Harvey Weinstein: Tarantino film maqnatının yaramaz davranışından xəbərdar imiş

Quentin Tarantino. May 2014 Fotonun müəllifi Getty Images
Image caption Quentin Tarantino bir çox filmlərdə Harvey Weinstein-lə sıx işbirliyində olub

ABŞ kinorejissoru Quentin Tarantino etiraf edib ki, o uzun illər kino maqnatı Harvey Weinstein-in qadınlara qarşı yaramaz hərəkətləri barədə iddialardan xəbərdar olub.

"Mənim bildiklərim, əslində etdiyimdən daha çox etməyimi tələb edirdi" - cənab Tarantino "New York Times" qəzetinə deyib .

Onun qeydləri Los Angeles polisinin, cənab Weinstein-in şübhəli bilindiyi və 2013-cü ildə baş vermiş cinsi təcavüz aktını araşdırdığı vaxta təsadüf edib.

Prodüser hazırda onlarca qadın tərəfindən seksual bədrəftarlıq və təcavüzdə ittiham edilir.

Lakin o "razılıqsız seks" barədə bütün iddiaları "birmənalı şəkildə" rədd edir.

"Bu sadəcə dedi-qodu və ya qiybət deyil. Bu, kiminsə çatdırdığı söz deyil.

Mən bilirəm ki, o bir-iki dəfə belə rəftara yol verib - deyib Tarantino ABŞ qəzetinə müsahibəsində, - Kaş ki, eşitdiklərimin əsasında tədbir görmüş olaydım.

Mən əgər o vaxt etməli olduğumu etsəydim, onda onunla işləməməli idim".

Fotonun müəllifi Getty Images
Image caption Weinstein Hollywood-un ulduz prodüserlərindən biri idi

Hollywood rejissoru cənab Weinstein-lə "Azad olunmuş Django" (Django Unchained) və "Şərəfsiz əclaflar" (Inglorious Basterds) da daxil bir çox filmlərdə yaxından işləyib.

Bu arada Los Angeles polisi bildirib ki, cənab Weinstein-lə bağlı bir California epizodu barədə təhqiqata başlayıb.

"Los Angeles Polis Departamentin-in (LAPD) Qarət və Adamöldürmə bölməsi iddia olunduğuna görə Harvey Weinstein-lə bağlı 2013-cü ildə baş vermiş cinsi təcavüz aktını araşdırır", - LAPD-nin sözüçü Sal Ramirez deyib

"Hadisə barədə təhqiqat aparılır. İndilik bundan artıq informasiya yoxdur".

California ştatının qanunlarına görə zorlama cinayəti halları baş verdiyi vaxtdan 10 il müddətində araşdırıla bilər və bu iş həmin müddətin içərisinə düşür.

Beləliklə, prokurorlar kafi dəlillərin olduğu barədə qərar qəbul etsələr, kino prodüserinə qarşı cinayət işi qaldırılacaq.

İddiaçı qurban 38 yaşlı italiyalı model və aktrisadır, ABŞ media qurumları bildirir.

Onun bu həftə xəfiyyələrlə görüşdüyü xəbər verilib.

Hazırda Harvey Weinstein-ə dair bir neçə iddia üzrə araşdırmalar ayrıca olaraq London və New York-da aparılır.

"Yolayrıcı"

Ötən cümə günü kino ulduzu Tom Hanks deyib ki, onun qənaətinə görə cənab Weinstein üçün geriyə yol yoxdur.

"Biz yol ayrıcındayıq, bir dünya dəyişiklik baş verib - deyib Hanks, - Bundan sonra onun adı həm isim, həm də feil olacaq. Bu əvvəllə sonra arasındakı anın ayamasına çevriləcək".

Oscar mükafatlarını verən təşkilatın - Kino Sənəti və Elmləri Akademiyasının şurasına üzv olan cənab Hanks bu yaxınlarda Weinstein-in üzvlükdən çıxarılması məsələsinə şərh vermək istəməyib.

Cənab Weinstein bu ayın əvvəllərində həm də "The Weinstein Company" şirkətini tərk edib.

O etiraf edib ki, hərəkətləri ilə "çox sayda ağrılar gətirib", lakin eyni zamanda ona qarşı bir çox iddiaları "sırf yalan" adlandırıb.

Fotonun müəllifi Getty Images
Image caption İttihamçılardan bəziləri: (soldan sağa): Gwyneth Paltrow, Angelina Jolie, Cara Delevingne, Lea Seydoux, Rosanna Arquette, Mira Sorvino

Əlaqəli mövzular

Bu barədə daha geniş