Britaniya mətbuatı: ABŞ dünyanın rəqibsiz neft hegemonuna çevriləcək

Fotonun müəllifi Reuters
Image caption ABŞ dünyanın rəqibsiz neft hegemonuna çevriləcək

ABŞ dünyanın rəqibsiz neft hegemonuna çevriləcək

"Financial Times" qəzeti yazır ki, ABŞ-ın neft hasilatı 2025-ci ilədək xammal bazarlarının tarixində ən böyük və indiyədək görünməmiş yüksəliş yaşayacaq.

Beynəlxalq Enerji Agentliyinin ötən çərçənbə axşamı açıqladığı proqnoza görə, bu artım ABŞ-ı qlobal rəqibsiz neft hasilatçısına çevirəcək.

Bu da qeyd olunur ki, şist neftinin hasilatı texnologiyasının inkişafı ABŞ mədənlərinin gündəlik hasilatını 2010-2025-ci illər arasında daha 8 milyon barrel artıracaq.

Beynəlxalq Enerji Agentliyinin baş icraçı direktoru Fatih Birol deyib ki, ABŞ qarşıdan gələn onilliklərdə rəqibsiz qlobal neft və qaz liderinə çevriləcək. Həmin vaxtadək ölkənin qlobal təchizatdakı payı 80 faiz artacaq.

ABŞ-ın xammal, qaz kondensatı və təbii maye qazı da daxil neft hasilatı 2025-ci ilədək günə 13 milyon barrel həcminə catacaq (Ümumi hasilat günə 16 milyon barrel təşkil edəcək).

"ABŞ-ın hasilat artımı misilsizdir və bütün tarixi rekordları, hətta Səudiyyə Ərəbistanında nəhəng Qavar mədənindən sonrakı hasilatı və ya Sovetlərin super Sibir mədənlərindən qaz hasilatı artımını da geridə qoyur" -cənab Birol deyib.

FT-nin məqaləsində deyilir ki, Beynəlxalq Enerji Agentliyi (BEA) özünün illik Dünya Enerjisinə Baxış hesabatında mövcud enerji və iqlim siyasətləri əsasında ambisiyalı proqnozlar verir. Bu proqnozlarda Paris İqlim razilaşması kimi sazişlərin də gələcək təsiri nəzərə alınır.

FT yazır ki, BEA "aşağı neft qiymətləri" modelində neftin indiki qiymətlərinin necə saxlana biləcəyini təhlil edib. Agentlik belə bir nəticəyə gəlib ki, ABŞ-da xammal hasilatının indiki sürəti saxlanmaqla və dünyanın elektrik avtomobillərinə daha sürətli keçidi ssenarisində neftin qiyməti 2040-cı ilədək bir barrel üçün 50-70 dollar civarında qalacaq.

Hazırda yollarda 2 milyonadək eletrik avtomobili hərəkət edir və BEA-nın əsas proqnozuna görə bu rəqəm 2025-ci ilədək 50 milyona, 2040-cı ilədək isə 300 milyona çatacaq. Əgər neft qiymətləri aşağı həddə qalmaqda davam edərsə, 2040-cı ilədək elektrik maşınlarının sayı 900 milyona çata bilər.

BEA-nın hesablamalarına görə ümumilikdə enerjiyə tələbat daha az sürətlə artacaq, çünki yanacaqdan istifadənin rentabelliyi yüksələcək. Buna baxmayaraq 2040-cı ilədək enerjiyə tələbatın 30 faiz artacağı gözlənilir.

Amma məsələ burasındadır ki, enerjiyə olan tələbatın böyük bir hissəsi bərpa olunan enerji növləri ilə ödənəcək. Proqnoza görə külək və günəş enerjisi başda olmaqla bərpa olunan enerji növlərinə bütün qlobal investisiyaların üçdə ikisi yatırılacaq.

BEA-nın proqnozuna görə 2040-cı ilədək günəş enerjisi bütün enerji istehsalının 40 faizini təşkil edəcək.

Başqa bir problem elektrik enerjisinə artan tələbatla bağlıdır. Ev avadanlığı bazarının genişlənməsi və nəqliyyatın elektrikləşdirilməsi elektrik enerjisinə tələbatı artıracaq. Çin artmaqda olan tələbatını ödəmək üçün 2040-cı ilədək ABŞ-ın enerji sistemi qədər elektrik əldə etməli olacaq. Hindistanın tələbatı Avropa İttifaqının bütün enerji sisteminin həcminə çatacaq.

BEA-nın proqnozunda deyilir ki, qarşıdan gələn onilliklərdə kömürdən daha təmiz enerji növü olan qaza tələbat da artacaq. Bu, ilk növbədə qaz yataqlarına böyük investisiyalar yatıran şirkətlər üçün yaxşı xəbərdir.

Qaza olan tələbat artımının 80 faizi Çin və Hindistan kimi inkişaf etməkdə olan ölkələrdən gələcək.

Erdoğan "50 faizlik dinçi elektoratını" saxlamağa çalışır

"The Guardian" qəzeti yazır ki, Türkiyədə fəallar və müxalifət nümayəndələri müsəlman ruhanilərə vətəndaş nikahlarını bağlamaq hüququnu verən qanunu tənqid edirlər.

Onlar bu qanunu qadın haqlarına və dünyəviliyə zərbə adlandırırlar və bildirirlər ki, bu, cəmiyyətə dini dəyərləri sırımaqla onun qütbləşməsinə səbəb olacaq.

Müsəlman "müftilərə" vətəndaş nikahlarının bağlanmasına icazə verən qanun Türkiyə parlamenti və prezident Erdoğan tərəfindən təsdiq edilib.

Bu qanun ona vətəndaş cəmiyyəti fəallarının və müxalif millət vəkillərinin etirazlarına baxmayaraq, rəsmi qəzetdə dərc olunub və qüvvəyə minib.

Hələ ötən ay Erdoğan bəyan etmişdi ki, "istəsələr də, istəməsələr də qanun qəbul ediləcək".

Yeditepe Universitetinin gender qanunları üzrə eksperti Nazan Moroğlu bildirib ki, bu qanun qadınların hüquqlarını daha da daraldacaq.

"Bu ölkədə qadınların üzərinə yüklənən nə varsa hamısı din adına edilib" - ekspert deyib.

Türkiyədə hökumət tərəfindən təsdiq edilən müftilər gündəlik həyatda baş verən problemlərlə bağlı dini hökmlərini verirlər.

Bundan əvvəl Türkiyədə rəsmi nikahları yalnız dövlət məmurları qeydiyyatdan keçirirdilər.

Yeni qəbul edilmiş qanunda həmçinin nikahdan əvvəl "mənəviyyatsız hərəkətə" yol vermiş şəxslərin Türkiyə vətəndaşı olmaq hüququ əllərindən alınır.

Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Türkiyədə bundan əvvəl vətəndaşlar dövlət nikahı bağladıqdan sonra dini kəbin kəsdirmək hüququna da malik idilər. Bu sanki nilkahlara əlavə sanbal verirdi.

"The Guardian" yazır ki, başqa Yaxın Şərq ölkələrində vətəndaş nikahlarına icazə verilmir. Bu, müsəlman qadınların qeyri-müsəlman kişilərlə nikah bağlamasının qarşısını almaq məqsədi güdür. Buna baxmayaraq, bu müsəlman ölkələrində müsəlman qadınla qeyri-müsəlman kişi arasında xaricdə bağlanmış nikahlar etibarlı sayılır.

Buna görə də Yaxın Şərqdə qeyri-müsəlmanlarla evlənmək istəyənlər nikahın bağlanması üçün Türkiyə və Kiprə səfər edirdilər.

Qanunun tərəfdarları bildirirlər ki, yeni qanun faktiki olaraq, vətəndaş və ya dövlət nikahlarını qadağan etmir. Onlar həm də iddia edirlər ki, yeni qanun azyaşlılarla nikaha və ya çoxarvadlığa imkan yaratmır. Qanun tərəfdarlarının fikrincə, əksinə mömin müsəlmanlar müftinin kəbin kəsməsi ilə daha məmnun qalırlar.

Qanunun opponentləri isə bildirirlər ki, ölkədə dövlət çevrilişi cəhdinin ardınca elan edilmiş fövqəladə vəziyyyət şəraitində onun qəbul edilməsinə elə bir ciddi ehtiyac yox idi. Onların fikirncə, bu qanun sadəcə olaraq, mühafizəkar islami dəyərlərin hökumət tərəfindən cəmiyyətə sırınması kampaniyasının tərkib hissədir.

Tənqidçilər onu da deyirlər ki, bu qanun hökumətin sünni İslamın qaydalarını dünyəvilik prinsipi əsasında qurulmuş respublikaya şamil etməyə çalışmasının nümunələrindən yalnız biridir. Onların fikrincə, yuxarı siniflərdə təkamül nəzəriyyəsinin tədris proqramından çıxarılaraq əvəzində cihad konsepsiyasının təhsil sisteminə daxil edilməsi buna bariz misaldır.

Hökumət tənqidçiləri həm də narahatdırlar ki, dövlət, qadın haqlarının məhdudlaşdırılmasına göz yummaqda davam edir.

Türkiyədəki hüquqi sistem evlilik üçün minimum olaraq 17 yaşı qəbul edib. Lakin istisna hallarında 16 yaşlı qızların nikaha girməsinə icazə verilir. Amma məsələ burasındadır ki, bu istisna əsasında ölkədə son dörd ildə 232 min belə nikah qeydə alınıb.

Türkiyənin qadın haqları kampaniyaçıları deyirlər ki, ölkədəki bütün nikahların üçdə biri yaşı 18-dən az olan qızlarla bağlanıb.

İstanbuldan müxalif millərt vəkili Selina Doğan deyir ki, bu qanun layihəsi qəbul edilərkən ondan təsirlənəcək tərəflərin, məsələn, müftilərin və qadınların rəyi qətiyyən soruşulmayıb.

"Bir nəfər ölkənin bütün quruluşunu siyasi İslam rejiminə çevirmək iqtidarındadır" -millət vəkili deyib.

"The Guardian" yazır ki, Türkiyədə uzun müddətdən bəri qüvvədə olan ailə qanunlarının dəyişdirilməsi islamçılarla dünyəviçilər arasında ixtilaf məsələsinə çevrilir.

Məsələn, 2016-cı ildə hakim AKP partiyası tərəfindən boşanma vergisinin məbləğini artıran qanun layihəsi təklif edilib. Boşanma vergisini, adətən, boşanmanın təşəbbüsçüsü olan tərəf ödəməli olur. Kampaniyaçıların fikrincə, bu verginin artırılması da ilk növbədə qadınların hüquqlarını məhdudlaşdırır.

Bu təkliflərin arasında ən çox ziddiyyətə səbəb olanı qadın zorlayan kişilərə zorlama qurbanı ilə evlənərsə əfv verilməsinə dair təklif idi.

Bu təklif bütün ölkə boyunca ciddi tənqid və müqavimətlə üzləşdirkdən sonra geri götürülüb.

Başqa təkliflərdə isə boşanma hallarında müftilərə "sülhyaradıcı" funksiyasının verilməsi nəzərdə tutulurdu.

"Bu, Erdoğanın cəmiyyəti daha da qütbləşdirmək və onu dəstəkləyən 50 faizlik elektoratı qoruyub saxlamaq fəndindən başqa bir şey deyil, - müxalif millət vəkillərindən Engin Altay deyib, - Bütün ölkənin problemlər içində yandığı halda, o yalnız əsassız müzakirələrlə öz elektoratını cəmiyyətdən ayırmaq qayğısına qalır".