Britaniya mətbuatı: Erdoğan türklərin artmasını istəsə də, statistika bunun əksini göstərir

Fotonun müəllifi AFP
Image caption Recep Tayyip Erdoğan türk qadınlarını çox uşaq doğmağa çağırsa da, statistika əhalinin artmadığını göstərir

Erdoğan türklərin artmasını istəsə də, statistika bunun əksini göstərir

"The Guardian" yazır ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğan çıxışlarında tez-tez türk qadınlarını ən azı üç uşaq doğmağa çağırır.

Məqalədə deyilir ki, bir çoxları prezidentin bu patriarxal çağrışının həqiqətə uyğun olmadığını bilirlər.

Statistik həqiqət isə bundan ibarətdir ki, Türkiyədə əhali artımı artıq dayanıb. Bundan başqa, ölkədə doğum tempi Birinci Dünya Müharibəsindən bəri ən aşağı həddə düşüb.

Türkiyə özünün 79,5 milyonluq əhalisi ilə Avropada Almaniyadan sonra ikinci olsa da, onun orta yaş rəqəmi 2009-cu ildə olan 28, 8 yaşdan 31,5 yaşa qalxıb.

Türkiyə Statistika İdarəsinin məlumatına görə, əhalinin doğum tempi ilə əhalinin əvəzlənməsi rəqəmi arasında olan nisbət 2016-cı ildə 2,1-ə enib.

"The Guardian" yazır ki, doğum tempi, əsasən, böyük şəhərlərdə azalır və əhali ilə bağlı ümumi vəziyyəti az-çox normal saxlayan kənd yerlərindəki artımın hələ də yüksək olmasıdır.

Adının çəkilməsini istəməyən bir həkim bildirir ki, yuxarı təbəqəyə daxil insanlar bir, uzağı iki övladla kifayətlənirlər.

Həmin həkim "The Guardian" qəzetinə bildirib ki, çoxuşaqlı ailələr əhalinin aşağı təbəqəsinə aiddir.

Məqalədə deyilir ki, Türkiyə qonşu ərəb xalqları və Avropa kimi dilemma ilə üzləşib.

Məqamlardan biri budur ki, kifayət qədər iş yerlərinin olmadığı şəraitdə gənc əhalinin artması böhrana və işsizliyə səbəb ola bilər.

Digər tərəfdən, doğum tempinin aşağı düşməsi Türkiyəni Avropanın üzləşdiyi problemlə üzbəüz qoyur.

"Türkiyənin əhalisi heç vaxt 100 milyona çatmayacaq, - Koç Universitetindən professor Ahmet İçduyğu deyir, - Böyük əhalinin güclü dövlət olması barədə hökm 20-ci əsrə aid bir şeydir. Biz qarşıdan gələn 50 ildə Avropa ölkələrinin üzləşdiyi əhali problemi ilə baş-başa qalacağıq",

Professor deyir ki, digər tərəfdən cavanlar normal təhsil ala bilmirlərsə, iqtisadi sistem onları öz qucağına almırsa, onda ölkə qaçqın əhalisinin ölkə əhalisinə inteqrasiyası kimi bir problemlə üzləşəcək.

Burası da var ki, statistik məlumatlar Türkiyədə kənd yerlərində yaşayan əhalinin artımı böyük şəhərlərdəki artımı kölgədə buraxır.

Qərbi Avropaya daha yaxın Edirne kimi yerlərdə əhali artımı 1,5 faiz olmaqla çox aşağıdır. Amma əhalisi, əsasən, kürdlər olan Şanlıurfada artım reyti 4,33-dür.

İstanbul bələdiyyəsinin doğum və əhali artımı kimi məsələlər barədə mühazirələr oxumaq üçün səfərbər etdiyi professor Enver Kurt deyir ki, havanın və suyun çirklənməsi, siqaret çəkilməsinin geniş yayılması, habelə böyük şəhərlərin gündəlik stresi və zöhrəvi xəstəliklərin geniş yayılması doğum probleminin yaranmasına səbəb olub.

Professorun hesablamalarına görə, Türkiyə əhalisinin 15-20 faizi uşağa qalmaqda çətinliklə üzləşir. Bu əslində orta Avropa göstəriciinə tamamilə uyğunduir.

Doğum tempinin aşağı düşməsinə digər bir səbəb isə Türkiyənin modernləşməsi, qadınların təhsil və karyera imkanlarının artmasıdır.

"The Guardian" yazır ki, Türkiyədə əhali artımını məhdudlaşdıran faktorların əksəriyyəti təkcə Türkiyəyə xas deyil. Lakin Türkiyədə əlavə 3 milyon da qaçqın var.

Bunların əksəriyyəti tezliklə Türkiyə vətəndaşının pasportu üçün müraciət edə bilər. Hacettepe Universitetində aparılmış bir araşdırmanın nəticələrinə görə, 2017-ci ildə Türkiyədəki suriyalı analar 90 min uşaq doğmuş olacaqlar. Ümumilikdə isə 2011-2016-cı illər arasında Türkiyədəki suriyalı analar 177 min uşaq doğublar.

Hacettepe Universitetinin Miqrasiya Araşdırmaları departamentindən professor Murat Erdoğanın hesablamalarına görə, bundan sonra qaçqınlar hər il dünyaya 100 min uşaq gətirəcəklər.

Professorun sözlərinə görə, bu, əhali artımına çox güman kömək edəcək, amma digər tərəfdən İslamın ölkədəki nüfuzunu daha da artıracaq.

Fotonun müəllifi AFP
Image caption Foto Arxiv: Şahzadə Əl Valid və xanımı şahzadə Əmirə Londondakı Savoy otelinin açılışında

Səudiyyə vəliəhdi qohumu şahzadəni azad etmək üçün 6 milyard dollar tələb edir

"The Telegraph" xəbər verir jki, Səudiyyə Ərəbistanının hakimiyyət orqanları dünyanın ən varlı adamlarından biri olan şahzadə Əl-Valid bin Təlaldan əsirlikdən azad olunması üçün 6 milyard dollar ödəməsini tələb edir.

Hazırda şahzadə bin Təlal onlarca başqa zəngin səudiyyəli kimi Riyadın bahalı otellərindən birində saxlanır.

Buradakı zəngin səudiyyəlilərə sərvətlərini təhvil verib azad olmaq tələb edilir.

Bin Təlal və başqaları Səudiyyədə vəliəhd şahzadə Məhəmməd bin Salmanın antikorrupsiya əməliyyatı zamanı həbs ediliblər.

Bütün dünyanın 57-ci zəngin adamı sayılan Bin Təlal ötən ay həbs edilib və paytaxtın dəbdəbəli Ritz Carlton otelində saxlanır.

Səudiyyədən alınan xəbərlərdən başa düşmək olar ki, bahalı mehmanxananın dustaqlarından bir çoxu, necə deyərlər, yığdıqları sərvəti qaytararaq azadlığa çıxıblar. Lakin əl-Validdən tələb edilən pulun məbləği həqiqətən də ağırdır. Ondan 6 milyon dollar ödəməsi tələb olunur.

Şahzadə əl-Validə qarşı reket, rüşvət və çirkli pulların yayılması kimi ittihamlar irəli sürülüb.

Bəzi məlumatlara görə, Əl-Validin sərvəti 18 milyard dollar təşkil edir. Onun Citi Bank, Disney, Twitter və Londonun Savoy otelində böyük mülkiyyət payı var.

Səudiyyədən gələn xəbərlərdən məlum olur ki, Əl-Valid ondan tələb edilən məbləği verməkdən imtina edib. O bildirib ki, bu qədər pulu təhvil versə, demək ki, ona qarşı irəli sürülən ittihamları təsdiq etmiş olur.

Bundan başqa 6 milyard dollardan məhrum olması şahzadə əl-Validin bütün ömrünü həsr etdiyi biznes imperiyasını çökdürə bilər.

Şahzadəyə yaxın mənbə "The Wall Street Journal" qəzetinə bildirib ki, əl-Valid ona qarşı ittihamların qanun üzrə araşdırılmasını istəyir.

Ötən ay mərhum kral Abdullahın oğlu şahzadə Mutayib bin Abdullah azad edilməsi üçün 1 milyard dollar ödəməli olub.

Son məlumatlara görə, Səudiyyədəki antikorrupsiya həbsləri zamanı 320 nəfər saxlanıb.

Ötən ay "New York Times" qəzetinə müsahibə verən Məhəmməd bin Salman demişdi ki, 1980-ci ildən bəri hər il büdcənin 10 faizi korrupsiyaya görə itirilmiş olur.

Bu da xəbər verilir ki, həbs edilənlərin 95 faizi artıq onlardan tələb edilən pulu verib azad olunublar, lakin həbs edilənlərdən azı bir faizi təqsirsizliyini sübuta yetirə bilər.