Britaniya mətbuatı: Trump Barack və Michel Obama-nın "qisasını" onların çarpayısından alıb

Trump Fotonun müəllifi ETHAN MİLLER/GETTY IMAGES
Image caption Donald Trump Emin Ağalarovun Moskvada təşkil etdiyi gözəllik müsabiqəsində

"The Telegraph" qəzeti MI6 Britaniya kəşfiyyatının keçmiş başçısına istinadən yazır ki, Donald Trump barədə keçmiş Britaniya casusu tərəfindən hazırlanmış "çirkli dosyedəki" faktlar, "ehtimalən" "müəyyən həqiqəti" əks etdirə bilər.

MI6 kəşfiyyat idarəsinin keçmiş casusu Christopher Steele-in hazırladığı dosyeyə görə, Rusiyada ABŞ prezidentinə qarşı şantaj kimi istifadə oluna biləcək "ədəbsiz kompromat" var.

Keçmişdə Trump bu dosyeni "saxta xəbər" adlandırıb və onun həqiqiliyi sual altına alınıb.

Lakin 1999-2004-cü illərdə MI6-nın direktoru olmuş lord Richard Dearlove BBC-nin Newsnight proqramına deyib: "Düşünürəm ki, bu dosyenin məzmununda ehtimalən müəyyən həqiqilik var…İndiki mərhələdə bundan artıq bir şey deyə bilmərəm…"

Bəzi iddialara görə, rusların əlində olan kompromat Trump-ın Moskva mehmanxanasına gətirtdiyi fahişələrlə bağlıdır. Dosyedə bildirilir ki, bu fahişələrə Barack və Michelle Obama-ların vaxtilə yatdığı çarpayının üstündə sidiyə getmək göstərişi verilib.

Bu dosyedə həm də bildirilir ki, ABŞ seçkisi dövründə Trump-ın kampaniyası ilə Rusiya rəsmiləri arasında çoxsaylı əlaqələr mövcud olub.

Prezident Rusiya ilə hər hansı sövdələşməyə daxil olduğunu israrla inkar edir.

Avropa İttifaqı üzvlüyünə dair referendumda Avropadan çıxmağa səs vermiş lord Richard deyib ki, Brexit səsverməsinə Rusiyanın müdaxilə etməsini göstərən dəlillər yoxdur, amma Moskvanın ABŞ seçkisinə təsirini göstərən dəlillər mövcuddur.

Lakin o əlavə edib ki, ABŞ seçkisinə müdaxilə Putin tərəfindən çox da müdrik hərəkət sayıla bilməz.

Bundan bir qədər əvvəl Trump-ın keçmiş milli təhlükəsizlik müşaviri Michael Flynn FTB müstəntiqlərinə Rusiya ilə əlaqələri barədə yalan ifadə verdiyini etiraf edib.

Oktyabr ayında xəbər verilmişdi ki, FTB müstəntiqləri keçmiş Britaniya agenti Steele-lə yay aylarında görüşüblər.

CNN xəbər vermişdi ki, FTB və ABŞ kəşfiyyatının xəfiyyələri Steele tərəfindən hazırlanmış dosyeyə çox ciddi yanaşıblar.

Bununla belə təhqiqat respublikaçı fiqurlar tərəfindən tənqid olunub və Trump-ın özü bu araşdırmanı "əcinnə ovu" adlandırıb.

Bu da xəbər verilir ki, cənab Steele-in təhqiqatına və dosyenin hazırlanmasına Hillary Clinton-un seçki kampaniyası maliyyə dəstəyi verib.

"Washington Post" xəbər verib ki, Clinton kampaniyasını təmsil edən vəkil Marc Elias Trump-a qarşı dosyenin hazırlanması üçün Fusion GPS kəşfiyyat firmasına müraciət edib.

Fusion GPS isə bu dosyenin hazırlanmasını keçmiş Britaniya kəşfiyyat zabiti Steele-ə tapşırıb.

Fusion GPS firmasına bu iş üçün nə qədər pul ödəndiyi məlum deyil.

Fotonun müəllifi Getty Images
Image caption Putin nüvə müharibəsinə hazırlaşır?

Putin nüvə müharibəsinə hazırlaşır?

"The Daily Mail" ABŞ xəbər portallarından birinə istinadən yazır ki, Rusiya özünün nüvə cəbbəxanasını 2026-ci ilədək 8 min nüvə başlığına çatdırmaq niyyətindədir.

Məqalədə adları çəkilməyən Pentagon rəsmilərinə istinadən deyilir ki, Rusiya prezidenti Vladimir Putin öz ölkəsinin nüvə arsenalını aqressiv şəkildə artırmaqla yanaşı, həm də yeraltı bunkerlərin tikintisini genişləndirməyi planlaşdırır.

ABŞ və Rusiya arasında hazırkı "Yeni START" müqaviləsi nüvə döyüş başlıqlarının sayının 1550-dən çox olmasını qadağan edir.

Lakin Pentagon rəsmilərinə istinad edən alternativ xəbər portalı Free Beacon yazır ki, Rusiya nüvə münaqişəsi zamanı istifadə etmək üçün yeraltı komanda və nəzarət qurğularını möhkəmləndirir.

Qəzet yazır ki, nüvə döyüş başlıqlarının 8 minə çatdırılması 2010-cu il tarixli Yeni Starateji Silahların İxtisarı Müqaviləsinin (2010 New Strategic Arms Reduction Treaty) ciddi şəkildə pozulması demək olardı.

Qısa adı ilə Yeni START müqaviləsi kimi tanınan bu sənəd ABŞ və Rusiya arasında imzalanıb.

Bu müqavilənin bağlanmasından məqsəd qarşılıqlı etimadın yaradılması və nüvə müharibəsi riskinin azaldılması idi. Müqavilə habelə hər bir tərəfin strateji nüvə başlıqlarının sayı üçün 1550 limitini qoyur. Amma burası da var ki, nüvə döyüş başlıqlarının ixtisarı reallıqda nüvə təhlükəsini aradan qaldırmır.

Məsələn, Rusiya tələb edir ki, hər bir bombardmançı təyyarə daşıdığı bombaların sayından asılı olmayaraq 1 döyüş başlığı kimi hesablansın. Buna görə də tərəflərə qoyulmuş döyüş başlığı limiti reallıqda 2000 ədəddir.

Hazırkı təxminlərə görə, ABŞ-ın döyüşə hazır 1740 nüvə başlığı var. Rusiyada da elə bu qədər başlığın olduğu düşünülür. Bundan başqa hər iki tərəfin anbarlarında saxlanan və ya köhnəldiyinə görə demontaja verilməli nüvə başlıqları var.

Yeni START müqaviləsi döyüş başlıqlarına limit qoysa da, başlıqların hədəfə çatdırılması metodları barədə heç nə demir. Yəni yer üstündə və ya sualtı qayıqlarda bazalanmış ballistik raketlərdən, hidrogen bombalarından və ya qitələrarası raketlərdən söz açılmır.

Buna görə də hər iki tərəf silahların dağıdıcılıq və öldürücülük qabiliyyətini artırır. Məsələn, daha böyük raketlərin daşınması üçün daha böyük maşınlar istehsal olunur. Başqa sözlərlə başlıq sayı artmasa da, silahların gücü artmış olur.

Rusiyanın quruda yerləşən raket cəbbəxanasına RS-28 Sarmat adlı bir super qitələtarası ballistik raket də daxildir. Həm də Satan 2 kimi tanınan bu raketdə azı 10 nüvə başlığı üçün yuvalar var. Bu başlıqlar lazım gəldikdə tamamilə fərqli hədəfləri vura bilir.

Rusiyanın dövlət mediası bildirib ki, bu raket Texas və ya Fransa boyda ərazini dağıtmağa qadirdir. ABŞ ekspertləri bunun şişirtmə olduğunu bildirirlər, lakin bu qənaətdədirlər ki, söhbət bütün hallarda çox güclü silahdan gedir.

Üstəlik, Rusiyanın yeni qitələrarası raketlərində əlavə başlıqlar üçün yer qoyulub. Əgər Yeni START müqaviləsinin vaxtı bitsə və ya tərəflərdən biri müqavilədən imtina etsə, onda bu əlavə başlıqlar da raketlərə yerləşdiriləcək.

Birləşmiş Ştatların qitələrarası ballistik raketlərində yalnız bir nüvə başlığı var, lakin onlara da daha çox başlıq yerləşdirilə bilər.

Fotonun müəllifi TWEETBEAT
Image caption Ağrının yağışa dəxli yoxmuş

Ağrının yağışa dəxli yoxdur

Qədim yunanlar hələ 2500 il bundan əvvəl yazırdılar ki, yağışlı havalarda insanların "oynaq və sümüklərindəki" ağrılar güclənir. Amma indi Harvard Universitetinin apardığı yeni araşdırma bu qədim təsəvvürü alt-üst edib.

Bu barədə Britaniyada çıxan tibb məcmuəsi - British Medical Journal (BMJ) yazır.

Məqalədə deyilir ki, alimlər bu məsələdə tam əminlik əldə etmək məqsədilə 2008-ci ildən 2012-ci ilədək sahə həkimlərinə müraciət edərək 1, 5 milyon ABŞ pensiyaçısının xəstəlik tarixlərini öyrəniblər.

Xəstəlik tarixlərinə əsasən, yağışlı günlərlə oynaq və bel ağrısı ilə bağlı müraciətlər arasında hər hansı əlaqənin olub-olmadığı araşdırılıb və…heç bir əlaqə aşkar olunmayıb.

Alimlərin fikrincə, bu araşdırma o qədər geniş olub ki, yağışla oynaq ağrıları arasındakı hər hansı əlaqə mütləq üzə çıxmalıydı.

Harvard Tibb Məktəbinin professoru Anupam Jena deyir ki, "neqativ şeyləri isbat etmək həmişə çətin olur".

Alim yarızarafat bildirib ki, "beləliklə, oynaqlarımızın çox pis sinoptik olduğu üzə çıxıb".

Maraqlıdır ki, tutqun hava ilə oynaqların ağrısı arasında əlaqənin olmasına dair inam yüzilliklərdən aşaraq gəlib. Bəzi adamlar hətta özlərinin oynaq ağrısına əsasən yağış və ya qar yağacağının proqnozunu verirlər.

Burası da var ki, bu yanlış inancı bir sıra kiçik elmi araşdırmalar da dəstəkləyib.

Məsələn, Manchester Universitetində davam edən bir araşdırma göstərir ki, fevraldan iyunadək günəşli havaların sayı artdığından xroniki oynaq problemi olanlar özlərini daha yaxşı hiss edirlər. Amma məsələn, iyun ayında yağış yağarsa, ağrılar bir daha özünü göstərir.

Alimlər belə bir fikri də irəli sürürdülər ki, ola bilsin, atmosfer təzyiqinin artıb-azalması oynaqlardakı mayenin axınına təsir edib ağrı gətirə bilər. Yağışlı havalarda atmosfer təzyiqi düşür və bəlkə də buna görə oynaqları xəstə olanlar ağrını məhz yağışla bağlayırlar.

Lakin Harvard Universitetinin alimləri 1, 5 milyon pasientin xəstəlik tarixləri ilə ABŞ Milli Okean və Atmosfer Agentliyinin hava məlumatlarını günbəgün tutuşdurublar və hava ilə ağrı arasında əlaqə tapmayıblar.

Ümumilikdə yağışlı havalarda oynaq ağrısı ilə bağlı müraciətlər bütün müraciətlərin 6,35 faizini təşkil edib. Amma quru havalarda da bu rəqəm təxminən 6,39 faiz olub.

Professor Jena deyir ki, insan beyni əlaqə tapmaqda çox mahirdir və o bu əlaqəni - bəzən əlaqə olmadığı vaxtlarda da tapa bilir.

Məsələn, əgər adamlar yağış yağarkən ayaqlarının ağrıyacağını gözləyirlərsə və ayaqlar ağrımırsa, bu hadisəni tez də unudurlar. Amma yağışla birlikdə baş verən ağrılar daha çox yadda qalır.

Alim deyir ki, həkimlər yadda saxlamalıdırlar: "Yağış yağışdır, ağrı da ağrı".

Bu barədə daha geniş