Britaniya mətbuatı:Trump onun Qüds qərarına qarşı çıxan ölkələri maliyyə yardımını kəsməklə hədələyib

Fotonun müəllifi Getty Images
Image caption Donald Trump

Trump onun Qüds qərarına qarşı çıxan ölkələri maliyyə yardımını kəsməklə hədələyib

"The İndependent" yazır ki, Donald Trump onun Qüdsü İsrailin paytaxtı kimi tanıyan qərarını tənqid edən ölkələri Amerikanın milyardlarla dollarlıq yardımını kəsəcəyi ilə hədələyib.

Bundan əvvəl ABŞ-ın BMT-dəki səfiri Niki Haley xəbərdarlıq edərək bildirmişdi ki, ABŞ Vashinqtonun hərəkətlərinə qarşı çıxan ölkələrin "adlarını qeyd edəcək".

Trump-ın və Haley-in bu hədələri BMT Baş Assambleyasında Trump-ın Qüdsə dair qərarını ləğv edəcək qətnamənin qəbulu ərəfəsində səslənib.

Bundan əvvəl ABŞ BMT Təhlükəsizlik Şurasında Trump-ın Qüds qərarını potensial olaraq ləğv edən qətnaməyə veto qoymuşdu.

İndi isə xanım Haley BMT-nin üzvü olan 193 ölkənin əksəriyyərinə məktub yazaraq onları ABŞ-ın cavab reaksiyası ilə hədələyib. O yazıb ki, bu, Trump üçün şəxsi məsələdir.

Trump çərşənbə günü öz kabinetinin iclasında xanım Haley-in "pulumuzu alıb bizə qarşı səs verən ölkələrə" cavabını alqışlayıb.

"Onlar bizim milyonlarla, bəzən isə milyardlarla dollar pulumuzu alıb, sonra bizim əleyhimizə səs verirlər" - Trump deyib

"Biz kimin necə səs verməsinə baxacağıq. Qoy əleyhimizə səs versinlər. Pulumuz cibimizdə qalar. Vecimizə deyil" - ABŞ prezidenti deyib.

Bu ayın əvvəllərində Trump müsəlmanların Qüds adlandırdıqları Yerusəlim şəhərini İsrailin paytaxtı kimi tanıyan qərar qəbul edib. O, bundan başqa ABŞ səfirliyinin Tel Əvivdən Yerusəlimə köçürülməsinə göstəriş verib. Beləliklə də, ABŞ prezidenti ABŞ-ın onilliklərdir davam edən xarici siyasət ənənəsini pozub.

Onun bu qərarı bütün dünyada kəskin tənqid edilib, ABŞ-ın Yaxın Şərq sülh prosesində hər hansı mənalı roluna olan ümidləri puça çıxarıb.

Lakin ABŞ Təhlükəsizlik Şurasında qətnaməyə veto qoydurdan sonra fələstinlilər bu qətnamənin BMT Baş Assambleyasında səs qoyulmasını istəyirlər.

"The İndependent" yazır ki, Birləşmiş Krallıq qətnaməni Təhlükəsizlik Şurasında dəstəkləyib və böyük bir ehtimalla Baş Assambleyada da eyni addımı atacaq.

Təhlükəsizlik Şurasından fərqli olaraq Baş Assambleyada qəbul olunan qətnamələrin hüquqi məcburiyyət gücü yoxdur, hərçənd belə qətnamələr dünya rəyini ifadə edir.

Sözü gedən qətnamənin həmmüəllifləri İslam Əməkdaşlığı Təşkilatının sədri olan Türkiyə və BMT-dəki Ərəb qrupuna rəhbərlik edən Yəməndir.

Sözü gedən qətnamə Təhlükəsizlik Şurasına təqdim edilmiş layihənin demək olar eynidir. Burada 1967-ci ildən bəri Təhlükəsizlik Şurasının Qüdsə aid 10 qətnaməsinə istinad edilir. Bu qətnamələrdə bildirilir ki, Qüds şəhərinin statusu fələstinlilər və İsrail arasında gedən danışıqlarda müəyyən edilməlidir.

Fotonun müəllifi AFP
Image caption Foto Arxiv: İslam Kərimov

Britaniya mətbuatı: İslam Kərimova Moskvada abidə yaradan londonlu heykəltəraş tənqid olunur

"The Guardian" yazır ki, Özbəkistanın mərhum prezidenti İslam Kərimov yeni tarixin ən qəddar diktatorlarından biri kimi tanınır. Məqalədə deyilir ki, Kərimov rejimi tənqidçilərini həbsxanalara atıb, onlara işgəncələr verib və 2005-ci ilin mayında Əndican şəhərində yüzlərlə dinc nümayişçini gülləbaran edib.

"The Guardian" yazır ki, onun bu reputasiyasına baxmayaraq aparıcı Britaniya heykəltəraşlarından biri Kərimovun Moskvada açılacaq xatirə abidəsi üzərində işləyir.

Məqalədə deyilir ki, heykəltəraş Paul Day-in Əfqanıstan və İraqda xidmət etmiş Britaniya əsgərlərinə həsr olunmuş abidəsinin açılışını bu il kraliçanın özü edib. İndi heylkəltəraş Özbəkistan hökuməti və Kərimovun qızlarının sifarişini qəbul etdiyinə görə kəskin tənqid olunur.

"Kərimov hakimiyyətinin 25 ili ərzində dəhşətli insan haqları pozuntuları baş verib, - Human Rights Watch təşkilatının direktorlarından Hugh Williamson deyib, - Ona abidə ucaldılması bütün bu dəhşətli tarixə məhəl qoyulmaması, tarixin yenidən yazılması deməkdir".

Bu ilin əvvəllərində Kərimovun qızı Lola Kərimova-Tillyaeva Facebook səhifəsində yazmışdı ki, Moskvada heykəltəraş Day-lə görüşüb və şəhərin hakimiyyət orqanları ilə abidə layihəsini müzakirə edib.

Day "The Guardian" qəzetinə bu iş üçün sifarişi qəbul etdiyini etiraf etsə də, başqa təfərrüatlar verməkdən boyun qaçırıb. O deyib ki, abidənin gələn yay açılacağı gözlənilir.

Day Londonun ictimai yerlərini bəzəyən bir sıra maraqlı işlərin müəllifidir. Bunlardan biri də St Pancras dəmiryolu vağzalındakı "Görüş yeri" heykəlidir.

Day telefon müsahibəsi zamanı deyib ki, hazırkı vaxtda Kərimovun xatirəsinin əbədiləşdirilməsinin etik tərəfi barədə söhbət etməyə hazır deyil.

Heykəltəraş deyib ki, o iki dəfə Özbəkistanda olub və araşdırma aparıb.

"Mən bu işi Özbəkistan hökuməti, Kərimovun ailəsi və ümumilikdə adamlar üçün böyük ruh yüksəkliyi ilə görürəm" - Day deyib .

"The Guardian" yazır ki, Kərimovun hakimiyyəti illərində onun öz ailəsi təmtaraq içərisində yaşasa da, özbək xalqının əksəriyyəti gününü dəhşətli yoxsulluqda keçirirdi. Onun qızı Gülnara Kərimova gözdən düşənədək müğənnilik edib pop mahnıları yazdırır, özünün cəvahirat və ətir brendlərini açırdı. O, 2014-cü ildən bəri ictimaiyyət arasında görünmür, prokurorlar isə bildirirlər ki, prezident qızına qarşı dələduzluq və çirkli pulların yuyulması ittihamları irəli sürülüb.

Mərhum prezidentin digər qızı Kərimova-Tillyaeva fotoşəkillərdə tez-tez Avropanın kübar məclislərində görünür və əri ilə birlikdə çoxmilyonluq bizneslər paketinə malikdir. O, 2011-ci ildə bir Fransa jurnalını, onun barəsində "diktator qızı" yazdığına görə məhkəməyə verib, lakin bu mühakiməni uduzub.

Sözü gedən abidə də Karimova-Tillyaevanın başçılıq etdiyi Kərimov Fondu tərəfindən maliyyələşdirilir. Abidə Moskvanın mərkəzindəki Özbəkistan səfirliyi binasının qarşısında qoyulmalıdır. Səfirliyin qarşısındakı meydana ötən il Kərimovun adı verilib.

Moskvada mənzillənmiş Fergana xəbər agentliyinin baş redaktoru Daniil Kislov deyib ki, bu abidənin qoyulmasında məqsəd ilk növbədə Özbəkistan və Rusiyanın müttəfiq olduqlarını vurğulamaqdır.

Kərimovun hökuməti pambıq yığımı zamanı icbari uşaq əməyindən istifadəyə görə tənqid olunurdu.

İqtisadi çətinlik milyionlarla özbəyin Rusiyanın şəhərlərində çox vaxt dəhşətli şəraitdə işləməsinə və yaşamasına səbəb olub.

"Əgər sən Kərimova abidə qoymaq istəyirsənsə, bu abidə reallığı - Əndicanda ölənləri, milyonlarla miqrant işçini, siyasi repressiyaları və iqtisadi çürüməni əks etdirməlidir" - deyib Kislov.

Moskva Ali İqtisad Məktəbindən Vera Leonova deyib ki, Day bu sifarişi qəbul edərkən bunun etik tərəfləri barədə düşünməliydi.

"Görəsən Paul Day Özbəkistanda araşdırma aparıb Kərimov hakimiyyətinin nəticələrini aşkar edibmi? O bu sifarişin onun reputasiyasına təsiri barədə düşünübmü?" - deyə sual edib Leonova.

Day bu kimi sualları rədd edərək deyib ki, o siyasətçi və jurnalist deyil və buna görə də uzunmüddətli keyfiyyət və gözəllik yaratmaq üzərində düşünür.

"Gördüyüm bütün işlər mənim karyerama müsbət də, mənfi də təsir edə bilıər. Həyat imkan təklif edir, mən də axınla gedirəm" - deyib heykəltəraş.

Lakin Moskvanın mərkəzindəki Yakimanka rayonunun yerli icra hakimiyyətindən Andrey Morev deyib ki, abidənin qoyulacağı yerə yaxın yaşayan 100-dək sakin artıq etiraz petisiyası imzalayıb. Onlar internetdə bu abidənin məhəllələrində qurulması planlarına hiddət bildirilər.

Amma Morev deyib ki, sakinləri məsələnin siyasi tərəfi narahat etmir.

"Onlar orada ümumiyyətlə heç bir heykəl olmasını istəmirlər" - deyib Morev.

Yakimankanın yerli bələdiyyə şurası 8-1 nisbətində səsvermə ilə bu abidəyə verilmiş icazənin ləğvi barədə qərar çıxarıb. Lakin belə görünür ki, mərkəzi Moskva hökuməti qərarını dəyişmək niyyətində deyil.

Leonova isə bildirir ki, bu abidə barədə bütün söhbətlər bağlı qapılar arxasında aparılıb və heç bir ictimai müzakirə açılmayıb.

Bu barədə daha geniş