Bananı "erotik tərzdə yediyi üçün" saxlanan müğənniyə 2 il həbs cəzası kəsilib

Шаймая Ахмед Fotonun müəllifi Shyma

Misir məhkəməsi qadın müğənniyə musiqili videoda alt paltarında çəkildiyinə və "əxlaqsız tərzdə" banan yediyinə görə 2 il həbs cəzası kəsib.

Qalmaqallı videoklip mühafizəkar misirlilərin qəzəbinə səbəb olandan sonra, 25 yaşlı Şimə (Şəimə Əhməd) Misir polisi tərəfindən "əxlaqsızlığa təhrik" maddəsi ilə şübhəli qismində noyabr ayında polis tərəfindən saxlanılmışdı.

Misir mediasının məlumatına əsasən, məhkəmənin qərarı ilə müğənni ədəbsiz videoklip yaymaqda və əxlaqsızlığa təhrik etməkdə təqsirli bilinib.

Klipin rejissoru da qiyabi olaraq eyni müddətə həbs cəzasına məhkum olunub.

Həbs olunmazdan əvvəl videosu ilə tamaşaçıların "hisslərinə toxunduğuna görə" müğənni auditoriyasından üzr istəyib.

"Videonun belə reaksiya doğuracağını gözləmirdim", - Şimə özünün Facebook səhifəsində saxlandıqdan əvvəl yazıb.

Ötən il Misir məhkəməsi üç qadın rəqqasəni əxlaqsızlığı təşviq edən musiqi videosuna çəkildiklərinə görə eyni ittiham əsasında 6 aylıq həbs cəzasına məhkum etmişdi.

Bu arada Şirin Əbdül Vahab adlı daha bir misirli qadın müğənninin də məhkəməsi gözlənilir.

Konsertlərindən birində, tamaşaçıların Nil haqında mahnı oxumaq xahişinə müğənni belə cavab vermişdi: "Nildən su içmək yoluxucu xəstəliyə səbəb ola bilər".

Bundan sonra, müğənni "təxribatçı məlumat yaymaqda" ittiham olunub.

Bazar ertəsi Misir musiqiçilərinin həmkarlar ittifaqı Şirin Əbdül Vahabın çıxışlarına iki ay müddətinə qadağa qoyulduğunu elan edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş