Britaniya mətbuatı: Zərrab məsələsi Türkiyəyə milyardlarla dollar ziyan vura bilər

Image caption İllustrasiya: Reza Zarrab ABŞ məhkəməsində

Zərrab məsələsi Türkiyəyə milyardlarla dollar ziyan vura bilər

"Economist" məcmuəsi yazır ki, New York federal məhkəməsində davam edən proses Türkiyə hökumətinin sıralarında əsl panika əhval-ruhiyyəsi yaradıb.

34 yaşlı qızıl taciri Reza Zərrab bu məhkəmədə ABŞ-ın İrana qarşı sanksiyalarını pozduğunu etiraf edib, amma bu işdə ona Türkiyənin Halkbank dövlət bankının vasitəçilik etdiyini bildirib.

Zərrab ABŞ-ın bank sistemindən istifadə etməklə çirkli pullaırn yuyulması sxemində prezident Erdoğanın iştirakını da iddia edib.

"Economist" yazır ki, hazırda ABŞ-da təhqiq olunan cinayət işi 2013-cü ildə Türkiyədə prokurorların başlatdığı antikorrupsiya araşdırmasından çox az fərqlənir. O vaxt Türkiyədə bu iş üzrə elə həmin bu Zərrabdan başqa, üç kabinet nazirinin övladları və Halkbankın baş meneceri həbs olunmuşdular.

Onda da indiki kimi Zərrab İran qazı satışından əldə olunan çirkli pullara qızıl alıb Dubayda satmaqda ittiham edilirdi.

Amma o vaxt Erdoğan bu təhqiqatı Fethullah Gülenin islamçı hərəkatının gizli çevriliş cəhdi kimi qiymətləndirmiş, məhkəmə prosesləri dayandırılmış, prokurorlar və polis rəisləri vəzifələrindən qovulmuşdular. Bunun ardıca Erdoğan hökuməti korrupsiyada iştirakı iddia edilən nazirlərin övladlarını və Zərrabı həbsxanadan azad etmişdi.

"Economist" yazır ki, Erdoğan hələlik ölkə daxilində öz reputasiyasını media üzərinə qoyduğu senzura ilə qorumağa çalışır.

Zərrab Amerika məhkəməsində iqtisadiyyat naziri Zafer Çağlayana 60 milyon dollar rüşvət verdiyini və Erdoğanın Türkiyənin iki bankına bu əməliyyatda iştirak üçün göstəriş verdiyini iddia edəndən dərhal sonra ölkənin bütün böyük qəzetlərində dərc olunan məqalələrə senzura qoyulub.

Erdoğan ailəsinin ofşorlarda milyonlarla dollar gizlətdiyini iddia edən müxalifət liderinin çıxışının canlı yayını dayandırılıb.

Buna baxmayaraq, Türkiyə iqtisadiyyatını və bank sistemini riskdən qorumaq daha çətin olacaq. Əgər ABŞ məhkəməsində ittihamlar üzrə hökm çıxarılarsa, Halkbankı böyük cərimələr gözləyə bilər.

Nomura bankın iqtisadçısı İnan Demir deyib ki, cərimənin azı 5 milyard dollar olacağını təxmin etmək olar. Bu, Halkbankın bazar qiymətindən iki dəfə çoxdur.

Dekabrın 5-də etdiyi çıxışda Erdoğan ABŞ-da davam edən məhkəmə prosesini özünə qarşı "beynəlxalq çevriliş cəhdi" kimi qiymətləndirib.

Türkiyənin xarici işlər naziri isə iddia edib ki, Fethullah Gülenin adamları Amerikanın məhkəmə sisteminə soxula biliblər.

Bu arada Türkiyə prokurorları Zərrabın təyyarəsi və malikanəsi də daxil 80 milyon dollarlıq əmlakının müsadirəsinə sanksiya veriblər.

"Economist" yazır ki, bütün bunlara baxmayaraq, Türkiyənin Amerikadan təyin edilən cərimələri ödəməkdən başqa çarəsi qalmaya bilər.

Son bir ildə milli valyuta çəkisinin onda birini itirib. Cərimələrin ödənməsi lirəni ümumiyyətlə dəyərdən sala bilər.

Məqalədə deyilir ki, Erdoğanın Amerika ilə davası hələ irəlidədir.

"Hələlik lirə onun hakimiyyətinin yeganə dayağıdır" -Türkiyədə bir bank eksperti deyib.

Fotonun müəllifi EPA
Image caption Martin Schulz

Avropa Birləşmiş Ştatları olacaqmı?

"The Guardian" yazır ki, Almaniya sosial-demokratlarının (SPD) lideri Martin Schulz Angela Merkelin partiyası ilə koalisiyanın yaradılması üçün "qırmızı xətlərin" müəyyən edildiyini deyib.

Lakin bundan da mühümü budur ki, Schulz SPD-nin Berlində keçirilən qurultayında 2025-ci ilədək "Avropa Birləşmiş Ştatlarının" yaradılmasına çağırıb.

Cənab Schulz bildirib ki, partiyasının Angela Merkellə danışıqlara daxil olması üçün bir neçə şərtlər qoyulacaq. Bunlar - daha yaxşı sosial-təminat sisteminin yaradılması və yanacaq kimi kömürdən birdəfəlik əl çəkilməsidir.

"Biz nəyin bahasına olursa-olsun, hakimiyyətə gəlmək istəmirik, - Schulz deyib, - Lakin biz eyni zamanda nəyin bahasına olursa-olsun, hakimiyyətdən imtina etmək fikrində də deyilik".

Bunun ardınca SPD üzvləri böyük səs çoxluğu ilə partiya rəhbərliyinin Angela Merkelin Xristian Demokrat İttifaqı (CDU) partiyası ilə koalisiya danışıqlarına başlamasına icazə veriblər.

Bu da bildirilir ki, yeni koalisiyanın iki forması ola bilər. Birinci halda sosial-demokratlar hakimiyyətə birbaşa daxil olurlar və "böyük koalsiya" yaranır, ikinci halda isə formal koalisiya razılaşması əldə olunur. Bu halda SPD koalisiya hökumətinə daxil olmasa da, parlamentdə hökumətin müəyyən təkliflərinə qarşı çıxmamaq öhdəliyi götürür.

Almaniyada bir aydan da artıqdır ki, yeni hökumətin təşkil edilə bilməməsi Avropa boyunca narahatlığa səbəb olub. Məhz buna görə də Fransa prezidenti Emmanuel Macron və Yunanıstanın baş naziri Aleksis Tsipras Schulz-a şəxsən müraciət edərək onu xanım Merkellə dil tapmağa çağırmışdılar.

SPD lideri bu çağırışları nəzərə alsa da, işarə edib ki, Almaniya daha dörd il bütün Avropanın yükünü çəkə bilməz. Buna görə də o, Avropa ölkələrinin "konstitusiya müqaviləsi" bağlamalarını təklif edib. Onun fikrincə, bu müqavilə Avropanı federal prinsiplər üzərində qurmaq imkanı verəcək.

"The Guardian" yazır ki, Schulz-un bu çağırışı xanım Merkel və başqa Avropa liderləri tərəfindən o qədər də isti qarşılanmayacaq.

Amma Schulz deyib ki, Avropa İttifaqını faktiki olaraq bir dövlət şəklində birləşdirəcək konstitusiya müqaviləsini imzalamayan ölkələr avtomatik olaraq Aİ-dən çıxmış sayılacaqlar.

SPD lideri sosial təminat, təhsil və bərpa olunan enerji sahələrinə daha çox vəsait qoyulmasını təklif edib.

Məqalədə deyilir ki, SPD üzvlərinin koalisiya danışıqlarına icazə vermələrinə baxmayaraq, partiya qurultayı təşkilatın Merkellə dərin fikir ixtilaflarını ortaya qoyub.

Schulz öz partiyasının seçkidə ən zəif nəticəsinə görə partiyadaşlarından üzrxahlıq edib.

Fotonun müəllifi SPL
Image caption Hamiləliyə qarşı həblər döş xərçəngi riski yaradır

Hamiləliyə qarşı həblər döş xərçəngi riski yaradır

"The Independent" yazır ki, hamiləlyin qarşısını alan müasir kontraseptivlərin fəsadları bundan əvvəl satışda olan dərmanlardan daha azdır.

Lakin Danimarkada aparılmış böyük elmi araşdırma göstərib ki, hətta müasir kontraseptivlər də uzun müddət istifadə olunduqda döş xərçəngi riski yarada bilər.

Bununla belə, ümumilikdə kontraseptivlərlə xərçəng arasında bağlılıq elə də güclü deyil. Məsələn, hesablanıb ki, bir il müddətində qəbul edilərkən bu həblər hər 7700 qadından birində döş xərçənginə səbəb ola bilər.

Buna baxmayaraq ekspertlər yaşı 40-ı adlamış qadınlara kontraseptivlərdən başqa vasitələrə müraciət etməyi məsləhət görürlər. Bunlar uşaqlıq borularının bloklanması və ya partnyorların vazektomiya və ya sterilləşdirmə edilməsidir.

Məqalədə deyilir ki, hazırda 140 milyon qadın hormonal kontraseptivlərdən istifadə edir.

Kontraseptivlərin döş xərçəngi riskini 20 faiz artırdığı təxmin edilir. Lakin bu dərmanlardan daha uzun müddətdə istifadə riski daha da artırmış olur. Məsələn, 10 ildən artıq müddətdə istifadə döş xərçəngi riskini 38 faizə çatdıra bilər.

"Təəssüf ki, hormonal kontraseptivlərdən risksiz istifadə mümkün deyil" -Kopenhagen Universiteti Xəstəxanasının professioru Lina Morch deyib.

Kolumbiya Universietinin Tibb Mərkəzindən döş cərrahı Roşni Rao isə məsləhət görür ki, ailəsində döş xərçəngi tarixçəsi olan qadınlar kontraseptivlərdən istifadə barədə həkimlərini xəbərdar etməlidirlər.

"Bütün daxilə qəbul edilən həblər kimi kontraseptivlərin də xeyri ilə yanaşı ziyanı da var" -doktor Rao deyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş