Britaniya mətbuatı: İranlıları Türkiyəyə cəlb edən içki və hicabsız gəzmək imkanıdır

Fotonun müəllifi MY STEALTHY FREEDOM
Image caption "The Economist" yazır ki, iranlıların bir çoxu Vana, sadəcə, saçlarını açmaq üçün gəlir.

İranlıları Türkiyəyə cəlb edən içki və hicabsız gəzmək imkanıdır

"The Economist" yazır ki, "60 yaşlarında olan iki iranlı qadın saçlarının qızılı rəngi ilə bir-birləri qarşısında öyünürlər. Onların saçlarını gizlədən baş örtükləri çiyinlərinə düşüb. Masaların arxasında əyləşmiş ailələr nargilə çəkir, dəyərindən qat-qat bahalı pivə içirlər. Elə ki məşhur bir mahnı səsləndi, durub qol-qanad açıb rəqs edirlər".

Məqalədə deyilir ki, bütün bunlar İranda yox, Türkiyənin cənub-şərqindəki, tozlu-torpaqlı, o qədər də gözəgəlimli olmayan Van şəhərində baş verir.

Silsilə terror hücumlarından, Erdoğan hökumətinə qarşı uğursuz çevriliş cəhdindən sonra davam edən repressiyalara görə Türkiyə turizmi tənəzzül keçirir. Turistlərin sayı 2015-ci ildə 36 milyon nəfər idisə, indi bu rəqəm 25 milyondur.

Qərblilər Türkiyədən yan durmağa çalışırlar. Aralıq dənizi boyunca otellər və qonaq evləri qiymətlərini bir xeyli enidirblər.

İran sərhədindən bir saatlıq avtomobil yolu məsafəsində olan Vanda da vəziyyət fərqli olmamalıydı, fəqət…Fərq bundadır ki, İrandan gələn turistlərin sayı artıb. 2017-ci ilin ilk 9 ayı ərzində bura İrandan 388 min turist gəlib. Bu, ötən illə müqayisədə 264 min nəfər çoxdur. Beləliklə, Van az qala öz əhalisinin sayı qədər turist qəbul edib.

"The Econimist" məcmuəsinin müxbiri Vanda gecələmək üçün bir çarpayılı otaq tapanadək 14 müxtəlif otelə zəng etməli olub.

Ötən yay Vana İrandan o qədər turist gəlib ki, mer onların bir hissəsini tələbə yataqxanalarında və ya şəxsi evlərdə yerləşdirməli olub. Öz ölkəsində qadağan edilmiş bir musiqiçi Vanda 5 min həmvətəninin qarşısında konsert verib.

Vanlılar zarafat edirlər ki, onlar bəzən öz şəhərlərində özlərini gəlmə kimi hiss edirlər.

Türkiyə qərbli turistləri təkrar cəlb etməyə çalışdığı bir vaxtda, Yaxın Şərqdən gələn turistlərin sayı artmaqda davam edir. Bu il təkcə İrandan gələnlərin sayının 2 milyona çatacağı gözlənir. Bu, İran turistləri üçün yeni rekorddur. Küveyt, Bəhreyn və Səudiyyədən gələn turistlərin də sayı artmaqdadır.

İranlıların axışdığı Van şəhərinin bəzi özəllikləri var. Burada 2015-ci ildə kürd separatçılarla hökumət qoşunları arasında toqqumalar baş verib. Şəhərin başı üstündəki yüksəklikdə 1100 yaşlı erməni kilsəsi görünür. Şəhər eyni adlı gölün sahillərində yerləşir. Bir də buranın ağtüklü, gözləri müxtəlif rənglərdə olan pişikləri məşhurdur.

"The Economist" yazır ki, iranlıların bir çoxu sadəcə olaraq bura saçlarını açmaq üçün gəlir. Burada üzlərinə ifrat kosmetika vuran, qısa ətəkli paltarlar geyinən iranlı qızları tez-tez görmək olar. Onların ən sevimli məkanları gecə klublarıdır. Bir çox klublar yalnız iranlılara xidmət edir. İranda içki içib, rəqs etmək qadağandır, lakin Konstitusiyası ilə dünyəvi olan Türkiyədə belə qadağalar yoxdur. Üstəlik də Vanın özü ümumən mühafizəkar ölkədə liberal şəhərlərdən biri sayılır.

Türkiyədə istirahət edən iranlı evdar qadın Bahar deyir ki, qızı əvvəllər axşamlar hicabsız gəzməkdən ehtiyat edirmiş. Amma sonra görüb ki, bu, qətiyyən problem deyil.

Amma burası da var ki, İranı dörd onillikdir bürüyən islamçılıq indi burada, Erdoğanın Türkiyəsində də yüksəlişdədir.

İstehlak vergilərinin artması və başqa məhdudiyyətlər burada alkoqollu içkiləri dəbdəbə predmetinə çevirib.

Dini məktəblər yağışdan sonra göbələk kimi artır. Darvinizm və onun təkamül nəzəriyyəsi məktəblərin tədris proqramlarından çıxarılıb.

Lakin Vanın küçələrindəki dünyəvi iranlılar Erdoğan tənqidçilərinin ittihamlarını rədd edirlər. Onlar düşünmürlər ki, Türkiyə teokratiyaya çevrilir. Lakin onlar da etiraf edirlər ki, əlamətlər vahiməlidir.

Ailəsi ilə birlikdə restoranda istirahət edən Məcid müəllim deyir ki, mentalitet eynidir.

Onun sözlərinə görə, Türkiyə dindarlaşdıqca iranlılar üçün daha az cazibədar olacaq.

Fotonun müəllifi Reuters
Image caption "Brexit" günü britaniyalıların aldığı minlərlə brexit-yönlü tvit Rusiyanın "trol fabrikindən" göndərilibmiş"

Rusiya trolları Brexit-ə də müdaxilə ediblər

"The Independent" yazır ki, Britaniyada Avropa referendumunun keçirildiyi gün britaniyalıların aldığı minlərlə brexit-yönlü tvit Rusiyanın "trol fabrikindən" göndərilibmiş.

Məqalədə deyilir ki, ABŞ-da da 2016-cı ilin seçki günündə amerikalılara gələn minlərlə trumppərəst tvit elə bu təşkilatda hazırlanmışdı.

Tvitlər ingilis dilində elə tərtib olunmuşdu ki, onların sanki Britaniya və Avropa İttifaqındakı adi istifadəçilər tərəfindən yazıldığını düşünmək olardı. Bu tvitlərin #EUref, #BrexitInOut, #BritainInOut və #BrexitOrNot kimi heşteqləri vardı və onlar seçiciləri Avropa İttifaqından çıxışa təhrik edirdi.

Məqalədə deyilir ki, bu tvitlərin Sankt Peterburqdakı İnternet Araşdırmaları Mərkəzində yazıldığına inanılır. Bu müəssisənin el arasındakı adı "troll fabrikidir". ABŞ-da prezident seçkisi zamanı məhz bu mərkəzdən minlərlə "saxta xəbərlərin" göndərildiyinə dair sübutlar var.

Bəzi məlumatlara görə, Brexit-i dəstəkləyən minlərlə tvit ABŞ Konqresi Kəşfiyyat Komitəsinə təqdim edilmiş 2700 tvitin arasındadır. Bu komitə Trump-ın seçki kampaniyası ilə Kreml arasında mümkün sövdələşəməni araşdırır.

Bir çox tvitlər Avropanın tərkibində qalmağı dəstəkləyən "Remain" kampaniyasının xəbərdarlıqlarını lağa qoyurdu. Kampaniyaçılar xəbərdarlıq edirdilər ki, Britaniyanın Aİ-dən çıxması iqtisadi qeyri-müəyyənlik və potensial resessiyaya səbəb ola bilər. Lağlağı meme-lərdən birində isə deyilirdi: "Əgər Brexit-ə səs versəniz, səhər avtomobiliniz işə düşməyəcək".

Sözü gedən "troll fabrikindən" anonym mənbə "Mail on Sunday" qəzetinə deyib ki, "biz Tvitter də daxil sosial media platformalarında, əsasən, btitaniyalıları narahat edən mövzularda postlar yazırdıq".

Məqalədə deyilir ki, trollar Moskva vaxtilə, əsasən, səhər 8-dən axşam 8-dək işləyir, Avropa İttifaqı ölkələrinin siyasi təbəqələri arasında bölücü iş aparırdılar.

Tvitlərin miqyası və sürəti göstərir ki, onlar qaydasız və ya xalis olmayıb. Məsələn, özünü alman kimi təqdim edən @PeterMagLob ünvanlı istifadəçi seçki günü bir saata 20 tvit yazıb.

Image caption (Foto-Arxiv)

Toxum səpən, alaq edən robotlar

"The Telegraph" yazır ki, əkinçilik robotları keyfiyyətsiz tərəvəzi və alaq otlarını məhv edəcək və məhsul yalnız tam yetişəndə onu yığacaqlar.

Məqalədə deyilir ki, alimlər artıq fermerlərin ayağı əkin sahəsinə dəymədən avtonom qaydada toxum səpən, alaqları təmizləyən, bostanları sulayan robotlaırn üzərində işləyirlər.

Bu maşınlar həm də yalnız satış və istehlak üçün tam yetişmiş məhsulu yığacaq. Hazırda fermerlər "bir dəfə yığım" üsulundan istifadə edirlər ki, bu da tərəvəzin 60 faiznin zay olmasına gətirib çıxarır.

Shropshire-dəki Harper Adams Universitetinin professoru və Dəqiq Əkinçilik Milli Mərkəzinin direktoru Simon Blackmore deyib ki, sözü gedən robotlar artıq 2020-ci ilədək tarlalara çıxa bilər.

"Mən kiçik ölçülü ağıllı əkinçilik maşınlarının inkişaf etdirilməsi üzərində işləyirəm" - deyib alim.

Londonda keçirilən brifinqdə professor bəyan edib ki, yeni maşınlar lazer alaqlamasına, kimyəvi maddələrin 100 faiz yarpaqlara getməsinin təmin edilməsinə və selektiv məhsul yığımına qabil olacaqlar.

Onun sözlərinə görə, hazırda yığım vaxtı tərəvəzin kal və ya normadan artıq yetişmiş hissəsinin atılmasına görə məhsulun 20-60 faizi zay olur.

Alim deyib ki, ağıllı robotlar yetişmiş məhsulları vaxtında və keyfiyyətli toplaya biləcək. Bu maşınlar bir dəfə üsulu ilə yox, gündəlik qaydada selektiv üsulla işləyəcəklər.

Professor bildirib ki, yeni üsul, habelə əkinçilikdə kimyəvi maddələrdən istifadəni minimuma endirə bilər.

Əlaqəli mövzular