Britaniya mətbuatı: O biri dünyaya necə getmək istərdiniz: maye, yoxsa gübrə kimi?

meyit Fotonun müəllifi Getty Images

Britaniya mətbuatı yazır ki, Avstriyada yerli millətə qaynayıb-qarışmayan gəlmələri cəzalandıracaqlar; Britaniya mediası dəfn olunmanın yeni yolları barədə məqalə yayıb. "The Telegraph" yazır ki, alimlər cinsi təcavüzkarların cinayət törətməsinin qarşısını alan xüsusi metod kəşf ediblər

Fotonun müəllifi Getty Images
Image caption Foto.Arxiv.

Avstriyada yerli millətə qaynayıb-qarışmayan gəlmələri cəzalandıracaqlar

"Independent" yazır ki, Avstriyanın yeni hökuməti "öz mədəniyyətlərinə bağlılığını saxlayan və Avstriya cəmiyyətinə inteqrasiya olunmaq istəməyən" mühacirlərə qarşı "maliyyə sanksiyaları" tətbiq etməyə hazırlaşır.

Məqalədə deyilir ki, mühafizəkar Xalq Partiyası - OVP və ifrat sağçı Azadlıq Partiyası FPO-nun koalisiyası olan hökumət ölkədəki miqrantların həyatını daha da çətinləşdirəcək bu tədbirlər barədə ötən həftəsonu razılığa gəliblər.

İki partiyanın qəbul etdiyi "siyasət proqramına" görə sanksiyalar, "bilərəkdən və qəsdən Avstriya cəmiyyətinə qaynayıb-qarışmaq istəməyənlərə" tətbiq olunacaq.

Sanksiyalardan birində yerli xalqa inteqrasiya olunmayan miqrantlara yalnız minimum müavinət verilməsi nəzərədə tutulur. Əksinə, belə inadkar miqrantlardan kəsilən pullardan daha asanlıqla avstriyalaşan gəlmələrin ailələrinə "inteqrasiya mükafatları" verilə bilər.

Lakin bu proqramda daha sərt tədbirlər də var. Məsələn, yeni siyasət proqramı sığınacaq istəyənlərin daha sürətlə deportasiya edilməsini təmin etməlidir. Proqramın müddəalarında deyilir ki, "sənədsiz qaçqınların" sığınacaq sorğularına, ümumiyyətlə baxılmayacaq.

Avstriyada hökumət nazirlikləri də iki partiya arasında bölüşdürülüb və ən mühüm güc nazirlikləri - müdafiə və vətəndaşlıq məsələlərinə baxan daxili işlər nazirlikləri ifrat sağçı FPO-nun payına düşür. Xarici işlər və təhlükəsizlik nazirləri də bu partiyanı təmsil edəcəklər.

Mühafizəkarların nəzarətində ədliyyə, maliyyə və təhsil sahələri olacaq.

Proqram sənədində deyilir: "Biz öz vətənimiz Avstriyanı onun bütün mədəni sərvətləri ilə birlikdə qoruyub saxlamaq istəyirik. Biz ölkəmizə kimin mühacirət edə biləcəyi məsələsini də özümüz həll etməli, qanunsuz miqrasiyaya son qoymalıyıq".

İfrat sağçı FPO partiyasının əsası keçmiş nasist zabitlər tərəfindən qoyulub. "The Independent" yazır ki, gənc kansler Sebastian Kurz-un OVP partiyası da miqrasiya və mədəniyyət barədə sağçıların bir sıra şüar və siyasətlərini qəbul etməli olub.

Kurz ölkənin yeni kansleri kimi ötən bazar ertəsi Vyananın Hofburq sarayında and içib. OVP-nin lideri Heinz-Christian Strache isə onun vise-kansleri postuna gətirilib.

İnaqurasiya mərasimi zamanı Hofburq sarayının qarşısında minlərlə insan yeni hökumətə etiraz bildirirdi.

Sözü gedən sərt siyasət proqramını imzalayandan sonra cənab Strache deyib ki, o bu müddəaların tətbiqi zamanı "obyektivliyin təminatı üçün optimallaşdırmanı" özü aparacaq.

2000-ci ildə FPO hökumətə daxil olanda Avropa İttifaqı Avstriya üzərinə bir sıra diplomatik sanksiyalar qoymuşdu, lakin bu sanksiyalar əks-nəticə verməsin deyə az müddətdən sonra qaldırılmışdı.

Yeni hökuməti alqışlayan Britaniya ifrat sağçısı Nigel Farage deyib: "2000-ci ildə FPO-ya görə Avstriyaya qarşı sanksiyalar müzakirə ediləndə, mən Avropa Parlamentində oturmuşdum. İndi 2017-ci ildə yenə də həmin vəziyyətdir, amma bu dəfə heç kim dinmir. Çünki indi avroskeptikləri normal partiyalar kimi qəbul edirlər".

Fotonun müəllifi Getty Images
Image caption Foto. Arxiv

İnsanı "dəfn etməyin" çox yolları var

"The Guardian" yazır ki, "ölmək asan məsələdir", amma eyni sözü insan cəsədinin çürüməsinə aid etmək olmaz.

İndi isə məlum olur ki, bəşəriyyət ölənlərini torpağa tapşırmaqla düzgün hərəkət etmirmiş. Hər yerdə ekologiyadan danışıldığı bir vaxtda nə dəfn, nə də kremasiya (cənazənin yandırılması) səmərəli vasitə kimi görünür.

Birinci halda atmosferə karbon qazından 21 dəfə zərərli olan metan qazı çıxır, ikinci halda isə cəsədin yandırılmasına 56 kubmetr təbii qaz işlənir ki, bu da hər cəsəd üçün 4 kilovat saat elektrik enerjisi deməkdir.

Məqalədə deyilir ki, məhz buna görə də bütün xoşagəlməzliyinə baxmayaraq, insanın başqa dünyaya köçürülməsinin yeni texnoloji yolları üzərində iş gedir.

Bu həftə İngiltərənin Qərbi Midlend əyalətindəki Sandwell dairəsinin bələdiyyə şurası elan edib ki, ölkədə "mayeləşdirilmiş dəfn" üsulunu tətbiq edən ilk inzibati rayon olmaq istəyir. İnsan cəsədini mayeyə çeviriən 300 min funt sterlinqlik dəzgah "Resomator" adlanır.

Qəzet yazır ki, cəsədin Resomator dəzgahında işlənməsi olduqca sadədir. Meyit "torpedoşəkilli" vannaya yerləşdirilir. Bundan sonra içərisində meyit və qələvi məhlulu olan vannaya 152 dərəcə istilik verilir. Vanna qaynadıqdan sonra onun içərisində "çay rəngində" olan maye qalır. Bundan sonra bu maye asanlıqla kanalizasiya şəbəkəsinə buraxıla bilər.

Lakin Britaniyanın Water UK şirkətindən bir rəsmi "Sunday Times" qəzetinə deyib ki, mərhumların kanalizasiyaya buraxılması cəmiyyət tərəfindən çox da xoş qarşılanmaya bilər.

Dənizdə dəfn metodundan hələ qədimlərdə istifadə olunub. Amma bunun müasir versiyasında xüsusi lisenziya və 200 kiloqramlıq beton-metal material lazım gəlir. Belə dəfn adi dəfndən iki dəfə bahadır. Konkret deyilsə, 4 min funt sterlinqə...

"Bəs cəsədin elmə hədiyyə olunması necə? Elmə xidmət xeyirxah bir işdir, amma təkcə ağxalatlı tələbələri düşünməyin" -"The Guardian" yazır.

Texas Universitetinin "cəsəd ferması" dünyada ən böyük belə müəssisədir. Burada müəyyən vaxtlarda 70-dək meyit açıq havada saxlanır və onların təbii çürüməsinə imkan verilir. Təbii çürüməyə bu cəsədlərin heyvanlar tərəfindən yeyilməsi də daxildir. Meyitlərin təbii şəraitdə çürüməsi məhkəmə-tibb ekspertizası elminin inkişaf etdirilməsi üçün lazımdır. Britaniyada da belə bir üsul təklif olunub, amma konkret xəbər yoxdur.

ABŞ-ın Seattle şəhərindəki Ölüm Layihəsinin nümayəndəsi Katrina Spade bildirir ki, onun müəssisəsi insan cəsədlərindən gübrə hazırlanması üzərində işləyir. Kənd təsərrüfatında heyvan əsaslı gübrələrdən artıq istifadə edilir. Bu halda mərhumun qohumlarına həmin gübrədən bir az verilə bilər.

Amma yenə də elə təsəvvür etməyə tələsməyək ki, gübrəmizdən gül-çiçək yetişəcək.

"The Guardian" yazır ki, "adam kimi dəfn olunmağı" daha ziyansız şəkildə davam etdirmək də olar. Zərərli metan qazlarının yaranmaması üçün daha dayaz qəbirlərdə, daha sadə kəfənlərdə dəfn olunmaq kifayətdir.

Necə deyərlər, "torpaqdan yaranan torpağa qayıtsın" deyə.

Fotonun müəllifi KİEFERPİX/GETTY
Image caption Foto. Arxiv

Cinsi təcavüzlərin qarşısını alan beyin implantı hazırlanır

"The Telegraph" yazır ki, alimlər cinsi təcavüzkarların cinayət törətməsinin qarşısını alan xüsusi metod kəşf ediblər. Cinsi davranış xətaları olan insanların beyinlərinə yerləşdirilmiş xüsusi implantlar zərərli impulslara cavab olaraq "beyni söndürə" bilir.

Stanford Universitetinin alimləri bu nəticəyə gəliblər ki, beyin impulsiv davranış aktından əvvəl xüsusi siqnal göndərir.

Bu zaman elektrik fəaliyyyəti beynin "nucleus accumbens" deyilən hissəsində gedir və beynin qida və seks əldə edilməsi kimi davranışlara təkan verən "mükafat mərkəzinə" siqnal göndərilir. Bu siqnal çox böyük məmnunluq hissi yaradır. Elə bir məmnunluq ki, onun təsiri altında olan insan hərəkətlərinin ictimai nəticələri üçün cavabdehlik daşımaya bilər.

İndi isə alimlər təklif edirlər ki, nucleus accumbens nayihəsində elektrik impulsu yarandığı an xüsusi elektrik implantı vasitəsilə həmin impulsu bloklayan əks-impuls verilə bilər.

"The Telegraph" yazır ki, bu metod təkcə cinsi təcavüz təhlükəsi yaradanlara yox, qarınqululuq və ya qumarbazlıq kimi adətləri olan pasientlərə də tətbiq oluna bilər.

Lakin bu metodun potensial xeyri bunlardan da əhəmiyyətli ola bilər.

"Təsəvvür edin ki, intihar cəhdinin, heroin iynəsinin, alkoqolun ziyanlı dərəcədə qəbulunun və ya qəfil hiddət hissinin qarşısı alına bilər" -Stanford Universitetinin neyrocərrahiyyə professoru Casey Halpern deyir.

Alim etiraf edir ki, bütün təhlükəli davranışların siqnalları və onların xarakteri hələ öyrənilməyib və bunlar gələcəyin işləridir.

İndilik aşkar edilən qorxulu siqnalların gəldiyi beyin hissəsidir.

"The Telegraph" yazır ki, beyin implantlarından hazırda, məsələn Parkinson xəstələrində titrəmənin qarşısını almaq üçün istifadə olunur.