Britaniya mətbuatı: Hətta bir-birinə düşmən neft ölkələri də qiyməti artırmaqda "dostdurlar"

Image caption OPEC üzvləri noyabrın 30-da görüşəcək

Hətta bir-birinə düşmən neft ölkələri də qiyməti artırmaqda "dostdurlar"

"Economist" yazır ki, neftin qiyməti hazırda bir barrel üçün 60 dollara çatıb. Bu, son iki ildə ən yüksək qiymətdir və bunun arxasında qəribə bir paradoks dayanır.

Bir tərəfdən qiymət artımı noyabrn 30-da Vyanada keçiriləcək OPEC sammitinin doğurduğu nikbinliyə söykənir. Burada OPEC, habelə Rusiya kimi qeyri-OPEC ölkələrinin qiymətlərin yüksəldilməsi məqsədilə hasilatın ixtisarı müddətini uzadacaqları gözlənir.

Digər tərəfdən, qiymətlərin yüksəlişi OPEC-in üzvləri olan Səudiyyə, İran və Qətər arasında gərgin münasibətlərin təchizatda fasilə yaradacağı barədə ehtiyatlanmadan qaynaqlanır.

Reuters-in yazdığına görə, OPEC üzvləri arasında gərginlik elə bir həddə çatıb ki, Körfəz ölkələrinin neft rəsmiləri öz aralarında ən yaxşı kommunikasiya vasitəsi olan WhatsApp-dan istifadəni dayandırıblar.

Yaxşı, bəs bir-birilə hətta sosial media vasitəsilə ünsiyyətdə olmayan hasilatçılar neft qiymətlərinin yüksəlişi naminə hasilat ixtisarı barədə razılığa gələ bilərlərmi?

"Economist" bu suala "bəli" cavabını verir.

Məqalədə qeyd edilir ki, OPEC üzvləri arasında tarix boyunca müxtəlif daxili çəkişmələr və hətta münaqişələr baş verib. Bunlardan biri də 1990-cı ildə İraqın Küveyti işğal etməsi idi. Onların hər ikisi OPEC üzvüdür.

Belə görünür ki, OPEC ölkələri ixtisara dair öhdəliklərinə indiyədək 96 faiz əməl ediblər. Özü də bu elə bir vaxtda baş verib ki, OPEC-ə daxil sünni səudlarla onların şiə düşmənləri arasında gərginlik az qala son həddinə çatıb.

"Economist" yazır ki, OPEC üzvləri hətta ən yaxşı vaxtlarda da, xüsusən də neft qiymətləri qalxmağa başlayanda, hasilatın ixtisarı məsələsində bir-birlərinə kələk gəlməyi xoşlayırdılar.

Lakin məqalə müəllifinin fikrincə, neft qiymətlərinin yüksəlişdə olmasının OPEC və geosiyasətdən başqa bir səbəbi də var.

Qlobal iqtisadiyyatda baş verməkdə olan dirçəliş həm də neftə təlabatın artımı deməkdir.

Beynəlxalq Enerji Agentliyi bildirir ki, neft qiymətlərinin qalxması gələn ildən etibarən, istehlakın azalmasına səbəb ola bilər, amma bu, indilik baş vermir. Çünki artıma baxmayaraq, neft qiymətləri, hələlik 2008-ci ildə olduğu səviyyənin heç yarısına da çatmayıb.

Başqa bir məsələ də var ki, neft qiymətlərinin qalxması, OPEC-in hasilat ixtisarını davam etdirməsi şəraitində, ABŞ-ın şist nefti bazarları doldura bilər. İndiyədək neft qiymətlərini aşağı saxlayan əsas faktor məhz Amerika nefti olub.

Lakin Morgan Stanley şirkətindən Martijn Rats deyib ki, bazardakı balansın saxlanması üçün Amerika neftçiləri hasilatı qarşıdan gələn 12 ayda günə 5, 8 milyon barreldən - 6,8 milyon barrelə çatdırmalıdırlar. Bu, 17 faiz artım deməkdir. Lakin hazırkı temp reallıqda bu artımın 5 faizdən artıq olmayacağını göstərir.

"Economist" yazır ki, barreli 60 dollara neft Amerika hasilatçısı üçün də sərfəli həddir. Odur ki, neft ixrac edən ölkələrin OPEC kartelinin noyabrın 30-da keçiriləcək sammiti məyusluqla başa çatsa, xam neftin satışında kəskin yüksəliş olacaq.

Amma son bir neçə ildə ilk dəfədir ki, hasilatın nəzarətdə saxlanması məsələsində bütün böyük neft ixracatçıları həmrəydirdirlər.

Səudiyyə Ərəbistanına yüksək qiymətlər ona görə lazımdır ki, qismən özəlləşdirməyi planlaşdırdığı Aramco şirkətinin səhmlərini sərfəli qiymətə sata bilsin.

Vladimir Putinə isə Rusiya iqtisadiyyatının və öz rejiminin sabitliyini təmin etmək üçün yüksək neft qiymətləri zəruri faktordur.

Bu elə Amerikanın şist istehsalçılarına da sərfəlidir. Söhbət sadəcə olaraq, daha iri hasilat həcmlərindən gedəcək.

"Göründüyü kimi burda heç bir paradoks yoxdur" - "Economist" yazır.

Fotonun müəllifi kieferpix/getty
Image caption foto arxiv: Bir icmada 151 cinsi təcavüz iddiası var

Norveçin balaca bir kəndində 151 cinsi təcavüz necə baş verib?

"The Guardian" yazır ki, Norveç polisinin uzaq şimaldakı Laplandiyada yaşayan balaca bir icmada 151 cinsi təcavüz iddiasını aşkar etməsi bütün ölkədə şok dalğası yaradıb. Bunların arasında uşaqların zorlanmasına dair iddialar da var.

Məqalədə deyilir ki, bu hadisə həm də Norveç hakimiyyət orqanları ilə etnik azlıq olan samilər arasında etimadsızlığı bir daha üzə çıxarıb. İddia edilən seksual təcavüzlərin əsas qurbanları məhz sami icmasına məxsusdurlar.

Norveç hökuməti iddiaların araşdırılmasına "Verdens Gang" qəzetinin 2016-cı ildə dərc olunmuş məqaləsindən sonra başlayıb. Bu məqalədə Arktika qurşağında yerləşən və əhalisinin sayı cəmi 2 min nəfər olan balaca Tisfyord icmasından 11 kişi və qadının cinsi təcavüzə məruz qaldıqlarına dair şəxsi şəhadətləri dərc olunmuşdu.

İndi isə polisin yeni hesabatında 4 və 75 yaşları arasında olan 82 təcavüz qurbanı və 92 şübhəlidən söhbət açılır.

Bunların 70 faizi sami etnik qrupunun nümayəndələridir. Onları bəzən köhnə ənənəyə uyğun olaraq, "laplar" da adlandırılar. Samilərin bir çoxu lüteranlığın mühafizəkar lestadianlıq təriqətinin davamçılarıdır.

İndiyədək 10 epizod üzrə 2 nəfərə qarşı ittiham irəli sürülüb. Polis bildirir ki, ittiham edilənlərin sayı artacaq.

Hesabatda deyilir ki, 151 cinsi təcavüzdən 43-ü, üçü uşaqlara qarşı olmaqla zorlamadır. 100-dək iddia üzrə istintaqa zaman keçdiyinə görə xitam verilib. Axı, təcavüzlərdən bəzilərinin 1953-cü ildən bəri baş verdiyi deyilir.

Polis zabiti Tone Vangen mətbuat konfransında deyib ki, cinsi təcavüzlərin hər hansı bir şəkildə etnik və ya dini xüsusiyyətlərlə bağlı olduğu düşünülmür.

Bununla yanaşı, xanım Vangen bu qənaətdədir ki, təcavüzlər barədə polisə şikayət edilməməsi yerli ənənə və mədəniyyətin xüsusiyyətləri ilə bağlı ola bilərdi.

Bu icmada qurbanların çoxu polisə yox, dinə baş vurmağa üstünlük veriblər.

Lakin Tone Vangen bir sıra şikayətlərə vaxtında ciddi yanaşmayan polisin adından da üzrxahlıq edib.

Tisfyorddakı Sami Mədədniyyəti Mərkəzinin direktoru Lars Magne Andreassen deyib ki, o "iftixar" və "ağrı" hisslərinin arasında qalıb.

O bildirib ki, ağrıya səbəb bu qədər adamın indiyədək bu cinayətlər barədə susmasıdırsa, iftixara səbəb adamların heç olmasa indi qarşıya çıxıb cəsarətə gəlməsidir.

Bununla yanaşı, Andreassen deyib ki, burada söhbət samilərin mədəniyyət probleminin olmasından daha çox, onlara qulaq asmaq istəyənlərin olmamasından gedir.

"The Guardian" yazır ki, Norveçdəki samilərin sayı 40-60 min arasında təxmin edilir.

Norveç kralı Harald 1997-ci ildə samilərdən məruz qaldıqları diskriminasiyaya görə üzr istəyib.

Məqalədə deyilir ki, samilərin yaşadığı ərazidə mədənçiliyin və odunçuluğun inkişaf etdirilməsi bu etnik qrupun ənənəvi yaşayışnın əsasını təşkil edən maral sürülərinin azalmasına və balıqçılıq məkanlarının daralmasına səbəb olub.

Fotonun müəllifi PA
Image caption Meyvələri masanın üstündə yox, soyuducuda saxlamaq lazımdır

Meyvələri masanın üstündə yox, soyuducuda saxlamaq lazımdır

"The Telegraph" yazır ki, Britaniya supermarketləri adamların meyvə-tərəvəzi xarab edib tullamalarını azaltmaq məqsədilə piştaxtalarda məhsulun saxlanmasına dair tövsiyə lövhələri qoyacaqlar.

Supermarketlər bu təşəbbüsü hökumət siyasətinə dəstək üçün qaldırıblar. Bundan sonra bu mağazalarda satılan ərzaq məhsullarının üzərində onların saxlanmasına və istehlakına dair geniş məlumatlar olacaq.

Bəzi meyvə-tərəvəzlərin üstündə "balaca mavi soyuducu" işarəsi olacaq. Bu işarə onların soyuducularda daha uzun müddət saxlana biləcəyini göstərəcək.

Maraqlıdır ki, "balaca mavi soyuducu" emblemi adamların çox vaxt soyuducularda saxlamadıqları məhsullara da vurulacaq.

Belə işarələr, məsələn, almalara, portağallara və armudlara yapışdırılacaq. Adamlar bu meyvələri, adətən, soyuducuda saxlamaq əvəzinə, böyük sinilərdə masaların üstünə qoyurlar.

İstehlakçıların WRAP xeyriyyə cəmiyyətindən doktor Andrew Parry deyir ki, ümumiyyətlə, meyvə və tərəvəz bir qayda olaraq soyuducularda daha uzun müddətdə xarab olmur.

Bununla yanaşı, Parry adamları yeyə biləcəkləri qədər meyvə və tərəvəz almağa çağırır.

Rəsmilər deyirlər ki, ərzaqın lüzumsuz yerə tullanmasına həm də çaşdırıcı yarlıqlar səbəb olur. Buna görə də yeni qaydalara görə, köhnəlməsi sağlamlıq üçün təhlükə təşkil etməyən ərzaqların üzərinə "filan tarixədək istehlak olunmalıdır" (Use by) xəbərdarlığı əvəzinə "filan tarixədək məsləhətdir" (Best before) nişanları vurulacaq.

Bir çox ekspertlərin firkincə, ərzaq tullantılarının artmasının bir səbəbi də onların üstündəki "istifadə tarixlərinin" çaşdırıcı olmasıdır.

Onlar deyirlər ki, ərzaqların böyük qismi üstlərində yazılmış tarixdə xarab olmur.