Britaniya mətbuatı: "Cihadçının vətənə qayıtması probleminin yeganə həlli - onun sağ qayıtmamasıdır"

Fotonun müəllifi Alamy

"Cihadçının vətənə qayıtması probleminin yeganə həlli - onun sağ qayıtmamasıdır"

"The Guardian" qəzetinin yazdığına görə Britaniya nazirlərindən biri deyib ki, İslam Dövləti adlı təşkilatın süqutundan sonra ölkəyə qayıdacaq cihadçı Britaniya vətəndaşları probleminin həlli onların elə Suriyada öldürülərək geri qaytımamasıdır.

Britaniyanın beynəlxalq inkişaf naziri Rory Stewart deyib ki, terrorçu qruplaşmaya qoşulanlar "sonsuz nifrət doktrinasına" iman gətiriblər və Britaniyanın təhlükəsizliyi nəzərə alınarsa, onların öldürülücəklərini gözləmələri təəccüblü olmazdı.

Yüzlərlə britaniyalının Suriyada altı ildir ki, davam edən münaqişə bölgələrinə yollanaraq islamçı qruplaşmalara qoşulduğu məlumdur.

İŞİD-ə qarşı döyüşən ABŞ koalisiyasının xüsusi səfiri Brett McGurk deyib ki, onun missiyası Suriyadakı hər bir əcnəbi döyüşçünün elə Suriyada öldürülməsinə əmin olmaqdır.

BBC Radio 5 Live radiosunun Pienaar's Politics proqramında bu məsələyə yanaşması barədə verilən suala cavab olaraq Stewart deyib ki, "burada çox çətin mənəviyyat məsələləri var".

O deyib ki, Suriyada İŞİD-ə qoşulmuş bütün Britaniya vətəndaşları öz ölkələrinə hər hansı sədaqətlərini itiriblər.

"Onlar üzv olduqları İslam Dövlətinə, xilafət yaradılması ideyasına tamamilə sədaqətlidirlər. Onlar özlərinin və başqalarının öldürülməsini qəbul edən ekstremist nifrət doktrinasına inanırlar və bu zorakılıq və qəddarlıqdan istifadə edərək 8 və ya 7-ci əsrin dövlətini yaratmaq istəyirlər" - deyib nazir.

"Bunu demək mənim üçün ağırdır, lakin gəlin bu məsələyə ciddi yanaşaq və belə bir faktı qəbul edək ki, bu adamlar bizim üşün son dərəcə böyük təhlükədir və təəssüf ki, onlarla yeganə rəftar, demək olar, bütün hallarda onların öldürülməsidir" - deyib Stewart .

Keçmiş diplomat Stewart sözünə belə davam edib: "Bunlar adamları boyunlarının dalına atəş açaraq edam ediblər, qadınları və uşaqları girov götürüblər, işgəncə verirlər, qətllər törədirlər. Öz iradələrini zorakılıqla qəbul etdirmək istəyirlər. Belələri ilə, üzr istəyirəm, başqa cür rəftar mümkün deyil".

Burası da var ki, Britaniyadan həm də çox sayda könüllü İŞİD-ə qarşı vuruşan dəstələrə qoşulmaq üçün Suriyaya səfər edib.

Stewart deyib ki, "Britaniya hökuməti lap əvvəldən vətəndaşlarımıza İŞİD kimi qruplaşmalara qarşı özbaşına könüllü əsasda vuruşmamaları üçün aydın şəkildə xəbərdarlıq edib".

"Əgər sən öz ölkənə xidmət etmək istəyirsənsə, əgər terrora qarşı vuruşmaq istəyirsənsə, hərbi qüvvələrimizə, polisə və ya kəşfiyyat xidmətlərimizə qoşul. Biz səni təlimləndirərik, səninlə işləyərik ki, bu mübarizəni leqal və məsuliyyətli şəkildə apara biləsən" - deyib nazir.

Nazir bunu da deyib ki, Suriya prezidenti Bəşər əl-Əsədin devrilməsi Britaniyanın siyasi xətti olaraq qalır.

"Düşünmürəm ki, onun idarəçiliyinin qəddar və nəticədə kövrək olduğuna kimsə şübhə edir" deyib Stewart.

"Britaniya hökumətinin siyasəti budur ki, Bəşər əl-Əsəd hakimiyyətdən getməlidir və yeni hökumətə keçid olmalıdır. Çünki bu adam hakimiyyətdə qaldıqca Suriya üçün uzunmüddətli, sabit, davamlı gələcək ola bilməz" - deyib nazir.

Fotonun müəllifi Reuters

ABŞ kəşfiyyatı: "Kim Jong-un-un başına bir iş gəlsə, bizdən soruşmayın"

"The Independent" qəzetinin yazdığına görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri deyib ki, Şimali Koreya lideri qəfil yoxa çıxsa və ya ölsə, onun təşkilatı bu barədə heç bir şərh verməyəcək.

Mike Pompeo Washington-da keçirilən konfransda təhlükəsizlik əməkdaşlarına deyib ki, kommunist despotun başına bir iş gəlsə, MKİ bu barədə susacaq.

"Birdən Kim Jong-un yoxa çıxsa, MKİ-nin tarixi ənənəsini nəzərə alaraq mən bu barədə heç nə deməyəcəyəm, - Mike Pompeo Demokratiyanın Müdafiəsi Fondunun forumunda deyib, - Kimsə fikirləşəcək ki, bu bir təsadüf olub, qəfil qəza baş verib və sair. Bunu deməkdə bir fayda yoxdur".

Onun şərhi əvvəlcə ABŞ-da yox, South China Morning Post qəzetində dərc olunub.

"The Independent" yazır ki, öz çıxışında cənab Pompeo İran, Konqo və Çili kimi ölkələrdə liderlərin devrilməsi qəsdlərində MKİ-nin rolunun olduğu barədə söz-söhbətlərə işarə edib.

Bundan bir neçə ay əvvəl Şimali Koreya iddia edirdi ki, MKİ Cənubi Koreyanın kəşfiyyat orqanlarından istifadə edərək Kim-i sui-qəsdlə qətlə yetirmək cəhdi göstərib.

Lakin Pxenyan bu iddiasını əsaslandırmaq üçün heç bir dəlil göstərməyib.

Bununla yanaşı, Pompeo xəbərdarlıq edib ki, Şimali Koreya özünün nüvə qabiliyyətini təkmilləşdirmək hədəfindən bir neçə ay aralıdır və Trump lazım gələrsə bu bədəməl dövlətə qarşı hərbi qüvvə işlətməyə hazırdır.

MKİ rəhbəri deyib ki, ABŞ Şimali Koreyanın öz nüvə qabiliyyətini təkmilləşdirməsinə və ABŞ-a zərbə endirmək niyyətinə hazır olmalıdır.

Lakin o deyib ki, bir nüvə raketi düzəltməyə qabil olmaqla, belə raketlərinin arsenalını yaratmaq qabiliyyətinə malik olmaq arasında fərq vardır.

Elə bu forumda çıxış edən ABŞ Milli Təhlükəsizlik müşaviri HR McMaster deyib ki, ABŞ hazırda bu təhlükənin qarşısını almaq üzərində sürətlə işləyir.

O əlavə edib: "Biz gecikməmişik, amma vaxtımız daralıb".

Fotonun müəllifi Science Photo Library

Qışda doğmaq yayda doğmaqdan niyə yaxşıdır?

"The Telegraph" yazır ki, qış ayları bir çox insanlara soyuq, boz və qaranlıq günləri ilə kədər gətirirsə də, amma məhz qışda dünyaya uşaq gətirmiş qadınlar üçün bu fəslin xeyri daha çoxdur.

Çox maraqlı yeni tədqiqat göstərib ki, qışda və erkən yazda doğan qadınların doğuş sonrası depressiya deyilən hissə qapılması şansı daha azdır.

Bu, ilk baxışdan məntiqsiz görünsə də, alimlər düşünürlər ki, qış aylarında yenicə ana olmuş qadına ailə və dostların dəstəyi daha "isti" olur.

Əksinə yay aylarında ana olanlar özlərini daha çox tənha qoyulmuş və dörd divar arasında dustaq edilmiş kimi hiss edirlər. Çünki yay aylarında başqalarının başı daha çox əyləncələrə qarışır.

Harvard Tibb Məktəbinin təcrübə sahəsi sayılan Boston Brigham & Women's Hospital xəstəxanasından doktor Jie Zhou deyir ki, onun alimlər qrupu doğuşdan sonrakı dövrdə zahı qadınların depressiyaya məruz qalmasına səbəb olan mümkün faktorlara diqqət yetirib.

Alimlər bunu da aşkar ediblər ki, postnatal depressiyaya hamiləlik dövrünün müddəti də təsir göstərir. Erkən doğan qadınlar depressiyaya daha tez məruz qalırlar. Eyni sözləri kök qadınlar haqqında da demək olar.

Məqalədə deyilir ki, zahı qadınların azı 10 faizi postnatal əndişə və depressiya keçirir. Belə depressiyanın simptomları - qüssə, narahatlıq və diqqət yayğınlığıdır.

Alimlər bildirirlər ki, doğuşdan sonra depressiya həm də hormonal, habelə analığa keçidlə bağlı psixoloji dəyişikliklərlə əlaqədar baş qaldırır.

Alimlər qrupu 2015-ci ilin iyunu ilə 2017-ci ilin avqustu arasında doğmuş 20 min 169 qadını müşahidə edib. Bunlardan 817-si və 4, 1 faizi depressiyaya girib.

Yaz və qış aylarında doğan qadınların depressiyaya niyə az məruz qalmasının elmi səbəbləri tam öyrənilməyib, lakin araşdırmaçıların ehtimalı belədir ki, soyuq aylarda ev adamları və ailə üzvləri daha çox evdə olduqlarından zahı qadın özünü tənha hiss etmir, əksinə xeyli kömək və dəstək görür.

Britaniya dövlət səhiyyəsinin sənədlərinə görə, doğuşdan sonrakı depressiya adətən iki həftəyədək çəkir, lakin bəzən diqqətsiz qalarsa uzunmüddətli forma ala bilər.

Yeni araşdırma bunu da aşkar edib ki, uşaq doğulan ailələrdəki ataların hər 25 nəfərindən biri depressiyaya düçar olur.

Başqa faktorlar da var. Tam müddətində başa çatan hamiləlikdən sonrakı dövr daha az depressiyalı olur. Anesteziyasız doğuşların da depressiyası daha çox baş verir.

Avropoid irqinə məxsus qadınlar başqa irqlərdən olan qadınlardan daha az postnatal depressiya keçirirlər.