Britaniya mətbuatı: Elmin hələ də cavabını bilmədiyi sual: Dünya niyə mövcuddur?

Fotonun müəllifi NASA

Elmin hələ də cavabını bilmədiyi sual: Dünya niyə mövcuddur?

"The Independent" yazır ki, heç bir alimin cavabını bilmədiyi bir sual var: Necə olub ki, dünya indiyədək dağılmayıb?

Alimlər deyirlər ki, elmi cəhətdən danışılarsa, kainat indiyədək mövcud olmamalı idi.

Məqalədə deyilir ki, dünyanın bütün elitar alimləri məhz belə bir məsələ üzərində baş sındırırlar. Onların qənaətinə görə, bütün aləm yarandığı an məhv olmalı idi.

"Siz bu məqaləni oxuyursunuz və deməli dünya dağılmayıb", "The Independent" yazır.

Kainatın başlanğıcında standart elmi modelə görə, eyni miqdarda maddə və antimaddə olub.

Lakin təbiətin qanunlarına əsasən, onlar bir-birini dərhal məhv etməli və yerində heç nə qoymamalı idi. Amma bizim ətrafımızda bu gün də bütöv bir aləm var.

Alimlər bu "antielmi vəziyyətin", yəni dünyanın niyə indiyədək mövcud olmasının səbəbini tapmaq üçün maddə və antimaddə arasında ən mümkün fərqlərə nəzər salıblar.

Onlar müxtəlif vasitələr - kütlənin ölçülməsinə, eletrik cərəyanına, bir sözlə hər şeyə əl atıblar, lakin maddə və antimaddə arasında zərrə qədər də fərq tapmayıblar.

"Bizim bütün müşahidələrimiz nəticəsində bəlli olub ki, maddə və antimaddə arasında tam bir simmetriya var. Elə buna görə də kainat mövcud olmamalı idi" - Avropa Nüvə Araşdırmaları Təşkilatı - CERN-də aparılmış ən son tədqiqatın müəllifi Christian Smorra deyib.

"Burada mütləq bir assimmetriya olmalıdır, lakin biz sadəcə olaraq fərqin nədə olduğunu başa düşmürük. Biz bu simmetriyanın sınma mənbəyini tapa bilmirik" - alim deyib.

Maddə və antimaddə arasında bir mümkün fərq də onların maqnitizmində ola bilərdi. Lakin yeni tədqiqat onların da tam simmetrik və bənzər olduğunu göstərib.

Beləliklə "dünya niyə mövcuddur" sualı bir az da qəlizləşib.

Doktor Smorra-nın alimlər qrupu bizi əhatələyən protonların antiprotonlardan fərqini aşkar etmək məqsədilə onları ölçüblər.

Alimlər antimaddənin maqnitizmini ən təfərrüatlı şəkildə araşdırıblar və təəccübləri daha da artıb: Onlar da tam simmetrik imiş.

CERN-də aparılmış tədqiqat zamanı alimlər antiprotonları xüsusi "Penning tələlələri" ilə tuturdular, çünki antimaddəni fiziki və ya maddi konteynerin içində saxlamaq mümkün deyildi.

"The Independent" yazır ki, indi alimlər antiprotonları hətta daha təfərrüatlı şəkildə öyrənməyə çalışırlar.

Amma başqa bir qrup alim bu qənaətdədir ki, antimaddə baş-ayaq qravitasiya və ya cazibəyə malikdir.

Bu halda antimaddə üzüaşağı yox, üzüyuxarı yıxılmalı idi.

Fotonun müəllifi Getty Images
Image caption Foto- Arxiv

Rusiya "Texas və ya Fransa boyda ərazini dağıda bilən" raket düzəldir

"The Times" qəzeti yazır ki, Rusiya qitələrarası ballistik raketlərin yeni nəslini sınaqdan keçirməyə hazırlaşır.

Moskva iddia edib ki, heç bir mövcud müdafiə sistemi bu raketlərin qarşısını ala bilməyəcək.

Məqalədə deyilir ki, RS-28 Sarmat raketinin şəkli ilk dəfə ötən il açıqlansa da, onun sınağı texniki nasazlıqlarla bağlı bir neçə dəfə təxirə salınıb.

Moskvadan alınan xəbərlərdə deyilir ki, indi raketlər sınağa hazırdır. Kommersant qəzetinin yazdığına görə, sınaqlar bu ilin sonunadək keçiriləcək.

Hərbi mənbə bildirib ki, hazırda raketin quyu-yuvadan çıxması, uçuşun birinci pilləsi və ilk beş saniyəsi üzərində iş gedir.

RS-28 raketləri NATO tərəfindən SS18 Satan ayaması verilmiş R-36 raketlərini əvəz edəcək.

Çəkisi 100 ton, uçuş məsafəsi 10 min kilometr olan Sarmat 16 döyüş başlığı daşıya biləcək.

Moskvadan alınan xəbərlərdə deyilir ki, belə bir sistemli raket bütün müdafiələri yarmağa qabildir.

Rusiya Müdafiə Nazirliyinin Zvezda telekanalının verdiyi məlumata görə, Sarmat bir zərbəyə Texas və ya Fransa boyda ərazini dağıtmaq gücünə malikdir.

"The Times" yazır ki, Sarmat ötən il sınaqdan keçirilməli olsa da, sınaqlar bir neçə dəfə təxirə salınıb. Mart ayında raketin yeraltı yuvası hazır deyildi, apreldə isə raketin texniki sistemində qüsur aşkar edilmişıdi.

Yeni raketlərin 2019 və ya 2020-ci ildə istismara veriləcəyi gözlənilir. Raketlər Strateji Raket Qoşunlarının Krasnoyarsk və Orenburq vilayətlərindəki hərbi hissələrində yerləşdiriləcək.

Raketlər Çelyabinks yaxınlığındakı Makeyev raket zavodunda istehsal olunur.

Rusiya özünün strateji nüvə başlıqlı çəkindirici və adi silahlarının yeniləndirilməsi proqramı üçün 2011-ci ildə 10 il müddətinə 650 milyard dollar vəsait ayırmışdı.

Bu proqrama əsasən, Rusiyanın quyularda yuvalanmış və 1000 döyüş başlığı olan 320 raketi tamamilə əvəzlənəcək.

Bu arada Rusiya həm də özünün strateji sualtı gəmilərini və bombardmançı təyyarələrini də təkmilləşdirir.

Satan raketi 1970-ci illərdən bəri istifadə verilmişdi. Bu raketlər Ukraynanın o vaxtkı Dnepropetrovsk, indiki Dnipro şəhərində hazırlanırdı.

Lakin son illərdə Ukrayna və Rusiya arasında Krım və Donbasa görə gərgin münasibətlər mövcuddur və Moska özünün nüvə raketləri üçün başqa istehsalat yeri tapmalı idi.

Deyilənlərə görə, Sarmat raketlərinin istehsalı gündəlik qaydada nazir Sergey Şoyqunun müşavirləri tərəfindən təftiş edilir.

Bəzi məlumatlara görə, bu raketlər yalnız Obyekt 4202 kod adı ilə tanınan hipersonik döyüş başlığının yeni tipini daşıyacaq.

Sarmatın birinci uçuş pilləsi üçün nəzərdə tutulmuş PDU-99 mühərrikləri 2015-ci ilin avqustunda sınaqdan çıxarılıb.

Moskva Rusiyadakı iqtisadi tənəzzülə və Qərbin sanksiyalarına baxmayaraq son onillikdə özünün hərbi xərclərini 21 faiz artıraraq, 2015-ci ilədək 54, 1 milyard dollara çatdırıb.

Lakin ötən il neft qiymətlərinin düşməsi ilə əlaqədar hökumət bu rəqəmi 49, 2 milyard dollara endirməli olub.

Fotonun müəllifi PA

Məhbuslara noutbuk və mobil telefon verən həbsxana

"The Telegraph" yazır ki, Britaniyanın Norfolkdakı həbsxanasında məhbuslara yemək sifariş etmələri üçün noutbuklardan istifadəyə icazə verilib.

Məqalədə dedyilir ki, Wayland həbsxanasında məhbuslar noutbuklardan istifadə etməklə həm də həbsxana mağazasından istədikləri malları gətirdə bilirlər.

Məhbuslara habelə ailə üzvləri və yaxınları ilə əlaqə saxlaya bilmələri üçün mobil telefon rabitəsi də verilib.

Məqalədə deyilir ki, ömürlük həbs cəzası çəkən 100 nəfər də daxil minədək məhbusu olan Norfolk həbsxanası "rəqəmsallaşdırma layihəsində" iştirak edir.

Yeganə fərqli məqam budur ki, bütün bunlar hələlik yalnız həbsxananaın öz divarları arasında işləyən şəbəkədə mümkün olur. Başqa sözlərlə kompüterlər geniş mənada internetə çıxış vermir.

Həbsxanada 2013-cü ildən bəri hər kameranın öz telefonu quraşdırılıb. Burada da müəyyən məhdudiyyət mövcuddur. Onlardan iş günlərində istifadəyə icazə verilmir.

Britaniyanın baş həbsxanalar idarəsi bildirir ki, daxili telefonların və noutbukların olması məhbuslara administrasiya sisteminə daha yaxşı giriş verir.

Gələcəkdə həbsxanaların vəkillərlə görüş hissəsindən videozənglərin edilməsinə icazə veriləcəyi də gözlənilir.

Bununla yanaşı həbsxanalarda tədris proqramlarının yaxşılaşdırıması məqsədilə texnologiyaların daha geniş tətbiqi təklif olunur.

Bu ilin əvvəllərində hökumət bildirmişdi ki, bəzi məhbuslara videofon texnologiyası vasitəsilə "virtual görüş" imkanı veriləcək.

Müfəttişlər Norfolkda yerləşən bu həbsxanada məhbusların ümumi əhval-ruhiyyəsinin yüksək olduğunu söyləyirlər.

Buna baxmayaraq, həbsxanada narkotik maddələrin "qaçaqmalçılığı" dava edir. Kameralarda aparılan axtarış zamanı çox sayda əldəqayırma alkoqollu içkilər və mobil telefonlar tapılıb.

Əlaqəli mövzular