Britaniya mətbuatı: Qadınların üzlərindəki dəyişiliklər xəstəliklərdən xəbər verə bilər

üz Fotonun müəllifi SCIENCE PHOTO LIBRARY
Image caption Üzdəki dəyişiklilər tamamilə normal hal sayıla bilər, lakin onların ciddi xəstəliklərdən xəbər verməsi də mümkündür

Britaniya mətbuatından seçmələr: Qədim ərəb tarixçisi Qüdsü "əqrəblərlə dolu qızıl çanağa" bənzədib; Qadınların üzlərindəki dəyişiliklər xəstəliklərdən xəbər verə bilər.

Fotonun müəllifi Getty Images
Image caption Heç bir ölkə Qüdsdə (Yerusəlim) səfirlik saxlamır

Qədim ərəb tarixçisi Qüdsü "əqrəblərlə dolu qızıl çanağa" bənzədib

"Economist" müsəlmanların Qüds dedikləri Yerusəlim barədə daha bir məqaləsində bu şəhəri, həm ilahi, həm dünyəvi, həm müqəddəs, həm də günahkar şəhər adlandırır.

Bu şəhər barədə Təlmudda belə deyilib: "Allah dünyanın on gözəlliyindən doqquzunu Yerusəlimə, qalanını dünyaya verib". "Amma bəzən adama belə gəlir ki, "Economist" yazır, Allah on iztirabdan doqquzunu Yerusəlimə, qalanını dünyanın qalan yerlərinə verib". Orta əsrlərin ərəb tarixçisi əl-Müqəddəsi bu müqəddəs şəhəri "əqrəblərlə dolu qızıl çanağa" bənzədir.

Trump bu şəhəri İsrailıin paytaxtı elan etməklə yalnız reallıqdan çıxış etdiyini, İsrail demokratiyasını şərəfləndirdiyini deyir, amma əslində onun bu addımı əqrəbin sancmasına bənzəyir.

İsrail paytaxtının bütün dünya tərəfindən tanınmaması ilə unikal bir ölkədir. Heç bir ölkə Yerusəlimdə səfirlik saxlamır. Bu qəribəlik tarixin məhsuludur. 1947-ci ildə BMT Britaniyanın mandatı altında olan Fələstinin bölünməsinə səs verəndə, elan etmişdi ki, bu şəhər nə ərəblərə, nə də yəhudilərə verilməyəcək və onun xüsusi statusu olacaq.

Lakin daha sonra İsraillə İordaniya arasında baş vermiş müharibədə şəhər ikiyə bölünmüşdü. Nəhayət 1967-ci il müharibəsində İsrail İordaniyanın əlində olan hissəsini də işğal etmişdi.

İsrail bu şəhərdəki ərəblərə xüsusi status versə də, hər şeyi edirdi ki, Qüds yəhudilərin "əbədi və parçalanmaz paytaxtına" çevrilsin.

1993-cü ilin Oslo sülh sazişində isə şəhərin gələcək taleyinin "yekun sülh razılaşmasında" həllini tapacağı bildirilirdi.

İndiyədək ABŞ Konqresi hər dəfə səfirliyin Yerusəlimə köçürülməsini tələb edər, prezidentliyə namizədlər isə bunu vəd etsələr də, Ağ Evə gələn kimi məsələni təxirə salardılar. Lakin Ağ Evə "yeni düşüncə tərzi" gətirdiyini iddia edən Trump Qüdsü İsrailin paytaxtı kimi tanımaqla İsrail və fələstinlilər arasında sülhə töhfə verdiyini deyib. Halbuki Trump əvəzində heç bir güzəşt istəmədən şəhəri İsrailə hədiyyə edib. O bu addımı atarkən gələcək Fələstin dövlətinin heç adını da çəkməyib.

"Economist" yazır ki, cənab Trump ehtimalən ərəblərin başlarının daha böyük böhranlara qarışdığını, Fələstin hayında olmadıqlarını düşünüb.

Məqalədə deyilir ki, ABŞ bu hərəkətlə amerikalılar üçün İsrail və fələstinlilər arasında istənilən razılaşmanın məqbul olduğunu demək istəyib.

Praktikada Birləşmiş Ştatlar bir çox başqa ölkələr kimi Yerusəlimi İsrailin paytaxtı qismində çoxdan tanıyıb. Müxtəlif ölkələrin hətta başçıları da bəzən bu şəhərdə İsrail nazirləri ilə rəsmi görüşlər keçirirlər. Yaxşı, əgər rəsmi tanıma çox az təfavüt edirsə, Trump niyə belə bir addımı atıb?

"Economist" yazır ki, bu məsələnin Yaxın Şərq siyasətinə yox, Amerikanın daxilindəki siyasətə dəxli var. Trump öz ölkəsində elektoratına verdiyi vədləri zorla yerinə yetirə bilir. Burada işə yarayan odur ki, Trump-a səs verənlərin əksəriyyətinin ərəblərin zəhləsi gedirsə də, İsraildən xoşları gəlir.

Məqalədə deyilir ki, Trump-ın Yerusəlim məsələsinə toxunması, ümumiyyətlə lüzumsuz idi. Yerusəlim yekun sülh sazişinin baş tacı kimi axıra saxlanmalıydı.

Amma o, doğrudan da aləmi qarışdırıb radikal olduğunu sübut etmək istəyirdisə, onda gərək Yerusəlimdə bir yox, iki səfirliyin açılmasına sərəncam verəydi: İsrail səfirliyinin və gələcək Fələstin dövləti üçün səfirliyin. "Economist" yazır ki, bu, doğrudan da "yeni düşüncə tərzi olardı".

Fotonun müəllifi Thinkstock
Image caption Gözün ətrafındakı qara həlqələr, üzdəki sızanaqların və tüklənmənin artması, qaşların seyrəlməsinə laqeyd yanaşmaq olmaz, həkimlər deyirlər

Qadınlar qaşların seyrəlməsindən və sızanaqlardan narahat olmalıdırlar

"The Daily Mail" yazır ki, üzdəki dəyişiklilər tamamilə normal hal sayıla bilər, lakin onların ciddi xəstəliklərdən xəbər verməsi də mümkündür.

Məsələn, gözün ətrafındakı qara həlqələr, üzdəki sızanaqların və tüklənmənin artması, qaşların seyrəlməsi bu qəbildəndir.

Pennsylvania Universitetinin Perelman Tibb Məktəbindən professor Susan Taylor məhz belə hallardan söhbət açıb.

Qaşların seyrəlməsi

Professor bildirir ki, qadınlar yaşa dolduqca tüklər seyrəlir, quruyur və onların tökülməsi artır. Qaşların seyrəlməsinə onların ifrat alınması da səbəb ola bilər.

Amma qaşların seyrəlməsi bəzi hallarda hipoterioz deyilən xəstəlikdən də xəbər verir. Bu hal qalxanabənzər vəzilərdə hormon çatışmazlığı nəticəsində yaranır.

Doktor Taylor məsləhət görür ki, ciddi şəkildə narahat olmazdan əvvəl başqa simptomlara da fikir verməlisiniz. Hipoterioz zamanı yorgunluq və süstlük kimi hallar da müşahidə olunur, bəzən üşütmə gəlir.

"Bu zaman dəriniz həddən artıq quruya bilər. Qəbz də ola bilərsiniz" - həkim deyir.

Ekspertin sözlərinə görə, bütün bu halları özünüzdə hiss edirsinizsə, həkimə müraciət etməyiniz məsləhətdir.

Üzdə ifrat tüklənmə və sızanaqlar

Professor Susan Taylor bildirir ki, üzdə ifrat tüklənmə və sızanaqların artması yumurtalıqların polikistozunun göstəricisi də ola bilər. Amma ola da bilsin ki, bu irsiyyətinizlə bağlı bir haldır. Üzün tüklənməsi streslə də bağlı yarana bilər.

Amma bütün hallarda əlamətlər hormon tarazlığının pozulduğunu göstərir. Yumurtalıqların polikistozu testosteronun (kişi hormonunun) yüksəlməsinə səbəb olur.

Bu hal ümumiyyətlə qadınların yumurtalıqlarının necə işləməsi ilə bağlıdır və orta hesabla hər beş qadından birində müşahidə edilir.

Doktor Taylor bu halda ginekoloqa müraciət edilməsini məsləhət görür.

Yanaqlarda qızartı

Yanaqlarda qızartı Lupus və ya "Qırmızı qurd eşənəyi" deyilən pozuntu ilə bağlı ola bilər.

Doktor Taylor deyir ki, qızarmaq bəzi adamlarda utancaqlıq və pərtlikdən doğan adi haldır. Bəzən alkoqol və istiotlu yeməklər də üzdə qızartı yaradır.

Yaşlı qadınlarda yanaq qızartısı menopauzadan da yarana bilir.

Lakin əgər yanaqlardakı qızartılar yay aylaırnda artırsa və hətta çənə də qızarırsa, çox güman, söhbət avtoimmun xəstəliyi olan Qırmızı qurd eşənəyindən gedir.

Professor qeyd edir ki, bu, çox mürəkkəb və səbəbi çətin izah olunan prosesdir. Simptomlar yüngül, amma bəzən həyat üçün təhlükəli olacaq qədər güclü ola bilir.

Doktor Taylor bildirir ki, Lupus xəstəliyinin simptomlarına həm də oynaqların və əzələlərin ağrısı, üzgünlük kimi hallar da əlavə oluna bilər, lakin bir çox hallarda məsələ uzun qızarması ilə bitir.

Yuxarıda sözü gedən hallar sizdə olursa, mütləq həkimə müraciət edin.

Gözün altındakı həlqələr

Professor Taylor bildirir ki, gözlərin altındakı həlqələr avtoimmun xəstəliklərin göstəricisi ola bilər.

Həkim əlavə edir kİ, əgər bu yuxusuzluqdan əmələ gəlirsə, heç bir xəstəliyin göstəricisi sayılmır.

Amma digər tərəfdən gözün altındakı həlqələr yeməyinizdəki duzun çoxluğu və ya müəyyən allergiyalarınız olmasından da xəbər verir.

Taylor bildirir ki, gözaltı həlqələrin ətrafında qızartı da varsa, bu bəlkə də dermatomiozit deyilən xəstəliyin göstəricisidir.

Dermatomiozit əzələ ağrıları və zəiflik gətirən nadir avtoimmun xəstəliklərdəndir.

Həkimlər bu xəstəlikdən şübhələnəndə pasientləri ultrasəs laboratoriyasına göndərirlər. Bu zaman əzələ və ya dəri biopsiyasının götürülməsi də lazım gələ bilər.

Doktor Taylor deyir ki, bu xəstəliyi, adətən steroidlərlə müalicə edirlər.

Bu barədə daha geniş