Rza Zərrab qonşu məhbusun onu "ölümlə hədələdiyini" deyir

Reza Zarrab in picture from 17 December 2013 Fotonun müəllifi AFP
Image caption Məhkəməyə ifadə verən Rza Zərrab 2016-cı ildə həbs olunub

Türkiyəli bankçıya qarşı işlə bağlı ABŞ məhkəməsində ifadə verən İran-Türkiyə mənşəli, etnik azərbaycanlı Rza Zərrab əməkdaşlıq etdiyinə görə kamerasında olan başqa məhbus tərəfindən ölümlə hədələndiyini deyib.

Rza Zərrab İrana qarşı ABŞ sanksiyalarını pozmaqda ittiham edilən türkiyəli bankçı Mehmet Hakan Atillanin işi üzrə prosesdə şahid qismində iştirak edir.

Cümə axşamı günü cənab Zərrab mühafizə məqsədilə Brooklyn həbsxanasından FTB-nin məhbəsinə köçürüldüyünü deyib.

34 yaşlı cənab Zərrab ayrıca icraata götürülmüş iş üzrə, ötən il onunla bir kamerada qalan 62 yaşlı məhbusa cinsi təcavüz etməkdə də təqsirləndirilir.

İttihamları rədd edən Rza Zərrabın vəkili təcavüz iddialarının "saxta" olduğunu və son dərəcə "qeyri-mötəbər mənbədən" alındığını bildirib.

Prosesdə son ifadələrini verən Rza Zərrabın sözlərinə görə, məhbuslardan biri ona deyib ki, "əməkdaşlıq etdiyim üçün məni qətlə yetirmək barədə təlimat" alıb.

Cənab Zərrab nə təhdidin vaxtını nə də ki, onu dilə gətirən şəxsin kimliyini açıqlamayıb. Onun dedikləri penitensiar sistemə nəzarət üzrə ABŞ Həbsxanalar Bürosu tərəfindən təsdiqlənməyib.

Oktyabr ayında o, İrana ABŞ sanksiyalarından yayınmağa kömək etmək üçün cənab Atilla ilə işlədiyini etiraf edib.

Türkiyə inkar edir

Daha əvvəlki ifadələrində Rza Zərrab ABŞ sanksiyalarını pozan sövdələşmələrin Türkiyə prezidenti Recep Tayyip Erdoğan tərəfindən təsdiqləndiyini deyib.

Fotonun müəllifi EPA
Image caption Recep Tayyip Erdoğan ittihamları rədd edir

Rza Zərrab iddia edir ki, 2010-2015-ci illərdə İranın qlobal bazarlara girişini təmin edən pul yuyulması üzrə beynəlxalq əməliyyata Erdoğanın da aidiyyəti olub.

Onun sözlərinə görə 2012-ci ildə iqtisadiyyat naziri ona demişdi ki, baş nazir Recep Tayyip Erdoğan Türkiyə banklarına çoxmilyonluq sxemdə iştirak etməyə dair göstəriş verib.

Cənab Erdoğan Türkiyənin ABŞ sanksiyalarını pozduğu barədə iddiaları qəbul etmir. Lakin bu məsələ Ankara ilə Washington-un əlaqələrində gərginlik yaradıb.

Türkiyə prokurorları Zərrabın aktivlərini müsadirə edib.

Ötən il ABŞ rəsmiləri tərəfindən həbs olunan cənab Zərraba İran hökuməti adından milyonlarla dollar həcmində pul köçürmələri, pul yuyulması və bank fırıldaqçılığı ilə bağlı ittihamlar təqdim olunmuşdu.

Daha sonra o, cənab Atillaya qarşı işlə bağlı ittiham tərəfi ilə əməkdaşlıq etməyə razılaşdı.

Rza Zərraba qarşı cinsi təcavüzlə bağlı ittihamlar iddia edilən hadisədən bir neçə ay keçmiş üzə çıxıb.

Onunla bir kamerada qalmış Faouzi Jaber-in iddiasına görə 2016-ci ilin noyabr və 2017-ci ilin mart ayları arasında Zərrab ona qarşı təcavüz edib.

Bu olayın niyə belə bir gecikmə ilə üzə çıxdığını izah edən cənab Jaber-in vəkili Alexei Schacht deyib ki, bu yaxınlarda vəkil tutulduğu üçün hadisə barədə xəbər tutan kimi "mümkün qədər cəld" şəkildə ərizə ilə müraciət edib.

Bu barədə daha geniş