Britaniya mətbuatı: "Erdoğana Rusiya raketləri Türkiyəni yox, öz sarayını qorumaq üçün lazımdır"

Fotonun müəllifi Getty Images

"Erdoğana Rusiya raketləri Türkiyəni yox, öz sarayını qorumaq üçün lazımdır"

"Economist" yazır ki, NATO rəsmiləri bu sövdələşməyə bir növ axmaq zarafat kimi baxmalı idilər.

Ötən payızın əvvəllərində dövlət agentliklərindən biri prezident Recep Tayyip Erdoğanın Rusiyadan almaq istədiyi S-400 sisteminin infoqrafikasını dərc etmişdi.

Bu sistemin hücum edən raket və qırıcıları 400 kilometrlik məsafədən vura bilməsini yazdıqdan sonra, agentlik sistemin vuracağı təyyarələrin növlərini sadalayırdı. Bunları hamısı Amerika təyyarələri idi.

Məqalədə deyilir ki, Türkiyənin müttəfiqləri iqtidaryönlü mediada belə şeylərin baş verməsinə bir növ adətkərdə olublar.

NATO rəsmiləri bildirirlər ki, cənab Erdoğanın hökuməti istədiyi yerdən silah ala bilər. Amma bu rəsmilər silahın Rusiyadan alınmasına o qədər də rəğbətlə yanaşmadıqlarını büruzə verirlər.

Təhlilçilər bildirirlər ki, S-400 NATO-nun havadan müdafiə sisteminə qətiyyən uyğun gəlmir.

NATO hərbi komitəsinin sədri Petr Pavel bu yaxınlarda xəbərdarlıq edib ki, Türkiyə S-400 sistemini almaq qərarında qalsa, bunun "qeyri-müəyyən nəticələri" ola bilər.

O, oktyabrın 25-də deyib ki, Rusiya raketlərinin Türkiyə torpağında olması müttəfiqlərin təyyarələri üçün ciddi çətinlik yaradacaq.

Buna baxmayaraq Türkiyənin müdafiə naziri noyabrın 11-də S-400 sisteminin alınacağını təkrar edib.

İlk növbədə belə bir alqı-satqı Amerikanın Rusiyaya qarşı sanksiyalarına zidd ola bilər.

Oktyabr ayında Dövlət Departamenti bildirib ki, Moskvadan avadanlıq alan hökumətləri cəzalandırmaq hüququnu özündə saxlayır.

Burada bəzi ölkələr üçün istisna qaydaları olsa da, Türkiyənin bərbad insan haqları və ABŞ-la pis münasibətlərinə görə belə bir istisnaya layiq görüləcəyinə inam yaratmır.

Türkiyənin NATO ilə də münasibətləri qaydasında deyil. Ötən ay Türkiyə Erdoğanın adı və Atatürkün portreti ilə bağlı yaşanmış insidentə görə hərbi kontingentini Norveçdə keçirilən NATO təlimlərindən geri çağırıb.

NATO bu insidentə görə ən yüksək səviyyədə Ankaradan üzr istəsə də, ultramillətçi media Türkiyəni alyansdan çıxmağa çağırıb.

Amerika rəsmiləri çoxdan bu qənaətdə idilər ki, Türkiyənin hava məkanının qorunması üçün ən yaxşı variant Ankaranın Patriot raketlərini alması olardı.

Bu raketlər artıq Almaniya, Hollandiya, Yunanıstan və Səudiyyə kimi ölkələrin cəbbəxanasına daxildir.

Türkiyədə də başa düşürlər ki, Patriot daha təkmil sistemdir. Amma Ankarada belə güman edirlər ki, ruslar türklərə S-400-ün daha çox texnoloji sirlərini açacaqlar, nəinki amerikalılar Patriot-un.

Üstəlik Türkiyə S-400-ün daha münasib qiymətə olduğunu bildirir.

Türkiyə deyir ki, Rusiya ilə sazişə müvafiq olaraq Ankara Moskvadan 2 milyard dollara 4 raket batareyası alacaq.

Lakin bu raketləri NATO-nun radar sisteminə qoşmaq mümkün olmadığından raketlər Türkiyə səmasının yalnız kiçik bir hissəsini müdafiə edə biləcək.

"Ecomonist" məcmuəsi bəzi təhlilçilərə istinadən yazır ki, Erdoğanın S-400 sistemini almağa belə həvəsli olması ölkənin milli müdafiəsindən daha çox, onun şəxsi müdafiəsi ilə bağlıdır.

Türkiyə prezidenti ötən ilin baş tutmamış çevriliş cəhdi zamanı F-16 təyyarəsinin onun Ankaradakı sarayını atəşə tutması kimi halların təkrar oluna biləcəyindən narahatdır.

Atlantic Council analitik mərkəzindən Aaron Stein deyir ki, "əgər Türkiyə S-400 sistemini alsa, batareyalardan birini Ankara yaxınlığında yerləşdirmək işə yaraya bilər".

Onun sözlərinə görə, bu batareyanın əsas missiyası Erdoğanın sarayını qorumaq olacaq.

Burası da var ki, Erdoğan S-400-lə birlikdə Putindən onun sirlərini də alacağına ümid edir.

Amma cənab Putinin həssas texnologiyaları özgələrə vermək kimi xasiyyəti yoxdur.

"O ki qalmışdı NATO üzvü olan bir ölkəyə", "Economist" yazır.

Fotonun müəllifi Reuters

Ciddi maliyyəçilər Bitcoin valyutasını "fırıldaq" adlandırırlar

"The Guardian" yazır ki, "Bitcoin" kimi tanınan rəqəmsal və ya internet valyutası getdikcə daha çox ciddi maliyyə təsisatının və maliyyəçinin gözündən düşür.

Məqalədə deyilir ki, bu kriptovalyuta 24 saatdan da az müddətdə dəyərini 20 faiz itirdikdən sonra Goldman Sachs bankının rəhbəri internet pulunun fırlıldaqçılıq üçün alət olduğunu bəyan edib.

Lloyd Blankfein deyib: "Dəyərini 20 faiz dəyişən bir şey valyuta ola bilməz. Bu fırıldaq üçün alətdir".

Onun bu bəyanatından əvvəl rəqəmsal valyuta 24 saat ərzində dəyərini birdən-birə 2 min dollar itirmişdi.

Ötən çərşənbə dəyəri 11395 dollar olan valyuta artıq cümə axşamı 9 min dollar olmuşdu.

Blankfein deyib ki, Goldman bankına bitcoin strategiyası lazım deyil. O bildirib ki, internet valyutası daha sabit olmalıydı.

"Mənim bitcoin strategiyam varmı? Yoxdur. Bu mənlik deyil. Doğrudur son 20 ildə mənim çox "mənlik deyil" dediyim şeylər nəyəsə yarayıb. Amma bu, bitcoin valyutasına aid deyil" - deyib bankir.

Blankfein-dən əvvəl bitcoin barədə şübhələrini JP Morgan firmasının baş icraçı direktoru Jamie Dimon dilə gətirmişdi. O da bu valyuta barədə fırıldaq sözünü işlətmişdi.

Dimon demişdi ki, bu valyuta yalnız narkotik qaçaqmalçılarının, qatillərin və Şimali Koreya kimi yerlərldə yaşayanların işinə yaraya bilər.

Ötən çərşənbə günü İngiltərə Bankının direktor müavini lord Jon Cunliffe demişdi ki, rəqəmsal valyuta qlobal iqtisadiyyata sistematik təhlükə təşkil etmək üçün çox kiçikdir. O eyni zamanda bitcoin investorlarını bir az düşünməyə çağırıb.

"The Guardian" yazır ki, ötən cümə axşamı dəyərdən düşməsinə baxmayaraq, bitcoin valyutasının dəyəri hər halda 2017-ci ilin əvvəllərində olduğundan çoxdur. O vaxt bir bitcoin 998 dollara idi. Əslində bitcoin bu il ərzində ən çox dəyər qazanmış aktiv olub. Məhz buna görə də klassik maliyyəçilər bu aktivin birdən partlayacağını düşünürlər.

Banklar və maliyyə təsisatları artıq indidən bitcoin valyutasının çirkli pulların yuyulması və ya internet cinayətkarlığı ilə əlaqələndirilməsindən narahatdırlar.

Bir çox ənənəvi valyutalar kimi bitcoin heç bir mərkəzi bank və ya hökumət tərəfindən tənzimlənmir.

Fotonun müəllifi PA

Elm itlərin pişiklərdən ağıllı olduğunu sübut etdi

"The Daily Telegraph" qəzetinin elmi redaktoru Sarah Knapton yazır ki, itlərin, yoxsa pişiklərin daha ağıllı olduğuna dair uzun illərdən bəri davam edən mübahisə nəhayət həllini tapa bilər.

Alimlər ilk dəfə olaraq təkcə müxtəlif heyvanların beyin ölçülərini yox, onların beyin qabığındakı neyronların sayını müqayisə ediblər. Neyronlara beynin boz maddəsi də deyilir. Düşünmə, qərar qəbul etmə kimi mürəkkəb davranışlar burada baş verir.

Məhz bu müqayisənin nəticəsində məlum olub ki, ağıllı olduqları barədə bol-bol söhbətlərin mövcudluğuna baxmayaraq pişiklərin beynindəki neyronların sayı, adi qızılı retriver itinin beynindəki neyronların yarısı qədər də deyil.

İtlərin beyin qabığında 530 milyon neyronun olduğu halda, pişiklərin beyin qabığında yalnız 250 milyonadək neyron var.

Tennessee ştatındakı Vanderbilt Universitetinin psixologiya və biologiya elmləri professoru Suzana Herculano-Houzel deyir ki, o neyron sayının canlının zəkası və yaddaşı ilə birbaşa bağlı olduğuna şübhə etmir.

Alim bildirib ki, itlər neyron sayı üstünlüyünə görə pişiklərdən daha mürəkkəb qabiliyyətə malik olmalıdırlar.

Yeni araşdırma zamanı safsarların, manqustların, yenotların, pişiklərin, itlərin, kaftarların, şirlərin və ayıların beyinləri müqayisə olunub.

Göründüyü kimi bu siyahıdakı heyvanların hamısı "ətyeyənlərdir". Alimlər bu seçimi təsadüfən etməyiblər, çünki başqa canlıları yeyən heyvanların beyinləri ölçücə daha böyükdür. Digər tərəfdən bu siyahıda vəhşi heyvanlarla yanaşı, ev heyvanları da var.

Müqayisədən bu da ortaya çıxıb ki, beyinləri daha böyük olan heyvanlarda neyronların sayı daha az olub.

Məsələn qızılı retriver itinin beynindəki neyronların sayı kaftarların, şirlərin və hətta ayıların beynindəki neyronların sayından çoxdur.

Başqa sözlərlə, araşdırma göstərib ki, qonur ayı ilə pişiklərin beynindəki neyronların sayı təxminən bərabərdir. Bu həm də o demədkir ki, pişiklər beyinləri onların beynindən on dəfə böyük olan ayılar qədər ağıllıdırlar.

Heyvan davranışı eksperti və pişiklər barədə kitabın müəllifi Celia Haddon deyir ki, pişiklərin beynindəki neyronların sayı itlərdən az ola bilər, çünki onlar daha az sosial heyvan sayılırlar.

"İtlər canavarlardan törəyiblər. Canavarlar isə dəstə ilə yaşayan heyvan kimi bir-birləri ilə əməkdaşlıq üçün daha mürəkkəb davranış qabiliyyətinə malikdirlər. Onların davranışında xoşlanmaq və barışmaq kimi elementlər var. Bu onlara insanlarla da əməkdaşlıq etməkdə köçməkçi olur. Ona görə də biz itlərdən bələdçi, tibbi müayinə və axtarış məqsədləri ilə istifadə edirik" - deyib ekspert.

Ekspert bildirir ki, pişiklərdə bu davranışlar yoxdur. Onlar tək ov edir, elə adətən tək də yaşayırlar.

"Bəziləri deyə bilərlər ki, pişiklər yeməklərini yeyib kef edir və əvəzində heç bir iş görmürlər. Bunun nəyi axmaqlıqdır ki?.." -Celia Haddon deyir.

Amma it sahibləri əmindirlər ki, onların dostları pişiklərdən daha ağıllıdırlar.

Kennel Klubunun katibi Caroline Kisko deyir ki, adətən it sahibləri itləri, pişik sahibləri isə pişikləri ağıllı hesab edirlər.

Amma elm itlərin daha əzabkeş, lakin daha ağıllı olduğu qərarına gəlib.