Britaniya mətbuatı: Heç demə bu Şaxta baba əyyaşın və gombulun biriymiş…

Fotonun müəllifi Getty Images
Image caption Məşhur və müqəddəs Nikolas və ya Santa Klaus və ya Şaxta baba uşaqlara Yeni ildə hədiyyələr paylayır.

Heç demə bu Şaxta baba əyyaşın və gombulun biriymiş…

"The Telegraph" qəzetinin yazdığını görə İngiltərə Kral Sahə Həkimlərinin Kolleci balacalara Şaxta baba üçün ənənəvi xeres qədəhi hazırlamamağı tapşırıb. Alimlər deyirlər ki, Şaxta babaya ümumiyyətlə spirtli içki vermək olmaz.

Qəzet yazır ki, uşaqlar məşhur və müqəddəs Nikolası və ya Santa Klausu və ya Şaxta babanı yekə qarnından, turp kimi qırmızı yanaqlarından və burnundan, bir də ağzından heç düşməyən qəlyandan tanıyırlar.

Lakin professor Helen Stokes-Lampard deyir ki, sadaladığımız bütün əlamətlər Şaxta babanın çox ciddi xəstəliklərindən, qeyri-sağlam həyat tərzindən xəbər verir.

Xanım Stokes-Lampard deyir ki, üzünə baxanda Santanın alkoqolizmdən, stresdən, podaqradan və yuxusuzluqdan əzab çəkdiyini demək olar.

Professorun sözlərinə görə, bir az dərinə getsən qoca babanın hələ Laym xəstəliyi də ola bilər, çünki o bütün günü özünün maralları ilə bir yerdədir. Bu marallarda isə həmin Laym xəstəliyini yayan gənələr olur.

Bir sözlə Şaxta baba ağlını başına yığıb içkinin daşını atmasa, qarınqululuğuna son qoymasa, idman eləməsə, bizim bacalarımızdan hədiyyə atan kimsə olmayacaq.

"Onun çəkisi normadan artıqdır. Bizsə onun bu bəlasına kömək etməkdənsə, onu gücləndiririk. Pəncərə kənarlarına çəkilmiş ət piroqu və peçenyelər düzürük ki, o bunları yesin. Hələ mən südü və alkoqolu demirəm" - deyib professor Press Association xəbər agentliyinə.

"Ola bilsin ki, onun podaqrası var, çox güman o artıq əyyaşdır. Deyəsən, gecələri də yatmır, çox işləyir və ruhi sağlamlığının qayğısına qalmır" - bildirib alim.

Həkimlər deyirlər ki, elə hey şirin çaxır içməsi, ət piroqları yeməsi, yalnız gecə növbələrində çalışması onun xəstəxənalıq olduğunu göstərir.

Amma professor Stokes-Lampard bunu da deyir ki, Milad atanın (Şaxta babaya ingilislər belə də deyirlər) dərdinə çarə tapmaq olar. Məsələn, o, evbəev hədiyyə paylayanda yayxanıb kirşədə oturmaqdansa, bir azca piyada gəzsə pis olmaz.

Stokes-Lampard əlavə edir: "Əlbəttə, Şaxta baba çox əxlaqlı adamdır, uşaqlara nümunə ola bilər. Axı o almaqdansa, hədiyyə verməyə adət edib. Bunun özü çox yaxşı xasiyyətdir. Bir az həyat tərzini dəyişib idman etsə nə olar ki?"

Alimin sözlərinə görə, Şaxta babanın bir neçə çox qorxulu mərəzləri var və bunları vaxtında müəlicə etdirməsi ağır fəsadlar verə bilər.

"Əgər cənab Klaus mənim qəbuluma gəlsəydi, - deyir həkim, - Mən ona daha sağlam pəhriz və daha çox fiziki təmrin məsləhət görərdim. Bir də ona deyərdim ki, içkini bir az azaltsın. Elə bizim çoxumuz da bu faydalı məsləhəti Milad bayramı günlərində unuduruq. İçki hələ heç kimə xeyir gətirməyib".

Alim bildirir ki, insan orqanızmi 1 saata yalnız 1 vahid spirtli içki (bir qədəh viski/araq, bir parç pivə, bir bokal şərab) götürə bilər. Dalbadal içmək Şaxta babanı sərxioş edər axı…

"O sürüşüb yıxıla, oyuncaqlar bir yana öz əl-ayağını sındıra bilər. O içməkdə belə davam eləsə, sonra əhval-ruhiyyəsi də yaxşı olmaz" - deyir professor.

Sonda professor hamıya məsəhət görür: "Birdən Şaxta baba sizə gəlsə, ona içki-zad verməyin. Bu bayramda içməsə heç nə olmaz. Əvəzində qoy sevimli maralı Rudolfun kök payından yesin. Cana xeyri var".

Image caption "Oyun xəstəliyi" ciddi bir tibbi pozuntu kimi qeyd olunacaq

Kompüter oyunlarına aludəçilik rəsmən xəstəlik kimi tanına bilər

"The Indepenent" yazır ki, kompüter oyunlarına aludəçilik tezliklə ruhi xəstəlik kimi tanına bilər.

Xəstəliklərin Beynəlxalq Təsnifatı - Dünya Səhiyyə Təşkilatının (DST) vaxtaşırı təzələdiyi diaqnostika təlimatıdır. Bu təlimat kitabı son dəfə 27 il bundan əvvəl, 1990-cı ildə təzələnib.

Təlimat kitabçasının 11-ci nəşri 2018-ci ildə işıq üzü görəcək. Bu nəşrdə "oyun xəstəliyi" ciddi bir tibbi pozuntu kimi qeyd olunacaq.

Bu xəstəliyin adının necə olacağı hələlik dəqiqləşdirilməyib. Lakin New Scientist jurnalı yazır ki, bundan əvvəl sözü gedən halın tam izahatı və açımı verilməlidir. Başqa sözlərlə, kimi bu xəstəlikdən əzab çəkən kimi tanımaq olar?

DST-nin Ruhi Sağlamlıq və Narkotik Maddələrdən Sui-İstifadə şurasının üzvü Vladimir Poznyak qeyd edir ki, "oyun xəstəliyinin" ciddi bir ruhi pozuntu olmasının qeydiyyatı xüsusi önəm daşıyır.

"Səhiyyə sahəsinin peşəkarları oyun aludəçilyinin ciddi sağlamlıq problemi olduğunu qəbul etməlidirilər, - deyir alim, - Video oyunlarını oynayanların böyük əksəriyyəti xəstə deyil. Necə ki, bütün içki içənləri alkoqolik hesab etmək olmaz. Lakin müəyyən hallarda alkoqoldan aşırı istifadə konkret xəstəliyə yol açır".

Ötən il Oksford Universitetinin İnternet İnstitutu video oyunları oynayanların arasında buna aludə olanların faizini çıxaramağa cəhd göstərib.

American Journal of Psychiatry jurnalında dərc olunmuş nəticələrə görə Birləşmiş Krallıq, ABŞ, Kanada və Almaniyada müayinə edilmiş 19 min könüllüdən yalnız 2-3 faizinə aludəçilik diaqnozu qoyulub.

Psixiatrik və ruhi xəstəliklərin müəyyənləşdirilməsi üçün Amerika Psixiatrik Assosiasiyasının (APA) simptomlar toplusundan istifadə olunur.

Bir neçə il bundan əvvəl APA "internet oyunları xəstəliyi" kimi qiymətləndirilə biləcək 9 standart simptom müəyyən edib. Bu simptomlara narahatlıq və antisosial davranış da daxildir.

Oksford Universitetindən doktor Andrew Przybylski bu tapıntıları təhlil edib.

O deyib ki, oyun xəstəliyinin bütün potensial təhlükələri hələlik tam öyrənilməyib.

Alim vurğulayır ki, əvvəlcədən proqnozlaşdırılmasına baxmayaraq potensial aludəçiliklə sağlamlığa mənfi təsir arasında aşkar əlaqə müəyyən edilməyib. Buna baxmayaraq alimlər oyun oynamaq şakərinin başqa aludəçiliklər kimi ziyanlı olub-olmadığını dəqiqləşdirməlidirlər.

"The Independent" yazır ki, elmi araşdırmaların nəticəsindən asılı olmayaraq insanların internet oyunlarına sərf etdikləri vaxt heyrətamizdir.

Alimlər 500 internet oyununun həvəskarları arasında sorğu apararkən aşkar ediblər ki, bu adamların 10 faizi oyun oynamağa gündə 10-12 saat vaxt sərf edir.

Bu barədə daha geniş