Britaniya mətbuatı: "Trump 1, 5 milyard müsəlmana qarşı müharibə elan edir"

Fotonun müəllifi AFP

"Trump 1, 5 milyard müsəlmana qarşı müharibə elan edir"

"Express" qəzeti Türkiyənin baş naziri Binali Yıldırım-dan sitat gətirərək yazır ki, Donald Trump-ın Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanımaq qərarı, müqəddəs müharibə və ya cihadı qızışdıra, regional problemləri həllsiz qoya bilər.

O, ABŞ prezidentini tez bir zamanda fikrini dəyişməyə çağırıb.

Bu arada prezident Recep Tayyip Erdoğanın sözüçü bildirib ki, ABŞ "regionu və dünyanı sonu görünməyən od-alova atır".

Cənab Trump-ın Qüdsü İsrailin paytaxtı elan etmək və ABŞ səfirliyini Tel Əvivdən müsəlmanların Qüds adlandırdıqları bu şəhərə köçürmək qərarı bir çox başqa dünya liderləri tərəfindən də kəskin pislənib.

Hətta Roma papası da bu hərəkəti pisləyərək status kvo-nun saxlanmasına və BMT qətnamələrinə əməl olunmasına "çox güclü çağırış" edib.

Papa Francis deyib: "Mən bu vəziyyət barədə dərin narahatlığımı gizlədə bilmirəm".

O, cənab Trump-ı "Müqəddəs torpaqda bütün insanların haqqını tanımağa" və "dialoqu davam etdirməyə" çağırıb.

Roma papası ümid etdiyini bildirib ki, "onsuz da qəddar münaqişələrlə dolu dünyaya yeni gərginlik gətirilməməsi üçün müdriklik və sağlam düşüncə üstün gələcək".

Buna baxmayaraq, cənab Trump Ərəb dünyasının çağırışlarını rədd edərək ABŞ səfirliyinin Yerusəlimə köçürülməsinə qərar verib.

Ağ Evdə çıxış edən prezident deyib ki, onun bu qərarı "reallığın etirafından başqa bir şey deyildir və görülməsi vacib olan düzgün işdir".

O, Dövlət Departamentinə Yerusəlimdə yeni ABŞ səfirliyi üçün yer seçilməsini tapşırıb. Trump-ın bu tədbiri 6 ay ləngidən sərəncam imzalamasına baxmayaraq, səfirliyiun köçürülməsinə illərlə vaxt lazım gələ bilər.

Bununla yanaşı, Donald Trump deyib ki, o, fələstinlilərlə israillilər arasında hər iki tərəfə sərfəli sülh razılaşmasının imzalanması üçün əlindən gələni əsirgəməyəcək.

Qüds həm xristianlar, həm yəhudilər, həm də müsəlmanlar üçün müqəddəs şəhər sayılır.

Yaxın Şərqdə 1967-ci il müharibəsindən sonra İsrail Qüdsü öz paytaxtı elan edib. Lakin bu iddia dünya birliyi və fələstinlilər tərəfindən tanınmayıb.

Fələstinlilər iddia edirlər ki, Qüds onların gələcək ölkələrinin paytaxtı olmalıdır.

Fələstinin Britaniyadakı baş nümayəndəsi Manuel Həssasian hələ bu qərar elan edilməzdən əvvəl Trump-ı kəskin tənqid etmişdi.

O, BBC televiziyasına demişdi ki, Qüdsin İsrailin paytaxtı elan edilməsi "iki dövlət həllinə ölüm hökmü olacaq".

"O, Yaxın Şərqdə müharibə elan edir, 1, 5 milyard müsəlmana və müqəddəs ocaqların tamamilə İsrailin nəzarətinə keçməsini qəbul etməyən yüz milyonlarla xristiana müharibə elan edir" -Fələstin nümayəndəsi demişdi.

İranın ali rəhbəri Əli Xameneyi Trump-ın bu addımını "səriştəsizlik və iflas" adlandırıb.

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu isə Trump-ın qərarını "qanunsuz hərəkət" kimi qiymətləndirib.

Nazir CNBC telekanalına deyib: "İsrail müsəlman ölkələri ilə münasibətlərini normallaşdırmağa çalışır. Bu addım onun bu niyyətinə xidmət etməyəcək".

Nazir xəbərdarlıq edib ki, Trump-ın qərarı Türkiyə və İsrail arasındakı münasibətlərin qırılmasına səbəb ola bilər.

"Biz ABŞ-ı xəbərdar edirik ki, bu addım BMT qətnamələrinə, beynəlxalq qanun və sazişlərə ziddir" -Türkiyə naziri deyib.

Sağ qulaq sol qulaqdan daha yaxşı eşidirmiş

"The Telegraph" yazır ki, yaxşı eşitməyən insanlar qeyri-ixtiyari səsin mənbəyi tərəfə sağ qulaqlarını çevirirlər.

Yeni elmi araşdırma göstərib ki, bu instinktual hərəkətin elmi əsası varmış. Məsələ burasındadır ki, insanın sağ qulağı səsləri doğrudan da daha yaxşı eşidə bilir. Bu, beynin səsləri necə interpretasiya etməsi ilə bağlıdır.

Dinləmə çox mürəkkəb prosesdir, çünki burada söhbət təkcə səsləri eşitməkdən yox, onu lazımı məna daşıyan informasiyaya çevirməkdən gedir.

Müasir həyatımızda ətraf mühitin səs-küylə dolu olduğu bir vaxtda qulağın bu funksiyanı yerinə yetirməsi çətinləşir.

Məqalədə deyilir ki, sağ qulaqdan girən səs beynin sol tərəfində təhlil olunur. Beynin sol tərəfi nitq, dil və yaddaş kimi prosesləri tənzimləyir.

Buna görə də səs mənbəyinə sağ qulağın tutulması informasiyanın daha yaxşı qəbuluna xidmət edir.

ABŞ-ın Alabama ştatındakı Auburn Universitetində aparılmış bu elmi-tədqiqat işi bu qəbildən olan ilk araşdırmadır.

"Adi araşdırmalar göstərir ki, sağ qulağın üstün keyfiyyətləri 13 yaşlarında yox olmağa başlayır, lakin bu ehtiyacdan doğan prosesdir" - Auburn Universitetinin professoru Aurora Weaver deyib.

Bu təcrübə zamanı 19 və 28 yaşları arasında olan 41 iştirakçının sağ və sol qulaqlarına qulaqcıqlarla növbə ilə müxtəlif rəqəmlər oxunub. Sonra onlardan yadlarında qalan rəqəmləri təkrar etmək xahiş edilib.

Təcrübə göstərib ki, yadda saxlanmalı olan rəqəmlərin sayı 6-dan çox olmayanda sağ və sol qulaq eyni həssaslıqla işləyir.

Lakin rəqəmlərin sayı artırıldıqca sağ qulaqdan rəqəmlər daha çox yadda qalır. Başqa sözlə, bu halda sağ qulaq informasiyanı sol qulaqdan 8 faiz daha yaxşı qəbul etmiş olur.

Təcrübə davam etdirildikcə, sağ qulağın üstünlüyü bəzi iştirakçılarda 41 faizə çatıb.

Alimlər uşaqların sağ qulaqla daha yaxşı eşitdiklərini çoxdan bilirdilər, lakin belə düşünülürdü ki, onlar böyüdükcə qulaqların eşitmə qabiliyyəti arasında fərq azalır.

Alim Danielle Sacchinelli ümid edir ki, bu eksperimentlərin nəticələrindən eşitmə vasitələrinin hazırlanması zamanı istifadə edilə bilər.

Son elmi araşdırmalar habelə eşitmə qabiliyyətinin itirilməsinin Altsaymer xəstəliyinin əsas risk faktoru olduğunu nümayiş etdirib. Bu ona görə baş verir ki, eşitmə qabiliyyətinin zəifləməsi beynin səsi təhlil etməsinə əngəl yaradır.

Bu elmi tədqiqat habelə karlığın neyrodegenerativ xəstəliklərə necə təsir etdiyinin öyrənilməsinə imkan verəcək.

"Qavrama vərdişləri, əlbəttə, yaşlanma, xəstəlik və travmalar nəticəsində tənəzzül edir, - doktor Weaver deyib, - Buna görə də biz qavramanın eşitmə qabiliyyətinə ehtiyacını daha yaxşı öyrənməliyik".

Bu elmi araşdırma Amerika Akustika Cəmiyətinin Yeni Orleanda keçiriləcək konfransına təqdim ediləcək.

Fotonun müəllifi Thinkstock

İndi də "budyüngülləşdimə" cərrahiyyəsi dəbə minir

"The Independent" yazır ki, indi də Hollywood-un gətirdiyi meyil plastik cərrahiyyədə "budyüngülləşdimə" deyilən əməliyyatları dəbə salıb.

Getdikcə daha çox qadın budlarının Bella Hadid və Jennifer Lopez-dəki kimi olmasını istəyir.

Döş və qarın plastikasından fərqli olaraq, budun cərrahiyyəsi bütün ayağı əhatə edən bir sıra ağrılı və müdaxiləli əməliyyatların keçirilməsini tələb edir.

"Son bir neçə ildə qadınlar bud hissələrinin necə görünməsi barədə narahat olmağa başlayıblar, - London və Newcastle-dakı ESHO klinikalar şəbəkəsinin rəhbəri doktor Esho deyir, - Düzgün konturlandıqda bud ayağın ümumilikdə daha uzun görünməsinə səbəb olur və arzuolunan siluet əldə edilir".

Həkimin sözlərinə görə, uzun ayaqlar bütövlükdə bədəni daha arıq göstərir.

Xəbər verilir ki, budyüngülləşdirmə plastikası ABŞ və Birləşmiş Krallıqda daha çox tələb olunan sahədir.

Ekspertlər deyirlər ki, əvvəllər aşağı ətrafların korreksiya və plastikası əməliyyatları bütün gözəlləşdirmə cərrahiyyəsinin 15 faizini təşkil edirdi. İndi bu rəqəm 30 faizə yüksəlib.

Burası da var ki, budyüngülləşdimə əməliyyatları başqa plastik cərrahiyyə əməliyyatlarından əhəmiyyətli dərəcədə bahadır.

London klinikalarında bu əməliyyatları orta hesabla 7 min funt sterlinqə edirlər.