Britaniya mətbuatı: "Adın Məhəmməddirsə, Milad bayramını təbrik edə bilməzsən…"

Mo Farah Fotonun müəllifi PA

Bu gün Britaniya mətbuatı yazır ki, Almaniyanın xarici işlər naziri Sigmar Gabriel Britaniya və Avropa İttifaqı arasında "ağıllı" Brexit İttifaqın Türkiyə və Ukrayna da daxil başqa ölkələrlə münasibətləri üçün model sayıla bildiyini deyib. "The Guardian"a görə, Kreml Rusiya hökumətinin kəskin tənqidçisi Aleksey Navalnının seçkiyə buraxılmamasının seçkinin legitimliyi üçün əngəl yaradacağına dair iddiaları rədd edib. "The Independebt" yazır ki, 4 dəfə Olimpiya qızıl medalçısı Məhəmməd Farah Instagram hesabından adamlara Milad təbriki göndərdikdən sonra çoxsaylı irqçi mesajlar alıb.

Fotonun müəllifi Getty Images
Image caption Almaniyanın xarici işlər naziri Sigmar Gabriel deyib ki, Britaniya və Avropa İttifaqı arasında "ağıllı" Brexit İttifaqın Türkiyə və Ukrayna da daxil başqa ölkələrlə münasibətləri üçün model sayıla bilər.

Türkiyə Avropa İttifaqına girişi Britaniyanın çıxışından öyrənməlidir?

"Financial Times" qəzetinin yazdığına görə, Almaniyanın xarici işlər naziri Sigmar Gabriel deyib ki, Britaniya və Avropa İttifaqı arasında "ağıllı" Brexit İttifaqın Türkiyə və Ukrayna da daxil başqa ölkələrlə münasibətləri üçün model sayıla bilər.

"Əgər biz Birləşmiş Krallıqla münasibətlərimizi tənzimləyən ağıllı bir razılaşma əldə edə bilsək, bu, başqa ölkələr üçün model ola bilər: Məsələn, Ukrayna və Türkiyə üçün" -Almaniya sosial-demokratlarının keçmiş lideri cənab Gabriel Funkle media qrupuna müsahibəsində deyib.

Məqalədə deyilir ki, vəzifəli alman rəsminin Brexit haqqında belə danışması Berlinin bu ayrılmaya yumşaq yanaşa bilməsini nümayiş etdirir.

Digər tərəfdən, Almaniya xarici işlər nazirinin bu qeydləri Berlinin Ankara ilə münasibətləri yoluna qoymaq niyyətində olmasının göstəricisi də sayıla bilər. Son illərdə Türkiyə və Almaniya, habelə Avropa İttifaqı arasında münasibətlər son dərəcə gərgindir.

Bir sıra Avropa ölkələri avtokrat Erdoğanın Türkiyəsi ilə Avropa İttifaqına üzvlük danışıqlarının ləğv olunmasına çağırırlar.

Cənab Gabriel "ağıllı" Brexit-in necə ola biləcəyi barədə təfərrüatlı şərh verməyib, lakin belə başa düşmək olar ki, o, Ankara ilə "yeni, daha sıx gömrük ittifaqının" olmasını istərdi. Hazırda Aİ-nin Türkiyə, San Marino və Andorra ilə vergi ittifaqı mövcuddur.

Cənab Gabriel deyib ki, o, Türkiyə və ya Ukraynanın qarşıdan gələn illərdə Aİ-nin tamhüquqlu üzvü olacağını düşünmür.

"Məhz buna görə də biz daha yaxın münasibətlər üçün alternativ yollar formalaşdırmalıyıq" -Almaniya xarici işlər naziri deyib.

O vurğulayıb ki, Ankara və Avropa İttifaqı arasında daha dərin münasibətlərin qurulması üçün Türkiyədə siyasi dəyişikliklər şərtdir və Türkiyədə Aİ ilə münasibətləri yaxşılaşdırmaq üçün iradə vardır.

FT yazır ki, Avropa İttifaqı ilə Birləşmiş Krallıq arasında ticarət əlaqələrinin gələcəyi 2018-ci ildə aparılacaq danışıqların ana xəttini təşkil etməlidir. Hər iki tərəf qarşılıqlı ticarət və vətəndaş haqlarına dair planlarını açıqlayıb.

Britaniya hökuməti israr edir ki, Avropa İttifaqının tərk edilməsi, həm də vahid bazarın və gömrük ittifaqlarının tərk edilməsi deməkdir. Bu, Britaniyaya başqa ölkələrlə sərbəst ticarət imkanları yaradardı.

"Biz Avropa İttifaqı vahid bazarının və onun gömrük ittifaqının üzvü olmaq istəmirik" -Britaniya baş naziri Theresa May ötən sentyabrda Florensiyada etdiyi nitqdə demişdi.

2013-cü ildən bəri Almaniyanın vitse-kansleri və ölkənin keçid hökumətinin üzvü Gabriel müsahibəsində deyib ki, o, Türkiyədə bir neçə Almaniya vətəndaşının həbsxanadan azad edilməsini alqışlayır.

Buna baxmayaraq, Berlin hələ də həbsxanada olan Almaniya jurnalisti Deniz Yüceldən narahat olaraq qalır.

"Türklər onun vəziyyətinin bizim üçün nə qədər önəmli olduğunu anlayırlar" -Gabriel deyib.

Fotonun müəllifi AFP
Image caption Navalnı artıq bir ilə yaxındır ki, seçki kampaniyası aparırdı.

Navalnının boykot çağırışı Putin üçün təhlükə deyil

"The Guardian" yazır ki, Kreml Rusiya hökumətinin kəskin tənqidçisi Aleksey Navalnının seçkiyə buraxılmamasının seçkinin legitimliyi üçün əngəl yaradacağına dair iddiaları rədd edib.

Rusiyanın Mərkəzi Seçki Komissiyası antikorrupsiya fəalı Navalnını 2018-ci il prezident seçkilərində iştirak üçün namizədliyini qeydə almaqdan imtina edib.

Navalnı artıq bir ilə yaxındır ki, seçki kampaniyası aparırdı. MSK-nın qərarında deyilir ki, Navalnı üstündə məhkumluğa görə bu seçkidə iştirak edə bilməz. İndi isə Navalnı bəyan edib ki, o, özünün 200 min seçki kampaniyası könüllüsündən diqqətlərini seçkinin boykot edilməsinə yönəltmələrini xahiş edəcək.

"Vladimir Putin əməlli-başlı sarsılıb, - Navalnı internetdə yaydığı videoda deyib, - Onların bizə təklif etdiyini seçki adlandırmaq olmaz. Bu seçkiyə yalnız Putin və onun seçdiyi, onun üçün kiçicik də olsa təhlükə təşkil etməyən namizədlər buraxılıb. Bu vəziyyətdə seçki məntəqələrinə getmək yalan və korrupsiyaya səs vermək deməkdir".

"The Guardian" yazır ki, 18 ildir hakimiyyətdə olan Putin ötən çərşənbə axşamı namizədliyinin rəsmən irəli sürüldüyü toplantıya şəxsən qatılmayıb. Kreml bunu onun iş cədvəlinin sıxlığı ilə izah edib.

Sovet İttfaqının ideoloji parklarından biri olan VDNX-da keçirilən bu tədbirə idman ulduzları və mədəniyyət xadimləri də daxil, 650 qonaq dəvətli idi.

Bu arada Avropa İttifaqı bildirib ki, Navalnının seçkidə iştirakına imkan verilməməsi Rusiyada plüralizmin olması və demokratik seçki keçirilməsi imkanı üzərinə şübhə kölgəsi salır.

Aİ bildirib ki, bundan əvvəl Avropa İnsan Haqları Məhkəməsi Navalnının üzərindəki məhkumluğu ləğv edən qərar çıxarmışdı və buna görə də müxalifətçinin namizədliyi qeydə alınmalı idi.

Avropa İttifaqının bu xüsusda bəyanatında deyilir kİ, "siyasi motivli ittihamlardan siyasi iştirakın qarşısının alınması üçün istifadə olunmamalıdır".

Kremlin sözçüsü Dmitri Peskov israr edib ki, Navalnının boykot çağırışı seçkinin legitimliyinə heç bir vəchlə təsir göstərə bilməz. Lakin o əlavə edib ki, seçkini boykot etməyə çağırışın hüquqiliyi "ciddi şəkildə" araşdırılacaq. Müşahidəçilərin fikrincə, Peskovun bu bəyanatını Navalnıya qarşlı üstüörtülü hədə kimi də başa düşmək olar.

Rusiyada seçkilərin boykotuna çağırış qadağan deyil, lakin ötən il parlament seçkilərini boykota çağıran bir neçə internet saytı bloklanmışdı.

Xarizmatik antikorrupsiya kampaniyaçısı olan Navalnı 2011 və 2012-ci illərdə keçirdiyi anti-Putin mitinqləri ilə məşhurluq qazanıb. O, Rusiyanın hakim Vahid Rusiya partiyasını "fırıldaqçı və oğruların" partiyası adlandırmışdı. Bir çox liberallar Navalnını dəstəkləsələr də, onun millətçi keçmişindən narahatdırlar. O, 2013-cü ildə çeçenlərin Rusiyanın cənubundakı bir şəhərdən deportasiyasını tələb edən iqrçiləri dəstəkləmişdi.

Bu da qeyd olunur ki, onun seçkiyə buraxılmamasına dair qərar qəbul olunmazdan az əvvəl, Navalnının populyarlıq reytinqi 2 faiz idi. Lakin bu il keçirilən başqa bir rəy sorğusu 2003-cü ildən bəri ilk dəfə olaraq Putinin sabitliyindən daha çox dəyişiklik istəyən rusiyalıların sayının artdığını göstərib.

Navalnı bunu da bildirib ki, onun tərəfdarları adamların bu seçkidəki iştirakını monitorinq edəcəklər. Bundan məqsəd hökumətin iştirak rəqəmlərini şişirtməsinə yol verməməkdir.

Bəzi mənbələrdən alınan xəbərlərə görə, Kreml bu dəfə Putinin 70 faiz iştirakla 70 faizlik qələbəsini təmin etmək istəyir.

Lakin Levada ictimai rəyi öyrənmə mərkəzinin son sorğusu 2018-ci il seçkisində seçici iştirakının 65 faizdən yuxarı olmayacağını göstərib.

Levada mərkəzindən sosioloq Denis Volkov deyib ki, seçkidə Navalnının iştirakı ona marağı və seçici davamiyyətini artıra bilərdi, lakin səsvermənin boykotu çətin ki, Putinin qaçılmaz qələbəsinə kölgə sala bilsin.

Fotonun müəllifi Reuters
Image caption 4 dəfə Olimpiya qızıl medalçısı Məhəmməd Farah Instagram hesabından adamlara Milad təbriki göndərdikdən sonra çoxsaylı irqçi mesajlar alıb.

Müsəlman idmançını "Milad bayramınız mübarəkə" görə təhqir edirlər

"The Independebt" yazır ki, 4 dəfə Olimpiya qızıl medalçısı Məhəmməd Farah (Mo Farah kimi tanınır) Instagram hesabından adamlara Milad təbriki göndərdikdən sonra çoxsaylı irqçi mesajlar alıb.

34 yaşlı qaçışçı Milad gecəsində başında Şaxta baba papağı ilə çəkilmiş şəklini və Milad günü təbrikini Instagram-da yaymışdı.

Buna baxmayaraq, mömin müsəlman olan Farah bir çox təhqiredici mesajlar alıb. Bu mesajları göndərənlər onu müsəlman olduğu halda Milad təbriki yazmaqda ittiham edirlər.

Britaniya idmançısının Instagram-da 600 min davamçısı var, lakin onlardan heç də hamısı Farahın Milad təbrikindən məmnun qalmayıb.

Mesajlardan birində deyilirdi: "Sənə sevimli peyğəmbərimiz Məhəmmədin adı verilib və yaxşısı bu olar ki, sən o adın və İslam dininin şərəfini müdafiə edəsən".

Başqa bir mesaj isə belə idi: "Sənə olan hörmətim itib getdi. Ar olsun, qardaş".

"Ciddi deyirsən? Sən müsəlmansan və belə təbrikləri göndərə bilmzəsən" - başqa bir istifadəçi yazıb.

Lakin mesajların əksəriyyətində Farahın "Miladınız mübarək" mesajına müsbət reaksiyalar verilib.

Pərəstişkarları idmançıya Milad təbrikinə görə təşəkkür bildirir və bəziləri isə onu hətta müdafiə edirlər:

"Miladınız mübarək deyəndə nə olar ki, - bir istifadəçi yazır, - Mən adamlar tanıyıram ki, Qurban bayramını qeyd etməsələr də, tanışlarına "bayramın mübarək" deyirlər. Bunda nə problem var ki?"

Bir həftə bundan əvvəl Mo Farah BBC-nin illik İdman Şəxsiyyəti mükafatına layiq görülüb.

Bu barədə daha geniş