Trump-ın vəkilləri xüsusi prokuror Mueller-i qanunu pozmaqda ittiham edir

President Trump talking to media on White House lawn Fotonun müəllifi Reuters
Image caption Prezident Trump onun Rusiya ilə iddia edilən əlaqələrinin araşdırılmasına dair istintaqı tənqid edir və heç bir yanlışlığa yol vermədiyini bildirir.

Donald Trump-ın prezident seçkisində qələbəsindən sonra Ağ Evə keçidini hazırlamış qrupun vəkili xüsusi prokuror, Robert Mueller-i minlərlə email-i qanunsuz olaraq ələ keçirməkdə ittiham edib.

Bunu, Kory Langhofer Konqres komitələrinə yazdığı məktubunda bildirib.

Lakin Mueller-in sözçüsü "tələb olunan qaydalara əməl edildiyini" vurğulayıb.

Prokuror Mueller Trump-ın prezident seçkisi komandasının Rusiya ilə sövdələşdiyi barədə ittihamların araşdırılması ilə məşğuldur.

Kory Langhofer "Trump Amerika üçün" (TFA) adlı qrupda işləyir.

TFA Trump-ın seçki kampaniyası dövründən başlayaraq Ağ Evə gəlməsinədək dövlət agentliyi olan Ümumi Xidmətlər İdarəsi (GSA) adlı qurumun xidmətlərindən, o cümlədən, email serverlərindən də istifadə edib.

Langhofer məktubunda iddia edir ki, GSA işçiləri "qanunsuz olaraq" TFA-nın daxili email-lərini xüsusi prokurora ötürüb.

Xüsusi prokurora ötürülmüş email-lər, deyilənlərə görə, Trump-ın keçid komandasının 13 üzvünə aiddir.

Onların arasında, Federal Təhlükəsizlik Bürosuna (FBI) yalan məlumat verdiyini boynuna almış Milli Təhlükəsizlik üzrə keçmiş müşavir Michael Flynn də var.

GSA rəsmisi Lenny Loewentritt ittihamları rədd edərək, BuzzFeed nəşrinə bildirib ki, Trump-ın keçid qrupu materialların hüquq-mühafizə orqanlarının ixtiyarına verilə biləcəyindən əvvəlcədən xəbərdar olub.

Bu arada isə, Demokratların təmsilçisi Eric Swalwell Twitter hesabında yazıb ki, irəli sürülmüş ittiham, Trump-ın Rusiya ilə əlaqələrini araşdıran prokuror Mueller-i gözdən salımaq məqsədilə atılan növbəti addımdır.

Bu barədə daha geniş