Cinsi zəmində təhqir və təcavüzə məruz qalanların paltarını toplayan qadın

The jump suit Fotonun müəllifi Asif Saud
Image caption Jasmeen Patheja, seksual zəmində təcavüzə məruz qalanların paltarlarını nümayiş etdirir.

Seksual zəmində təhqirə məruz qaldıqlarına görə çox vaxt qurbanların elə özü təqsirləndirilir və onlara verilən əsas sual belə olur: "Əyninizə nə geyinmişdiniz?".

Hindistanlı sənətçi və fəal Jasmeen Patheja, təhqir və təcavüz qurbanlarının hadisə baş verən zaman onların əyinlərində olan paltarları toplayır.

Bu işin məqsədi, həmin hadisələrə görə paltarı bəhanə kimi gətirilməsinin yersiz olduğunu sübut etməkdir, BBC əməkdaşı Geeta Pandey qeyd edir.

Onun Banqalordakı evində onlarla belə paltar toplanıb.

Bu, Jasmeen Patheja-nın, təhqir və təcavüzə məruz qalmış qadınların hadisə zamanı əyinlərində olmuş paltar kolleksiyasıdır.

Fotonun müəllifi Asif Saud
Image caption Paltar muzeyi Jasmeen Patheja-nın evindəki balaca bir otaqda təşkil edilib.

Biz rəflərin qabağından keçdiyimiz zaman o, kolleksiyasında toplanmış paltarların çeşid müxtəlifliyini göstərərək, qadınların cinsi zəmində təhqir və təcavüzə qalmalarının, onların hansı paltar geyməsindən asılı olmadığını qeyd edir.

Fotonun müəllifi Asif Saud

"Belə zorakılığa haqq qazandırmaq mümkün deyil, bunun geyimlə heç bir əlaqəsi yoxdur və belə hərəkətə heç kim məruz qalmaq istəmir, - fəal deyir, - Bu layihədə bizim ümumi ağrı-acımızdan bəhs edən əhvalatlar toplanıb".

Onun layihəsinin adı belədir: "Mən heç vaxt bunu xahiş etməmişəm".

Jasmeen Patheja cinsi zəmində zorakılığa qarşı mübarizəyə təxminən 15 il bundan əvvəl başlayıb, Kəlkətədən Banqalora oxumağa gəldikdən sonra.

"Mən Banqalora təzə gəlmişdim, 23 yaşım var idi və qaçıb sığına biləcəyim ailəm yox idi", - o deyir.

"O dövrdə küçədə edilən təhqirə hamı barmaqarası baxırdı, sadəcə bir "sataşma" halına kimi. Belə hallar normal qəbul edilirdi, onların ətrafında fikir verməmə və sükut mühiti hökm sürürdü", - Jasmeen davam edir.

Fotonun müəllifi Asif Saud
Image caption Jasmeen Patheja-nın deyir ki seksual zəmində təhqirə bəraət qazandırmaq mümkün deyil.

Sükut mühitini qırmaq üçün Jasmeen həmkarları ilə bu mövzuda söhbətləşmək, fikir mübadiləsi aparmaq qərarına gəlir.

Fotonun müəllifi Asif Saud
Image caption Blank Noise qrupu ictimai yerlərdə təhqirə məruz qalanlardan yüzlərlə ifadələr alıb.

Nəticə onun üçün gözlənilməz olur.

Məlum olur ki, az qala, hər bir qadın belə hallarla küçədə üzləşib - sataşma, ələsalma, toxunma və əlləmə halları ilə.

Və belə hallarla bağlı qadınlara verilən suallardan həmişə belə nəticə çıxıb ki, günah təhqir və təcavüzə məruz qalan qadının özündədir - ola bilsin ki, qadının özü elə bir hərəkət edib ki, qarşı tərəfi ona sataşmağa sövq edib - misal üçün, paltarı açıq-saçıq olub və ya işdən gecə saatlarında qayıdıb və ya, bəlkə, içkili olub: sözün qısası, günah qadında olub.

"Qızlar qorxu mühitində böyüdülür, onlara həmişə təlqin olunur ki, əgər onların başına bir iş gəlirsə, deməli, nəsə bir yanlışlığa yol veriblər", - Jasmeen deyir.

Bu, qorxu mühitini yarmaq üçün o, 2003-cü ildə Blank Noiseadlı qrup yaradır.

"Biz hesab edirik ki, qınaq xəcalət hissi doğurur, xəcalət özünü təqsirləndirməyə yol açır, təqsir hissi sükutu gücləndirir, qurbanı susdurur, nəticədə cinsi zəmində təhqir halları təkrarlanır, davam edir", - Jasmeen qeyd edir.

Fotonun müəllifi Asif Saud
Image caption Qırmızı rəngli libas dul qadın tərəfindən muzeyə verilib. Hindu dul qadınlarına qırmızı geymək qadağandır, bu libası geydiyinə görə həmin qadın tənqid edilmişdi.

Qorxu hissinə qalib gəlmək üçün bu barədə danışmaq lazımdır, Jasmeen Patheja deyir və "Mən heç vaxt bunu xahiş etməmişəm" adlı layihənin tərkib hissəsi olan Blank Noise qrupu belə hallara dair qadınlardan ifadələr toplamaqla məşğuldur.

Qrupun topladığı materiallarda qurbanların adı, yaşı, nəyin baş verdiyi, hadisənin yeri və vaxtı, qadının hansı geyimdə olduğu, onların nə etdiyi və nə etmək istədiyi qeyd olunub.

Qadınlardan biri avtobusda ortayaşlı kişi tərəfindən təhqir olunduğuna görə oturduğu yeri dəyişdiyini yazıb, məktəb şagirdi iki kişinin velosipedlə onu təqib etdiyini, daha bir qadın isə müxtəlif şəhərlərdə dəfələrlə əlləndiyini yazıb.

Fotonun müəllifi Asif Saud
Image caption Bu paltarı isə ailə zorakılığının qurbanı gətirib - qadın deyib ki, həmin libası əri ona hədiyyə edib, lakin libası geyindiyi ilk gündə də, o, ərinin zorakı rəftarına məruz qalıb.

İfadələri yazan 14-16 yaşlı qızlardan tutmuş 30-40 yaşı olan və hətta daha da yaşlı olan qadınlardır.

Qadınların, demək olar ki, hamısı hadisə baş verən an hansı geyimdə olduqlarını təsvir edib.

Jasmeen Patheja deyir ki, həmin ifadələrin nəticəsində paltar muzeyi təşkil ideyası yaranıb.

"Biz insanlardan xahiş etdik ki, hansı paltarda təhqir və ya təcavüzə məruz qaldıqlarını yadda saxlasınlar, həmin paltarları bura gətirsinlər, çünki həmin paltar onların yaddaşında həkk olunub, bu yaddaş isə onların şahidliyi və onların səsidir", - Jasmeen Patheja vurğulayıb.

Bu barədə daha geniş