Britaniya mətbuatı: ABŞ Zərrabı yox, Türkiyə rəsmilərini mühakimə etməyə hazırlaşır

Fotonun müəllifi Getty Images
Image caption Əslən azərbaycanlı olan Türkiyənin biznesmeni Rza Zərrab 2016-cı ilin martında həbs olunub

ABŞ Zərrabı yox, Türkiyə rəsmilərini mühakimə etməyə hazırlaşır

"Financial Times" yazır ki, ABŞ-da biznesmen Zərrabın işi kimi tanınan istintaqın məhkəməsində yeganə müttəhim Türkiyənin dövlət Halkbank bankının vəzifəli rəsmisi Mehmet Hakan Atilla olacaq.

Reuters agentliyi məhkəmədən aldığı məlumata əsasən bildirib ki, Rza Zərrab bu iş üzrə yalnız şahid qismində dindirilə bilər.

Bu da qeyd olunur ki, ABŞ prokurorları bu iş üzrə həm də Türkiyənin keçmiş iqtisadiyyat naziri Zafer Caglayan-ı ittiham edirlər.

FT yazır ki, məhkəmənin ciddiliyi Erdoğan hökumətini hətta Gülen məsələsini də unutmağa məcbur edib. Məhkəmə prosesində Erdoğanın yaxın çevrəsinə daxil adamların danışıqları olan lentlər də açılana bilər.

Adının çəkilməsini istəməyən bir Ankara rəsmisi deyib ki, "bu çox ciddi məsələdir".

"Biz ABŞ-la bir problemi həll etməmiş üç yeni problem yaranır" -rəsmi deyib.

Rəsmi etiraf edib ki, Türkiyə ABŞ və Avropadan uzaqlaşaraq Rusiya və İranla alyansa meyl edib və indi, hələ gec deyilkən Qərb Türkiyənin strateji önəmini başa düşməlidir.

FT yazır ki, Türkiyə ədliyyəsi, deyəsən, Zərrabın mühakiməsinin Trump administrasiyasından asılı olmadığını elə də yaxşı dərk eləmir.

Bu iş Türkiyənin 6 bankının 20 milyard dollar məbləğində cərimə edilməsi barədə hökmlə başa çata bilər. Türkiyənin maliyyə bazarında baş verənlər nəzərə alınarsa, bu, Ankara üçün ağır zərbə olardı. ABŞ-ın İran sanksiyalarını pozduğuna görə fransız banklarından BNP Paribas üç il bundan əvvəl 8, 9 milyard dollar ödəməli olmuşdu.

Erdoğan 20 milyard dollarlıq cərimənin öhdəsindən gələ bilərmi?

"Ödəsən təqsirini etiraf etmiş olacaqsan, - bir məşhur maliyyəçi deyib, - Ödəməsən, beynəlxalq bank sistemi ilə əlaqən bloklana, dövlət aktivlərin müsadirə edilə bilər".

FT yazır ki, bir çox müşahidəçilər əvvəlcədən hazırlanmamış çılğın çıxışların müəllifi və "tamahkar siyasətçi Erdoğanın" Zərrab işinin ciddiliyini tam başa düşdüyünə şübhə edirlər.

"Express" yazır ki, Türkiyə baş nazirinin müavini Bekir Bozdağ İrana qarşı ABŞ sanksiyalarını pozmaqda ittiham olunan Rza Zərrabın işini "heç şübhəsiz Türkiyəyə qarşı hazırlanmış qəsd və heç bir hüquqi əsası olmayan iş" adlandırıb.

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yeni iqamətgahının açılışında çıxış edən Bülent Turan isə deyib: "Mən bunu xüsusilə vurğulamaq istəyirəm. Bu adam (Zərrab) ixracatla məşğul olub. Üçüncü bir ölkə başqa iki ölkə arasındakı ticarətə müdaxilə edə bilməz".

Baş nazirin müavini isə deyib ki, ola bilsin, Zərrabı hədələyərək "ittihamları öz üstündən atmağa məcbuir ediblər".

"Express" yazır ki, Zərrabla bağlı iş ABŞ-ın kürdlərə dəstəyindən narazı olan Ankara ilə Vashington arasında daha bir gərginlik mənbəyinə çevrilib.

ABŞ hakimiyyət orqanları bildirilər ki, Zərrabın Türkiyə hökumətinin yuxarı eşelonları ilə yaxşı əlaqələri olub.

Cənab Bozdağ deyib: "Onlar Zərrab işindən istifadə edərək Türkiyə üzərinə müəyyən sanksiyalar qoymağa çalışırlar, amma İranla Türkiyə arasında olan ticarət bizim qanunlarımıza və beynəlxalq qanunlara tamamilə uyğundur".

Siyasətçilər ittihamları rədd edirlər, Türkiyə hökuməti isə ittiham edilənlərin Türkiyə və beynəlxalq qanunları pozmadıqlarını bildirir.

Türkiyə hökuməti bundan əvvəl bildirmişdi kli, bu iş siyasi motivlidir və ABŞ-da yaşayan müsəlman vaiz Fethullah Gülenin tərəfdarları tərəfindən quraşdırılıb.

Fotonun müəllifi AFP/Getty Images
Image caption Misirin Sinay şəhəri Bir əl-Abeddəki ər-Rəvda məscidində törədilmiş hücumda yüzlərlə adam ölüb

Sufilər terrordan qorxmadan peyğəmbərin mövludunu bayram edəcəklər

"The Guardian" yazır ki, Misir sufiləri Sinay yarımadasındakı məscidə basqın nəticəsində 305 nəfərin həlak olmasına baxmayaraq, peyğəmbərin mövludu bayramını keçirmək əzmindədirlər.

Ötən cümə günü Sinay şəhəri Bir əl-Abeddəki ər-Rəvda məscidində törədilmiş hücum "Misirin tarixində ən ağır qətliam olub", qəzet yazır. Məsciddə ölənlərin 27-si uşaqlardır.

Bu cinayət üçün məsuliyyəti heç bir təşkilat üzərinə götürməsə də, şahidlər hücum edənlərin maşınlarında Vilayət əs-Sinay təşkilatının bayraqlarını görüblər. Bu təşkilat özünü İslam Dövləti adlandıran qruplaşmaya sədaqət andı içib.

Associated Press xəbər verir ki, silahlılar hücumdan əvvəl ağsaqqallara təhlükəsizlik xidməti ilə əməkdaşlıq etməmək və Məhəmməd peyğəmbərin ad günü münasibətilə sufi ayinləri keçirməmək xəbərdarlığı etmişdilər.

Misir Sufi Ordenləri Ali Şurasının rəhbəri Abdel Hadi əl-Qasabi "The Guardian" qəzetinə deyib ki, onlar peyğəmbərin mövludunu bütün Misir boyunca məscidlərdə, ən əsası isə Qahirədki Hüseyn məscidində qeyd edəcəklər.

Bununla belə, o, bütün küçə bayramlarının ləğv olunduğunu bildirib.

"Biz yalnız illik Sufi paradını keçirməyəcəyik, çünki şəhidlərimizin yasını saxlayırıq" -əl-Qasabi deyib.

Bir əl-Abed şəhərinin sakini Salem qəzetin müxbirinə qəzəbləndiyini deyib. O bildirib ki, ər-Rəvda məscidində ölənlərin çoxunu şəxsən tanıyırdı.

"Bir sufi kimi biz həmişə təhlükə altındayıq, - Salem deyib, - Silahlılar yerdən hündür olan bütün qəbirləri dağıdır, sufi türbələrini partladırlar…"

"The Guardian" yazır ki, Sinay yarımadasında 2013-cü ildən bəri vəziyyət xeyli gərgindir. Həmin vaxtdan bəri burada, keçmişdə Ənsar Beyt əl-Məqdis kimi tanınan təşkilat xüsusilə fəaldır. Bu təşkialt ötən il yarımadadakı xristianlara basqınlar edib. Lakin ər-Rəvda məscidinə hücum göstərir ki, indi onlar sufiləri də hədəfləməyə başlayıblar.

Sufilik İslam mistisizminin növlərindən biridir və Misirdə geniş yayılıb.

Ölkə boyunca minlərlə məscidin yanında sufi müqəddəslərinin qəbirlərini görmək olar. Təkcə Qahirədə yüzədək belə pir var. İD ekstremistləri sufiləri kafir hesab edirlər.

Misir prezidenti Abdel Fəttah əs-Sisi ötən cümə bəyan edib ki, ər-Rəvda məscidinə basqın üçün məsuliyyət daşıyanlar cəzalandırılacaqlar.

Ötən şənbədən etibarən, Misir hərbi-hava qüvvələri ekstremistlərin Sinay yarımadasındakı mövqelərinə zərbələr endirib.

"The Guardian" yazır ki, Sinay yarımadasının şimal hissəsi xaricilər və müstəqil müşahidəçilər üçün bağlıdır. Buna görə də sözü gedən hava zərbələrinin nə dərəcədə səmərəli olduğunu təsdiqləmək çətindir.

Sisi deyib ki, ekstremizmə qalib gəlinməsi üçün "dini inqilab" lazımdır.

Londonda mənzillənmiş Royal United Services İnstitunun təhlilçisi HA Hellyer isə deyir ki, hazırda ekstremistlərin əsas hədəfi sufilərdir və 95 milyon əhalisi olan ölkədə onların səmərəli müdafiəsi demək olar mümkün deyil.

Alimin fikrincə, bu səbəbdən də hökumət yalnız böyük məscidlərin təhlükəsizliyini təmin etməyə çalışacaq.