Fələstin lideri Mahmud Abbasdan ABŞ-a Qüds cavabı: Heç bir sülh planınızı qəbul etməyəcəyik

Mahmud Abbas Fotonun müəllifi AFP

Fələstin lideri Mahmud Abbas Donald Trump-ın Qüdsün İsrailin paytaxtı olaraq tanınması qərərından sonra ABŞ tərəfindən təklif ediləcək heç bir sülh planını qəbul etməyəcəklərini deyib.

Parisdə Fransa prezidenti Emmanuel Macronla görüşdükdən sonra keçirilən ortaq mətbuat konfransında danışan Abbas, "ABŞ tərəfindən irəli sürülən heç bir planı qəbul etməyəcəyik" deyə bildirib.

Abbas, BMT-də Qüdsün paytaxt elan edilmə qərarına qarşı səs verən ölkələrə maliyyə yardımını kəsməklə təhdid edən ABŞ prezidenti Donald Trumpı da qınayıb.

Cümə axşamı BMT Baş Assambleyasında, Trump-ın tək tərəfli olaraq Qüdsün İsrailin paytaxtı olaraq tanıması qərarını real olaraq keçərsiz hesab edən qətnamə böyük səs çoxluğu ilə qəbul edilib.

Lakin 128 səslə qəbul edilən qərarın məcburiliyi yoxdur.

Fotonun müəllifi Reuters
Image caption Görüşdən sonra Mahmud Abbas və Emmanuel Macron Elysee sarayından qolqola çıxıb

Macron: Fransa, iki dövlətin iştirakı ilə sülhün tərəfdardır

Fransa prezidenti Emmanuel Macron da mətbuat konfransında ölkəsinin İsrail və Fələstinin yanaşı və sülh içində yaşayacağı "iki dövlətin iştirakı ilə sülh" fikrini hələ də dəstəklədiyini vurğulayıb.

Macron, Fransanın "zaman gəldikdə" Fələstin dövlətini, qeyri-şərtsiz tanıyacağını da deyib.

Bu gün Fələstin torpaqlarında ABŞ-ın qərarından sonra başlayan nümayişlərin davam edəcəyi gözlənilir.

Bu barədə daha geniş