Britaniya mətbuatı: Bir daha dayıuşaqları və əmiuşaqları arasında evlilik barədə

Fotonun müəllifi Jeff J Mitchell/Getty Images

Bir daha dayıuşaqları və əmiuşaqları arasında evlilik barədə

"Economist" yazır ki, məşhur Charles Darwin öz dayısı qızı ilə evlənib və bəlkə də buna görə peşmançılıq çəkirmiş. Böyük alimin sonrakı illərdə bitkilər üzərində apardığı təcrübələr ona yaxın qohumlarla evliliyin "bütün şər effektlərini" bariz şəkildə göstərmişdi.

O 1870-ci ildə bir millət vəkilinə yazdığı məktubda gələn dəfə keçiriləcək əhali siyahıyaalmasında adamların qohumları ilə evli olmalarının statistikaya salınmasını təklif edirdi. O məktubda yazırdı ki, qan qohumlarının evliliyindən "kar, kor və lal uşaqların törənməsi geniş yayılıb".

Darwin-in təklifi rədd edilmişdi. Britaniya Amerikada olduğunun əksinə "birinci nəsil qan qohumları" (dayı və əmi uşaqları arasında) ilə evli olanların qeydiyyatına başlamamış və bunu praktikada qadağan etməmişdi. Britaniya cəmiyyəti əmi/dayı uşaqları arasında evliliyin arzuuolunmaz olduğu fikrinə tədricən gəlsə də, bunu ağlasığmaz hesab etmirdi. Bu fikir dəyişikliyi indi bütün dünyada gedir.

Məlumatlar dağınıqdır, amma ümumi meyl aydındır. Məsələn İordaniyada 1990-cı ildə nikahların 57 faizi qan qohumları arasında bağlanmışdı, lakin artıq 2012-ci ildə bu rəqəm 35 faizə enib. İsrail ərəbləri arasında aparılmış sorğu 2000-ci ilədək bağlanmış nikahların 20 faizinin qan qohumları arasında olduğunu göstərib. 2005-ci ildə bu rəqəm 12 faizə enib. Qan qohumnları arasında evliliklərin sayı Pakistan, Türkiyə və cənubi Hindistanda da azalmaqdadır. Ümumiyyətlə, deyəsən Qətərdən başqa belə nikahların sayı bütün dünyada azalmağa doğru gedir.

"Economist" yazır ki, bu meylin güclənməsində tibb işçilərinin apardığı maarifləndirmə işi böyük rol oynayıb. Alimlər artıq uzun müddətdir ki, qan qohumları arasında nikahların müxtəlif genetik xəstəliklərin üzə çıxmasına səbəb olduğu barədə, həm də çox yaxşı dəlillərlə həyəcan təbili çalırdılar.

Ən maraqlı araşdırma isə İngiltərnin şimalındakı Bradford şəhərində aparılıb. Burada 2007 və 2011-ci illər arasında doğulmuş pakistanlı körpələrin 37 faizi qan qohumu olan valideynlərdən doğulub. Alimlər bu qənaətə gəlmişdilər ki, əmiuşaqları və dayıuşaqları arasındakı izdivaclar doğuş deffektlərini 3 faizdən 6 faizə, yəni iki dəfə artırır!

Əlbəttə, heç də bütün doğuş qüsurları ciddi deyil və ciddi tibbi problemlər orttaya çıxmaya da bilər.

Üstəlik bir çox mədəniyyətlərdə qan qohumları arasında evlilik təqdir edilir. Bunun da öz səbəbləri var. Cehiz mədəniyyəti olan xalqlarda qohuma ərə gedən qızlar bu izdivaca çox az pul töhfəsi verirlər. Bundan başqa, belə ailələrdə doğulan uşaqları yaxın qohumlar göz bəbəyi kimi qoruyurlar.

Məsələn Omanda aparılmış bir sorğu göstərib ki, respondentlərin əksəriyyəti qan qohumları arasında izdivacların təhlükəsini bilsə də, belə nikahlara haqq qazandırıb.

Buna baxmayaraq dayı/əmiuşaqları arasında nikahlar elə demoqrafik baxımdan da yox olmağa məhkumdur. Qohumlar arasında evlənmənin populyar olduğu ölkələrdə təbii artım onsuz da azalır.

Məsələn 1980-ci illərin əvvəllərində Pakistanda fertillik reyti 6,4 idi, yəni orta hesabla bir qadın uşaq doğa biləcək yaşlarında 6-7 uşaq doğa bilərdi. İndi bu rəqəm 3, 4-ə düşüb və BMT demoqraflarının təxminlərinə görə 2040-cı illərdə 2, 4-ə düşəcək. İranda bu rəqəm 1980-ci illərin əvvəlindən artıq 6, 5-dən 1, 6-ya düşüb.

Beləliklə dayı/əmiuşaqları arasında evlilik hallarının sayı ilk növbədə ona görə azalacaq ki, ümumilikdə əmi və dayı uşaqlarının sayı azalacaq.

İki alim - Bilal Bərəkət və Stuart Gietel-Basten yazırlar ki, 5 uşaq doğan qadının 25 əmi/dayıoğlusu olmalıdır. Amma o dünyaya cəmi iki uşaq gətirəndə əmi-dayı uşaqlarının sayı cəmi 3-ə düşür.

"Economist" yazır ki, qan qohumları arasında nikahlara həkimlər yox, adi riyaziyyat son qoyacaq.

Eşq münasibətlərinin 5 mərhələsi

Fotonun müəllifi George Marks

"The Independent" qəzetində Rachel Hosie yazır ki, yeni araşdırma bütün sevgilərin beş qaçılmaz mərhələdən keçdiyini göstərib.

Bu mərhələri müəyyənləşdirmək üçün eHarmony tanışlıq saytı 1000 avstriyalı arasında rəy sorğusu keçirib.

Nəyə görə məhz avstraliyalılar? eHarmony saytının psixilogiya eksperti Jacqui Manning bildirib ki, nədənsə onların sevgi münasibətlərində həmin bu beş mərhələ daha aydın şəkildə qeydə alına bilir.

Ekspert deyir ki, ən başlıcası bu fazaları öyrənmək və onlardan hər birini tələsdirməməkdir.

Beləliklə hansıdır bu beş mərhələ?

Qığılcım fazası

Bu, sevgi münasibətlərinin başlanğıcıdır. Bu mərhələdə hər iki tərəf münasibətlərdən xoşlanır və oynamağa başlayır.

Araşdırmadan məlum olub ki, hər dörd adamdan biri elə ilk görüşdə öpüşür. Amma hər 10 nəfərdən biri deyir ki, onlar öpüşmək üçün daha üç həftə gözləməyə üstünlük veriblər.

Rəyi soruşulanların əksəriyyəti ilk seksin üç aydan sonra baş verdiyini bildirib. Amma respondentlərin 9 faizi elə ilk həftədə daha dərinə gedib.

Bal ayı fazası

Bu doğrudan da bal kimi bir mərhələdir. Bu mərhələdə hər iki partnyor xoşbəxtdir və bir-biriləri ilə çox rahat dolanır.

Amma bu fazaya yetişməyin öz əngəlləri var. Rəyi soruşulanların üçdə biri deyib ki, bu mərhələdə "təmiz söhbət" etməyə böyük ehtiyac var.

Orta hesabla bir adamın tanışlıq və görüş saytlarındakı profillərini təkrar aktivləşdirməsi üçün üç ay vaxt lazım gəlir. Kişilər bu işdə daha möhkəmdirlər. Onların 28 faizi tanışlıq saytına təkrar olaraq üç aydan tez baş vurmur. Bu rəqəm qadınlar üçün 17 faizdir.

Cütlərin çoxu yalnız 4 aydan sonra birgə fotolarını tanışlara göstərir.

İntimlik fazası

Cütlərin əksəriyyətində "səni sevirəm" ifadəsi üç ay birgəlikdən sonra dilə gəlir. Kişilər bu işdə təşəbbüsü daha çox ələ alırlar.

Bu mərhələdə cütlər özlərini daha rahat hiss edirlər. 5 aydan sonra partnyorlardan biri özünün ehtiyat diş fırçasını və ya üzqırxan ülgücünü sevgilisinin evində saxlayır.

6 aylıq birgəlikdən sonra cütlər tualetdə təbii ehtiyaclarını icra edərkən səs çıxarmaqdan narahat olmurlar.

24 yaşından aşağı olanlar bu məsələdəki utancaqlıq hissini artıq üç ayda itirirlər.

Sədaqət fazası

Araşdırmadan məlum olub ki, bir çox insanlar (45 faiz) özlərini eşq münasibətinə bağlamaqdan çəkinmir. Təxminən 1 ildən sonra cütlərin ortaq bank hesabı da ola bilər.

Cütlərin 28 faizi ya kişi, ya da qadının evinə daşınırlar. Bu mərhələdə sevgililərin 13 faizi nişanlanır. Bəzilərində bu, altı aydan sonra da baş verə bilər.

Adamların 50 faizi münasibətlərinin ilk altı ayında partnyorlarını valideynləri ilə tanış edir.

Amma dostlarla tanışlıq üçün 3 ay da kifayət edir.

Ürək qırıqlığı fazası

Çox təəssüf ki, eşq münasibətlərinin çoxu bu fazaya çatır. Burada bütün münasibətlər qırılır. Bu son mərhələdir.

Amma adamların 67 faizi geriyə baxmağı seçmir və yeni münasibət axtarırır. Kişilər bunu qadınlardan daha tez edirlər.

Gəncliyi 2000-ci illərə düşənlərdə isə bu proses daha sürətlə gedir.

Lakin ekspertlər deyirlər ki, ayrılığın qəlb yarası iki ildən tez sağalmır.

Əlaqəli mövzular

Bu barədə daha geniş