Britaniya mətbuatı: İran polisi hicab məsələsində "deyəsən, yumşalır"

Fotonun müəllifi Majid
Image caption İran polisi hicab məsələsində "deyəsən, yumşalır"

İran polisi hicab məsələsində "deyəsən, yumşalır"

Tehran polisinin komandanı bəyan edib ki, bundan sonra İslami qaydaların pozulmasına daha yumşaq, yəni cəzalandırmadan daha çox maarifləndirmə bucağından yanaşılacaq.

"The Daily Mail" qəzeti yazır ki, təkcə Tehran əyalətində şəriət qanunlarını öyrədən 100-dək maarifləndirmə mərkəzi var.

Briqada generalı Hüseyn Rəhimi İran paytaxtında etdiyi çıxışda deyib ki, "polis komandanlığının qəbul etdiyi qərara görə şəriət qaydalarını pozanlar bundan sonra saxlanma məntəqələrinə aparılmayacaqlar və onlar barəsində cinayət işləri qaldırılmayacaq".

"Bunun əvəzində biz dərs təklif edirik və indiyədək belə siniflərdə 7913 nəfər maarifləndirilib" -Rəhimi deyib.

Tehran polisinin başçısı vəzifəsinə avqust ayında təyin edilmiş Rəhimi məhz hansı şəriət qaydalarına münasibətin yumşaldılacağı və hansı yeni qaydaların tətbiq ediləcəyi barədə təfərrüatları açıqlamayıb.

Lakin buna baxmayaraq, onun bəyanatı polisin əvvəlki rəisi - general Hüseyn Sacediniyanın bəyanatları ilə ziddiyyət təşkil edir. Sacediniya 2016-cı ilin aprelində demişdi ki, qadınların düzgün hicablanmadıqları barədə məlumatları polisə çatdırmaq üçün mülki geyimli 7 min əxlaq xəfiyyəsi fəaliyyət göstərir.

İranda belə şeylər barədə statistika, adətən, açıqlanmır, lakin yol polisi 2015-ci ildə "pis hicabla" bağlı 40 min protokolun tərtib edildiyini bildirmişdi. "Pis hicab" dedikdə, adətən, qadınların baş örtüyünün onların çiyinlərinə düşməsini nəzərdə tuturlar.

Belə qanun pozuntuları, adətən, pul cərimələri və maşınların cərimə meydançalarına aparılması ilə nəticələnirdi.

1979-cu il İslam inqilabından bəri qadınların hicablanması və çadralanması məcburi xarakter daşıyır və bu geyim qaydasının pozulması halları mühafizəkarlar tərəfindən kəskin tənqid edilir.

Buna baxmayaraq, İranda icbari hicab qaydalarının tətbiqi heç vaxt asan olmayıb. Söhbət xüsusilə də Tehranın və başqa şəhərlərin zəngin məhəllələrindəki qadınlardan gedir. Əksinə, buralarda çiyinlərə salınan və boğaza dolanan baş örtüyü normaya çevrilib.

2013-cü ildə hakimiyyətə gəlmiş mötədil prezident Həsən Ruhani dəfələrlə deyib ki, dini qaydaların icra etdirilməsi polisin işi olmamalıdır.

"İslamı tətbiq etmək polisin vəzifəsi deyil. Heç bir polis zabiti deyə bilməz ki, mən filan işi Allahın və ya peyğəmbərin əmri ilə etmişəm… Bir çox dini məsələlər şəxsin öz iman məsələsidir" -prezident 2015-ci ildə keçirilmiş mətbuat konfranslarından birində demişdi.

O vaxt bu sözlər mühafizəkar ayətüllahları və hətta ali rəhbər Əli Xameneyini qəzəbləndirsə də, küçələrdə polisin münasibəti yumşalmış, əxlaq polisinin tərtib etdiyi protokolların sayı azalmışdı.

"The Mail" yazır kiI, bu ayın əvvəllərində İranın qadın futbolçularından birinin hicabsız futbol oynayarkən çəkilmiş fotosu sosial mediaya çıxdıqdan sonra ona öz ölkəsində idman qadağan edilib. Məhz buna görə də Şiva Əmini hazırda olduğu İsveçrədən sığınacaq istəyir.

Elə ötən il İran polisi 8 modeli "antiislami hərəkətlərinə" görə həbs etmişdi.

Bunlardan biri - gəlinlik paltarlarında şəkil çəkdirən Elham Ərəb kamerada prokurorlar tərəfindən dindirilmiş və İnqilab Məhkəməsi qarşısına çıxarılmışdı.

İki il bundan əvvəl sosial mediada hicabsız fotosunu yaymış aktrisa Sədəf Taherian İranda mühafizəkarların hiddəti ilə qarşılaşmışdı.

İran rəsmiləri onu "əxlaqsız" adlandırmış və iş lisenziyasından məhrum etmişdilər.

Fotonun müəllifi Getty Images
Image caption Son sorğulardan 25 yaşdan aşağı şəxslərin az qala yarısının yeni partnyorla əlaqə zamanı bu vasitədən istifadə etmədiyini göstərib

Zöhrəvi xəstəliklərin internetdə diaqnostikası populyarlaşır

"The Guardian" yazır ki, gənclərə cinsi yolla keçən xəstəliklərə tutulub-tutulmadıqlarını müəyyən edən ləvazimatın internet vasitəsi ilə göndərilməsi, populyarlıqda onların klinikaya şəxsən gəlməsini geridə qoyub.

Təkcə 2016-cı il ərzində İngiltərədə qonoreya və xlamidioz da daxil 417 min zöhrəvi xəstəlik diaqnozu qoyulub. Zöhrəvi xəstəliklərin gənclər arasında daha çox yayıldığı məlumdur. Prezervativlər belə xəstəliklərin qarşısını alsa da, son sorğulardan 25 yaşdan aşağı şəxslərin az qala yarısının yeni partnyorla əlaqə zamanı bu vasitədən istifadə etmədiyini göstərib.

Zöhrəvi xəstəliklərə diaqnoz qoyulması sahəsində də bir sıra yeniliklər yaranıb. Bunlardan biri də internet üzərindən "e-STI testing" adlanan diaqnostika vasitələrinin göndərilməsidir. Bu ləvazimatlar adamlara fərdi qaydada qonoreya, sifilis, HIV və xlamidioz kimi xəstəliklərə tutulub-tutulmadıqlarını müəyyən etmək imkanı verir. Bu ləvazimatlarla yanaşı təlimat qaydaları da verilir. Bu vasitələrlə pasientin özünün götürdüyü nümunələr sonradan diaqnostika üçün göndərilir və cavablar ya SMS, ya da telefon vasitəsi ilə gəlir.

Son araşdırmalar göstərir kİ, belə ləvazimatların bu qaydada çatdırılması analiz vermək istəyənlərin sayını bir xeyli artırıb.

London Gigiyena və Tropik Təbabət Məktəbindən professor Caroline Free deyir ki, "bu, xəstəliklərin profilaktika və müalicəsi üçün çox yaxşı xəbərdir".

Buna baxmayaraq, E-STI testing sxemləri bəzi tənqidlərlə də üzləşib. Bəziləri deyirlər ki, gənclərə zöhrəvi xəstəliklərin profilaktikası sahəsində maarifləndirici xidmətlər göstərməkdənsə, birbaşa diaqnostika vasitələri göndərilir. Lakin əksəriyyət bu qənaətdədir ki, bu üsulla diaqnostika adamların həkimlərə daha cəsarətlə müraciət etməsinə imkan yaradır.

Plos Medicine tibb jurnalında yeni üsulun arxasındakı heyətin üzvləri yazırlar ki, onlar internet üstündən diaqnostika eksperimenti zamanı 2000 könüllünün iştirakından istifadə ediblər. Bunlar 16-30 yaşları arasında olan yeniyetmələr və gənclər idi. Nəticələr təcrübənin aparıldığı rayonlarda diaqnostika faizinin qat-qat yüksəldiyini göstərib.

Təcrübə zamanı iştiraklçıların bir hissəsi diaqnostika analizləri üçün klinikalara dəvət edilmiş, digər hissəsinə isə bunu internet üstündən etmək təklif olunmuşdu. Nəticələrdən məlum olub ki, klinikaya dəvət edilənlərdən yalnız 27 faizi analiz üçün müraciət edib. Bunu internet vasitəsilə edənlər isə 50 faiz olub.

Ekspertlər bildirirlər ki, burada əsas rolu adamların zöhrəvi xəstəliklərlə əlaqədar üzbəüz söhbətlərdən çəkinməsi oynayır. Məhz buna görə də internet vasitəsilə diaqnostika bir çoxlarının ürəyindən olub.

Liverpul şəhərindən cinsi xəstəliklər eksperti, professor Mark Lawton deyib kiI, diaqnostika faizini artıran bütün vasitələr alqışlanmalıdır.

Onun fikrincə, bir çoxları üçün bu ən münasib üsuldur.

Fotonun müəllifi Thinkstock
Image caption Professor Raul Esperante Nuhun gəmisini Türkiyədə axtarır

"Nuhun gəmisini" Türkiyənın Ağrı dağında axtaran alimi kilsə maliyyələşdirir

"Metro" qəzeti yazır ki, "bir çox adamlar üçün bütün heyvan növlərinin bir gəmiyə doldurulub xilas edilməsi barədə İncildə bəhs olunan hekayət cəfəngiyyat kimi görünür".

Bəziləri hətta belə bir gəminin tikilməsinin elmi baxımdan mümkünsüzlüyüynün isbatına çalışıblar. Lakin görünür, belələrinin imanı professor Raul Esperante-də olduğu qədər deyil.

Geoloji Elmlər İnstitutunun professoru bu əhvalata nəinki inanır, hətta onu isbat etmək üçün Türkiyədəki Ararat (Ağrı dağ) dağına səfər etmək istəyir.

Çünki əfsanələrə görə, Nuhun təknəsi məhz bu dağda quruya yan alıb.

Alimin araşdırmasını təbiidir ki, 7-ci Günün Adventistləri Kilsəsi maliyyələşdirir.

Professor Esperante deyir ki, o bu dağa səfər edərək həmin fəlakətli hadisədən hansısa sübutların qalıb-qalmadığını araşdıracaq.

Professor bu sözləri Türkiyənin Ağrı məntəqəsinə Nuhun gəmisi mövzusunda simpoziuma toplaşmış 108 alim qarşısında deyib.

O, İncildə yazılanların həqiqiliyini isbat etmək məqsədilə əlavə vəsait üçün geniş ictimaiyyətə də çağırışlar edib.

Lakin "Metro" yazır: "Bank hesablarınızı boşaltmazdan əvvəl yadınızda saxlayın ki, əksər alimlər Esperantenin cəfəngiyyat danışdığına inanırlar".

Oksford Universitetinin mühazirəçisi Nicholas Purcell deyib: "Əgər Avrasiya 3700 metr dərinliyində sel sularının altında qalmışdısa, eramızdan əvvəl 2800-cü ildə artıq mövcud olan Misirin və Mesopotamiyanın inkişaf etmiş cəmiyyətləri bu fəlakətdən necə salamat çıxmışdlar?"