trump-ın hakimiyyətinə son qoyacaq kompromat material üçün müraciət etdiyi ilk hal deyil.

Ötən il keçirilən prezident seçkisi kampaniyası zamanı Flynt cənab Trump-ı rüsvay edəcək seks və ya hər hansı başqa video üçün 1 milyon dollar təklif etmişdi.

Bunun ardınca 2005-ci ilə aid "Access Hollywood" kimi tanınan video açıqlanmışdı. Bu videoda Trump qadınlara seksual təcavüz etməsi ilə lovğalanırdı.

Flynt 1998-ci ildə keçmiş prezident Bill Clinton-un impiçmetinə səbəb ola biləcək material üçün 1 milyon dollar vəd etmişdi.

Ağ Ev Flynt-in təşəbbüsü barədə heç bir şərh verməyib.

Fotonun müəllifi AFP
Image caption Trump-ın başqalarının rəyinə məhəl qoymaması şakəri çoxdan bəllidir.

"Nadan Trump" Amerikanın İran səhvini davam etdirir

"The Guardian" yazır ki, ABŞ prezidenti Donald Trump-ın BMT tərəfindən təsdiq edilmiş 2015-ci il nüvə sazişinə birtərəfli qaydada hücumu Amerikanın həm dostları, həm də düşmənləri tərəfindən kəskin qınanıb.

Britaniya, Fransa və Almaniya İranla 2015-ci ildə imzalanmış nüvə sazişinə sadiq qaldırlarını bildiriblər.

Çin və Rusiya isə Trump-ın hərəkətini əsassız və təhlükəli adlandırıb.

Trump-ın başqalarının rəyinə məhəl qoymaması şakəri çoxdan bəllidir, lakin indi aydın olur ki, məhz kənar qüvvələr diplomatik fəlakətin daha dəhşətli forma almasına imkan verməyiblər.

Trump-ın İranla nüvə sazişindən tamamilə çıxacağı, Tehrana qarşı daha sərt sanksiyalar tətbiq edəcəyi və İranı "terrorçu dövlət" kimi daha ağır cəzalandırmaq qərarı verəcəyi gözlənilirdi.

Lakin Trump-ın son anda bu sərt hərəkətlərdən çəkinməsi güclü lobbiçilik fəaliyyətinin nəticəsi olub.

"The Guardian" yazır ki, Trump-ın İrana münasibətdə düşünülməmiş addımlar atmasının qarşısının alınmasınfa ilk növbədə Ağ Ev rəsmiləri xüsusi rol oynayıbar.

Belə düşünülür ki, ABŞ nazirləri də Trump-ı İrana qarşı ekstremal tədbirlər qərarından daşındırıblar.

Trump-ın buxovlanmasında həm də ABŞ-ın müttəfiqləri böyük rol oynayıblar. Britaniyanın baş naziri Theresa May Trump-ı İrana qarşı sərt hərəkətlərdən çəkindirmək üçün ona telefon zəngi edib

"The Guardian" yazır ki, nəticə "ən azı indilik" göz qabağındadır. Trump-ın ən təhlükəli addımlarının qarşısı alınıb.

Üç "ipçəkən" general

Belə xəbər verilir ki, Trump-ı İrana qarşı daha sərt tədbirlər elan etməkdən ən azı üç keçmiş general çəkindirib.

Bunlar administrasiyanın başçısı John Lelly, müdafiə naziri Jim Mattis və və prezidentin milli təhlükəsizlik müşaviri general HR McMaster-dir.

Belə bir müdaxilənin yaxşı nəticəsi bu olub ki, Trump-ın nitqi strateji baxımdan səhv, əsassız yerə davakar tonlu, tarix və faktlar baxımından yanlış olsa da, əvvəlcədən gözlənildiyi qədər fəlakətli olmayıb.

"The Guardian" bunu "Ağ Evdə generalların gecəsi" adlandırır.

Müttəfiq ölkələrin təsiri altında Trump-ın ipini çəkənlərin gələcəkdə bu sayaq uğur qazana biləcəyini bilmək olmaz. Amma hər halda mühüm presedent yaradılıb.

Qarşıdan gələn ən böyük narahatlıq Trump-ın "başına od ələyəcəyi ilə" hədələdiyi Şimali Koreya lideri Kim Jong-un-dur.

Konqres sanki qəflət yuxusundan ayılaraq başa düşüb ki, prezident əvvəlcədən ağlabatan məşvərət aparmadan da nüvə raketlərinin düyməsini basa bilər.

Bu məsələdə təhlükəsizliyin təmin edilməsi naminə uyğun qanunvercilik aktınnın hazırlanması hələlik reallıqdan uzaqdır. Bununla belə, yaxşı ki, indilik Trump-ı üçüncü dünya müharibəsinə başlamaqdan saxlaya bilən üç general - Kelly, Mattis və McMaster var.

Trump-ın ipi çəkilib, amma əl-qolu açıqdır

Əlbəttə Avropa müttəfiqləri İran qərarında onların lobbiçiliyinin həlledici olmasından məmnunluq duya bilərlər, lakin bu məmnunluq hüdudsuz deyil.

Trump nüvə sazişini gələcəkdə, istədiyi vaxt darmadağın edəcəyi ilə hədələyib. Üstəlik qlobal bank və maliyyə sistemində Amerikanın hegemonluğu nəzərə alınarsa, Trump bunu sözün əsl mənasında edə bilər.

Əgər Konqres İranın nüvə sazişinə əməl etməsini təftiş etməyin Trump deyən kriteriyaları və bu sazişə nüvə ilə əlaqəsi olmayan raket proqramı kimi məsələləri əlavə etsə, onda belə sazişdən İranın imtina etməsi və ümumilikdə razılaşmanın iflası bir neçə ayın içində baş verə bilər.

Eyni zamanda Trump-ın qanadlarının azacıq kəsilməsi, onun birtərəfli qaydada çıxdığı Paris iqlim sazişinin təmirinə ümid yaradır.

Ötən ay McMaster və Rex Tillerson Paris razılaşması məsələsində ABŞ-ın geri qayıda biləcəyinə işarə ediblər. Onsuz da İqlim Razılaşması məsələsində ABŞ-ın bir çox ştatları prezidentin qərarına məhəl qoymur, sazişin şərtlərinə əməl etməkdə davam edirlər.

Əlbəttə, təzyiq və lobbiçilik düzgün tətbiq edilərsə, Trump-ın "mənəm-mənəmliyinin" qarşısı alına bilər, amma bunun əksi də ola bilər.

İran Amerikaya çox bənzəyir

"The Guardian" yazır ki, İsrail və Səudiyyə Ərəbistanının israrlı mədhiyyələri Trump-ın "ən konfrontasiyalı instinktlərini" qıcıqlandırıb. Onlar Trump-ın İranı kəskin tənqid atəşinə tutmasını çıxışdan bir neçə dəqiqə sonra bayram ediblər.

Belə bir vəziyyətin xoşagəlməz nəticəsi ABŞ-ın Səudiyyəyə Yəməndə əl-qol açmasına imkan verməsi ola bilər. Digər tərəfdən Vaşinnton Riyadın bərbad insan haqlarına göz yummaqda davam edər. İsrail isə işğal olunmuş ərazilərdə yeni yəhudi məskənlərinin salınmasına ABŞ-ın xeyir-duasını əldə edər.

Səudlər və israillilər həm də Trump-ı inandıra biliblər ki, İranın öz nüfuzunu artırması ABŞ-ın maraqlarına ziddir. Kampaniya gəlirlərində və müdafiə kontraktlarında payı olan Konqres respublikaçı və demokratlarını bu qənaətdən döndərmək, təbii ki, mümkün olmayacaq.

Trump-ın tarix fənnindən savadsızlığı ona başa düşmək imkanı vermir ki, İranın Yaxın Şərqdəki davranışı, ABŞ-ın Mərkəzi və Cənubi Amerikadakı, 1945-ci ildən isə Qərbi Avropadakı davranışlarına bənzəyir.

Belə bir davranışdan məqsəd milli təhlükəsizliyin möhkəmləndirilməsi, siyasi kapital və iqtisadi maraqlardır.

Bu da qeyd olunmalıdır ki, İranın bu ambisiyalarının pöhrələnməsinə elə Amerikanın Tehranın köhnə düşməni İraqa 2003-ci ildə müdaxilə ilə başladığı siyasət təkan verib.

İran siyasətində Amerika özü özünün düşmənidir. Nadan Trump bu ənəni davam etdirir.

Bu barədə daha geniş