İranda etirazlar: 2009-cu ildən bu yana nə dəyişdi, nə dəyişmədi?

IRAN Fotonun müəllifi Getty Images / EPA

İranda 6 gün əvvəl iqtisadi problemlərə etiraz etmək üçün başlayan nümayişlərdə həyatını itirənlərin sayı 20 nəfəri ötüb. Paytaxt Tehranda 450 nəfərdən çox insan həbs olunub.

Hökümət nümayişlərdə "xarici qüvvələri" ittiham edir.

Etirazların 2009-cu ildən bu yana ən böyük kütləvi nümayişlər olduğu bildirilir.

Eyni zamanda, cümə axşamı başlayan etirazlar 2009-cu ildəki nümayişlərlə daha çox müqayisə olunur. 2009-cu ildə baş verən etirazlarla son nümayişləri altı başlıq altında təhlil etdik:

Səbəbləri

Nümayişlərin arxasında duran səbəblər, 2009-cu il etirazları ilə 2017-ci ilin sonlarında baş verən nümayişlər arasındakı ən əhəmiyyətli fərqləri, eyni zamanda ən mühüm oxşarlıqları təşkil edir.

2009-cu ildəki etirazların səbəbi o dövrdə keçirilən prezident seçkilərindəki qanun pozuntuları iddiaları idi. Seçkiləri həmin dövrün prezidenti Mahmud Əhmədinejad qazandı. Ancaq islahatçı namizədlər Mir Hüseyn Musəvi və Mehdi Karrubi səslərin hesablanmasında pozuntulara yol verildiyini irəli sürərək onları dəstəkləyənləri küçələrə çıxmağa çağırdılar.

Bundan sonra başda paytaxt Tehran olmaqla, yüz minlərlə insanın iştirak etdiyi kütləvi etiraz aksiyaları təşkil edildi. Hökumət əvvəlcə polis, sonradan isə İnqilab Keşikçiləri nəzdindəki Besiç qüvvələrinin gücü vasitəsilə nümayişlərə müdaxilə etdi.

Etirazlar nəticəsində 70-dən çox insan həlak oldu. Müsəvi və Karrubi ev dustağı edildi.

Fotonun müəllifi AFP
Image caption İranın fərqli nöqtələrində davam edən etirazlara dəstək olmaq üçün həftə sonunda Tehran Universiteti tələbələri də nümayiş keçirdi

2017-ci ilin son günlərində başlayan etirazların əsas səbəbi isə iqtisadi sıxıntılardır.

Məşhəd şəhərindəki nümayişlər yüksək inflyasiyaya etiraz əlaməti olaraq başlayıb.

Bundan başqa, xalq Qərb dövlətləri ilə əldə edilən nüvə razılaşmasıyla sanksiyaların ləğv edilməsinin iqtisadi təsirlərinin küçələrdə əks olunmamasından şikayətçidir.

2009-cu ildə nümayişlər qanun pozuntuları, 2017-ci ilin sonlarında isə iqtisadi sıxıntılara görə baş qaldırsa da, sonrakı günlərdə daha artıq haqq və azadlıq tələbləri də dilə gətirilməyə başlandı.

2009-cu ildə müstəqillik və daha artıq haqq tələbi dilə gətirilərkən, 2017-ci ildə baş verən hadisələrdə bəzi yerlərdə rejim əleyhinə və hətta şah lehinə şüarlar səsləndirənlərin də olduğu bildirilir.

Nümayişçilər

Hər iki etiraz dövründə də küçələrə çıxanların gənclər olduğu görünür. 2009-cu ildə nümayişlər daha çox orta və orta-yuxarı sinif, gəlir və təhsil səviyyəsi yüksək olan insanlar təfəfindən dəstəklənmişdi.

2017-ci ilin sonlarında baş verən nümayişlər isə ilk mərhələdə ölkənin mühafizəkar şəhərlərində keçirilməyə başlandı.

İlk günlərdə küçələrə çıxanların iqtisadi sıxıntıları daha çox hiss edən işçi və daha aşağı sinifdən olan insanlar olduğu bildirilirdi. Lakin bir neçə gün ərzində etirazların fərqli şəhərlərə yayılmasıyla orta sinifin də dəstəyini almağa başladığı görünür.

Nümayişçilərin ortaq xüsusiyyətləri də gənc olmalarıdır.

Fotonun müəllifi AFP
Image caption 2009-cu ildəki nümayişlərə liderlik edənlərdən biri də islahatçı namizəd Mir Hüseyin Musəvi olmuşdu

2009-cu ildə küçələrə çıxanlar arasında 20 yaşlı gənclərin və universitet tələbələrinin çoxluq təşkil etdiyi nəzərə çarpırdı.

2017-ci ilin sonunda baş verən nümayişlərdə də yenə eyni yaş qrupundan olan iştirakçıların olduğu görünür.

Rəsmi açıqlamalar da həbs edilənlərin haradasa çoxunun yaşının 25-dən az olduğuna işarə edir.

2009-cu ildə islahatçı prezidentliyə namizədlər nümayişlərə liderlik edərkən, son nümayişlərdə müəyyən bir liderin kütləni arxasıyca apardığını demək çətindir.

Şəhərlər

Bu iki nümayiş arasında ən ciddi fərqlərdən biri keçirildiyi şəhərlərdən ibarətdir. Paytaxt Tehran 2009-cu ildəki nümayişlərin lideri idi. Küçələrə çıxanların çox böyük bir qismi tehranlılardan ibarət idi. Nümayişlərin əhəmiyyətli bir hissəsi də də paytaxtda keçirilmişdi.

Tehranda, xüsusilə şəhərdə daha zəngin şimal qismindən iştirakçılar daha çox olurdu.

Lakin 2017-ci ilin sonlarında baş verən etirazların birdən artıq şəhərə yayıldığı və başlanğıc nöqtəsinin də mühafizəkar yerlər olduğu görünür. Məşhəd şəhərində yüksək inflyasiyaya etiraz etmək üçün küçələrə çıxan nümayişçilərlə başlayan etiraz aksiyaları ölkənin mühüm hissəsinə yayılmış vəziyyətdədir.

İranın əhalisinin sayına görə ikinci şəhəri sayılan Məşhəd eyni zamanda mühafizəkar quruluşuyla tanınır. Bundan başqa, şiələr tərəfindən müqəddəs qəbul edilən Qum şəhərində də minlərlə insan küçələrə çıxıb.

Kirmanşah, Dorud, Nəcəfabad və İsfahan da nümayişlərin keçirildiyi şəhərlər arasında yer alıb.

Tehranda isə nümayişlər hələ ki kütləvi miqyas qazana bilməyib. Tehran Universitetində həftə sonu təşkil edilən etiraz aksiyasında iştirakçıların sayı cəmi bir neçə yüz nəfərlə məhdudlaşıb.

Rejimin yanaşması

İranın dini lideri Ayətullah Əli Xameneyi 2009-cu ildə seçki qanunsuzluqları iddiaları ilə bağlı istintaqın başlanması barədə göstəriş verib. Bundan başqa ingilis hökumətini "şeytan" kimi qiymətləndirən Xameneyi Qərb dövlətlərinin bu prosesdəki münasibətini qınayıb.

O, dövrdəki bir çox yüksək səviyyəli nümayəndənin də baş verən hadisələrdə məsuliyyət daşıdığı barədə açıqlamalar verib. Lakin Xameneyi nümayişlərin əvvəlcədən planlaşdırılması istiqamətıində "şübhə olmaması" qarşılığında müxalifət liderlərinin xarici casuslar olduğuna dair hansısa bir dəlilin tapılmadığını söyləyib.

Xameneyi 2017-ci ilin sonlarında baş verən etirazlarda isə birbaşa "xarici qüvvələri" ittiham edib. Mövzu ilə bağlı verdiyi ilk yazılı açıqlamada "Son günlərdə İranın düşmənləri, İslam Respublikasında problemlər yaratmaq üçün aralarında pul, silahlar, siyasət və kəşfiyyat orqanlarının da olduğu fərqli vasitələrdən istifadə etdilər" deyib.

Xameneyi, həmçinin "vaxtı catan zaman" son hadisələrlə bağlı xalqa açıqlama verəcəyini bildirib.

Fotonun müəllifi AFP

Bundan başqa, 2009-cu ildəki etirazların yatırılmasında konstitusiyaya əsasən rejimi daxili və xarici təhdidlırə qarşı qorumağa təlimatlandırılan İnqilab Keşikçiləri və onun nəzdindəki Besiç qüvvələri çox böyük həlledici rol oynamışdı.

Lakin 2017-ci ilin sonlarında baş verən hadisələrin ilk günlərində daha çox polisin təlimat aldığı və İnqilab Keşikçilərinin dövrəyə çox girmədikləri görünür.

Texnologiya

İki dövr arasında baş verən texnologiya inkişafları da nümayişlərin xarakterini müəyyən edən əhəmiyyətli ünsürlər arasında yer alır.

2009-cu ildə sosial medianın hələki ilk ayaq səsləri eşidilirdi. İranda "Yaşıl Etirazlar" adlandırılan nümayişlər zamanı Twitter geniş bir şəkildə istifadə edilmişdi.

Hətta o dövrdə baş verənlər "Twitter İnqilabı" kimi səciyyələndirilmişdi. Lakin müşahidəçilər, bir müddət sonra baş verənlərin həddən artıq şişirdildiyini söyləyirdilər.

Fotonun müəllifi EPA
Image caption İran hökumətinin son hadisələrdə həyata keçirdiyi ilk tədbirlərdən biri, Telegram da daxil olmaqla sosial mediaya girişi bağlamaq oldu

2009-cu ildəki etirazlar zamanı Twitter bəlli bir nisbətdə nümayişçilərin təşkil edilməsinə kömək etmişdi. Ancaq əsasən sosial media, xaricdə yaşayan iranlılara nümayişlərdən məlumat verilməsini təmin etmək və beynəlxalq aləmdə diqqəti çəkmək üçün həlledici əhəmiyyətə sahib idi.

2009-cu il hadisələrindən sonra İran dövləti bir çox sosial media saytlarına girişi bağladı. Aradan keçən illər ərzində sosial media saytlarının bağlı olması qarşılığında smartfonların istifadəsi daha çox artdı.

Dövlət nümayəndələrinin də ismarıclarını çatdırmaq üçün istifadə etdiyi Telegram və WhasApp kimi çat proqramları milyonlarla iranlı tərəfindən istifadə edilməyə başlandı.

Hökumət son hadisələrdə Telegram vasitəsilə şiddətə çağırış edildiyini irəli sürərək, bu söhbət proqramına girişi əhəmiyyətli ölçüdə məhdudlaşdırdı.

Beynəlxalq mühit

2009-cu illə müqayisədə bu gün həm Yaxın Şərqdə vəziyyət, həm də beynəlxalq arena çox fərqli bir haldadır.

O, dövrdə hələki Ərəb Baharı baş verməmişdi. Bilavasitə kütləvi nümayişlərin dövlət mexanizmində təhrik etdiyi bir sıra hadisəylə rejim dəyişiklikləri dünyanın çox da tanış olmadığı bir vəziyyət idi.

Bundan başqa, Yaxın Şərqin ən böyük iki fərqli məzhəbini təmsil etdikləri üçün bir-birinin tarixən iki rəqibi olan Səudiyyə Ərəbistanı ilə İran arasındakı gərginlik də bu günkü qədər yüksək deyildi.

Bu gün isə Yaxın Şərqdə baş verən hadisələr Səudiyyə Ərəbistanı ilə İran arasındakı münasibətlər tarixinin ən gərgin dövrlərindən birini yaşamasına səbəb olur.

Bundan başqa, İran bir yanda Suriya və İraq, digər tərəfdə də Livanda siyasi və hərbi təsirini artırmış bir vəziyyətdədir. Xüsusilə Suriyadakı daxili müharibədə dövlət başçısı Bəşər Əsədin müxalifləri qarşısında əhəmiyyətli zəfərlər əldə etməsində Rusiya ilə birlikdə İranda mühüm rol oynadı.

Fotonun müəllifi Getty Images
Image caption Rusiya və İran Suriya dövlət başçısı Bəşər Əsədin ən böyük iki dəstəkcisidir

Nümayişçilərin bir hissəsi hökumətin xarici hadisələrə həddən artıq diqqət yetirdiyini və daxildə baş verən sıxıntıların həllini ikinci plana atdığını irəli sürür. İki dövr arasındakı bir digər fərq də ABŞ-ın rəftarında nəzərə çarpır. 2009-cu ildə o dövrün ABŞ prezidenti Barack Obama nümayişlərlə bağlı açıqlamasını etirazların üçüncü gün vermişdi. Barack Obama İran xalqının liderlərini seçmək hüququ olduğunu söyləmiş və təhlükəsizlik qüvvələrinin müdaxiləsini qınamışdı. Obama, İranda həlak olanların sayının artmasıyla birlikdə çıxışını da sərtləşdırmiş və baş verənlərdən "dəhşətə gəldiyini" bildirmişdi.

2017-ci ilin sonlarında baş verən hadisələrlə birlikdə ABŞ prezidenti Donald Trump sələfi Obamadan çox daha sürətli bir şəkildə reaksiya verdi. Nümayişlərlə bağlı ilk olaraq şənbə günü Twitter-dən ismarıc verən Trump dünyadakı etiraz aksiyalarını izlədiyini söyləyib.

Trump bazar ertəsi günü yazdığı ismarıcda da "İran Obama hökuməti ilə əldə etdiyi bərbad razılaşmaya baxmayaraq hər səviyyədə uğursuzdur. Böyük İran xalqı çox uzun illər boyunca təzyiq altında saxlanılıb. Qida və müstəqilliyə acdırlar. İnsan haqqlarıyla birlikdə İranın sərvəti də talan edilir. DƏYİŞİKLİK ZAMANIDIR" yazıb.

Bu barədə daha geniş